Скачать книгу

Dözümlü olmalısan bu gün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Bir də sınsan düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca, deməli, Məsimgilə getməlisən. Gülbənizlə görüşməlisən hökmən. Sonra da deməli, məni görməlisən. Gözlüyəcəm ha…

      Trubkanın qətran iyi və qatı tüstüsü ilə birgə, kupeyə anlaşılmaz və anlaşılmaz olduğu qədər də dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini daraltmışdı. İllərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə sərbəstcə üzə çıxıb, atasının müsibətindən sonra ata əvəzi əziz əmini də böyük müsibətlər gözlədiyini xəbər verib, “gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən”, -deyirdisə, “falçı sözü deyil bu, əsasım var”, – deyirdisə və sən bu adamın, doğrudan da, nəyəsə əsaslandığını duyurdunsa, bundan necə xoflanmayasan?!

      * * *

      Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi ki, o əvvəlki üzü palçıqlı adam, o cinayətkar – qatil yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin cəsarəti ilə tamam başqa hisslər oyadan, “sinəsi sirlə dolu”, çoxbilən bir adam peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birin də açmayıb, hər şeyi nədənsə sonrakı görüşə – Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarını heç də yaxşı tanımırdı, əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, “Stalin ölən günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb”, üstəlik, dörd ay bundan əvvəl- may ayında başına nə gəlibsə, necə sarsılıbsa. “Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam”, -deyib, “Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə”, – deyib, əmma uğuru xeyir olmayıb”, “Gülçöhrə əvəzinə kiminsə – “başqasının istəklisini” gətirib!..” Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu evlənmə xəbəri idi ki, “canavara dönüb” və “dünyadan kam alır” sözləri ilə birləşib onu tamam çaşdırmışdı.

      Necə yəni “canavara dönüb”?!

      Sultan əmi hara, belə bayağı sözlər hara?!

      Sultan Əmirlini Sultan Əmirli eləyən elə bu deyildimi ki, “özünü fədai sayıb”, “oğul-uşaq istəməyib”, “həm gözəllikdə, həm də ağılda-kamalda tayı-bərabəri olmayan Qiymatı” da ailə səadətindən məhrum qoyandan sonra məhz fədai kimi yaşamışdı. Bu barədə atasından eşitdiyindən əlavə Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib, “inventar RKP” içində qalmağının böyük, ciddi səbəbi vardı?

      Nə olub, nə baş verib ki, saç-saqqalının ağaran vaxtında”birdən-birə” “dünyadan kam almaq” xəyalına düşüb?!

      İnsanın “birdən-birə” bu dərəcədə metamorfozaya uğraması mümkündürmü? Əgər metamorfoza yoxdursa, bəs Sultan Əmirlini ”Sultan Əmirli deyiləm mən daha” deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Nəyə görə təsdiq olunmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı “arşınmalçı” məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi və elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır? Belə çıxmırmı ki, Xudiyev rədd olub rayondan getsə də, Xudiyevin dəstəsindəkilərin “hərəsinə bir töhmət yapışdırılsa”da “bezobraziye” heç də fəaliyyətdən qalmayıb, vaxtilə Əmir məzarıstanından qəbirlərin başdaşılarının şəkilləri vasitəsilə ittihamnamə düzəltdiyi kimi, indi də başqa cür bir vasitə ilə – qadın-filanla, “başqasının istəklisi” ilə ittihamnamə düzəldib? Azmı olub belə şeylər? Hələ müharibədən əvvəl Qudalıların ağsaqqalı Rəhim, Cəfər əmi – Lüt Cəfəri partkomluqdan çıxartdırmağa çalışanda, Qudalılar Cəfəri möhkəm içirdib, otaqda tək qoyub, yanına qarmonçu Şənbə – gəzəyən Şənbə adında bir qız salmışdılar və taxtda Şənbə ilə yanaşı lüt-üryan yatan Cəfəri cəmaata göstərib “Baxın görün kimdi böyüyünüz”, – deyib kişini hörmətdən salmışdılar. Doğrudur, Cəfər əminin adının böyründəki “lüt” kəlməsi köhnə şeydi. Hələ iyirminci ildə, Bakıdan təzə gəldiyi vaxtlar “dünya inqilabı”ndan danışanda “proletariat” əvəzinə “lümbülümlüt proletariat” deyirmiş. Bir ay hər gün belə danışıb, ayın axırında – maaşını alan günü kəndin ortasında, yığnaqda deyib: “kim lap lümbülümlüt proletardırsa, əlini qaldırsın”. Maaşını əllərini qaldıranların arasında tən bölüb paylayıb. Deyiblər: “Özünə bir şey qalmadı axı?” Deyib: “Sanadım. Düz otuz nəfərsiniz. Arvadım yox, uşağım yox, hər gün birinizin evində qismət kəsəcəm, heç kəsə zor düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam”. Sonra gülüb, utananda həmişə boynunu qaşıyıb yerə baxdığı kimi, onda da boynunu qaşıya-qaşıya: “Ayna adında bir yetim gözəliniz var burda, onu mənə alsanız, daha hər gün birinizin qapısında oturmaram”, -deyib və elə o günü Aynadan söz alıblar ki: “Get, ay qız. Belə insan yoxdur dünyada…” Hələ o vaxtdan partiya özəyi katibi Cəfər Qaryağdıoğluna “Lüt Cəfər” deyirmişlər, “Aləmi bəzər, özü lüt gəzər” deyirmişlər və Cəfər əmi özü də bu lütlüyü ilə fəxr edirmiş. Şənbə əhvalatı “lüt” kəlməsinin mənası ilə birlikdə partkomun özünü də birdən-birə dəyişdirmişdi. Və Səməd gözünü açıb dünyaya baxanda o dilavər kişinin əvəzinə, tez-tez dili-dodağı əsən, susqun, sınıq, çoxuşaqlı bir adam görmüşdü. Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: “Cəfəri yox, Qudalılar partiya təşkilatını soyundurublar”, -deyərdi. “Cəfərin adı Lüt qalandan bəri elə bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm”, -deyərdi.

      Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, “körpələrini sədr Mədədə tapşırıb” könüllü getdi, özünün dediyi kimi, “dörd qabırğasını qospitalda qoyub, dörd orden-medalnan qayıtdı”, əmma adı elə “Lüt” qaldı. İndi gündə bir aşxanada qarmon çala-çala, qarmonu kimi özü də köhnələn Şənbə ilə birgə Cəfərin “Lüt” adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb, daha bir o qədər söz – söhbətə səbəb olmasa da, həqiqət belə idi ki, bircə “lüt” kəlməsi Qonaqlının partkomunu ömürlük ləkələmişdi. Bu “arşınmalçı” kəlməsi elə o “lüt”ü xatırlatmırdımı? Əgər Çax-çux Xalıq evlənmə əhvalatını da dildə-ağızda olan bir əhvalat kimi danışırdısa, belə çıxmırdımı ki, bu “arşınmalçı” da dildə-ağızda idi və indi haralardasa, kimlərsə Sultan əminin uca adı əvəzində “arşınmalçı” deyirdilər?! Bundan da belə çıxmırdımı ki, “bezobraziye” doğrudan da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o cür parıltısı da açıq-aydın göstərmirdimi ki, “zasekreçennıy” Çax-çux Xalıq yenə hamanca “KQB Xudiyev” dəstəsinin – Gülənovun, Sayılovun, RİK Atamalının himayəsində idi, “həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə “çax-çux” altında hamanca işini – agentliyini

Скачать книгу