Скачать книгу

evə gedib paltarlarını dəyişmək istərkən:

      − Burda təəccüb yeri yoxdur, − dedi, – bu olacaq idi.

      − Bəla burasındadır ki, Məhsəti xanım yaşayan məhəlləni dağıdırlar. Məhsəti xanımı bir tərəfə qaçırmaq lazımdır. Bütün fəlakət ancaq onun ətrafında dolaşır.

      Onlar evdən çıxdılar. Pir Osman məhəlləsinə tərəf yollandılar. Xərabat məhəlləsinin tininə yetişərkən oranın hökümət qoşunları tərəfindən mühasirə edildiyini gördülər. Ətraf küçələr başıpozuq camaatla dolu idi. İrəli hərəkət etmək mümkün deyildi. Xətibin müridləri bütün təşəbbüsü əllərinə almışdılar. Məhsəti xanımı görmək və son kərə onunla görüşmək üçün şəhərin bütün şeir və musiqi maraqları Xərabat məhəlləsinin tininə yığışmışdılar.

      Məhəllə qarət olunurdu. Evlər binasından sökülüb dağıdılırdı. Toz məhəllənin ətrafını bürümüşdü. Tozun içərisində nələr olduğundan kimsənin xəbəri yox idi. Oradan ancaq ağlamaq, qışqırmaq, qamçı səsləri eşidilirdi.

      Bir neçə saatdan sonra toz təbəqələri parçalandı, bir neçə mürid tozdan ayrıldı. Onlar saçları bir-birinə qarışmış qadını, təhqirli söyüşlərlə söyə-söyə gətirirdilər. Qadın Məhsəti xanım idi. Lakin şairə öz vüqar və əzəmətini pozmamışdı. O, sıra ilə düzülən xalqın içərisindən ətrafa baxa-baxa gedir, göz gəzdirib öz dostlarını axtarırdı. Demək lazımdır ki, bir yığın mürid və mövhumatçılardan başqa, Xərabat məhəlləsi ətrafına yığılan xalq onun dostu idi. Məhsəti bir kərə üzünü xalqa tutaraq: – “Vurun bu alçaq mövhumatçıları! ” – desəydi, Gəncədə bir üsyan başlanacaqdı, ancaq Məhsəti qan tökülməsini istəmədi. O, gözlərini dolandırıb Əmir İnancı gördüyü zaman belini düzəldərək ona diqqətlə baxdı. Əmir İnanc atın üstündə durub məhəllənin dağıdılmasına tamaşa edirdi. Məhsəti xanım Əmir İnancın yanında durub bu rübaini oxudu:

      Dünya bəməsəl çü kuzeyi zərrinəst,

      Kəh ab dəru təlx, kəhi şirinəst.

      To ğürrə məşov ki, ümri mən cəndinəst,

      Çün əsbü əcəl həmişə ziru zinəst7.

      Əmir İnanc heç bir cavab vermədi. O, əhalinin üsyanından qorxurdu. Məhsəti xanımı şəhərdən çıxarmağa məmur olanlar onu Əbubəkr kəndinin yanına qədər aparıb oradan qayıtdılar. Məhsəti xanımın yanında ancaq sadiq və səmimi xidmətçisi Yəqub qalmışdı. Onlar çox yorulmuşdular. Dincəlmək üçün “Çadır bulağ” adlı çeşmənin başında oturdular. Qaranlıq düşürdü. Məhsəti xanım bir daha dönüb Gəncədən gəldiyi yollara baxdı və Yəquba müraciət etdi:

      − Deyəsən, uzaqdan qaraltılar görünür. Əmirin adamları olmasın?!

      Yəqub bir neçə dəqiqə uzaqdan görünənləri nəzərdən keçirdi. Qaraltılar getdikcə böyüməkdə və canlı bir şəkil almaqda idi. Nəhayət, bir azdan sonra gələnlərin Fəxrəddin və İlyas olduğu anlaşıldı. Məhsəti xanım onların əlini sıxaraq:

      − Sizin gəlişinizdən sanki mən öz vətənimə qayıtdım. Nə edim? Bu fəlakətə özümüz səbəb olmadıq. Bizim əsas düşmənimiz gənclərin düşdüyü mövhumatdır. Onlar hələlik musiqi sənətinin qiymətini xətiblərin tərəzisi ilə ölçürlər. Nə Əmir, nə də onun qoşunları bizə bir şey edə bilərdi. Bizi ancaq xalqın avamlığı və düşüncəsizliyi məğlub etdi. Lakin onlar mənim evimi dağıtsalar və mənim əsərlərimi cırıb yandırsalar da, xalqın qəlbini yarıb mənim rübailərimi ordan silməyi bacarmayacaqlar. Onlar məni qovsalar da, xalqın qulağını vətən etmiş səsimi bu məmləkətdən qova bilməyəcəklər.

      Fəxrəddin və İlyas Məhsəti xanım üçün gətirdikləri yol tədarükünü, paltarları və yemək şeylərini Yəquba tapşırdıqdan sonra:

      − Məktub göndər, biz də göndərəcəyik. Biz əminik ki, bu hadisələr sənin təbinə daha mühüm təkanlar verəcəkdir, − deyə ayrıldılar.

      Məhsəti xanımla Yəqub yola düşdülər. İlyas durub Məhsəti xanımın dalınca baxırdı. Gedənlər qaranlığın qoynuna girib gözdən itərkən o:

      − Gəncənin qəzəlxan bülbülü susdu, rübaimizin dahi sənətkarını bizdən ayırdılar, − deyərək Gəncəyə tərəf döndü.

      * * *

      Axşam idi. Əmir İnanc Gəncə çayına hakim olan uca köşkündə oturub dalını yumuşaq balışlara söykəmişdi. O, çox diqqətlə, oynamaqda olan rəqqasələrin titrək döşlərinə baxdıqca əlindəki inci təsbehin danələrini dolu kimi bir-birinin üstünə axıdırdı.

      Sultan Səncər camesinin minarəsindən “Allahu əkbər” səsi eşidildi və “Allahu əkbər, kəbirən kəbira” – dedi.

      Musiqi kəsildi. Rəqqasələr Əmirin qarşısında baş vurub çəkildilər. Sanki azançının minarədən yüksələn “Allahu əkbər” səsi ancaq rəqqasələrə istirahət vermək üçün bir işarə idi.

      Əmir İnanc qalxıb fəvvarəli hovuzun kənarında dəstəmaz almağa başladı. Xalqın borcunu verməyənlər Allahın borcunu verməyə hazırlaşırdılar. Namaz otağına keçdilər. Canamazlar rəqqasələrin oynadığı xalçaların üzərində açıldı, namaz qılanlar Allahı xatırlayaraq gözəl rəqqasələrin qədəmləri dəyən yerləri öpmək üçün səcdəyə düşdülər. Şam və xüfdən namazı bitdi. Namazdan sonra canamazların yerində şərab süfrələri açıldı. Namazlarında istədikləri huriləri əvəz etmək üçün gözəl qızlar, gənc saqilər salona daxil oldular. Musiqi dəstəsi öz işinə başladı, rəqqasələr yenə gəldilər. Allahın borcunu verib bitirənlər öz şəhvətlərini söndürməyə başladılar.

      * * *

      Gecədən çox keçmişdi, şərab büsatı da yığışmışdı. Əmir İnanc, sevgili qadını xəlifənin qızı Safiyə xatun və gözəl qızı Qətibənin yanında idi. Xidmətçi içəri girib:

      − Hüsaməddin cənabları gəlib səni görmək istəyir, − dedikdə Əmir:

      − Buyursun! – deyə yenə də gözəl Qətibənin saçlarını oxşamağa başladı.

      Hüsaməddin içəri girib baş əydi və dedi:

      − Araz çayını keçmək istəyən bir nəfər qasid tutulub Gəncəyə göndərilmişdir.

      Əmir soruşdu:

      − Qasid haradadır?

      − Hazırdır, ya Əmir!

      − Yanıma gətirin!

      Hüsaməddin getdi, az sonra yanında Məhsəti xanımın xidmətçisi Yəqub salona daxil oldu. Əmir Yaqubu başdan ayağa qədər gözdən keçirdikdən sonra dedi:

      − Kimin tərəfindən qasidsən? Amma onu da bilməlisən ki, nicatın doğru danışmaqdadır.

      Yəqub heç də təxir etmədən:

      − Yalan demək üçün bir səbəb yoxdur. Mən Zəncandan Məhsəti xanım tərəfindən Gəncəyə göndərilmişəm. Məni tutmasaydılar da, bura gələcəkdim.

      − Nə iş üçün göndərilmisən?

      −

Скачать книгу