Скачать книгу

təşkil edilməkdədir. Gənclər qocalardan sonra doğulduqları üçün onların həyat və dünyagörüşləri də gəncdir. Zənn edirəm, öz yerini gənc nəslə tapşırmış olan qoca atalarımız da bunu təsdiq edər.

      Məsciddən səslər ucaldı:

      − Yaşasın Fəxrəddin! Yaşasın gənc fikirlər!

      Əmir Toxtamışın qulağına nə isə pıçıldayandan sonra o, çox mülayim bir tövr alaraq:

      − Biz heç bir zaman hazırki mədəniyyətin gənc nəslə minnətdar olması həqiqətini inkar edə bilmərik. Lakin gənclərin də xalqı iğfal etməsi və xəlifənin fərmanını təhrif etməsi mədəniyyətsiz-likdir.

      Nizami bir daha ayağa qalxıb məscid xalqına müraciət edib dedi:

      − Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. Hərgah vəzir cənabları bu sözlərimi özü üçün təhqir hesab etməzsə, o zaman cəsarətlə deyə bilərəm ki, xəlifə həzrətlərinin fərmanını təhrif edən vəzirin özüdür. Xəlifə öz fərmanında nə deyir? Yaxşı qulaq verin, o barədə sizə izahat verim.

      Xəlifə fərmanında hər kəsin anlaya biləcəyi bir surətdə deyir: – “Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmir-əl-möminin etimadını qazanmış Soltan Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsinlər” .

      Bilavasitə sözü nə deməkdir? Yəni başqasının vasitəsilə deyil, şəxsən onların özünə biət etsinlər.

      Nizami bu sözlərdən sonra üzünü xətibə tutub əlavə etdi:

      − Zənn edirəm ki, bu həqiqəti xətib cənablarının özü də inkar etməz.

      Xətib çıxılmaz vəziyyətdə qaldı, lakin belə açıq bir həqiqəti də inkar edə bilməzdi, buna görə də xətib ayağa qalxaraq üzünü məsciddəkilərə tutub ucadan:

      − Gənc şairin dediyi doğrudur! – dedikdə xalq dəstələrlə qalxıb məsciddən çıxdı.

      Nizami ilə Fəxrəddin də öz yoldaşları ilə bərabər Əmirlə vidalaşıb ayrıldılar.

      * * *

      Otaqda Nizami ilə özündən başqa heç kəs yox idi, buna görə də Fəxrəddin üsyan barəsindəki fikrini açıq söyləmək üçün fürsət əldə etdi və Nizamiyə sual verdi:

      − Doğrusu, mən sənin bəzi hərəkətlərin barəsində şübhələnirəm, mənim buna haqqım var, ya yox?

      − Əvvəlcə, hansı məsələlər barəsində şübhələndiyini açıq deməli, sonra şübhələnməyə haqlı olub-olmadığını soruşmalısan.

      − Mən daima üsyan fikrini meydana atdığım zaman səbrə, sakitliyə dəvət edirsən. Əcəba, səbrin və sakitliyin bir nəhayəti olmayacaqdırmı?

      Nizami Fəxrəddinin üzünə acıqlı baxdı, Fəxrəddin Nizamidən bu cür baxışı birinci kərə gördüyündən, dərhal səhv etdiyini anladı və səhvini düzəltməyə çalışaraq əlavə etdi:

      − İlyas, sən elə bilmə ki, mən səni fəaliyyətsizlikdə, üsyan və azadlıq tərəfdarı olmamaqda töhmətləndirmək istədim.

      − Mən səni anlayıram. Başqa cür də düşünmürəm. Lakin daima səni səbrə və sükuta dəvət etdiyim kimi başqa tövsiyələr də vermişəm. Madam ki, haman tövsiyələrin heç birisi yerinə yetirilməmişdir, o zaman üsyan barəsində olan fikirlərin heç birisinə şərik deyiləm.

      Fəxrəddin yenə də soruşdu:

      − Hansı tövsiyələri deyirsən? Heç də xatırıma gəlmir.

      − Sənə də, başqalarına da üsyandan söhbət açıldığı zaman demişəm ki, xalqı üsyana hazırlamaq lazımdır. Hərgah üsyanda sən və mən, bir də bizimlə həmfikir olan beş-on nəfər iştirak edəcəkdirsə, bu günün özündə qılınclarımızı əlimizə alıb üsyana başlamaq olar, lakin belə üsyanın çox mənasız bir sonu olar və haqlı olaraq sonra hər kəs deyər ki, öz tədbirsizlikləri və axmaq hərəkətləri üzündən özləri də məhv oldu, başqalarını da ölümə verdilər. Mən bunu istəmirəm, mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, “üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi. Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi”. Mənim verdiyim tövsiyələr bundan ibarətdir. Biz buna hazırlanmalıyıq. Hazırda Gəncədən kəndliləri səfərbərliyə alıb biyara göndərirlər. Kəndlilər isə heç etiraz etmədən başını aşağı salıb gedirlər. Onlar elə bilirlər ki, həyatda bu da bir qanundur. Lakin heç bir kəs onları başa salmaq istəmir, heç kəs onlara yanaşıb demir ki, biyara getmək ancaq ümumi işlərdə lazımdır. Xalq ancaq xalq üçün işləməlidir. Məsələn, körpüləri düzəltmək, yolları düzəltmək, sel aparmış arxları bərpa etmək üçün xalqın biyara getməsinin heç eybi yoxdur. Lakin minlərcə azərbaycanlını qamçı və ağac gücünə səfərbərliyə alaraq təzə Atabəyə malikanə düzəltmək, kəndlər, bazarlar tikmək qanunsuzluq, zülm və insafsızlıqdır ki, bunu da xalqa anlatmaq lazımdır. Əvvəlcə xalqın şüurunda üsyan fikirlərini doğurmaq, sonra isə ona təkan vermək və təşkilat içərisinə almaq lazımdır. Fəxrəddin məni lazımınca anlamalıdır. Mən sənin cəsarətini, qəhrəmanlığını qiymətləndirirəm. Buna görə də xırda və düşünülməmiş hadisələr nəticəsində tələf olmanı istəmirəm. Çox qısa demək lazımdır. Xalq nə üçün üsyan etdiyini və nə üçün də ölümə getdiyini bilməlidir. Biz bunu iki il bundan əvvəlki üsyanlarda təcrübədən keçirmişik. O zaman kəndlidən “nə üçün üsyan edirsən?” – deyə soruşanda “camaat edirdi, mən də etdim” – demişdi.

      Üsyanda mündəricə olmalıdır. Mündəricəsiz üsyanla təsadüfi hadisələrin heç bir fərqi yoxdur. Xalqın ruhundakı xüsusiyyətləri də nəzərə almaq lazımdır. Təzə hökumət elan olunduğu zaman xalqın ruhunda mövcud olan hökumət əleyhdarlığı öz əhəmiyyətini itirə bilər. Çünki xalqın xasiyyəti təzə şeylə maraqlanmaqdır. Xalq hələ təzə hökumətdən öz istədiklərini gözləyəcək və ondan təzə həyat umacaqdır. Hökumət də öz növbəsində xalqın ruhunu oxşayacaq və onu inandırmaq üçün yüz faiz yol tapıncaya qədər özünü yaxşı aparacaqdır. Biz, o tərəf-bu tərəfdə hökumətə qarşı qoyulan nifrətlərə arxa verə bilmərik. Bu narazılıq yalnız köhnə xanədana qarşı idi. Təzə hökumət gəldiyi zaman narazıların sayı azalacaqdır. Azərbaycanda mövcud olan başıpozuqluğu yaradanlar xəlifə tərəfdarları idi. Çünki xəlifələr Səlcuq hökmdarlarının nüfuzu təsirindən qurtarmağa çalışırdılar. Xalqı Səlcuq xanədanına qarşı qaldırmaqla onların süqutunu istəyirdilər. İndisə onlar artıq buna nail olduqlarından başıpozuqluğun təsviyəsi üçün çalışacaqlar. Başıpozuqluğun ikinci səbəbi də Xarəzmşahların və iranlıların Azərbaycan daxilində apardığı təbliğatdır. Atabəy Məhəmmədin Bəhram şah üzərindəki qələbəsi və Xarəzm hüdudlarına göndərdiyi qüvvətlərin nəticəsində məmləkət daxilində olan əcnəbi təbliğatına da nəhayət veriləcəkdir.

      Xırda çıxışların tərəfdarı deyiləm. Əvvəla, bu çıxışlar hökuməti ayıq salır, onun böyük üsyanları boğmaq üçün hazırlanmasına səbəb olur. İkincisi

Скачать книгу