ТОП просматриваемых книг сайта:
Mart xoruzu. Отар Чиладзе
Читать онлайн.Название Mart xoruzu
Год выпуска 0
isbn 978-9953-8066-2-7
Автор произведения Отар Чиладзе
Издательство Alatoran yayınları
Elə Nikonun özünü götürək, ondan olsaydı, heç doğulmaq istəməzdi, bir halda ki istədiyin kimi yaşaya bilməyəcəksən, onda doğulmağın nə mənası; amma indi bu haqda fikirləşmək yersizdir – çünki o artıq doğulub və on beş ilə yaxın yaşayıb, onun doğulub-doğulmamaq məsələsi on altı il qabaq həll olunub, özü də onun özünün iştirakı olmadan və indi istədi-istəmədi, bacardığı kimi yaşamalıdır. Geriyə yol yoxdur, yol ancaq qabağa aparır. Amma yolu hələ tapmaq lazımdır. Düzgün yolu seçmək lazımdır, daha doğrusu, o hələ çox əziyyət çəkməlidir ki, gözləri açılsın və yolu görə bilsin.
2
Nikonun xalasına inansaq (ola bilməz ki, bir adam həmişə yalan danışsın!), onun bütün bədbəxtliklərinin səbəbi qısqanclıqdır: belə çıxır ki, Niko öz anasını qısqanır və ona görə də oxumaq həvəsini itirib, o qədər vəhşiləşib ki, onu məktəbdən də qovublar, Valo Badalaşvilidən başqa heç kim, nə yaxınlar, nə də uzaqlar ona hörmət etmir, quldurlara qoşulub, bütün pis işləri özünə çəkir və buna görə də – əlbəttə, ancaq buna görə – indi əlləri sinəsinin üstündə uzanıb qalıb, bütün bədəni cırmaq-cırmaqdır, elə bil pişik sürüsüylə vuruşub və deyəsən hələ çox uzanıb qalacaq (əgər həmişəlik belə qalmasa).
Ümumiyyətlə xalası tərbiyəvi söhbətləri xoşlayır, amma ona çox inanmırlar, ona görə yox ki, inandırıcı danışa bilmir, yox, ona görə ki, uşaqlıqda ancaq yalan danışıb – bunu özü də etiraf edir – indi nə desə heç kim inanmır, çünki düz dediyini, yoxsa yalan danışdığını anlaya bilmirlər. Bu hal onun özünün vecinə də deyil, hərdən nənə onun əlindən hirslənib üstünə qışqırır ki: “Bəsdir, bu qədər yalan danışmaq olmaz axı!” – belə vaxtlarda xala nə utanır, nə qızarır, heç kefini də pozmadan sakitcə deyir ki, belə lazımdır, indi daha ancaq axmaqlar yalan danışmır və yenə də öz bildiyi kimi edir. Və xalasının dediyinə görə, Nikonun anası atasını oğlundan daha çox sevdiyinə görə hirslənir – o oğlunu ərinə satıb, oğlunu hardasa çox uzaqda yerləşən Siqnaxiyə göndərib, özü isə ərinin yanında qalıb… Lap tutaq ki, bu düzdür, burda pis nə var ki? Bunu mühakimə etmək olar? Sevgi olan yerdə qısqanclıq da var. Sevirsənsə qısqanırsan. Sevmirsənsə qısqanmırsan, qısqanclığın nə olduğunu da bilmirsən. Səninçün hər şey birdir. Heç ananı da ərini daha çox sevdiyi üçün günahlandırmaq olmaz, çünki əvvəlcə ər olub, oğul sonradan gəlib. Ana da birincini seçib… daha vacib olanı. Qadınlar, əsil qadınlar həmişə belə hərəkət edirlər: onlara ancaq biri lazımdır, ya o, ya da bu. İkisiylə bir yerdə alınmır, istəyirsən onlara qancıq de, istəyirsən başlarına vur, alınmır. “Bax, Kamar – qancıq. Əri daha şirindir onunçün!” Hə, oğlundan daha şirin və daha əzizdir. Əlbəttə, əgər Amiraninin oğlu olsaydı. Müəllim Vano deyir ki, biz hamımız Amiraninin övladlarıyıq, amma Amiraninin öz oğlu da ola bilərdi, öz qanından, öz canından. Nə üçün də yox? Hansı qadın Amirani kimi qəhrəman üçün oğul doğmaqdan imtina edərdi? O cümlədən də Kamar. Qancıq? Sevdiyi üçün? Ona görə ki, sevgisinə görə hər şeyi qurban verib? Valideyninə qulaq asmayıb. Bu, əlbəttə, yaxşı iş deyil, amma valideyn də qadının seçiminə qarışmamalıdır, çünki qadın – varlığın yarısıdır, daha doğrusu o biri yarısını tapmayana qədər heç kimdir, öz Amiranisini tapmayana qədər. Qadın üçün ata keçmişdir, ər isə gələcək. Qadın heç fikirləşmədən və təəssüflənmədən, tanrı tərəfindən müəyyən olunmuş qaydada, ikinci yarısının yeganə dostu olmaq üçün keçmişdən gələcəyə keçir. Əgər o öz oğlu haqqında fikirləşmirsə, burda təəccüblənməli nə var ki? Görünür, oğlu da buna layiq deyilmiş, çünki atasının başını uca edəcək biri deyil: Amiraninin oğlu olmaq çətin məsələdir, ümumiyyətlə, yaxşı atanın oğlu olmaq çox çətindir. Belə ataların oğulları doğulan kimi çətinə düşürlər, çünki atalarının