ТОП просматриваемых книг сайта:
Mart xoruzu. Отар Чиладзе
Читать онлайн.Название Mart xoruzu
Год выпуска 0
isbn 978-9953-8066-2-7
Автор произведения Отар Чиладзе
Издательство Alatoran yayınları
Ətraf necə qaranlıqdır, aman tanrı!
Hər şey qısa, bir anlıqdır, aman tanrı!..
Belə məlum olur ki, sənin yolun da bu cür qatı dumana bürünüb. Gedirsən, gedirsən, amma yolun sonu yoxdur, eynən bu sərhədsiz, nəhayətsiz, məğlubedilməz gecənin sonu olmadığı kimi. Xəstəliyin birinci gecəsi elə axırıncı gecəsi kimidir; əgər davam gətirsən, sonrası vecinə də olmayacaq. Xoruzlar banlayır, amma göyüzü qatı zülmət içindədir, işartı görünmür. Çünki xoruzlar Nikonun yaddaşında banlayır, onun yaddaşı xoruzların banını şeir kimi əbədi xatırlayır. Bunlar adi xoruzlar deyil, İlya peyğəmbərin xoruzlarıdır, ona məhkum olunublar və onlar dan söküləndə yox, ölümü hiss edəndə banlayırlar. Gözlərini qıyıb caynaqlarını bədənlərinə qısaraq, qanadlarını çırpa-çırpa İlya peyğəmbərin dağından uçurlar, bərkiyib daşa dönmüş, cadarlanmış, üstünə toz qatı və lələk çökmüş (bu onların öz lələkləridir) torpağa qonurlar, amma yenə də arzuolunan yağışı yağdıra bilmirlər. İlya peyğəmbər, İlya peyğəmbər, necə olub ki, səni hirsləndirmişəm? Lazar qapı dalındadır, gözlərini qırpır. Lazar öləndən dörd gün sonra tanrı onu təzədən diriltdi. Ona görə də ölənləri dörd gündən tez basdırmırlar. Bəlkə dörd gündən sonra doğrudan da diriləcək? Hə, bu sənsən? Salam. Necəsən? De görək başına nə gəlib? Danışmalı bir şey yoxdur, əlimdə ağ çiçək tutub yol gedirdim, azad idim, qorxunun nə olduğunu bilmirdim. Həqiqətən də, ölümün nə ilə qurtardığını kim bilir? Həyatın nə olduğunu kim bilir? Heç nə. Dəqiqə. An. Külək əsib söndürdü. Amma necəsə bacarıb keçmişə qayıtsan və keçmişdən də keçsən, əgər bunu edə bilsən, demək əbədiyyətə qovuşacaqsan və heç vaxt ölməyəcəksən. Heç vaxt ölməyəcəksən. Bəyəm insan bunu arzulamır? O həmişə bu haqda düşünür, şeirlər, nağıllar, əfsanələr yazır. Dirilik suyu tapır, onu hansısa mərhumun üstünə çiləyir, yerdə qalanını isə özü içir, xoşbəxt olur, çox yaşayır, o qədər yaşayır ki, axırda meymuna dönür, İlya Çavçavadzenin qatili kimi onun da bədənini qurd basır. Ölümsüzlük mövcud deyil, ömür isə, qısa və ya uzun olmağından asılı olmayaraq, ölümə hazırlıqdan başqa bir şey deyil. Ömür insana başlanğıcdan, ən əvvəldən verilir ki, o ölümə hazırlaşsın. Ömür – hazırlıq dönəmidir. Əgər verilən vaxt sənə bəs eləməsə, ölümə layiqincə hazırlaşa bilməsən və lazım olan kimi ölməsən, meymuna dönəcəksən, əbəs yalvarışlar içində qalacaqsan: “Bacarmıram. Hələ hazır deyiləm. İstəmirəm. Qorxuram…” Utanılası vəziyyətdir! Tüpürəsən belə ömürə! Vaxtın çatıbsa getməlisən. Qala bilməzsən, heç kim də sənə qalmağa icazə verə bilməz. İstəyir çarın əmisi oğlu ol. Taleyin belədir, gəlmisənsə getməlisən. Buna görə də, ölümə nə qədər tez hazırlaşsan, bir o qədər yaxşıdır. Ondan sonra qalan ömrünü rahat yaşaya bilərsən, hətta nəsə eləyə də bilərsən, çünki artıq haçan öləcəyinin, ölüm mələyinin qapını haçan döyəcəyinin fərqi yoxdur. Ölüm mələyi elə biləcək ki, səni qorxudub, amma sən şadyanalıqla deyəcəksən: “Harda qalmısan?” O da təəccüblənəcək: “Demək belə!” “Bəs necə! – deyəcəksən, – hamı səndən qorxmalı deyil ki.” Mələyin sümükləri xırçıldayacaq, hirsindən titrəyəcək, qışqıracaq: “Ölümə lağ eləməyi sənə göstərərəm!” Sümüklü əlini burnunun qabağında oynadacaq (Ölüm mələyini skelet kimi təsəvvür edir, siniflərində təkəlli skelet var; uşaqlar hər gün onun əlini sıxır, özü də gündə iki dəfə – bir dərsə gələndə, bir də dərs qurtaranda. Bu qaydanı da müəllimləri qoyub – müəllim Vano, o birinci dəfə sinfə girəndə hər şeydən əvvəl, köhnə tanış kimi skeletin əlini sıxıb onunla salamlaşmışdı, bundan sonra uşaqlara tərəf dönüb demişdi ki: “Salam, mən sizin müəlliminizəm.”). Amma sümüklü mələk əbəs yerə qorxutmağa çalışır, bundan artıq nə edə bilər ki? Ölümdən daha pis nə ola bilər? Amma təəccüblüdür, – bu necə olur axı, heç nə hiss etməyəcəksən, görməyəcəksən, eşitməyəcəksən, heç nə deyə bilməyəcəksən, heç nəyə kədərlənməyəcəksən, heç nədən qorxmayacaqsan. Sən olmayacaqsan. Bunu bilirsən, amma təsəvvür edə bilmirsən. Ölənləri çox görmüsən, amma yenə də ağlına batmır. Və bunu öyrənmək də olmur. Fizikanı öyrənmək olur, kimyanı da, riyaziyyatı da, xarici dili də, amma bunu – yox. Qorxulu mənzərədir, tabutu torpaq qucaqlayır, zamanla torpağa qarışırsan. İşdir birdən dirilsən, kim səni eşidəcək, kim biləcək ki, dirilmisən, qazıb çıxartmaq lazımdır. İstəyirsən lap tərsinə dayan torpağın altında, gücün gəldiyi qədər qışqır. Amma onsuz da qışqıra bilməyəcəksən, çünki o saat ağzına torpaq dolacaq. Heç nəfəsini də uzun müddət saxlaya bilməyəcəksən. Nə edirsən et, ordan qurtuluş yoxdur. Birinin tabutuna saat qoymuşdular, amma saat işləmirdi. Mərhumun arvadı hamının gözü qabağında saatı tabutun yanına çırpıb sındırmış, sonra da meyitin qoluna bağlamışdı. Əgər mərhuma o biri dünyada saatın lazım olacağına inanmırsansa, onda nə üçün onu tabuta qoyursan? Yox əgər fikirləşirsən ki, saat ona lazım olacaq, onda nə üçün sındırırsan? Orda kim düzəldəcək? Bəs nə üçün sındırırsan, özündə saxlasan daha yaxşı olmaz? Hər dəfə saata baxanda mərhumu xatırlayardın, həm də tək mərhumu yox, onunla bağlı müxtəlif şeyləri, bütün xırdalıqları… Qəbiristanlığa çatan kimi yağış yağmağa başladı, elə bil vedrədən tökülürdü… Çevrilib dedi ki, bağışla, bilmədim xətrinə dəyər… Saatda bütün ömrümüz hesablanıb, tik-tak,