ТОП просматриваемых книг сайта:
Sızanaq. Zuleyxa NaEl
Читать онлайн.Əsl ovçular uğurlu ova, heç bir ümid olmadan belə, saatlarla ovlarını izləməkdən yorulmurlar. Bəlkə də bir çoxlarının genetik qan yaddaşlarının çağırışıdır bu?! Bəlkə də bununla təhlükənin həyəcanını yaşayaraq özlərini sınaqdan keçirmiş olurlar. Zakirin bir sevimli məşquliyyəti də meşədən və göl kənarından tapdığı maraqlı, qəribə ağac parçalarından nələrsə düzəltmək idi. Bəzən hava qaralana kimi meşədə, ya da çay qırağında gəzər, maraqlı ağac budaqları axtarardı. O, ocaq üçün odun, eyni zamanda özü üçün maraqlı oduncağlar yığardı. Uzun qış gecələrində ocağın çırthaçırtla yandığı vaxt lampa işığının gözəlliyində yığıb gətirdiyi oduncağlardan nələrsə düzəldərdi. Bəzən bir budağın üzərində saatlarla, günlərlə çalışardı. Nə isə alınanda uşaq kimi sevinər, alınmadıqda oduncağı ocağa atıb yandırardı. Sanki oduncaqlarla danışar, dərdləşərdi. Bəlkə də kimlərəsə aça bilmədiyi ürəyini onlara açardı. Ürəyinin atəşini, gözlərinin nurunu, əllərinin gücünü verərdi o oduncaqlara. Sonra isə alınan gözəlliyə saatlarla baxar, heyran olardı.
O gün yenə ova çıxmışdı. Amma çox qəribədir ki, rastına heç nə çıxmadı. Sanki bütün meşənin canlılarını hürküdüb qovmuşdular. Artıq gecə öz pərdəsini meşənin üstünə sərmişdi. Yalnız ulduzlar və bədirlənmiş ay görünürdü. Ay işığında meşədə yol getməyin bir başqa zövqü və xofu var. Yorğunluqdan asta-asta addımlayan Zakirin ayağları altında qalıb çırtıltı ilə sınan budaqların səsi meşədə qəribə əks-səda verirdi. Və elə bu dəm hardansa yaxınlıqdan bir səsə, hənirtiyə ayaq saxladı. Yox, hələ qorxmamışdı, amma qəribə bir üşütmə keçdi bədənindən. Astaca ətrafa daha həssaslıqla göz gəzdirmək üçün bir az əyildi. Və elə bu məqamda gözləri yaxında, cəmi on beş, iyirmi metirlikdə eyni ilə onun kimi çömbəlib oturan canavarın gözlərinə sataşdı. İlahi bir sükut. Sanki ağaclar da, yarpaqlar da, daşlar, yer, göy… hər şey bu canavarın baxışlarının tilsiminə düşmüşdü. Bir-birindən bir an belə ayrılmayan baxışlar. Birdən ona elə gəldi ki, artıq uzun, heç bitməyəcək bir zamandır ki, onlar bir-birlərindən gözlərini çəkmirdilər. Damarlarında qanı, hətta nəbzi, ürəyi də bu canavarın xofundan susmuşdu. Astaca əlini cibinə atdı, alışqan çıxardıb yandırdı… ətrafa yayılan zəif alovun işığı canavarı da bu sükutdan oyatdı… O durub üzünü çevirib getdi. Qəribədir, elə bil Zakirin ayağlarını da özü ilə aparmışdı o yalquzaq. Yerə əyləşdi. Siqaret çıxarıb yandırdı. Bir iki qullam çəkdikdən sonra , özündə güc tapıb ayağa qalxdı və "Getmək lazımdır" – deyib yola düzəldi. O gecənin tükürpədici vahiməsi hələ də onunla addımlıyırdı. Daxmasına çatanda gecə yarıdan keçmişdi. Yalquzaq çıxıb getmişdi, amma elə bil hələ də Zakirin ürəyində məskən salmışdı.
Gecədir. Xalid əlində nağıl kitabı Lalənin çarpayısının yanında oturub. Elmira qapıdan boylanıb sakit səslə:
– Yatdı? – soruşdu. Xalid başı ilə “hə” dedi. Elmira barmaqlarının ucunda otağa girdi, Lalənin üstünü örtdü. Əyilib Xalidin yanağından öpüb kitabı götürdü və rəfə qoydu. Xalid əyilib qızının üzündən öpdü və sakitçə otaqdan çıxdılar. Elmira mətbəxə keçdi, Xalid də onun ardınca. Elmira:
– Çaydan, sudan nəsə istəmirsən?
Xalid qımışdı:
– Çay, su yox, amma istədiyim nəsə var.
Elmira gözlərini süzdürüb və guya heç nə başa düşmürmüş kimi:
– Hə? Nə istiyirsən ki?
– Bir azdan deyərəm, getdim uzanmağa, gələndə su gətirərsən.
Xalid yataq otağına geçdi. Elmira dolçada su və bardaq götürüb yataq otağına gəldi. Xalid artıq uzanmışdı. Elmira dol-çayla bardağı kamodun üstünə qoyub soyunmağa başladı. O soyunduqca Xalid oğrun-oğrun onu izləyirdi. Elmira əlini uzadıb çarpayının üstündən pünyarını götürmək istəyəndə Xalid üstündən yorğanı atdı, onu qolundan tutub özünə doğru çəkdi. Elmira bir an içində özünü Xalidin qolları arasında buldu. Xeyli gülüşdülər, Elmira Xalidi azca özündən itələdi:
– Dəli, bəsdi.
– Nə var, dəli niyə oluram? Adam arvadını öpəndə dəli olur?
– Səninki öpmək deyil ki, elə bil pişik sərçə ovlayır.
– Neyniyim, işataham açıldı, ağ almaları yemək istədim.
Xalid əlini arvadın sinəsində gəzdirdi. Elmira Xalidin əlini tutub özündən uzaqlaşdırdı:
– Yaxşı, sən canın, yat.
Xalıd incimiş kimi:
– Ema bəsdi də, yata bilmirəm axı.
– Sabah. Bu gün olmaz.
– Niyə olmaz? Xəstələnmisən?
– Ooofff, sabah avulatsiya günüdü, ona görə də sabaha saxla.
– Eeeh… Bu hardan çıxdı? Sabah da burdayam da, ölmürəm ki.
– Niyə başa düşmürsən, hamilə qalmaq üçün ayda cəmi 2-3 uğurlu günümüz var. Özünü idarə eləməyi bacar.
– Mən maşın deyiləm. Neçə ildi sən mənə belə zülm eliyirsən. Gah hamilə qalmamaq üçün özünü gözlə, gah hamilə qalmaq üçün… Nə isə. İstəmədim heç, yat!
Xalid üzünü çevirdi. Bir az yerində qurdalansa da, yata bilmədi. Durub qonaq otağına keçdi, televizoru yandırıb divanda uzandı. Elmira pünyarını geyinib:
– Yekə kişidi, özünü uşaq kimi aparır. – mızıldanıb yatağına uzandı.
Xalid səhər dayənin erkən gələcəyini xatırlayıb televizoru söndürdü, yataq otağına qayıtdı. Elmira artıq yuxuya getmişdi. Onun qısa kəsilmiş kürən saçları üzünə tökülmüşdü. Xalid ona yaxınlaşıb saçlarını üzündən götürdü. Yatmış halda belə üzündə bir nazlanma var idi. O, yerinə girib Elmiranı arxadan qucaqladı, yuxulu da olsa Elmira, Xalidin gəldiyini bilib üzünü çevirdi, yanağından öpdü, qucağında yerini rahatlayıb və məmnun təbəssümlə dərin yuxuya getdi.
Səhər Lalə hamıdan tez oyanmışdı. Dayəsi ona səhər yeməyi verib hazırlığa aparmaq üçün əynini geyindirirdi. Lalə valideynlərinin yataq otağına girib çarpayıya tullandı, onları yuxudan oyatdı. Xalid narazı halda:
– Keçi, getməmisən hələ?
– İndi gedirəm, sizi öpüm sonra.
Elmira əsnəyərək:
– Yeganə xanım gəlib?
– Hə, gəlib, yeməyimi də yemişəm. Siz isə tənbəlsiz.
Xalid