Скачать книгу

ilə qoyduğum yerdə qalmışdı. Həyəcanlandım, qorxdum, tez otadan çıxdım. Özümü toplayıb düşündüm ki, yəqin ki, hansısa pəncərə açıq qalıb. Amma küləyin kağızı əzmək iqtidarında olmadığını yaxşı dərk edirdim, sadəcə belə düşünməklə, özümə təsəlli vermək istəyirdim. Bir az da həqiqətlə üz-üzə duranda özümdən şübhələnməyə başladım, bəlkə də yaşadığım travmanın təsirindən gecə “aygəzənlik” eliyib, yazdıqlarımı elə özüm bu vəziyyətə salmışam. Beynimdə bu hadisəyə bəraət qazandırmaq üçün heç nə uydura bilmədim, çünki realist insanam.

      Bu hadisəni mistikaya yozan olsaydı, ona xeyli gülərdim. Gördüklərimin təsirindən çıxmaq üçün əynimi geyinib sahilə düşdüm. Orda xudmani, səliqəli restorana rast gəldim. Səhər yeməyimi dəniz qırağında etdim. Ləzzətli səhər yeməyindən sonra dəniz qırağında ayaqyalın gəzməyə başladım. Dəniz günəşin şüaları altında bərq vururdu. Narın qum uzaqdan elə parıldayırdı ki, elə bil üzərinə gümüşü zər səpmişdilər. Günəşin istisi, qumun nəm və sərin olması mənə qəribə ziddiyyətli əhval-ruhiyyə bəxş edirdi. Bir az sahildə gəzişib bura gəlməyimin əsas məqsədini özümə xatırladıb, evə doğru getdim. Hava xoş olduğuna görə yazıya eyvanda davam elədim. Dünən yazdıqlarımı yenidən yazmağa başladım, bir xeyli, iki-üç saat dayanmadan yazdım. Yazıya o qədər aludə olmuşdum ki, hətta saatı da unutmuşdum və olduğum məkanın fərqində belə deyildim. Günorta idi. Susuzluq hiss elədim. Su üçün mətbəxə keçdim. Bir şüşə su və bardaq götürdüm, eyvana qayıdıb su içə-içə yazıma davam elədim. Çox keçmədi ki, evdən səs eşitdim. Sanki nə isə şüşədən olan əşya yerə çırpıldı, sındı. Qonaq otağına gəldim, ətrafa göz gəzdirdim, mətbəxə baxdım, amma heç bir yerdə sınmış, qırılmış heç nə yox idi. Düşündüm ki, yəqin qulağıma səs gəlib. Eyvana qayıtdım. Dəhşət!!! Tüklərim biz-biz oldu. Kimsə mənimlə çox qorxunc zarafat eliyirdi. Mənim saatlar sərf elədiyim əməyimi məhv eləmişdi. Yazdığım kağızlar parça-parça olub, havada uçuşurdu. Artıq əmin idim ki, evdə kimsə var. Balkondan həyətə düşmək üçün pilləkanlar var idi. O qədər qorxmuşdum ki, ayaqyalın həyətə, oradan da birbaşa sahilə doğru qaçdım. Yaxınlıqda olan evlərin heç birinin həyətində adam görünmürdü. Ya hava bürkülü olduğundan hamı dincəlir, ya da ətrafda məndən başqa heç kim yox idi. Ümidlə sahilə qaçırdım ki, bəlkə balıqçılardan kimsə orda olar və mənə kömək edər. Tərslikdən balıqçılar da getmişdi. Bədənim əsim-əsim əsirdi. Uşaqlıqda nənəmin danışdığı halarvadılar yadıma düşdü. Nənəm deyirdi ki, cin nəslindən olan halarvadılar insanları aldadıb qaçırır və insanların olmadığı yerlərdə azdırırlar. İndi də mən özümü itirmişdim. Bəlkə də nənəmin dediyi halarvadılar doğurdan da mövcuddur? Bəlkə də onlar məni ələ salıb belə qorxudurlar? Bir az da belə davam etsəydi, qorxudan huşumu itirəcəkdim.

      Uzaqdan bir nəfərin qayıqla sahilə yaxınlaşdığını gördüm. Qışqırıb adamı çağırmaq istəyirdim. Elə bil mən cağırmışammış kimi düz üzü mənə sarı gəlirdi. Çox sevindim, axır ki, bir insana rast gəldim, ona tərəf getdim. Şalvarı islanmasın deyə balağını qatlamışdı. Qayıqdan düşüb mənə doğru gəldi. Orta yaşlı, hündür boylu, saçları bir az ağarmış kişi idi. Adama yaxınlaşmaq istədim, amma nə fikirləşəcəyini düşünüb ayaq saxladım. Qərarsız dayanmışdım. Tərəddüd eləsəm də, qorxu mənə güc gəlmişdi və ona görə də çarəsizliyimi hiss eliyib qərara gəldim ki, ona yaxınlaşım.

      – Mənə köməy eliyin.

      O, təəccüblə mənə baxıb soruşdu:

      – Nə baş verib? Mən əlimlə qaldığım evi göstərdim.

      – Orda yaşayıram, iki gündü qəribə şeylər baş verir. İndi də evə kimsə girib. Görürlər ki, qadınam, tək qalıram… Zarafat eləməyə adam tapmırlar. Nolar, gedək, bir siz də baxın. Olar?

      Yox desəydi, ona yalvaracaq qədər aciz idim. Həm ona elə “Olar?” dedim ki, adam bu yalvarış dolu səsə tab gətirə bilmədi. O gülümsəyərək başı ilə razılığını bildirdi. Evə gəldik. Bir-bir otaqlara baxdıq. Heç kim yox idi. Əlbət mənim yoxluğumdan istifadə edib aradan çıxıblar. Gözlənilməz qonağım, deyəsən, mənə inanmırdı. Başıma gələnləri ona şərh elədim. Mən danışdıqca onun üzündə qəribə təbəssüm əmələ gəlirdi. Mənim söhbətim bitər-bitməz adam gülümsəyərək dedi:

      – Sizi əməlli-başlı qorxudublar ki. Yəqin yazdıqlarınızı bəyənməyiblər.

      Mən cavab verməyərək sadəcə çiyinlərimi dartmaqla kifayətləndim. O, başıyla qovluğa işarə eliyib dedi:

      – Bunları da siz yazmısız?

      – Elə bu qovluğu deyirdim.

      – Baxmaq olar?

      – Buyurun, – qovluğu ona uzatdım. O, qovluğu götürüb sanki qoynuna sıxırmış kimi qucaqladı.

      – Oxuya bilərəm?

      – Əlbətdə. Siz oxuyun, mən çay gətirim. Əla növ Astara çayı almışam , müsibət dadı var, içdikcə-içmək istəyirsən, – mən qonağımı balkonda qoyub mətbəxə keçdim. Çay dəmlədim, özümə fincanda, qonağıma isə armudu stəkanda çay süzdüm, şirniyyatlı, limonlu çay dəstgahını siniyə yığdım. Nənəmin sözü olmasın, ”ədəb- ərkanlı, adımıza layiq” çay dəstgahı oldu. Qonağım mənə köməy eləmək üçün ayağa qalxdı, qovluğu oturacağın üstünə qoyub sinini götürdü. Mən sinidəkiləri masaya yığdım, oturduq. İkimiz də üzü dənizə oturmuşduq. Hava ilıq, küləksiz idi. Dənizdə tənbəl-tənbəl tərpənən ləpələr günəşin sönən şüaları altında nazlanırdı, dəniz almaz daşı kimi bərq vururdu. Qonağım mənə baxıb dedi:

      – Bunu yazmaqda iddialısız?

      – Məncə bunu eləməliyəm. Düşünürəm ki, heç nə səbəbsiz deyil. Mən bura gəlməliydim, bütün bu olanlar baş verməliydi. Yoo, mən bunu yazmalıyam, yazacam da.

      – Hə… Heç nə səbəbsiz deyil. Bəs sonluğu necə, düşünmüsüz?

      – Heç özüm də bilmirəm. Kaş bu yazıçını tanıyaydım. O, kim idi? Bunu necə bitirmək istəyirdi? Bütün bu olanlardan sonra çətinlik çəkirəm. Yazdıqlarımdan bir-iki səhifə salamat qalıb. Görürsüz?

      O yenə gülümsəyərək dedi:

      – Hə, görürəm, bunlar bəyənilib. Bəlkə mən də köməy eliyim?

      Mən təəccüblə ona baxdım:

      – Doğrudan? Ya zarafat eliyirsiz?

      – Doğru sözümdü. Mən də nə vaxtsa bir-iki hekayə yazmışam. Həvəskar idim.

      Ürəyimdə özüm-özümlə tərəddüd eləsəm də, qorxaq uşaq kimi onu çağırdığıma görə özümü qınasam da, nədənsə ona qarşı bir arxayınlıq hissi var idi ürəyimdə. Onun bu fikrinə çox sevinmişdim, tezliklə yenə tək qalacağmı xatırladıqca, qorxu hissi məni bürüyürdü. Sevincimi gizlədə bilmədim, özümdə bir canlanma, cəsarət hiss elədim.

      – Əla olar. Əgər tələsmirsizsə, işiniz yoxdursa, sizi şam eləməyə dəvət eliyirəm. Mən yaxşı aşbazam. – Bu cümlələri isə sanki mən yox, sadəlövh, özünün sərbəstliyini

Скачать книгу