Скачать книгу

Hər sinifdə 25-30 şagirddən yalnız beş-altısı dərsə diqqət göstərirdi. Onuncu sinifdə isə dərs oxuyan şagirdlərin sayı birə-ikiyə enirdi. Qalanları məktəbə elə-belə avaralanmağa gəlirdilər. Çünki oxumaq məcburi idi. Uşaqlar açıq-aşkar məktəbə, oxumağa nifrət edirdilər. Dərsin pozulması üçün hər cür əmələ əl atırdılar. Yadımdadır, ədəbiyyat kitabımızda bir hekayə vardı. Co adlı bir zənci uşaqdan bəhs edirdi. Conun zənci olması xüsusi olaraq vurğulanırdı. Çünki sovet hökuməti Amerikadakı, qərb ölkələrindəki irqçiliyi, sinfi bərabərsizliyi ifşa edirdi. Co çəkməçi idi. Oxumaq istəyirdi, ailəsi kasıb olduğuna görə oxuya bilmirdi. Conun kitabları, məktəb çantası, məktəbə geyinməyə paltarı yox idi. O, hər gün səhər məktəbə gedən uşaqlara həsədlə baxırdı. Bu hekayəni ədəbiyyat dərsliyinə ona görə salmışdılar ki, biz məktəbin qədrini bilək, bizə oxumaq üçün hər cür şərait yaratmış sovet hökumətinə minnətdarlığımızı bildirək. Hekayə isə bizə əks təsir göstərirdi. Uşaqlar Conun paxıllığını çəkirdilər. Bunu açıqca müəllimə deyirdilər. Deyirdilər ki, kaş biz də Co kimi çəkməçi olaydıq, məktəbə getməyəydik. Müəllim isə uşaqları başa salmaq istəyirdi: “Uşaqlar, sovet hökuməti sizə belə böyük, işıqlı məktəb tikib. Sizə pulsuz kitablar verir. Kapitalist ölkələrində hər uşaq oxuya bilmir. Yeməyiniz var, paltarınız var, kitabınız var, məktəb düz evinizin yaxınlığında… Bəs niyə oxumursunuz?” Sonra müəllim özünün necə çətinliklə oxumasından danışırdı. Deyirdi ki, o vaxtlar on-on beş kəndin balaca bir məktəbi varmış. Məktəbə getmək üçün qarda-çovğunda, soyuqda hər gün iyirmi kilometr məsafə qət edirmiş. On kilometr məktəbə, on kilometr də məktəbdən evə. Kitab da çox az imiş. Hər sinfə bir kitab verirmişlər. Bütün sinif bir kitabın başına yığışıb dərsini hazırlayırmış. Müəllim də çox az imiş. Bir müəllim bir neçə fəndən dərs deyirmiş. Müəllimlər müharibədə ölmüşdülər… Müəllim özünün necə çətinliklə oxumasından danışırdı, danışırdı, lakin onun tərbiyəvi söhbətləri uşaqlara bir qram da təsir etmirdi. Uşaqlar onun danışdıqlarını heç təsəvvür belə edə bilmirdilər. Uşaqlar deyirdilər:

      – Müəllim, biz oxumaq istəmirik.

      Müəllim onları qorxutmaq üçün deyirdi:

      – Əgər oxumasanız, süpürgəçi olacaqsınız.

      Qızlardan biri bu cür tərbiyəvi söhbətin sonunda müəllimə sual vermişdi:

      – Əgər hamı oxusa, bəs küçələri kim süpürəcək?

      Müəllim deyirdi:

      – İstəyirsən süpürgəçi ol, istəyirsən fəhlə, istəyirsən də sürücü, yenə də adam savadlı olmalıdır. Savadsız adam indiki zəmanədə heç kimə lazım deyil. Vaxt gələcək, mənim indi nə dediyimi başa düşəcəksiniz. Onda da gec olacaq…

      Kimə deyirsən bu sözləri?! Zəng vurulanda uşaqlar dəli kimi həyətə tökülüşürdülər. Elə bil, onlar sinifdən deyil, həbsxana kamerasından bayıra çıxırdılar. Böyük sinfin uşaqları kiçik sinfin uşaqlarını dalaşdırırdılar. Birisi öz balaca qardaşını başqasının balaca qardaşı, birisi isə də öz məhəllə uşağını başqa məhəllənin uşağı ilə dalaşdırırdı. Mən həmişə dava-dalaşdan qaçırdım. Nə qədər təhrik etsələr də, nə qədər qızışdırsalar da, davalardan uzaq dayanırdım. Amma bir dəfə heç cürə davadan yaxa qurtara bilmədim. Rəqibim məktəbin ən qorxaq uşaqlarından biri idi. Onu hamı ləqəbiylə çağırırdı, hamı ona “dovşan” deyirdi. İndi özünüz bu uşağın necə qorxaq olduğunu təsəvvürünüzə gətirin. Bu iki rəqibin üz-üzə gələrkən nə kimi hislər keçirdiyini, qoy, oxucu özü təyin etsin. Böyük sinfin uşaqları bizi “məktəbin arxası” deyilən yerdə dalaşdırdılar. Bütün axmaq və pis hərəkətlər bu yerdə baş verirdi. Burda siqaret çəkirdilər, kart oynayırdılar, dalaşırdılar… Necə oldusa, rəqibimin, dovşanın sifətinə bir yumuruq vurdum. Onun burnunun qanı ağ məktəbli köynəyinin üstünə axdı. Bu, deyəsən, mənim həyatda tökdüyüm ilk qan idi…

      … Sinif rəhbərimiz Elnarəyə yazdığım məktubu bir az oxuyub masanın üstünə atdı. Əvvəlcə məktubdakı xəttin müəllifini tapmaq lazım idi. Hər sinifdə gözəl xətlə məktub yazan bir-iki adam olurdu. Həmişə məktubun həqiqi müəllifindən əvvəl xəttatı cəzalandırırdılar. Müəllim “Hamı dəftərini çıxarıb qarşısına qoysun!” əmrini verdi. Bütün şagirdlər əmri yerinə yetirdi. Hamı dəftərini açıb qarşısına qoydu. Dərsin pozulduğu artıq bəlli idi. Kimi buna görə sevinirdi. Kimi günahlı-günahsız döyüləcəyindən qorxaraq həyəcan keçirirdi. Müəllim bir-bir dəftərlərə baxdı. Xəttin sahibini, cinayətkarı asanlıqla tapdı. Onun qulağından tutub yazı taxtasının önünə çıxartdı. Cinayət törətmiş xəttat yazı taxtasının önündə dayanıb öz cəzasını gözləyirdi. O, boyca bizim hamımızdan hündür olsa da, döyülməkdən bərk qorxurdu. Müəllim ən qatı cinayətkarları cəzalandırmaq üçün şkafda saxladığı cəza alətini çıxartdı. Burularaq bir-birinə dolaş-dırılmış məftillə sinif rəhbərimiz qatı cinayətlər törətmiş (qapı-pəncərə sındırmış, açar yerinə kağız doldurmuş, sevgi məktubu yazmış, divardakı portretə bığ-saqqal əlavə etmiş, daha mülayim müəllimin sinfində dərsi pozmuş) şagirdləri döyürdü. Elnarəyə yazılan məktubdakı xəttin sahibini də müəllim bu məftillə döydü. Müəllim məftili onun belinə, qollarına, ayaqlarına vurduqda o qışqırır və bir daha heç kimə məktub yazmayacağına and içirdi. Döyülən şagirdlərin səsləri sinif otağından çıxıb koridora yayılırdı. Amma heç kim, heç bir müəllim bu səslərə fikir vermirdi. Hər kəs şagirdlərin döyülməyini təbii qarşılayırdı. Məktəbin direktoru belə, şagirdlərin döyüldüyünü gördükdə heç bir reaksiya vermirdi. Çünki direktor özü də darıxanda şagirdləri bərk döyürdü. Bütün müəllimlər, bütün valideynlər, hətta şagirdlərin özləri də, hər kəs düşünürdü ki, başqa cür uşaqları tərbiyə etmək mümkün deyil. Hətta uşaqlar məktəbi bitirdikdə öz döyülməklərini şirin bir xatirə kimi xatırlayır və müəllimə qarşı heç bir qəzəb duymurdular. Əksinə, onları döyən müəllimləri daha da çox sevirdilər.

      Müəllim xəttin sahibini döyərkən danışmağı da unutmurdu:

      – Sən qudurmusan, başqasına məktub yazırsan? Sən dərsini güclə oxuyursan, hələ bir başqasına məktub da yazırsan? Qudurmusan sən, sevgi məktubu yazırsan ? Qudurmusan?

      Müəllim xəttin sahibini lazımı qədər döyüb sonra məni, məktubun həqiqi müəllifini yazı taxtasının önünə dəvət etdi. Qorxa-qorxa yazı taxtasının önünə çıxdım. Müəllim bir müddət üzümə baxıb susdu. O, məni heç döyməmişdi. Xətrimi çox istəyirdi. Yaxşı oxuduğuma görə məni başqa şagirdlərdən seçirdi. Məktubu masanın üstündən götürüb bir az sakitcə oxudu. Üzümə baxdı. O, məni döyməli idi, amma, deyəsən, vurmağa əli qalxmırdı. Bununla belə, o, yorğun-yorğun mənə yaxınlaşıb üzümə soldan sağa möhkəm bir şillə vurdu. Zərbənin təsirindən partanın üstünə yıxıldım və qabaqda oturan iki qız qorxaraq bərk qışqırdılar. Bununla belə, müəllim zəhləsi getdiyi, daima narazı olduğu şagirdlərdən bir-ikisini də müxtəlif bəhanələrlə döydü. Uzun bir monoloq söyləyib hələ sevməyin bizim üçün tez olduğunu başa saldı. Dedi ki, kim sevgi məktubu yazsa, onu götürüb üçüncü mərtəbədən aşağı

Скачать книгу