ТОП просматриваемых книг сайта:
Ədəbiyyatsız dünya. Коллектив авторов
Читать онлайн.Название Ədəbiyyatsız dünya
Год выпуска 0
isbn
Автор произведения Коллектив авторов
Издательство Alatoran yayınları
Ədəbiyyat taleyinə boyun əymiş, yaşadıqları həyatdan məmnun olan insanlara heç nə ifadə etmir. Ədəbiyyat üsyankar ruhları bəsləyir, uzlaşmazlığı yayır; o, həyatda çox, ya da az şeyi olanların sığınacağıdır. İnsan bədbəxt olmamaq və bütövləşmək üçün ədəbiyyata sığınır. La Manç ovalığında bir dəri-bir sümük Rosinanta və şaşqın Cəngavərlə birlikdə gəzmək, Kapitan Ahabla birlikdə balina kürəyində dənizlərdə üzmək, Emma Bovari ilə birlikdə arsenik içmək, Qreqor Zamsa ilə birlikdə böcəyə çevrilmək: bunların hamısını varlığımızı hakim kəsilən həsrəti, incikliyi sakitləşdirmək üçün başqa insan olmaq istəyərkən bizi həmişə eyni insan olmağa zorlayan ədalətsiz həyatın səhv-lərindən və diqtəsindən xilas olmaq üçün icad etmişik.
Ədəbiyyat bu dözülməz ağrını yalnız keçici olaraq sakitləşdirir, amma bu möcüzəvi anda, həyatın bu ötəri fasiləsində ədəbi illüziya bizi tarixdən kənara atır, zamansız bir ölkənin vətəndaşlarına çevirir və beləcə, ölümsüzləşdirir. Onda biz sıradan həyatın məcburi monotonluğundakı vəziyyətimizdən daha güclü, daha zəngin, daha mürəkkəb, daha xoşbəxt və daha duru oluruq. Kitabı bağlayıb ədəbiyyatın illüziyasından çıxanda real həyata qayıdırıq və onu bir az əvvəl ayrıldığımız o gözəl dünya ilə müqayisə edirik, böyük xəyal qırıqlığına düşürük! Amma həm də müdhiş bir şeyin fərqinə varmış oluruq: Romandakı xəyali dünya kitab oxuyarkən huşa gedib ayrıldığımız real həyatdan, mövcud şəraitin sərhədlərindən və darıxdırıcılığından daha yaxşı, daha gözəl, daha rəngli, daha tutumlu və daha yetkindir. Deməli, yaxşı ədəbiyyat, həqiqi ədəbiyyat həmişə dağıdıcı, boyun əyməyən və üsyankardır: mövcud olana meydan oxumaqdır.
“Hərb və sülh”ü, ya da “İtirilmiş vaxtın sorağında”-nı oxuyandan sonra, mənasız təfərrüatlarla dolu olan, xəyallarımızı addımbaşı yerlə-yeksan edən məhdudiyyətlər və yasaqlardan ibarət dünyamıza qayıdanda aldadılmışlıq hissinə qapılmırıqmı?
Ədəbiyyatın mədəniyyətin sürəkliliyini təmin etmək və dili zəngiləşdirməkdən başqa bəşərin inkişafına ən böyük töhfəsi bəlkə də odur ki, (çox vaxt fərqində olmadan) o, bizə bu dünyanın ədalətsiz qurulduğunu, bunun əksini irəli sürənlərin, yəni güclülərlə bəxtigətirmişlərin yalan danışdıqlarını, dünyanın düzəlməsinin mümkün olduğunu, fantaziyamızın və dilimizin yaratdığı dünyaya daha çox oxşayan bir dünya qurmağın mümkünlüyünü xatırladır. Yaşadığımız dünyanı dayanmadan analiz etmək getdikcə daha çətin bir vəzifə olmağa başlasa da, azad və demokratik cəmiyyət mövcud dünyanı yaşamaq istədiyimiz dünyaya daha da yaxınlaşdırmağın vacibliyini anlayan, məsuliyyətli və tənqid düşüncəsi olan vətəndaşlardan əmələ gəlir. Həyat təşnəliyini artırmağın, idarəçilərin əlində oyuncaq olmayan, sürəkli ruhi inkişaf və canlı fantaziya ilə silahlanmış, tənqidi düşüncəsi olan azad vətəndaşlar yetişdirməyin yaxşı ədəbiyyat oxumaqdan başqa yolu yoxdur.
Oxucunun şüurunu dünyanın çatışmazlıqlarına qarşı həssaslaşdırdığı üçün ədəbiyyatı yoldançıxardan adlandırmaq, senzurabaz kilsələrin və hökumətlərin düşündüyü kimi, o demək deyil ki, ədəbi mətnlər birbaşa ictimai iğtişaşlara səbəb olacaq, ya da inqilabları sürətləndirəcək. Bir şeirin, pyesin, ya da romanın ictimai və siyasi təsiri əvvəlcədən hesablana bilməz; çünki şeir, pyes, ya da roman kollektiv şəkildə yaradılmır, yaxud eyni cür qavranılmır. Onlar individualdır, deməli yazdıqlarından, yaxud oxuduqlarından çox fərqli nəticələr çıxaran fərdlər tərəfindən yaradılır və oxunurlar. Buna görə də, konkret qəliblər müəyyənləşdirmək çətin, daha dəqiqi qeyri-mümkündür, üstəlik, bir ədəbi əsərin ictimai nəticələrinin onun estetik keyfiyyəti ilə çox az əlaqəsi ola bilər. Deyirlər ki, Harriet Biçer Stounun ortabab bir romanı ABŞ-da köləliyin qorxuncluğu ilə bağlı ictimai-siyasi şüuru oyandırıb. Ədəbiyyatın bu cür effekt doğuracağını müəyyənləşdirmək çətindir, amma bu o demək deyil ki, belə effekt yoxdur. Əsas odur ki, bu effekt şəxsiyyəti müəyyən qədər kitablar vasitəsilə formalaşmış vətəndaşların əməlləri ilə ortaya çıxsın.
Yaxşı ədəbiyyat insanların narazılığını ötəri olaraq yatırsa da, əslində, həyat qarşısında tənqidi və uzlaşmaz bir xarakter formalaşdıraraq həmin narazılığı daha da artırır. Ədəbiyyatın insanları bədbəxt etməyə yatımlı olduğunu da demək olar. Narazı olmaq o deməkdir ki, həyatla döyüşdəsən, özünü bihudə mübarizələrə həst etməyə razısan; eynən, “Yüz ilin tənhalığı”ndakı Aureliano Buendianın uduzacağını bilə-bilə xeyli savaşa girməsi kimi. Bütün bunlar doğru ola bilər, amma həyatın adiliyinə və səfilliyinə üsyan etməsəydik, hələ də ibtidai vəziyyətdə yaşayırdıq, tarix də indi yerində sayırdı. Əgər elə olsaydı, azad fərd yaradılmamış, elm və texnologiya inkişaf etməmiş, insan haqları tanınmamış, azadlıq kəşf olunmamış qalardı. Bütün bunlar bədbəxtlikdən, yetərsiz və dözülməz bir həyata meydan oxumaqdan yaranıb. Ədəbiyyat cəngavər romanları oxuya-oxuya başı xarab olmuş Don Kixotun çılğınlığı ilə araşdırmalar aparan və adi həyatla kifayətlənməyən ürəkləri çox həvəsləndirib.
Gəlin bir anlıq xəyalımızda Tarixi yenidən quraq. Ədəbiyyatsız, insanların şeir, ya da roman oxumadığı bir dünya düşünək. Bu savadız, məhdud söz dağarcığı olan, donqultuların və meymunvari səslərin çoxluq təşkil etdiyi sivilizasiyada bəzi sözlər olmayacaqdı; məsələn, hamısı ədəbiyyatın kəşfi olan Don Kixotvari, Kafkavari, Rablevari, Oruelvari, Sadist və Mazoxist kimi təyinlər. Heç şübhəsiz ki, ağlını itirmiş insanlar, paranoiklər, acgözlər və qızmışlar, əzab verməkdən və əzab çəkməkdən zövq alan iki ayaqlı heyvanlar yenə olacaqdı. Amma bu halda biz insan şəxsiyyətindəki qəribəlikləri görməyəcək, Servantesin, Kafkanın, Rablenin, Oruelin, Markiz de Sadın və Saher-Mazoxun istedadla bizə göstərdiyi öz gizlinlərimizi kəşf etməmiş olacaqdıq.
“La Mançlı əsilzadə Don Kixot” çap olunanda, romanın ilk oxucuları xəyalpərəst cəngavərə də, romanın digər personajlarına da lağ eləmişdilər. Amma biz bu gün artıq bilirik ki, Kədərli Cəngavərin yel dəyirmanlarını yox, divləri gördüyünü deməsi və mənasız sayılan hərəkətlər etməsi, əslində, comərdliyin ən alicənab forması və bu səfil dünyanı dəyişdirmək ümidi ilə etiraz səsini ucaltmağın ən ali yollarından biri idi. Müsbət mənəvi valentliklə iç-içə keçən ideal və idealizm anlayışları əgər Servantes dühasının inandırıcılığı ilə roman personajına çevrilməsəydi, indiki kimi mübahisəsiz dəyər sayılmayacaqdı. Eyni şey romanlardan öyrəndiyi ehtiraslı və dəbdəbəli həyatı yaşamaq üçün var gücüylə döyüşən, balaca və praqmatik dişi Don Kixot Emma Bovari üçün də keçərlidir. Emma da atəşə çox yaxınlaşdığı üçün yanıb külə dönən pərvanədir.
Servantes və Floberdə olduğu kimi, bütün böyük ədəbiyyatçıların əsərləri bizi təkcə reallığın inadkar pəncəsindən qoparıb təxəyyül dünyasına aparmır, həm də içimizin gizlinlərini,