Скачать книгу

elə də pis sual deyil. Çünki romanı və şeiri yaradan təsadüf, ya da təbiət deyil ki, onlar bir quşun cəh-cəh vurması, ya da batan günəşin görüntüsü ilə eyni şey olsun. Romanları və şeirləri insanlar yaradıb, deməli, necə və niyə yarandıq-larını, məqsədlərinin nə olmasını və niyə bu qədər qalıcı olduqlarını soruşmaqda heç bir problem yoxdur.

      Ədəbi əsərlər ətraf aləmdən alınan təəssüratların və emosiyaların titrəşən kölgələr kimi təhtəlşüurun gizli guşələrində sintezindən doğulur, sonra şair, ya da yazıçı, sözlərlə boğuşaraq bütün bunlara yavaş-yavaş forma, bədən, hərəkət, ritm, harmoniya və həyat verir. Şübhəsiz ki, bu, süni, təxəyyül məhsulu olan, dil vasitəsilə yaradılmış həyatdı, amma yenə də hamı – bəziləri tez-tez, bəziləri isə arabir – bu süni həyatı axtarır, çünki gerçək həyat onlara bəs etmir, istədiklərini vermir. Ədəbiyyatın mövcudluğu yazıldığı andan götürmür, bədii əsər yalnız başqaları tərəfindən əldə ediləndə, ictimai həyatın bir parçası olanda, oxunub paylaşılan təcrübəyə çevriləndə mövcudluq qazanır.

      Ədəbiyyatın insana birinci faydası dil qatında baş verir. Yazılı ədəbiyyatı olmayan xalqlar, əsas ünsiyyət vasitəsi olan sözü öz ədəbi mətnləriylə cilalayıb təkmilləşdirən xalqlar qədər detal zənginliyi ilə və aydın formada özünü ifadə edə bilmirlər. Romanı olmayan, kitab azarına tutulmayan cəmiyyətlər kobud və ibtidai dillərinə görə dəhşətli ünsiyyət problemi olan sağır-dilsizlər topasına, söz yaratma qabiliyyətindən tamamilə məhrum xalqa çevrilirlər. Eyni şey fərdlər üçün də keçərlidir. Heç oxumayan, az oxuyan, ya da ancaq bayağı şeylər oxuyan insan şikəstdir: çox danışsa da, az şey deyir, çünki söz dağarcığı özünü ifadə etməyə bəs etmir.

      Və bu təkcə kasad söz ehtiyatı yox, eyni zamanda, təfəkkür və fantaziya məhdudluğu, ağıldankəmlik, intellekt yoxsulluğudur, çünki sözlər olmasa, ətraf aləmin və öz “mən”imizin gizlinlərini qavramağımıza yardımçı olan düşüncələr və anlayışlar müstəqil şəkildə mövcud ola bilməzlər. Səlis danışmağı – məsələni hərtərəfli düşünərək səliqəli, zərif danışmağı – yalnız və yalnız yaxşı ədəbiyyatdan öyrənirik; heç bir təlim, heç bir sənət növü ünsiyyət qurmaq üçün lazımlı olan dildə ustalaşmaq məsələsində ədəbiyyatın yerini verə bilməz. Elmi-texniki vəsaitlər bizə fundamental bilik verə bilər, amma onlar bizə sözlə necə davranmaq və fikrimizi düzgün ifadə etməyi öyrətməyəcəklər, əksinə, çox vaxt bu mətnlər pis yazılmış olur və müəlliflərinin beynində hökm sürən linqvistik xaosu gözümüzə soxurlar. Çünki bu müəllifər – onlar adətən öz sahələrinin ulduzlarıdır – ədəbi baxımdan yonulmayıblar, savadsızdırlar və öz qiymətli ideayalarını oxuculara çatdırmaq üçün nitq qabiliyyətləri yoxdur. Yaxşı danışmaq, zəngin və çoxtərəfli söz dağarcığına malik olmaq, ötürmək istədiyimiz hər düşüncə və hissin adekvat qarşılığını tapmaq üçün, düşünməyə, öyrətməyə, öyrənməyə, danışmağa, eyni zamanda, sonsuz xəyallar qurmağa, hiss etməyə hazırlıqlı olmaq lazımdır. Sözlər bizim dillə qəti əlaqəsi yoxmuş kimi görünən bütün əməllərimizdə belə daxilən əks-səda verirlər. Dil kimi əməllərimiz də ədəbiyyat vasitəsilə inkişaf edərək incəlik və yeni çalarlar qazanıb yüksək səviyyəsinə çatdıqca, insanların mümkün həzlərdən ləzzət almaq ehtimalı çoxalır.

      Keçək sevgiyə. Ədəbiyyat bizə kömək etdi ki, sevgini, ehtirası və cinsi birləşməni yaradıcılıq səviyyəsinə qaldıraq. Ədəbiyyat olmasaydı, erotizm olmazdı. Sevgi və həzz kasıb olar, həssaslıqdan, incəlikdən məhrum qalar, ədəbi təxəyyülün təklif etdiyi dolğunluğa çatmazdı. Qarsilasonu, Petrarkanı, Qonqoranı, ya da Bodleri oxumuş cütlüklər həzzin dəyərini bilmək və hiss etmək məsələsində bayağı serialların kütləşdirdiyi cahil insanlardan daha irəlidədirlər desəm, yəqin şişirtmiş olmaram. Dünyada kitab olmasaydı, sevgi və cinsi həzz heyvani tələbatdan fərqlənməz, elementar instiktlərin doyuzdurulmasından başqa bir şey olmazdı.

      Audio-vizual media insanlara dildə gizlənmiş zəngin imkanlardan inamla və bacarıqla faydalanmağı öyrətməkdə ədəbiyyatın yanından yel olub ötə bilməz. Əksinə, televiziya və kino (çox təbiidir) özünüifadənin ibtidai forması olan görüntülərin dilində danışmağı önə plana çıxardaraq sözləri ikinci plana atmağa, dili öz yazılı mahiyyətindən uzaqlaşdırıb şifahiliyə itələməyə meyillidir – vizual sırada sözdən çox az şey tələb olunur və bu onu kağızdakı kökündən uzaqlaşdırır. Və bu tamaşaçılar üçün həmişə darıxdırıcıdır, fərqi yoxdur ekranlarının ölçüsü nə boydadır. Bir filmə, ya da televiziya verilişinə “ədəbi” demək, onun maraqsız olduğunu deməyin mədəni formasına çevrilib. Elə buna görə də radiodakı, ya da televiziyadakı ədəbiyyat proqramları nadir hallarda populyar olur; bildiyim qədərilə bu qaydanı vecinə almayan yeganə nümunə Fransada Bernar Pivonun “Apostroflar” adlı verilişi idi. Bütün bunlar məni düşünməyə vadar edir ki, (hərçənd şübhələrim var) dilə yiyələnməkdə və biliyin formalaşmasında ədəbiyyat təkbaşına əsas rolda ola bilməz. Kitab – çoxlarına görə artıq dəbdən düşmüş o sənaye məhsulu – qırılmaz zəncirlərlə bədii əsərlərin alın yazısıdır və çox əhəmiyyətlidir.

* * *

      İndi isə kitabı köhnəlmiş sayan şəxslərdən birinə – Bill Geytsə keçmək istəyirəm. Bir neçə ay öncə Madridə gələn və “Microsoft”la ortaq bir işə girişmiş İspaniya Kral Akademiyasını gəzən Geyts, akademiyanın üzvlərinə söz verdi ki, “ñ” hərfi kompüterlərin əməliyyat sistemindən heç vaxt çıxarılmayacaq. Geytsin bu sözü beş qitədə ispanca danışan 400 milyon insanın ürəyinə su səpdi, çünki bu vacib hərfin elektron dünyadan çıxarılması çox böyük problemlərə səbəb olacaqdı. Geyts akademiyadakı işini bitirib gedərkən mətbuat konfransında dedi ki, ölməmişdən qabaq ən böyük məqsədinin reallaşmasını görmək arzusundadır. Bilirsinizmi, arzusu nəydi? Əvvəlcə kağızın, sonra isə kitabların kökünü kəsmək.

      Geytsin fikrincə, kitablar anaxronizmdir; kompüter ekranları bugünədək yerinə yetirdikləri bütün funksiyalarla kağızın yerini tuta bilər; bilgisayarlar daha az narahatlıq yaradır, daha az yer tutur və daha asan daşına bilir; üstəlik, xəbərlərin və ədəbiyyatın bu elektron media ilə ötürülməsi, ətraf mühit üçün də faydalı olacaq, meşələrin yox olmasının qarşısını alacaq, beləcə, kağız sənayesinin əmələ gətirdiyi bəla ortadan qalxacaq, insanlar oxumağa davam edəcək, amma kompüter ekranlarından oxuyacaqlar, bunun nəticəsində isə təbiətdə daha çox xlorofil olacaq.

      Mən Geytsin mətbuat konfransında olmamışam. Bunları qəzetdən oxudum. Amma orda olsaydım, məni və məsləkdaşlarımı – kitab yazanları utanmadan işsizlər arasına göndərmək niyyətində olduğunu açıqladığı üçün Geytsi fitə basar, gözümü qırpmadan dediyi fikirlərin əleyhinə gedərdim. Kompüter ekranı doğurdanmı bütün tərəfləri ilə kitabın yerini tuta bilər? Düzü, o qədər də əmin deyiləm. İnternet kimi yeni texnologiyaların ünsiyyəti və informasiyanı bölüşmək sahəsində həyata keçirdiyi böyük inqilabın fərqindəyəm, internetin işimdə mənə sonsuz fayda verdiyini deməkdən çəkinmirəm, amma yaratdığı bu fövqəladə rahatlıq üçün minnətdarlıq hissilə tez-bazar monitorun kağızı əvəz edə biləcəyinə inanmaq fikrim yoxdur. Kitab oxumağın məhrəmliyində, intellektual gərginliyində

Скачать книгу