ТОП просматриваемых книг сайта:
İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Читать онлайн.Название İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Год выпуска 0
isbn 9789952243376
Автор произведения Eşli Vans
Издательство Altun Kitab
Kitab sevgisinin üzərinə bir də kompüter ehtirası gəldi. İlon çox vaxt Kimbal və xalası uşaqları Rass, Lindon və Peter Rivi (xalası Keyin uşaqları) müxtəlif avantüralara təhrik edirdi. Bir dəfə məhlələrində qapı-qapı gəzərək pasxa yumurtalarının satışını təşkil etdilər. Yumurtaları yaxşı boyamasalar da, onları üçqat bahasına varlı qonşularına sata bildilər. İlon ev şəraitində partlayıcı maddələr və raketlər də düzəltməyə başladı. Cənubi Afrikada “Estes’’ raketləri üçün start qurğuları yox idi. Bu səbəbdən də kimyəvi birləşmələri düzəldib konteynerlərə yerləşdirmək lazımdı. İlon belə xatırlayır o macəranı: “Nə çox şeydən partlayıcı düzəltmək olarmış. Barıtı selitra, kükürd və manqal kömüründən hazırlayırlar. Amma güclü bir turşunu güclü qələvi ilə birləşdirsən, çıxan enerjinin miqdarı xeyli çox olacaq. Dənəvərlənmiş xlorla əyləc yağı isə dəhşətli təsir yaradır. Barmaqlarımı itirmədiyim üçün şanslıyam’’. Partlatmağa bir şey olmayanda oğlanlar qat-qat paltar geyinir, qoruyucu eynəklər taxıb pnevmatik tüfənglərdən bir-birini gülləbarana tuturdular. İlon qardaşı ilə qum təpələri arasındakı tozlu yollarda çox velosiped sürürdü. Kimbalın bir dəfə velosipeddən uçaraq hansısa darvazanın tikanlı məftillərinə girdiyini unutmayıblar.
İllər ötdükcə qardaşların öz işlərini qurmaq istəkləri ciddiləşməyə başladı. Onlar oyun avtomatları zalı açmağa həvəsləndilər. Böyüklərdən icazə almadan yer seçib müqavilə bağladılar. Amma bizneslə məşğul olmaq üçün verilən sənədi 18 yaşından böyük birinin imzalaması lazımdı. Nə Errol qol çəkməyə razı oldu, nə də xalasının əri. Gənclərin birlikdə bizneslərini qurmaları üçün iyirmi il keçəcəkdi.
Onların ən təhlükəli hünəri, güman ki, Pretoriya ilə Yohannesburq arasındakı səyahət idi. 1980-ci illərdə Cənubi Afrikada cinayətkarlıq yüksək həddə çatmışdı. İki şəhər arasındakı 35 mil (56 km) məsafəni qatarla qət etmək dünyada ən qorxulu səyahətlərdən biri sayılırdı. Kimbal belə hesab edirdi ki, bu cür səfərlər onlara önəmli təcrübə qazandırırdı: “Cənubi Afrika xoş səyahətlər üçün ən yaxşı yer deyildi, bu da bizə pis təsir edirdi. Çox şey görmüşdük, üzərimizdəki müxtəlif tərbiyəvi eksperimentlər bizim riskə olan münasibətimizi dəyişdirirdi. Böyüyürdük, amma peşə sahibi olmağın həyatda ən çətin şey olduğunu anlamırdıq. Bu heç də yaxşı bir şey deyildi’’.
Yaşları 13–16 arasında olan oğlanları axşam əyləncələri və Yohannesburqdakı müxtəlif məşğuliyyətlər cəlb etməyə başlayırdı. Bunlardan biri onların “Dungeones & Dragons’’ (“Yeraltı dünya və əjdahalar’’ – 1970-ci illərdə fentezi janrında yaranmış masa oyunu – İ.N.) turnirinə getmələri oldu. Onlar rəqabət mühiti yaradıb öncə səhnəni xəyal etməli, sonra da rola girməli idilər. “Bir otağa giribsən, küncdə bir sandıq var. Nə edərsən?.. Sandığı açdın. Bu isə tələymiş! Onlarla şeytanı azadlığa buraxmış olursan!’’ Xalası oğlu Piter Rev İlonu belə xatırlayır: “O, Yeraltı dünyanın Ustası rolunu məharətlə icra edirdi, Div və başqa personajların mətnlərini yaxşı əzbərləyirdi. Qalib gəlmək üçün ona inanılmaz bir xəyal gücü tələb olunurdu. İlon iştirakçılara ilham verirdi’’.
Məktəbdə öyrədilənlər İlon və dostlarına çox da maraqlı gəlmirdi. İlon bir neçə məktəb dəyişdirmişdi. Səkkiz və doqquzuncu sinifləri Bryanston liseyində oxumuşdu. Bir dəfə günorta İlon və Kimbal beton pilləkənlərin üstündə oturub yemək yeyirdilər. Bu vaxt bir həmyaşıdı İlona sataşmaq istədi. Mask istəmədən səhər iclasında oğlanla toqquşmuş, o da bunu böyütmüşdü. Arxadan yaxınlaşıb ayağıyla Maskı başından vurdu və pilləkəndən aşağı itələdi. “Uçaraq’’ yerə düşən Maskı bir neçə nəfər ayaqları ilə vurur, toqquşduğu adam isə başından tutub yerə çırpırdı. Kimbal dəhşətlər içində bu səhnəni izləyirdi. Çox qorxmuş, İlonun öləcəyini düşünmüşdü. Nəhayət, özünü aşağı çatdıranda İlonun qan içində üzü-gözü şişmişdi: “Elə bil boks rinqindən çıxmışdı’’. İlon xəstəxanalıq oldu. Məktəbə ancaq bir həftə sonra başlaya bildi (2013-cü ildə keçirdiyi mətbuat konfransında sifətinə dəyən sərt yumruqlardan sonra burnundan rinoplastika əməliyyatı olunduğunu söyləmişdi).
Maskı döyənlər o hadisədən sonra onu üç-dörd il rahat buraxmadılar. Maskın ən yaxın dostunu İlonla əlaqəni kəsənə qədər sürəkli döydülər: “Bununla da sakitləşmədilər, dostumdan, həm də ən yaxın dostumdan istifadə edərək məni gizləndiyim yerdən çıxarıb döydülər. Acılarım daha da artdı. Çox ağırdı’’. Mask bunları mənə gözü nəmli, səsi titrəyərək danışırdı. “Hansısa bir səbəbdən onlar məni öldürmək istəyirdilər. Yorulmadan illərlə məni təqib etdilər. Yeniyetmə çağlarım çətin keçdi. Ara vermədən bir neçə il zülm etdilər. Məni öldürmək istəyən bu qaniçən dəstə məktəbdə dalımca düşür, “mitilimi yerə sərirdi”, – Mask xatırlayır. – Evdə də vəziyyət ürəkaçan deyildi. Başqa sözlə, sonu görünməyən bir vəhşət içindəydim”.
Yuxarı sinifləri Mask Pretoriyadakı oğlan məktəbində keçirdi. Artıq böyümüş və bərkimişdi, məktəbdəki vəziyyət də yaxşı idi. Həyat nisbətən daha məqbul hala dönürdü. Dövlət məktəbi olaraq açılsa da, yüz ildən çox idi ki, özəl məktəb kimi fəaliyyət göstərirdi. Bu məktəbə oğlanları Oksford və ya Kembricə qəbul olsunlar deyə verirdilər.
Sinif yoldaşları Maskı yaraşıqlı, sakit və elə də fərqlənməyən bir gənc kimi xatırlayırlar. Sinifdə İlonun arxasında oturan Deon Prinsloo belə deyir: “Sinfimizdə dörd-beş nəfərin böyük gələcəyi olduğunu deyirdilər. İlon onlardan biri deyildi’’. O illər bədən tərbiyəsi bir kult halına gəlmişdi. İlonun idmana laqeyd qalması onun yalqızlığına səbəb olurdu. Gideon Furye adlı bir başqa sinif yoldaşı isə onun haqqında bunları söyləyir: “Doğrusu, onun milyarder olacağına heç bir əlamət yox idi. Məktəbdə heç vaxt liderlik edə bilmədi. Onun haralara yüksəldiyini eşidəndə çox təəccüb etmişdim’’.
Maskın yaxın dostları yoxdu. Onun ekssentrik, fərqli maraq dairəsi diqqət çəkirdi. Siniflərindəki Ted Vud İlonun məktəbə raket modelləri gətirib tənəffüsdə onları uçurtduğunu unutmayıb. Bu onun maraqlandığı yeganə sahə deyildi. Dərsdə aparılan müzakirələr zamanı İlon günəş enerjisinin faydalı qazıntılardan daha üstün olduğunu söyləmişdi. Bu, təbii ehtiyatları çıxarmaqla dolanan bir ölkədə ağıla gəlməyəcək bir fikir idi. Ted Maskın hər şey haqda şəxsi fikrə sahib olduğunu söyləyir. Onunla indi də münasibətlərini qorumuş sinif yoldaşı Terensi Beni İlonun məktəbdə başqa planetlərdə koloniyalar yaratmaq fantaziyaları olduğunu xatırlayır.
Gələcəyə başqa bir eyham. İlon və Kimbal tənəffüsdə həyəcanla mübahisə edirlərmiş. Vud söhbətin nədən getdiyini soruşanda ona belə cavab verirlər: “Maliyyə sektoruna bank filiallarının ehtiyacı varmı