ТОП просматриваемых книг сайта:
Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан
Читать онлайн.Название Qəbrinizə tüpürməyə gələcəyəm
Год выпуска 0
isbn 9789952243765
Автор произведения Борис Виан
Серия Ekranlaşdırılmış əsər
Издательство Altun Kitab
– İstidir? – sözə başladım.
– Öldürücü istidir, – gərnəşərək və qoltuqlarının altındakı iki nəm ləkəni göstərərək dedi.
Hər şey aydındır. Yerimdən qalxdım və küncdə dayanan patefona beş sent atdım.
– Rəqs etməyə gücün çatar? – qıza yaxınlaşaraq dedim.
– Sən məni öldürmək istəyirsən! – o dedi və mənə elə bərk yapışdı ki, nəfəsim kəsildi.
Ondan körpə qoxusu gəlirdi. Elə incə idi ki, sağ əlimlə qızın sağ çiyninə çatırdım. Əlimi yuxarı qaldırıb barmaqlarımı onun döşlərində sürüşdürdüm. Bizə baxan digər ikisi də rəqs etməyə başladılar. Valda Dina Şor «Uçan piroq»u oxuyurdu. Qız zümzümə edirdi. Ofisiant burnunu jurnaldan qaldırıb bizi süzdü və yenidən oxumağa başladı.
O, koftasının altından heç nə geyinməmişdi; bu, dərhal hiss olunurdu. Mən valın nə vaxt susacağını səbirsizliklə gözləyirdim və bu artıq ədəbsizliyə çevrilmişdi. Nəhayət, qız aralandı, öz yerinə qayıtdı və mənə tərəf baxdı.
– Yaşına görə pis rəqs etmirsən.
– Məni babam öyrədib, – cavab verdim.
– Baxan kimi bilinir, – o zarafat etdi. – Üslub bir qədər köhnədir.
– Jayvda, bəlkə də, mənim öhdəmdən gələrsən, ancaq mən də sənə başqa şeylər öyrədə bilərəm.
O, gözlərini yüngülcə yumdu.
– Böyüklərin bildiyi şeyləri?
– Əgər istəsən.
– Bilirəm nəyə eyham vurursan…
– Nəyə eyham vurduğumu bilmirsən. Kimdəsə gitara var?
– Siz gitarada çalırsız? – yeniyetmə oğlan soruşdu. Elə bil indicə yuxudan oyanmışdı.
– Az-maz, – mən dedim.
– Elə isə həm də oxuyursuz? – ikinci qız soruşdu.
– Bir qədər.
– Onun Keb Kellouey kimi səsi var, – birinci qız zarafat etdi.
Digər ikisinin mənimlə söhbətləşməsi onun açıq-aşkar xoşuna gəlməmişdi. Dəmiri isti-isti döymək lazımdır.
– Mənə elə yer tapın ki, orada gitara olsun, – ona tərəf baxaraq dedim, – və nəyə qadir olduğumu göstərim. Əlbəttə, mən Hendi deyiləm, ancaq bluz ifa etməyi bacarıram.
O razılaşdı:
– Yaxşı, Bi-Cinin yanına gedək.
– Onun gitarası var?
– Onun – Betti Ceynin gitarası var.
– Bu, Barux Cunyor da ola bilərdi, – mən zarafat etdim.
– O burada yaşayır. Getdik.
– Elə indi? – yeniyetmə oğlan soruşdu.
– Niyə də yox?! – mən cavab verdim. – Əgər onun ürəyindən keçirsə.
– Oldu, – oğlan dedi. – Mənim adım Dikdir. Bu isə Cikidir, – o mənim rəqs etdiyim qızı göstərdi.
– Mən isə Cudiyəm, – ikinci qız dedi.
– Mən Li Andersonam, – mən dedim. – Yolun o üzündə mənim kitab dükanım var.
– Artıq iki həftədir bunu hamı bilir.
– Bu səni belə maraqlandırır?
– Əlbəttə, – Cudi əlavə etdi. – Buralarda kişilər azdır.
Dikin açıq-aşkar narazılığına baxmayaraq biz dördlükdə küçəyə çıxdıq. Qızların görkəmi yetərincə həyəcanlı idi. Vaxtı çatanda onları daha da həyəcanlandırmaq üçün özümlə kifayət qədər viski də götürmüşdüm.
– Sizin ardınızca gəlirəm, – çölə çıxandan sonra dedim.
Dikin maşını – köhnə model «Chrysler» qapının qarşısında dayanmışdı. O, qızları qabaqda əyləşdirdi, mən isə arxa oturacağa keçdim.
– Gənc adamlar nə ilə məşğuldurlar? – mən soruşdum.
Maşın sıçrayışla yerindən tərpəndi. Ciki oturacaqda dizləri üstə dayanaraq mənə cavab vermək üçün arxaya çevrildi.
– Çalışırıq, – o dedi.
– Təhsil? – mən soruşdum.
– O cümlədən…
– Buraya keç, – mən küləyin küyündən səsimi qaldıraraq dedim. – Söhbətləşmək rahat olacaq.
– Yox bir, – qız burnunun altında mızıldanıb gözlərini yüngülcə yumdu. Görünür, bu fəndi hansısa filmdən götürmüşdü.
– Özünü gözdən salmamağa çalışırsan?
– Yaxşı görək, – o dedi.
Mən Cikinin çiyinlərindən tutdum və o, oturacağın söykənəcəyindən aşıb keçdi.
– Ey, siz! – Cudi dedi. – Qəribə söhbətləşmək üslubunuz var.
Mən Cikini özümdən solda əyləşdirmək və yolboyu əllərimi bədənində gəzdirmək qərarına gəldim. Pis alınmadı. Zarafatın onun ürəyindən olduğu görünürdü. Qızı oturacağa əyləşdirdim və əllərimlə qucaqladım.
– Özünü sakit apar, – mən dedim, – yoxsa şillələyərəm.
– Qabdakı nədir? – dizlərimin üstündəki pencəyimə əlini salıb soruşdu. Bilmirəm, bunu qəsdənmi etdi, əgər qəsdən etdisə, sərrastcasına hədəfi vurdu.
– Əsəbiləşmə, – onun əlini kənarlaşdırıb dedim. – Sənə elə indi yaxşıca qulluq eləyərəm.
Bunu deyib üzərinə nikel çəkilmiş mantarı burub açdım və qabı ona uzatdım. O, böyük qurtum aldı.
– Hamısını yox, – güzgüdən bizi izləyən Dik qəfildən çığırdı. – Li, qoca timsah, mənə də saxla!
– Qorxma, məndə yenə var.
O, sükanı bir əllə saxlayıb digər əlini arxaya, mənə sarı uzatdı.
– Ey, axmaqlama! – Cudi dedi. – Yoxsa harasa çırpılarıq.
– Sən soyuqqanlılığını heç vaxt itirmirsən? – mən kinayə ilə soruşdum.
– Heç vaxt!