ТОП просматриваемых книг сайта:
Tanrı nə vaxt gülür. Энтони де Мелло
Читать онлайн.Название Tanrı nə vaxt gülür
Год выпуска 0
isbn 9789952242720
Автор произведения Энтони де Мелло
Серия Hikmət
Издательство Altun Kitab
YEPİSKOP RAYTIN SƏHVİ
Uzun illər bundan əvvəl Amerika Birləşmiş Ştatlarının şərq sahilindən olan bir yepiskop qərb tərəfdə yerləşən dini kolleci ziyarət edir. Onu kollecin fizika və kimya elmləri professoru olan gənc və mütərəqqi fikirli prezidentinin evində yerləşdirirlər.
Bir dəfə prezident müdrik, təcrübəli bir adamla ünsiyyət qursunlar deyə kafedra üzvlərini yepiskopla nahara dəvət edir. Nahardan sonra söhbət sivilizasiyanın qızıl əsrindən düşür. Yepiskop deyir ki, bu lap tezliklə baş verəcək. Sübut kimi o bu dəlilləri gətirir ki, təbiətdə artıq hər bir şey tədqiq olunub və mümkün olan bütün kəşflər edilib.
Prezident nəzakətlə etiraz edir. Onun fikrincə, bəşəriyyət, əksinə, hələ ən böyük kəşflərin astanasındadır. Yepiskop ondan, heç olmasa, birini nümunə gətirməyi xahiş edir. Prezident cavab verir ki, onun hesablamalarına görə, yaxın əlli il ərzində insanlar uçmağı öyrənəcəklər.
Bu, yepiskopu çox güldürür.
– Cəfəngiyyatdır, mənim əzizim, – o bildirir, – əgər Allah bizim uçmağımızı istəsəydi, bizə qanad verərdi. Səma yalnız quşların və mələklərin ixtiyarına verilib.
Bu yepiskopun soyadı Rayt idi. Onun iki oğlu var idi. Birinin adı Orvil, digərininki Uilber idi – məhz onlar birinci aeroplanı ixtira etmişlər.
MƏN ATA UÇMAĞI ÖYRƏDƏCƏYƏM
Bir dəfə Qədim Hindistanda kral bir nəfəri edama məhkum edir. Məhkum onu öldürməməyi xahiş edərək deyir:
– Əgər kral mənə qarşı mərhəmətli olub həyatıma son qoymasa, mən bir il ərzində onun atına uçmağı öyrədərəm.
– Razıyam, – kral deyir. – Amma əgər bu vaxtın tamamında at uça bilməsə, sən edam olunacaqsan.
Təşvişə düşmüş qohumlar soruşanda ki hansı yolla verdiyi sözü həyata keçirəcək, adam cavab verir: “Bir il ərzində kral ölə bilər. Ya da at ölə bilər. Yaxud da o, uçmağı öyrənəcək!”
MƏFTİLDƏN ÇƏPƏR
Qurunun da iştirak etdiyi bir məclisdə cavan alim müasir elmin nailiyyətlərindən ağızdolusu danışmağa başlayır.
– Biz quşlar kimi uça bilirik, – o deyirdi. – Quşların etdiyini biz də edə bilirik!
– Bir istisnadan başqa: biz quşlar kimi tikanlı məftilin üstündə otura bilmirik, – quru fikrini bildirir.
AKKORDEONÇU
Həkim diqqətlə xəstəni müayinə edib dedi:
– Siz musiqiçisiniz, elə deyilmi?
– Düzdür, – təəccüblənmiş xəstə cavab verdi.
– Və siz nəfəs çalğı alətində ifa edirsiniz.
– Elədir! Siz bunu nədən bildiniz?
– Çox sadə! Ciyərlərinizdən xırıltı səsi gəlir, boğazınız da iltihablanıb. Şübhə yoxdur ki, bu, güclü təzyiqin nəticəsidir. Hansı alətdə ifa edirsiniz?
– Akkordeonda.
Qüsursuzluğun təhlükələri!
QARTAL VƏ TOYUQ
Necəsə oldu, qartal yumurtası gəlib fermerin hinində toyuq yumurtaları arasına düşdü. Bir müddətdən sonra digər cücələrlə yanaşı, qartal balası da dünyaya gəldi.
Bir qədər də keçdi və lələkləri təzəcə çıxmış quşcuğaz özündə uçuşa qəribə bir meyil hiss elədi. Bir dəfə anası-toyuqdan soruşdu:
– Mən nə vaxt uçmağı öyrənəcəyəm?
Yazıq toyuq uçmağa qadir olmadığını heç dərk də eləmirdi və başqa quşların balalarına uçuş sənətini necə öyrətmələri haqqında təsəvvürü belə yox idi. Lakin özünün bu qüsurunu boynuna almağa utanırdı, odur ki cavab verdi:
– Hələ tezdir, balaca. Hələ tezdir. Bir az da gözlə, sən tam hazır olanda sənə bunu öyrədəcəyəm.
Aylar ötdü və gənc qartal şübhələnməyə başladı ki, anası uçmağı bacarmır. Amma sərbəst uçmağa da qərar verə bilmirdi, çünki onun uçmağa olan dəlisov həvəsi onu böyüdən quşa olan minnətdarlıq hissi ilə ziddiyyət təşkil edirdi.
NƏSRƏDDİNİN MƏSLƏHƏTİ
Molla Nəsrəddinlə bağlı məlumat topladıqdan sonra xəlifə onu məhkəmədə baş müşavir vəzifəsinə təyin etdi. Onun hakimiyyəti səriştəyə deyil, xəlifənin himayəsinə əsaslandığından Nəsrəddin onun yanına məsləhətə gələn hər bir kəs üçün əsl cəzaya çevrilmişdi. Bir parlaq nümunə gətirək.
– Nəsrəddin, dünyagörmüş adamsan, – deyə bir yaltaq ona müraciət etdi. – Gözağrısına qarşı bir vasitə bilmirsən? Neçə vaxtdır ki, göz ağrıları məni incidir.
– Səninlə öz təcrübəmi bölüşəcəyəm, – Nəsrəddin cavab verdi. – Mənim dişim ağrıyanda heç bir şey kömək etmirdi, ta mən onu çəkdirib atana qədər.
HƏKİMİN HÖKMÜ
Həkim fikirləşdi ki, xəstəyə həqiqəti söyləməyin vaxtıdır.
– Düşünürəm ki, sizə bunu deməliyəm: xəstəliyiniz çox ciddidir və siz, güman ki, iki gündən artıq yaşaya bilməyəcəksiniz. Yəqin ki, hansısa işləri yoluna qoymalısınız. Kimisə görmək istəyirsinizmi?
– Hə, – xəstə titrək səslə cavab verdi.
– Kimi? – həkim soruşdu.
– Başqa bir həkimi.
MARK TVENİN ŞÖHRƏTİ
Bir cavan ədəbiyyatçı Mark Tvenə deyir ki, öz yazıçılıq istedadına olan inamını itirməyə başlayıb.
– Sizi də nə vaxtsa belə hislər narahat edib?
– Hə, – Tven cavab verir. – Bir dəfə, yazıçılığa başlayandan 15 il sonra, birdən dərk elədim ki, tamamilə istedadsızam.
– Bəs siz nə etdiniz? Yazmağa son qoydunuz?
– Bunu necə edə bilərdim? Həmin vaxta qədər artıq tanınmış idim.
VARLI DİRİJOR
Bir varlı adam çoxdankı arzusunu – orkestrə rəhbərlik etməyi – həyata keçirmək fikrinə düşür. O, bir təbilçi, üç saksofonçu və iyirmi dörd skripkaçı tutur. Birinci məşqdə elə pis dirijorluq edir ki, təbilçi digər musiqiçilərə onu tərk etməyi təklif edir. Lakin saksofonçulardan biri deyir:
– Niyə gedək ki? Bizə yaxşı əməkhaqqı verir. Bundan başqa, yəqin ki, musiqidən də yaxşı başı çıxır.
Növbəti məşqdə dirijor heç cür takta düşə bilmir. Təbilçi hirsindən təbilləri bərkdən döyəcləməyə başlayır. Dirijor səssizlik tələb edir, musiqiçiləri nəzərdən keçirir və soruşur:
– Kim idi bunu edən?
ASAN İŞ
Bir nəfər orkestr meneceri olan dostuna