ТОП просматриваемых книг сайта:
Kiçik qəhrəman. Abdulla Şaiq
Читать онлайн.Название Kiçik qəhrəman
Год выпуска 0
isbn 978-9952-311-55-6
Автор произведения Abdulla Şaiq
Издательство TEAS PRESS
Jandarmlar getdikdən sonra Albert ilə Albaressa Xuanı palaz içindən çıxartdılar Xuan ələ keçmədiyindən, jandarmları aldada bildiklərindən Albert çox sevinirdi. Onlar öz aralarında şən-şən danışırdılar. Mariya onların danışığını eşidib qapı ağzından pusmağa başladı. Xuan deyirdi:
– Sağ ol, Albert, sən məni ölümdən qurtardın, bu palaz sənin yadına haradan düşdü? Palaz olmasaydı, neylərdiniz?
– Palaz olmasaydı, başqa şey düşünərdim, – deyə Albert ona cavab verdi.
Mariya bunu eşidincə tez aşağı endi. Əhvalatı dəmir darvaza ağzında duran jandarmlara xəbər verdi. Jandarmlar yenidən həyətə doldular. Fəqət onlar respublikaçıların irəlilədiyini və faşist ordusunun geri çəkilməkdə olduğunu bilirdilər. Ona görə də könülsüz olaraq yenə haman jandarm Albaressanın evini yoxlamağa çıxdı. Albert onların gəldiyini görmüşdü. Xuanı tez böyük sandığın içinə qoyub ağzını bağladı. Jandarmlar gəldilər. Albaressanın otağına girincə palazı açdılar. İçində heç bir şey yox idi. Albaressanı və Alberti yenə çox incitdilər. Bir fayda vermədi. Onlar gedirkən:
– Biz səninlə atışma sakit olandan sonra danışacağıq, – dedilər.
Jandarmlar getdilər. Albert sandığı açıb Xuanı çıxartdı. Hər üçü sevinə-sevinə oturub danışırdı.
Albaressa dedi:
– Bu azğınlar qurd kimi qoxu bilir. Onlar Xuanı palaz arasında gizlətdiyimizi eşidib gəlmişdilər. – Sonra əlavə etdi: – Bu, Mariyanın işi olacaq. O faşistin bizi görən gözü yoxdur.
Albaressa onun sözlərini təsdiq etdi:
– Jandarmlar bu dəfə gələndə mən çox qorxdum. Yoğun və qısaboylu jandarm sandığa bir neçə dəfə əyri-əyri baxdı. “Sandığı açın”, – desəydi, neylərdik?
Albert ayaq tappıltısı eşitdi. Əlini ağzına qoyub “s…s!” deyə işarə etdi; sonra yerindən qalxıb qapını birdən-birə açdı. Mariya onları qapı ağzında durub dinləyirdi. Alberti görüncə o, qıpqırmızı qızardı.
– Ey qarı, sən bizim qapımızı nə üçün pusursan?
Qarı əllərini ovuşdura-ovuşdura qırıq bir səslə cavab verdi:
– Mən nə üçün sizin qapını pusum? Sizə sözüm var idi, onu deməyə gəlmişdim.
– Nə sözün var idi?
Mariya söz tapmadı.
– Aşağı enmək istəyirəm, qapıdan göz-qulaq olun!
Albaressa etinasız:
– Sənin otağında kimin nə işi var? – dedi.
Albert düşünürdü. Xuan gülə-gülə ondan soruşdu:
– Kiçik qəhrəman, indi nə düşünürsən?
Albert düşünə-düşünə cavab verdi:
– Bu xain yenə xəbərə getdi. Bu dəfə də gəlsələr, səni harada gizləyim? Bax bunu düşünürəm.
Birdən Albert sevinclə bağırdı: “Aha tapdım!” Sözünü bitirməmiş tez dışarı çıxdı. Bir az sonra qoltuğunda əyri bir qabaq içəri girdi.
– Xuan dayı, qalx gedək!
Xuan bir Albertə baxdı, bir də onun qoltuğundakı əyri qabağa, heyrətlə soruşdu:
– Hara, oğlum?!
– Mariyanın hovuzuna!
– Fikrin nədir?
– Bu dəfə səni hovuzun içində gizləyəcəyəm. Sən suya girərsən. Bu qabağı da başına keçirərsən, – deyə Albert çoxdan başını kəsmiş və içini çıxartmış olduğu qabağı təcrübə üçün Xuanın başına keçirdi. Qabaq onun başını və boynunu gözəlcə gizləyə bilirdi. Albaressa söylədi:
– Albert, səndə şeytan ağlı var, bu qabaq haradan sənin fikrinə gəldi? Bu dəfə Xuanı heç faşistlərin babası da tapa bilməz.
Xuan qabağı başından çıxarıb:
– Bunun içində nəfəsim darıxar, – dedi.
Albert qabağın bir neçə deşilmiş yerini göstərib:
– Bax buradan hava alacaqsan, bunu mən öz quşum üçün qayırmışdım, – deyə Xuanı sakit etdi.
Bu əsnada həyətdə səs-küy qopdu. Xuan tez Mariyanın mətbəxinə qaçdı. Jandarmların yaxınlaşdığını görüncə hovuza girib qabağı da başına keçirdi.
Jandarmlar bu dəfə çox ağzıdolu gəlmişdi. İçəri girincə Albaressaya qəzəbli səslə bağırdılar:
– Ey qoca, qalx o adamı ver, yoxsa səni də, bu uşağı da aparıb öldürəcəyik!
Albaressa dedi:
– Mən onu haradan verim? Yerdən çıxartmaya-cağam ki!.. Bu otaq, bu da siz, əgər mənim evimdə tapsanız, nə istəyirsiniz edin!
Qısaboylu, yoğun jandarm zorla öz qəzəbini boğdu.
– Ver bura açarı!
Albaressa açarı verdi. Jandarm sandığı açdı. İçində heç bir şey yox idi. Hər ikisi bir-birinin üzünə baxdı. Albert irəli gəlib öz şirin dili ilə onları sakit etməyə çalışdı:
– Vətəndaşlar, bu bizim otaq, bu da siz, biz onu harada gizləyəcəyik? Həm də nə üçün gizləyək? Siz o Mariyanın sözünə inanmayın. O, həmişə babam Albaressa ilə dalaşır. Nə deyirsə, hamısı yalandır.
Albertin şirin dili də onları sakit etmədi. Mariya faşistləri elə inandırmışdı ki, əl çəkmirdilər. Alberti və Albaressanı tüfəng qundağı ilə xeyli döydülər. Bir fayda olmadı. Qısaboylu, yoğun jandarm gedirkən:
– O adamı verməsəniz, eviniz topa tutulacaq. Bu artıq qərara alınmışdır, – dedi.
Jandarmlar getdilər. Albert və qoca Albaressanın yedikləri tüfəng qundaqlarından bədənləri qapqara qaralmışdı. Hər ikisi bir-birinə təsəlli vermək üçün zor-güc özlərini saxlaya bilirdi. Albaressa yerə oturub səssizcə düşünürdü. Xuan onların yadından çıxmışdı. Bu zaman Mariya daş dəymiş ayı kimi donquldana-donquldana evə gəldi. Görünürdü ki, xəbərlər yalan çıxdığından jandarmlar onu incitmişdilər. Nə isə bir şey almaq üçün koridordan o, birbaş mətbəxə girdi. Jandarmların getdiyini duymuş Xuan da bu zaman başından qabaq hovuzdan çıxdı. Mariya onu görüncə qorxa-qorxa geri çəkildi və səsi gəldikcə bağırıb yerə yıxıldı. Onun bu qorxunc səsinə Albert və Albaressa da gəldi. Mariya ölü kimi yerə sərilmiş, qorxusundan gözləri kəlləsinə çıxmışdı. Xuan da onun başı üstündə durub heyrətlə ona baxırdı.
– Qonşu, Xuanın başına qabaq keçirib hovuzda gizləyirsən, sonra da bizdən xəbərçiliyə gedirsən.
Mariya cavab vermədi.
Döyüş şiddətlənirdi. İrəliləməkdə olan respublikaçıların pulemyotları altından faşist ordusu dəstə-dəstə geri çəkilirdi. Xuan Albaressanın otağındakı pəncərənin deşiyindən çəkilməkdə olan faşist dəstələrinə baxıb sevinirdi. Birdən qapıya yüyürüb bağırdı:
– Albert, gəl bir bax, faşistlər qaçırlar.
Albert Albaressanın