Скачать книгу

Məhəmməd şah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yandan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrətindən xirqəmin55 altında bıçaq tutub bu xalıları doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim? (Fərraşlara.) Götürün xalıları və o sümükləri də aparın, mənim yatacaq mənzilimin astanasında basdırın! (Fərraşlar gedirlər.) Hacı İbrahim xan, mən dünya ləzzətindən məhrumam. Göydə uçan quşlara, yerdə gəzən heyvanlara, torpaqda məskən tutan qarışqalara müyəssər olan ləzzət məntək padşaha müyəssər deyil. Amma hər sübh ki, yerimdən duranda ayaqlarımı Kərim xanın sümüklərinə basaram, ürəyimin yaraları yadımdan çıxar. Nadirin də sümükləri, inşallah, gələr.

      Mirzə Cəfər xan (əlində kağız daxil olur). Qibleyi-aləm, Əliqulu xan Kirmandan kağız göndərib.

      Ağa Məhəmməd şah Qacar. Aç, oxu.

      Mirzə Cəfər xan (oxuyur). Əlahəzrət şahənşahi-İran hüzuri-mübarəkliyinə ərz olsun: hökmi-hümayuni-şahanəyə əməl edib üç gün, üç gecə Kirmanı oda və qılınca verdirdim. Axırda Lütfullah xan və onun cəmi əqrəbası ələ keçdilər. Hökmi-şahanəyə görə hamısını öldürtdüm. Kirman əhli izhari-itaət edəndən sonra qoşunu götürüb Tehrana müraciət edirəm. Kəmtərini56-əlahəzrət Əliqulu.

      Ağa Məhəmməd şah Qacar. Afərin, Əliqulu, xan! Kağız gətirənə, deginən, xələt versinlər! (Mirzə Cəfər çıxır.) Qulam! (Qulam daxil olur.) Sərkərdələr gəliblər?

      Qulam. Bəli, qibleyi-aləm, gəliblər.

      Ağa Məhəmməd şah Qacar. Deginən, gəlsinlər. (Qulam çıxır, üç nəfər sərkərdə daxil olur.) Nə qədər qoşun hazır edibsiniz?

      Sərkərdə. Qibleyi-aləm, 60000 nəfər atlı və piyada qoşun hazırdır.

      Ağa Məhəmməd şah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İrakli İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatriçəsinə yazıbdır ki: “Necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm”. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstantək vilayət əldən getsin. Ona görə İrakliyə tənbih lazımdır. Həmçinin Mustafa xan Lənkərani Rusiya imperatriçəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşüblər. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamısına məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm.

      Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırıq.

      Ağa Məhəmməd şah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə və bir dəstəsini də özüm götürüb Qarabağ üstünə aparacağam. Gərək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin.

      Sərkərdələr baş əyib çıxırlar.

      Qulam (daxil olur). Qibleyi-aləm, Cəfərqulu xan hüzuruna izin istəyir.

      Ağa Məhəmməd şah Qacar. Gəlsin, gəlsin. (Cəfərqulu xan daxil olub baş əyir.) Qardaş, yaxın gəl, bəs axşam Tehrana varid olub, indi niyə mənim yanıma gəlirsən?

      Cəfərqulu xan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən.

      Ağa Məhəmməd şah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl. (Cəfərqulu xan gəlib dizi üstə çökür.) Mən sənin haqqında zülm eləmişəm, gərək keçəsən. (Alnından öpür.)

      Cəfərqulu xan (qalxır ayağa). Qibleyi-aləm, mən nəkarəyəm, sən məndən üzr istəyirsən?! Mən sənin qulluğunda özümü kəmtərin bəndələrdən hesab edirəm.

      Ağa Məhəmməd şah Qacar. Qardaş, səbəb nə idi ki, indiyədək sənə göndərdiyim kağızlara və sifarişlərə cavab vermirdin?

      Cəfərqulu xan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmişəm. Yəqin, yadındadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?!

      Ağa Məhəmməd şah Qacar. Bəli, yadımdadır!

      Cəfərqulu xan. Sonra ki sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sındı. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənimtək yolunda canından və malından həmişə keçməyə hazır olan qardaşına etibar etməməyin idi. Mən sənə and içirəm ki, məntək dəyanətli nökəri, cümlə İranı axtarsan, tapa bilməzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı fərraşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermirdim. Dübarə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin, hamıdan qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm.

      Ağa Məhəmməd şah Qacar. Mən onda səhv elədim ki, gileyə başladım və sən də nahaq giley elədin. İki küsülü arasında barışıq o vədə möhkəm olar ki, heç bir tərəf keçmişi yadına salmaya. Əlini mənə ver, necə ki sən Qacar davasında əlini mənə verib öz iradə-tini izhar elədin, mən də bundan sonra günü-gündən məhəbbətimin sənə artmağını vədə eləyirəm.

      Cəfərqulu xan (şahın əlini öpür). Qibleyi-aləm, sən mənim böyüyümsən və mənim ixtiyarım sənin əlindədir. Məhəbbət də eləsən, qəzəb də göstərsən, hər barədə sahibi-ixtiyarsan.

      Ağa Məhəmməd şah Qacar. İndi, qardaş, mən səni göndərirəm İsfəhana. O İsfəhana ki, indiyədək İran şahlarının paytaxtı olub. Gərək İsfəhan vilayətini elə dolandırasan, necə ki Səfəvilər dolandırıblar. Gərək camaatla elə rəftar edəsən ki, keçmiş padşahlar yadından çıxsın. Hətta sənin ədalətin müqabilində Şah Abbas ədaləti gün müqabilində ulduzcan olsun. Təzə padşah köhnəni ədalətlə camaatın yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz. Nadir rəftar edə bilmədi. Camaatı üzünə ağ elədi. Ruhaniləri özündən incitdi. O idi ki, özü də fənaya getdi. Oğlu da pis oldu. Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir.

      Rəiyyət çü bixəst, sultan dirəxt,

      Dirəxt, ey pəsər, başəd əz bix səxt.57

      İndi, qardaş, səni göndərirəm İsfəhana, nəsihətim dürüst qulağında qalsın.

      Cəfərqulu xan. Qibleyi-aləmin nəsihəti, əlbəttə, qulağıma doldu. Amma mən də bir neçə söz deyim. Mən əhd eləyirəm ki, İsfəhanı elə dolandıram ki, nəinki Şah Abbas, bəlkə, Şah Səfidən indiyədək gəlib-getmiş padşahlar hamısı camaatın yadından çıxsın. Ancaq dillərdə tək bir ad söylənilsin: Ağa Məhəmməd şah Qacar! Mən əhd eləyirəm ki, İsfəhan camaatını bir məqama yetirim ki, Ağa Məhəmməd şah adı gələndə zükurən58, ünasən Скачать книгу


<p>55</p>

Xirqə – üst paltarın altından və gecə köynəyinin üstündən geyilən pambıq paltar

<p>56</p>

Kəmtərin – ən kiçik

<p>57</p>

Padşah ağacdır, rəiyyət onun kökü, ey oğul, ağac kökü üstündə möhkəm dayanar.

<p>58</p>

Zükur – kişilər