Скачать книгу

– Karinka ona dedi.

      Hər kəs gözünü Makedona zillədi. Yox, siçovula oxşamırdı, amma kim bilir, bəlkə də, oxşayırdı…

      Bu vaxt Namiq Makedona yaxınlaşıb ona şillə vurdu. Uşaqlar o dəqiqə geri çəkildilər, meydanı boşaltdılar, elə bilirdilər, indi dava başlayacaq, ancaq heç kəs dalaşmadı. Namiq bir müddət Makedonun yanında dayandı, sonra kənara çəkildi. Makedon isə onun arxasınca baxdı, yəqin, gözləmirdi, axı bu vaxta qədər Namiq heç kəsi vurmamışdı. Heç kəsin ağlına gəlməzdi ki, Namiq Makedonu vura bilər.

      Sonra “upravdom” yaxınlaşdı. Makedonla “upravdom” heç yola getmirdilər. O hamının eşidəcəyi səslə Makedona dedi:

      – Cavan oğlan, nə vaxtsa yediyiniz şillənin səbəbini dərk etsəniz, onda, bəlkə, sizdən adam olar!

      Bizim “upravdomun” xasiyyəti belədir, fikirlərini çox qəribə, anlaşılmaz tərzdə ifadə edir.

      Daha Namiqlə Makedon küsülü deyil, ancaq artıq Namiq əvvəlki kimi ağzını ayırıb onun dediklərinə qulaq asmır. Ümumiyyətlə, artıq aralarındakı fərqi, kimin böyük olduğunu təyin etmək çətindir. Ancaq əvvəl bunu bilmək çox asan idi, kənardan dayanıb onlara baxmaq bəs edirdi…

      Gecdir, evə getməliyəm. Eşidirsiniz: “Karina! Marina! Çirema!” Bu, Karinkanın anasının səsidir, qızlarını səsləyir və bu o deməkdir ki, artıq doqquz olub, evə getmək vaxtıdır. Sizin də gecəniz xeyrə qalsın!

      MƏMMƏD DAYI TANINMIŞ OVÇUDUR

      Yay gələn kimi dözülməz bürkü başlayır, isti axşamlar bir-birini əvəz edir, gecələr səmada ulduzlar parlayır, ala-qaranlıq evlərin damını öz ağuşuna alır, yüngül meh əsir, yarpaqlar titrəyir. Bu vaxt qadınlar açıq qapıların önündə dayanıb hərəsi bir mərtəbədən səslənərək son xəbərləri bir-birinə çatdırırlar, həyət uşaqları səs-küy, dava-dalaş salır, ora-bura qaçaraq sanki inanılmaz dərəcədə çətin bir yarışa başlayırlar və bu vaxt Məmməd dayı aynabəndə çıxır. O, sakitcə siqaret çəkərək uşaqlara baxır.

      Məmməd dayının qəribə tütünü var: adamlar bu tütünün tüstüsündən yayılan qoxunu hiss edir və ondan mümkün qədər aralı dayanır, nəfəs almamağa çalışırlar. Bu tütünü Məmməd dayı özü yetişdirir. Əgər arvadı Şura xala evə bir şey aldırmaq istəyirsə, onda əvvəlcə bu heyrətamiz tütünü tərifləyir. Dünən axşam qonşular Şura xalanın təzə paltarına “mübarəkdir” deyirdilər.

      Məmməd dayı ovçudur. Bu onun peşəsi deyil, ancaq ov edərkən bütün fikrini ova yönəldir və Şura xalanın yanaşmasına görə, adam gərək boş vaxtlarında da fikrini bir yerə cəmləyə bilsin.

      Əvvəllər ovçular qolları üstə alıcı quşlarla, sürəkçilərlə11, şax-şaxlarla, fit verə-verə yorğa atların belində təzə izlərin arxasınca çaparaq ova çıxardılar. O vaxtlar çoxdan keçmişdə qalıb. O vaxtlar keçmişdə qalıb və əbədiyyət olub. Ancaq Məmməd dayı deyir ki, sadəcə ovun forması dəyişib, ov özü isə yenə kişilik və cəsarət göstəricisi olaraq qalır. Bəli, Məmməd dayı tanınmış ovçudur! Cəsur və qorxmaz adamdır. Ov edərkən başına gələn macəralardan danışmağa başlayanda bütün məhəllə susur. Hamı Məmməd dayının ətrafına toplaşır, onun bircə sözünü belə qaçırmaq istəmirlər. O danışanda adam özünü cəngəlliklərin birində hiss edir, sanki ətrafda müxtəlif vəhşi heyvanlar nərildəyir.

      Məmməd dayı çox təcrübəli ovçudur. O, söhbətə başlayan kimi bunu hiss etmək olur. Adam onun söhbətlərindən bəbir, ya da qaban ovlamağın qaydasını öyrənir.

      Qaban ovlayarkən gərək fikir verəsən, onun iri köpək dişləri olmalıdır. Böyük köpək dişi olan qabanın böyük də dərisi olur. Qabanın hücum etməyini gözləməlisən. Elə ki sənə çatmağa yarım metr qaldı, sakitcə qırx santimetr kənara sıçramalı və qaçaraq gələn heyvanın kürəyinin ortasından atəş açmalısan. Bir güllə ilə vurulan qabanı tez soymaq lazımdır.

      Əlbəttə, qəzəbli qabanı gözləmək də olar. Ağacda gözləmək daha təhlükəsizdir, ancaq əsl ovçu belə etmir.

      Məmməd dayıda ceyran dərisi var. Düzdür, güvə bir az korlayıb, xeyli hissəsini kəsib atıblar, ancaq, görünür, bu ceyran yekə bir şey olub.

      Məmməd dayı hər şeyi bilir: o sizə payızda köç edən durna qatarında neçə quş olduğunu dəqiqliklə deyə, üstəlik, Azərbaycanda anakonda olmamasının səbəbini izah edə bilər.

      Amma bir hadisə Məmməd dayının ovçu şöhrətinə xələl gətirib. Bir dəfə onun yaxşı bağı olan dostu xahiş edir ki, bağı qorumaq üçün ona Qafqaz çoban itinin küçüyündən alsın.

      Məmməd dayı küçüyü alıb və dostuna verənə qədər həyətdə saxlayıb. Özü onu yemləyib, qayğısına qalıb. Tanışlarına küçüyün quyruğunu və pəncələrini göstərərək onun gələcəkdə necə yaxşı it olacağından, oğruların ondan necə qorxacağından ağız dolusu bəhs edib.

      Küçük ətrafına toplaşanlara balaca, parlaq gözləri ilə baxır, kim nə verirsə, tez yeyirmiş.

      Bir müddət sonra küçüyü bağa aparıblar. İki həftə sonra kefi pozulmuş dostu küçüyü geri qaytarıb. Sən demə, küçük hər gecə ona etibar olunmuş bağı qorumaq əvəzinə, açıqlıqda dayanıb Aya baxaraq ulayırmış. Hətta Ayı görməsin deyə onu anbara salanda da ulayırmış.

      Məmməd dayının təşvişə düşmüş dostu mütəxəssisə müraciət edib və ona deyiblər ki, bu heyvanın qanında qətiyyən Qafqaz çoban iti nişanəsi yoxdur, bir sözlə, bu, adi çaqqal balasıdır.

      Əlbəttə… Hamının başına belə qəribə iş gələ bilər. Əgər bu küçüyü satan Məmməd dayının necə mahir ovçu olduğunu bilsəydi, təbii ki, onu aldatmağa cürət etməzdi.

      Yenə hamı nəfəsini içinə çəkmişdi, Məmməd dayı yaraladığı pələngi necə izlədiyindən danışırdı. Pələng yaralı olduğu üçün qəzəblə zarıyır və nərildəyirmiş. Məmməd dayı bu ağıllı pələngin meşədə dövlət sərhədini tapıb necə aradan çıxdığını maraqla nağıl edirdi. Sərhədçilər Məmməd dayıya söz veriblər ki, əgər pələng geri qayıtsa, mütləq ona xəbər edəcəklər. Ancaq, görünür, pələng bir daha Məmməd dayı ilə qarşılaşmaq istəməyib, çünki bu vaxta qədər sərhədçilərdən xəbər çıxmayıb.

      Adətən, ovdan qabaq Məmməd dayı uzun çəkmə və dəri gödəkcə geyinir. Patrondaşlarını və iri heyvanları soyarkən istifadə etdiyi xəncəri heyrətlənmiş qonşuların gözü qarşısında belinə taxır. Məmməd dayı ovdan qayıdandan sonra Şura xala ən yaxın qonşuları çölördəyi ətindən bişirdiyi fisincana qonaq edir.

      Bir dəfə rayona getmişdik.

      Maşın səhər tezdən Lənkərandan çıxdı. Gecə yuxuya getmiş yaşıllıqların arası ilə yol gedirdik. Yol meşənin içindən keçirdi. Birdən sürücü əyləci basdı. Qeyri-adi mənzərəni görəndə hamımız heyrətə gəldik.

      Arxası bizə tərəf olan adam əlindəki tüfəngi qorxudan tir-tir titrəyən iki nəfərə tuşlamışdı. Adamlar həyəcan

Скачать книгу


<p>11</p>

Ovda şikarı ovçulara tərəf qovalayan adamlara deyilir.