ТОП просматриваемых книг сайта:
80 gün dünya ətrafında. Жюль Верн
Читать онлайн.Название 80 gün dünya ətrafında
Год выпуска 0
isbn 9789952244502
Автор произведения Жюль Верн
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Göyərtədə qaldı.
– Viza möhürü vurdurmaq üçün o özü şəxsən konsulluğa müraciət eləməlidir.
– Bəs konsulluq harada yerləşir? – sərnişin bir də soruşdu.
– Meydanın o biri başında, – xəfiyyə əli ilə yüz metr aralıdakı binanı nişan verib dedi.
– Onda gedib ağama xəbər verim, – sərnişin bunu deyib gəmiyə tərəf qaçdı.
7
Cənab Fiks tez özünü konsulluğa yetirdi. Konsul artıq öz otağında idi. Xəfiyyə içəri girən kimi dedi:
– Cənab konsul, axtardığımız şəxsin «Monqolustan» gəmisinin göyərtəsində olduğunu söyləmək üçün əlimdə əsas var.
Sonra baş verənləri yerli-yataqlı konsula danışdı.
– Çox gözəl, cənab Fiks! – konsul dedi.
– Siz də bilirsiniz ki, belə dələduzların sənədləri həmişə qaydasında olur. Bəs necə, diqqəti cəlb eləmək istəmirlər axı! Lakin ümid edirəm ki, siz ona mane olacaqsınız.
– Əgər sənədləri qaydasındadırsa, buna ixtiyarım çatmır, – konsul başını buladı. – Viza verməyə məcburam.
– Londondan həbs qərarı gələnə kimi bu adamı ləngitməliyəm, odur ki gərək köməyinizi əsirgəməyəsiniz, – Fiks onu yola gətirməyə çalışırdı.
– Bu sizin öz işinizdir, – konsul qətiyyətlə etiraz elədi.
Elə bu vaxt qapı döyüldü və Fileas Foqla lakeyi içəri girdilər. Cənab Foq pasportunu konsula uzadaraq ondan xahiş etdi ki, viza möhürü vursun. Konsul pasportu diqqətlə gözdən keçirdiyi vaxt otağın bir küncündə gizlənmiş Fiks lakeylə sahibini diqqətlə süzürdü.
– Deməli, siz eskvayr[16] Fileas Foqsunuz? – konsul, nəhayət, dilləndi.
– Bəli, cənab, – Foq dedi.
– Bu da sizin nökərinizdir?
– Bəli, adı da Paspartudur.
– Siz Londondan gəlirsiniz?
– Bəli.
– Bəs yolunuz haradır?
– Bombeyə.
– Yaxşı, cənab. Bəs sizə məlumdur ki, artıq viza üçün müraciət tamamilə gərəksiz rəsmiyyətdən başqa bir şey deyil?
– Bilirəm, cənab, – Fileas Foq dedi. – Amma istəyirəm ki, sizin vizanız mənim Süveyşdən keçdiyimi təsdiqləsin.
– Necə istəyirsiniz, cənab.
Konsul bunu deyib pasporta günün tarixini yazıb möhür vurdu və altına imza atdı. Cənab Foq ona təşəkkür edib viza rüsumunu ödədi və Paspartu ilə birlikdə otaqdan çıxdılar.
8
Konsulun köməyindən əli üzülən xəfiyyə indi bütün ümidini Paspartuya bağlamışdı. Fiks bu fransızın sadəlövh və ürəyitəmiz adam olduğunu dərhal anlamışdı. Odur ki lakeyin saqqızını oğurlayıb onun ağzından söz almaq qərarına gəldi.
Cənab Foq konsulun kabinetindən çıxandan sonra sahildə Paspartuya bir neçə tapşırıq verib gəmiyə mindi və kayutuna çəkildi. Cibindən çıxardığı dəftərçəyə qeyd etdiyi məlumatlara baxaraq yola düşdükdən Süveyşə çatanacan keçən vaxtı hesabladı: indiyədək 158,5 saat və ya altı sutka yarım keçmişdi!
Bu zaman xəfiyyə Fiks sahildə dayanıb ətrafı gözdən keçirən Paspartuya yaxınlaşaraq dedi:
– Dostum, pasportlarınızla bağlı bir problem çıxmadı ki?
– Ah, bu sizsiniz! – Paspartu Fiksi tanıyıb dedi. – Yox, hər şey qaydasındadır. Biz elə sürətlə səyahət edirik ki, sanki yatmışam və bütün bunları yuxuda görürəm. Hətta harada olduğumuzu da dəqiq bilmirəm. Bura Süveyşdir?
– Bəli, Süveyşdir.
– Süveyş isə Misirdədir. Onda belə çıxır ki, Afrikadayıq! İşə bir bax! Adamın inanmağı gəlmir. Mən elə bilirdim, Parisdən o tərəfə getməyəcəyik…
– Deməli, siz çox tələsirsiniz? – cənab Fiks hiyləgərcəsinə soruşdu.
– Mən yox, cənab Foq tələsir, – Paspartu cavab verdi. – Yeri gəlmişkən, o mənə corab və köynək almağı tapşırıb. Axı biz özümüzlə, demək olar, heç nə götürməmişik.
– Sizi bazara kimi ötürə bilərəm. Oradan nə istəsəniz, tapıb ala bilərsiniz.
– Siz çox xeyirxahsınız, müsyö!
Onlar yanaşı addımlamağa başladılar. Yolda Paspartu dil boğaza qoymur, bir ucdan üyüdüb-tökürdü:
– Əsas odur, gəmiyə gecikməyim.
– Vaxta var, – Fiks onu sakitləşdirdi. – Hələ günortadır, saat 12-ni yenicə vurub.
– Necə yəni, günortadır? Mənim saatımda hələ ona səkkiz dəqiqə var.
– Əzizim, sizin saatınız geri qalır.
– Necə?! Mənə ulu babamdan yadigar qalan saatım geri qalır?! Müsyö, bu saat xronometr[17] qədər dəqiq işləyir! Bütün ilboyu cəmi beş dəqiqə yanıla bilər.
– Aydındır, – Fiks dedi, – sizin saatınız hələ də London vaxtı ilə işləyir. Yəni düz iki saat geri qalır. Bir ölkədən başqasına gedərkən saatınızı yerli vaxtla tənzimləməyi unutmayın.
– Qətiyyən! – Paspartu etiraz elədi. – Bu gözəl saatın əqrəblərini irəli-geri çəkmək fikrim yoxdur!
– Özünüz bilərsiniz, – cənab Fiks əlacsız gülümsədi.
Bir qədər sonra xəfiyyə araya çökmüş sükutu pozdu:
– Yəqin, Londondan çox tələsik çıxmısınız?
– Bəli, keçən çərşənbə cənab Foq ilk dəfə klubdan evə həmişəkindən tez gəldi. Cəmi bir saat sonra isə biz dünya səyahətinə yollandıq.
– Dünya səyahətinə?
– Bəli. Özü də səksən günlük! Deyir ki, mərc gəlib. Amma öz aramızdır, mən ona çox da inanmıram. Burada nəsə başqa bir iş var.
– Cənab Foq varlı adamdır? – Fiks soruşdu.
– Məncə, hə. O özü ilə bir çanta pul götürüb. Hamısı qəttəzə əsginaslardır. Yolda da pulu su kimi xərcləyir.
– Bəs siz bu cənabı çoxdan tanıyırsınız?
– Demək olar, heç tanımıram. Onun yanında səyahətə çıxdığımız gün qulluq eləməyə başlamışdım.
Cənab Fiks bu söhbətdən belə bir nəticəyə gəldi: Foq Londondan ona görə tələm-tələsik yola düşüb ki, oğurladığı pulları aradan çıxarsın. Məbləğ
16
17