Скачать книгу

nəticələri gözləyirdi.

      Nəhayət, qurultayın sədri kütlə qarşısına çıxaraq elan elədi: «Avraam Linkoln Respublikaçılar Partiyasından Birləşmiş Ştatların prezidentliyinə namizəd seçilmişdir!»

      İzdiham hərəkətə gəldi və qulaqbatırıcı uğultu qopdu. Adamlar bir-birini qucaqlayır, ağlayır, gülür, sevinclə qışqırışırdılar.

      Həmin gecə Senqamon çayına bitişik ərazilərdə tonqallar yandı. Sevinən camaatın «urra» səsləri səhərə qədər kəsmədi.

      İyunda isə demokratların qurultayında Duqlas ABŞ prezidentliyinə namizəd oldu.

      Yüzlərlə qəzet, saysız-hesabsız küçə natiqləri Linkolnu dayanmadan tərifləyir, onu «müdrik Eyb», «odunyaranların namizədi», «xalq içindən çıxan adam», «vicdanlı Eyb» adlandırırdılar.

      Yoxsul daxmadan çıxmış bir adam indi hakimiyyətin ən yüksək pilləsinin bir addımlığında idi.

      Duqlas işinin asan olmayacağını indi daha yaxşı anlayırdı. O, xüsusilə, Ayova ştatında yerləşən, əhalisi kifayət qədər çox və mütləq əksəriyyəti ağdərililərdən ibarət olan Pensilvaniyanın belə respublikaçıların tərəfini tutduğunu eşidəndə katibinə tərəf dönüb demişdi: «Linkoln prezident olacaq!»

      Yay və payız arxada qaldı. Seçki kampaniyası sona çatdı.

      1860-cı il noyabrın 6-da səhər tezdən səsvermə prosesinə start verildi. Senqamon qraflığında Duqlas, Sprinqfilddə Linkoln irəli çıxdı. Linkoln axşam öz dostları ilə respublikaçılara məxsus qadın klubuna getdi. Xanımlar onu əhatəyə aldılar: «Necəsiniz, cənab prezident?» Avraam və yanındakılar oturmağa macal tapmamış, poçtalyon əlində teleqram başlarının üstünü kəsdirdi. Teleqramda yazılmışdı ki, Nyu-York belə respublikaçılara səs verib.

      Bu o demək idi ki, Linkolnun prezident seçilməsi artıq an məsələsidir.

      Qəhrəmanımız şad xəbəri arvadına çatdırmaq üçün evə tələsdi. Onun həyat yoldaşına ilk sözləri bu oldu: «Meri, bizi seçdilər!»

      Bölünmüş ev

      Quldarlığın ləğvi üçün çalışan Linkolnun prezident seçilməsi kəskin mübahisə doğurdu. Bu mübahisəni hətta güc yolu ilə həll etmək istəyənlər belə tapıldı. Məsələn, «Konfedereysi» adlı bir qəzet yazırdı: «Qoy nə olur olsun, bəlkə, Potomak çayı qandan qırmızı rəngə boyanacaq, Pensilvaniya eybəcər hala salınmış meyitlərlə başdan-başa örtüləcək, ancaq Avraam Linkolnun təntənəli şəkildə prezident vəzifəsini tutması kimi bir rüsvayçılıqla Cənub ştatları heç vaxt razılaşmayacaq».

      Tezliklə bu cür təhdidlərin boşuna olmadığı ortaya çıxdı, məsələn, Cənubi Karolinanın Nümayəndələr palatası 10 min əsgərin toplanmasına qərar verdi. Silah alınması üçün Corciya ştatı 1 milyon, Luiziana ştatı isə yarım milyon dollar ayırdı.

      Linkolnun ünvanına yazılmış məktublar isə təhqirlərlə, həqarətlərlə dolu idi: onu «ölkənin başına bəla açan insanaoxşar meymun», «hoqqabaz», «idiot» adlandırırdılar. Məktub müəllifləri hədə-qorxularını da əsirgəmir və açıq şəkildə yazırdılar ki, yeni prezidenti asacaqlar, yandıracaqlar.

      Linkoln isə bütün bu təhqir və təhdidlərə bir o qədər də əhəmiyyət vermədən Çikaqoda gələcəkdə vitse-prezident olacaq Hannibal Hamlinlə (1809–1891) görüşdü. O, vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra yüksək dövlət vəzifələrini viqlərlə, sonradan respublikaçı olan demokratlar arasında bölüşdürmək istəyirdi.

      Cənubi Karolina ştatı mövcud prezident Ceyms Byukenenin prezidentlik müddətinin tam başa çatmasını gözləyəcəyinə dair vəd vermişdi. Bu o demək idi ki, həmin ştatda toplanan ordu Linkoln and içib prezidentliyə başlamayanadək hərəkətə keçməyəcək. Ancaq bir nəfərin – Robert-Barnuel Retin öz tərəfdarları vasitəsilə təşkil etdiyi hadisələr Cənub ştatlarının ABŞ-dan ayrılmasına gətirib çıxartdı. Ret altı dəfə konqresmen, bir dəfə senator olmuşdu. Onun bir arzusu var idi: Cənubun ölkədən ayrılmasına nail olmaq və qul alverini qadağan edən qərarı ləğv etmək! Ret öz arzusuna çatmaq üçün hətta «sayıqlar komitələri» təşkil etmişdi. O həmin komitələrin köməyi ilə Nümayəndələr Palatası üzvlərindən Cənubun ayrılması təklifini müdafiə edəcəklərinə dair razılıq aldı. Üstəlik, Ret Birləşmiş Ştatların tərkibindən çıxmaq haqqında dekret17 yazdı və 1860-cı il dekabrın ortalarında keçirilən gizli yığıncaqda həmin dekret qəbul edildi. Yeni dövlət bayrağı təsdiqlənəndə isə zalı gurultu bürüdü. Cənub ştatlarının hamısında tonqallar yanır, zənglər çalınırdı. Bir-birinin ardınca daha altı ştat Cənubi Karolinaya qoşulmuşdu. Onların hamısı əsasən pambıqçılıqla məşğul olan əyalətlər idi.

      Cənublu deputatlar qaşqabaqlı halda konqreslə vidalaşdılar. Yüzlərlə poçt kontorlarının rəisləri, hakimlər, dairə prokurorları, kömrük işçiləri Vaşinqtona istefa ərizələrini yolladılar. Nizamlı qoşun zabitlərinin bir çoxu artıq yeni yaradılan dövlətin – Amerika Konfederativ Ştatlarının (və ya sadəcə konfederasiya) silahlı qüvvələrinin sıralarına yazılmağa başladı. Ayrılan ştatların qubernatorları hətta ordu göndərib 6 milyon dəyərində olan ABŞ hərbi istehkamlarını ələ keçirdilər.

      Xəbər gəldi ki, cənubluların silahlı dəstələri Vaşinqtonu belə tutmağa hazırlaşır. Belədə təklif olundu ki, Linkolnun andiçmə mərasimi paytaxtda yox, başqa bir şəhərdə keçirilsin.

      Şimallılar da əliboş dayanmamışdılar. Çikaqoda Şimal ştatları tərəfindən yenicə yaradılan topçu batalyonlarının təlimi keçirildi. Pensilvaniya qanunverici məclisi 5 milyon dollar pul və 100 min əsgər toplamağı təklif elədi.

      Hələ ki, səlahiyyətlərinin icrasını davam etdirən Byukenen Ağ Evdə nəzakətlə dedi: «İstənilən vətəndaşın prezident seçilməsi Birləşmiş Ştatların parçalanması üçün səbəb ola bilməz. Cənub ştatlarının ABŞ-ın tərkibindən çıxmaq hüququ yoxdur. Lakin nə etmək olar ki, ayrılmağın qarşısını almaq üçün federal hökumətin güc tətbiq etmək hüququ da yoxdur».

      Yeni prezidentin öz vəzifəsinin icrasına başlamasına bir neçə gün qalmışdı. Vaşinqtona xəbərdarlıq məktubları göndərildi ki, Linkoln paytaxta gələrkən yolda öldürüləcək. Ona görə də təhlükəsizlik tədbirləri gücləndirildi.

      Alabama ştatından olan deputatların təşəbbüsü ilə 1862-ci ilin fevralında Amerika Konfederativ Ştatları adlanan müvəqqəti hökumət rəsmən təşkil olundu. Missisipili Cefferson Devis (1808 –1889) bu dövlətin ilk (və yeganə!) prezidenti oldu. Ret, Yensi kimi əsas ekstremist güclər hökumətdə yer almadılar. Çünki onlar məhz Retin prezident olmasını istəyirdilər. Ancaq rəhbərliyə mötədil adamlar gəlmişdilər. Onlar yaranmış mübahisəli durumu aradan qaldırmaqdan ötrü səbir göstərib gözləməyə və öz tələblərini irəli sürmək üçün danışıqların başlanmasına üstünlük verirdilər.

      Elə həmin vaxt daha iki ştat – Şimali Karolina ilə Arkanzas da konfederasiyaya birləşdi.

      Hara gedir Amerika?

      Linkoln Vaşinqtona yola düşəndə milyonlarla insanı eyni sual narahat edirdi: «Hara gedir Amerika?»

      Konqres

Скачать книгу


<p>17</p>

Dekret – qanun, fərman gücünə malik hər hansısa bir məsələ ilə bağlı ali hökumət orqanının qərarı (red.)