ТОП просматриваемых книг сайта:
Keçmişdən gələn səslər. Болеслав Прус
Читать онлайн.Название Keçmişdən gələn səslər
Год выпуска 0
isbn
Автор произведения Болеслав Прус
Издательство Alatoran yayınları
Budur, bütün bu səbəblərin – yayın, təhlükəli yoldançıxaranın, uzaqdakı pan Saturninin məhəbbətinin – təsiri altında panna Valentinanın qəlbində qaynama başladı.
Artıq bir neçə gün idi ki, kitablar arxasında əyləşərək darıxırdı, gündəlik vəzifələri zəhləsini tökmüşdü. O, Anelkaya həyat müdrikliyi və yaxşı davranış dərsləri vermək əvəzinə, sərçələri yemləməyə, ya da baxışlarını məqsədsiz olaraq, bağ boyu gəzdirməyə üstünlük verirdi. Hansısa iki-üç həftədən sonra ona nə olacağı sualı da panna Valentinanı az maraqlandırmırdı. O, pan Yanın işlərinin iflas ərəfəsində olduğunu başa düşürdü. O harasa getmək, nədənsə qaçmaq, bəzən isə, əksinə, hadisələri sürətləndirmək – bir sözlə, nə isə, qeyri-adi nə isə etmək istəyirdi.
Bu rəngsiz arzu və ləng coşquların mikroxaosunun mərkəzi də sadə qəza məmuru pan Saturnin oldu. Panna Valentina unutmadığına görə ona minnətdar idi, görünür, sevgidən iztirab çəkdiyinə görə, ona acıyır, sədaqətinə görə hörmət edirdi və kişi, əlbəttə, oxumuş və düşünən kişi, olduğuna görə, artıq onu sevməyə hazır idi. Panna Valentina məhəbbəti (xatırlaya bilmədiyi) bu qədər sınaqdan keçmiş insanın xatirinə qadının qurban verməyə və güzəştə getməyə yol verə bildiyini güman edirdi.
O bu qurbanlara hazırlaşaraq, güzgüyə daha tez-tez baxmağa başladı və boynunu qara məxmər lentlə bəzədi. Eləcə də özü üçün kişiləri belə əsir edən xoş qayğısızlıq və şuxluq mənimsəməyə başladı, bəzən zünzümə edir və hətta, bağda gəzir, əlbəttə, onu heç kəs görməyəndə kəpənəkləri qovmağa və hansısa çiçəklərə əl eləməyə cəhd edirdi.
Panna Valentina təbiətən cəsarətsizlərdən deyildi, amma qadınlığın tələb etdiyi kimi, hər şeydən, xüsusən də mənfur başdan çıxaran pan Yandan qorxmağa çalışırdı. O, qəlbini bakirəlik maneəsi ilə əhatə etməyə, doğrudur, fortifikasiya qurğuları arasında sadiq, zərif və kitabları sevən Saturninin daxil olacağı bir təhlükəsiz əlyeri saxlayaraq, hətta onu qalaya çevirməyə can atırdı. Bəzən arzularında əlini onun qara pencəyinin qoluna qoyaraq və nəzərini onun seyrək bakenbardlarına dikərək, küçə ilə necə getdiyinin və birdən pan Yanla rastlaşaraq, ondan zəhərli ilan kimi kənara sıçradığının rəsmini çəkirdi.
Vicdanlı qadının pozğuna qarşı belə ikrah partlayışından sonra isə özü üçün onunla aparmaq lazım gələn təsirli və hətta sarsıdıcı mübarizə mənzərəsini, zəiflik anlarını və son qüvvələrini toplayaraq, nail olduğu qələbəni çəkirdi. Panna Valentina belə arzulayırdı və mübarizə, məğlubiyyətlər və qələbələr yanğısındaydı. Bədbəxtlikdən, görünür, (artıq pul işlərindən danışmayaraq), nahar, istirahət, siqarlar pan Yanı daha çox məşğul edirdi və elm kahininə mübarizə, qadın zəifliyinin aşkara çıxması və zəfərlər üçün heç bir əsas vermirdi.
Panna Valentina belə xülyaların təsiri altında özünü yetəri qədər qəribə aparırdı. Bəzi günlərdə nahar üçün çölə çıxmırdı. Bir dəfə şam vaxtı öz gözəlliklərini böyük mis samovarın arxasında inadla qapayırdı. Tez-tez bütün gecəni səhərə kimi işığını söndürmürdü və kimisə köməyə çağırıb-çağırmamaq sualını ciddi şəkildə fikirləşirdi. Bütün bunları pan Yanın biganəlik və susqunluğu arxasında iyrənc niyyətlərin gizləndiyinə səmimi inamla edirdi və öz kasıb təxəyyülünü işə salaraq, onun hücumunun mümkün nəticələrini tapmağa çalışırdı. Hücumun olacağına son quruşlarına lotoreya bileti alaraq, ən iri uduşun ona çatacağına inanan kasıb çəkməçi qədər qaynar şəkildə inanırdı.
“Bu necə olmaya bilər?” – deyə fikirləşirdi.
Bu arada pan Yan mülkün əlindən sürüşüb çıxdığı nəticəsinə gələrək, hər halda, Anelkanı mürəbbiyədən məhrum etməmək qərarına gəldi. O, üç aya görə ödənməmiş maaşı tezliklə alacağını və irəlidə ona səliqə ilə ödəyəcəklərini, sonra da, həyatlarındakı mümkün dəyişikliklərə və hətta müvəqqəti çətinliklərə baxmayaraq, Anelkanı buraxmamağı xahiş etməyi panna Valentinaya izah etmək niyyətində idi.
Məhz Anelka Qayda ilə danışmaqdan ötrü parkın çərəri arxasına qaçdığı vaxt panna Valentina ona hansısa yeni dərs verməyi fikirləşdi və onu axtarmağa getdi. O, nohuru dolandı, şabalıd ağacının altına baxdı və nəhayət, şagirdini ucadan çağırmağa başladı:
– Anelka! Anelka!
Anelka aşkara çıxmadı, amma onun əvəzinə təəccüblənmiş mürəbbiyənin baxışları qarşısında pan Yan peyda oldu. Ona tərəf rəvan yerişlə, adətən, borclunun vaxtında ödəyə bilməyəcəyini, yaxud yeni borc barəsində xahiş bildirməsindən əvvəl gələn salamlayıcı və melanxolik təbəssümlə gəlirdi.
Lakin panna Valentina bu təbəssümü tamamən başqa cür anlayaraq, möhkəm qorxdu. Ətrafa nəzər saldı: onlar pan Yanla birlikdə bağın baxımsız küncündə, nohurun üstündə tək idilər.
Mürəbbiyə titrədi. Sifətində həmişəkindən kəskin şəkildə irəli çıxan əzələləri nəzərə çarpdı. O, bu pozğun üstünə atılarsa, ölmək qərarına gəldi . Yox, əgər onun ayaqlarına düşsə, necə eləsin? Hələ bunu bilmirdi.
– Panna Valentina, – deyə pan Yan səsinə melodiklik verməyə çalışaraq, başladı – artıq bir neçə gündür ki, sizinlə danışmağa təsadüf axtarıram…
– Bu mənə məlumdur! – mürəbbiyə məhvedici şəkildə ona baxaraq, ucadan və xırıltı ilə hay verdi.
– Məlumdur? – deyə pan Yan soruşdu və panna Valentinaya damarlarındakı qanını donduran baxış ataraq, yaxına addımladı.
– Yaxınlaşmayın! Sizə qadağan edirəm…
– O niyə? – deyə pan Yan fasilə ilə soruşdu.
– Yaxınlaşmayın! Indi hər şeyə qərar verə bilərəm! – O ucadan quruldayaraq, onların uca səslərindən qorxmuş qurbağaların tullandığı bataqlıqlaşmış nohura baxdı.
– Sizə nə olub, panna Valentina?.. Doğrusu, heç nə başa düşmürəm! – pan Yan tam anlaşılmazlıqla belə dedi.
Mürəbbiyə bu sualda öz qələbəsinin sübutunu gördü, amma qələbə hədsiz tez göründü və onu az sevindirdi. Qan başına vurdu və panna Valentina sanki sadiq Saturninin söyüdlüyün arxasında gizlənərək, onu dinlədiyini xəyal etməklə, ilhamlı nitq irad etdi:
– Hələ mənə nə olduğunu soruşmağa cəsarət də edirsiniz? Bu sizə aydın deyilmi? Siz ədəbli qadın üçün onun şərəfinin nə bildirdiyini başa düşmürsünüz?