Скачать книгу

hökmlü komanda verildi. Amma səs-küy bir müddət də davam etdi. Katalon dilində nitq söyləyən siyasi komissarın səsi indi də qulaqlarımdadır. Vağzal binasına tərəf addımladıq. Bütün şəhərə göstərmək məqsədi ilə bizi ən uzun yolla aparırdılar. Ramblas meydanında nəfəsli orkestrin çaldığı inqilabi marşı dinləməkdən ötrü bir neçə dəqiqə dayandıq. Qaliblər paradı təzədən başlandı-coşqun əhvali-ruhiyyə və qışqırtılar, tünd qırmızı və qırmızı-qara bayraqlar, səkilərdə dayanıb könüllüləri salamlayan insanlar, pəncərələrdən əl edən qadınlar… O zaman bütün bunlar necə təbii təsir bağışlayırdı! İndi isə hər şey necə uzaq və əlçatmaz görünür… Qatara o qədər adam doluşmuşdu ki, oturacaqlar bir yana qalsın, heç döşəmədə də ayaq basmağa yer yox idi. Sonuncu dəqiqədə Vilyamsın ispan xanımı qaçaraq özünü vağzala çardırdı. Bizə bir şüşə şərab və uzunluğu yarım metrə çatan tünd qırmızı rəngli kolbasa verdi. Kolbasadan sabun iyi gəlirdi. Yeyən kimi adamın qarnını açırdı. Qatar yerindən tərpəndi. Kataloniyanı arxada qoyaraq müharibə vaxtının qaydası ilə-saatda 20 km. sürətlə Araqon təpələrinə tərəf sürünməyə başladı.

      II

      Barbastro şəhəri arxa cəbhədə sayılsa da, zəhmli və xarabazar görkəmi vardı. Köhnə-kürüş paltarlı könüllülər dəstəsi qızınmağa yer axtara-axtara şəhərin küçələrini dolaşırdı. Uçub-dağılmış divarda ötən ildən qalma plakat diqqətimi çəkdi. Filan tarixdə şəhər stadionunda “altı gözəl öküzün” öldürüləcəyi bildirilirdi. Bu plakatın solmuş rənglərinə nə qədər qüssə, kədər hopmuşdu! O “gözəl öküzlər” və qorxubilməz matadorlar hara qeyb olmuşdular? Eşitdiyimə görə, indi heç Barselonada da öküz döyüşləri keçirilmirdi. Çünki ən yaxşı matadorlar faşistlərin tərəfinə keçmişdilər.

      Bizim rotanı yük maşınlarında əvvəlcə Sietamoya, sonra isə Alkuberreden qərbdə, Saraqosa yaxınlığında, cəbhə xəttinin arxasında yerləşən kəndə gətirdilər. Oktyabrda anarxistlər Saraqosada mövqelərini möhkəmləndirənə qədər şəhər üç dəfə əldən-ələ keçmişdi. Evlərin bir hissəsi mərmi atəşləri ilə dağıdılmışdı. Salamat qalanların hamısında güllə izləri gözə dəyirdi. Dəniz səviyyəsindən 500 metr yüksəklikdə idik. Hava xeyli soyumuşdu. Hər tərəfi qalın duman bürümüşdü. Yük maşınının sürücüsü haradasa Sietamo ilə Alkuberre arasında azdı (bu da qatıldığımız savaşın özəlliklərindən biri idi) və uzun müddət göz-gözü görməyən qatı dumanda yol axtarmalı olduq. Alkuberreyə yalnız gecə yarısı gəlib çatdıq. Naməlum bir şəxs bizi çirkli gölməçələrdən keçirib nə vaxtsa qatırlar üçün tikilmiş tövləyə gətirdi. Püfəni eşələyib özümüzə yer düzəltdik. Dərhal da yuxuya getdik. Yatmaq üçün püfə otdan pisdir, amma samandan qat-qat yaxşıdır. Yalnız səhər hava işıqlaşanda püfənin içinin çörək qırıntıları, qəzet parçaları, ölmüş siçovul cəsədləri və boş konserv qutuları ilə dolu olduğunu gördük.

      İndi cəbhədən çox da uzaqda deyildik. Hətta müharibənin səciyyəvi qoxusunu hiss edəcək dərəcədə yaxın idik. Fikrimcə, həmin səciyyəvi qoxu nəcis və çürümüş ərzaq iyidir. Alkuberreni bomalamaməşdılar. Ona görə də cəbhə xəttindəki kəndlərin çoxuna nisbətən daha abad görünürdü. Ancaq fikrimcə, dünyanın düz vaxtında da İspaniyanın bu hissəsinə yolu düşən hər kəs Araqon kəndlərinin çirkab və səfalət içərisində boğulduğunu görməyə bilməzdi. Kəndlər hamısı sanki qalaça şəklində salınmışdı. Daş və gildən tikilmiş balaca, çirkli daxmalar kilsənin dörd bir yanını tutmuşdu. Hətta yaz aylarında da heç yerdə gül-çiçək görə bilməzdiniz. Evlərin qarşısında, yaxud arxasında bağça salınmamışdı. Yalnız arıq, caydaq toyuqların peyin təpəcikləri üzərində eşələndiyi zibilliyi xatırladan həyətlər vardı. Havalar çox pis keçirdi. Yağışla duman dayanmadan bir-birini əvəz edirdi. Dar yollar çirkab gölməçələrinə çevrilmişdi. Oradan keçən yük maşınları ətrafa palçıq yağdırır, bir neçə qatırın çəkib apardığı kəndli arabaları batıb qalırdı. Bəzən bir arabaya yarımdairə şəklində altı qatır qoşulurdu. Hərbi hissələrin yolunun üstdə olması kəndi böyük zibilliyə çevirmişdi. Tualet, yaxid kanalizasiya xətti ilə bağlı anlayış yerli-dibli yox idi. Ona görə də nəcisi tapdalamamaq üçün dəqiqəbaşı ayağının altına baxmadan gedə biləcəyin bir yer tapmaq müşkül məsələyə çevrilirdi. Kilsəni çoxdan ayaqyoluna çevirmiş, yüz metr həndəvərini də batırmışdılar. Müharibənin ilk iki ayı təsəvvürümdə yalnız hər tərəfdən bərkiyib qabıq başlamış insan nəcisi ilə örtülü soyuq torpaq zolağından ibarət idi.

      Gəlişimizdən iki gün keçmişdi. Amma hələ də tüfəng verməmişdilər. Comite de Cuerreaya6 baş çəkəndən və divarda güllələrin açdığı deşiklərə (burada faşistləri güllələyirdilər) tamaşa edəndən sonra əslində Alkuberrenin bütün diqqətəlayiq yerlərini görmüş olurdunuz. Deyəsən, cəbhədə sakitlik idi. Çünki kəndə çox az yaralı gətirilirdi. Əsas əyləncə faşist ordusundan qaçan dezertirlərin gəlişi idi. Onalrı adətən konvoy müşaiyət edirdi. Burada bizə qarşı vuruşanların çoxu əqidəli faşist deyildi. Sadəcə müharibə başlanan vaxt nəhs təsadüf nəticəsində həqiqi hərbi xidmət keçən əsgərlər idi. Çoxu ordudan qaçmaq haqqında fikirləşirdi. Ona görə də tez-tez cəbhə xəttini keçirdilər. Əgər qohumarı faşist nəzarəti altındakı ərazidə qalmasaydı, fərarilərin sayı daha çox olardı. Dezertirlər gördüyüm ilk doğruçu “faşistlər” idi. Xaki rəngli kombinezonlarını çıxmaq şərti ilə bizim döyüşçülərdən heç nələri ilə fərqlənməmələri mənə heyrətamiz görünürdü. Onlar yol axtara-axtara neytral ərazidə iki-üç gün dolaşandan sonra acından heydən düşmüş halda yanımıza gəlib çıxırdılar. Dərhal da faşist ordusundakı dəhşətli aclıqdan danışmağa başlayırdılar. Kəndli daxmasında belə dezertirlərdən birinin necə yedirdildiyini görmüşdüm.

      Bu,əslində çox kədərli mənzərə idi. Üzünü şaxta və külək qarsımış iyirmi yaşlarında, ucaboy,cındır paltarlı cavan oğlan ocağın qarşısında çöməltmə oturmudu. Qarşısındakı kasadan ət parçalarını qaşıqlayıb ağzına doldururdu. Gözləri ətrafında dayanıb onu seyr edən könüllülərin sifətində dolaşırdı. Deyəsən, hələ də ürəyinin dərinliklərində “qırmızıların” qaniçən olduqlarına inanır, yeməyini qurtaran kimi öldürüləcəyini düşünürdü. Yəqin, bunu hiss edən silahlı nəzarətçi əlini onun çiyninə vurub Katalon dilində sakitləşdirici sözlər deməyə başladı. Bir gündə düz on beş nəfər dezertirin kəndə gətirildiyi yadımdadır. Onları təntənə ilə küçələrdən keçirib apardılar. Qabaqda ağ atın üstündə bir nəfər gedirdi. Mən o qədər də yaxşı çıxmayan foto çəkdim. Amma sonra onu haradasa itirdim.

      Alkuberredə mənzil salandan üç gün sonra nəhayət tüfəngləri gətirdilər. Kobud, tünd sarışın sifətli baş serjant tövlədə onları bizə payladı. Öz tüfəngimi görəndə dəhşətə gəldim. 1896-cı ilin, yəni qırx il əvvəlin istehsalı olan alman “Mauzeri” idi. Tamam pas atmışdı. Çaxmağı güclə gedib-gəlirdi. Ağac qundağı çatlayıb iki yerə bölünmüşdü. Lüləsinə ani nəzər salan kimi onun da pas içində olduğunu gördüm. Tüfənglərin çoxu mənimkindən yaxşı vəziyyətdə deyildi. Bəziləri daha bərbad halda idi. Az-çox işə yarayanları

Скачать книгу


<p>6</p>

Comite de Guerreya (İsp.) – Hərbi Komitə