Скачать книгу

içəri girir, başında sehirbaz papağı və əlində mavi sehirbaz çubuğu var. Bu kostyumu Talya ilə Pərilər bayramından öncəki endirimli günlərdə aldığımızı xatırladım, ətrafımızda qadın və uşaqların çoxluq təşkil etdiyi yerdə heç nə eşitməmək mümkün olmadığı halda mən Talyaya aydın başa düşüləcək şəkildə bir şeylər deyə bildim və Talya əli ilə ağzını tutub, Ella, sən normal deyilsən, deyə bağırdı, qəti onu tərk etməyi düşünmə, yoxsa oğlunun həyatını məhv etmək istəyirsən?

      Mən böyük sehirbazam deyə, Gili bir daha bağırır, papağı böyük olduğu üçün alnına düşür, Rabbi kimi bizim qarşımızda dayanıb, bizə inanmaq və öz əsası ilə bizi evləndirmək istəyən cücə Rabbi. Amnon əsəbləşərək onun üstünə qışqırır: Məktəbə bu formada gedəcəksən? Dəli olmusan, bu gün Pərilər bayramı deyil, tez ol bu axmaq geyimi əynindən çıxart! Gili mübahisə etməyə başlayır, “mən bu geyimdə getmək istəyirəm” deyir və gözləri yaşarır, mən tez onu sakitləşdirməyə çalışıram, burada nə var axı, heç nə olmaz, o bu geyimdə gedə bilər, və o an onun sinifə daxil olarkən bütün sinifin ona gülməsi gözümün önündə canlandı, bayramsız bir sehirbaz, sehirbazlıq edə bilməyən sehirbaz deyə bir anlıq gülərək onu əzmələrini düşündüm.

      Lakin onlar gedərkən Gili atasının qucağında taxtda otururmuş kimi qürurla oturmuşdu, ikibaşlı məxluqa bənzəyirdilər; bir baş saçsız, digəri papaqlı. Pilləkənlərdən enərək qaranlıqda izləri itdi, sakitcə çox zəif eşidilən ayaq səslərini diqqətlə dinlədin. Sanki evə, həqiqətən, bir oğru girmiş kimi bir hiss oyandı məndə, tamahkar və sürətli, yığdığım hər şeyi, nəsillərdən qalan bütün ailə xəzinələrini gözümün önündəcə talan edib mənə yalnız boş siyirtmələr qoyan oğru. Bomboş rəflər, yataq otağındakı darmadağın olmuş örtüyün arasındakı uşaq pijaması, yenə o anı düşünürəm, birdən-birə bir ailə olduğumuzu, körpə Gilini borc aldığımız uşaq arabasında bu evə gətirdiyimiz anı xatırlayıram. Ayaqları yalındı, çünki Amnon bir üst və bir tulum əvəzinə iki pambıq üst geyimi gətirmişdi. İkisiylə birlikdə yataqda uzanmaq, yeni ailəmin üstünü zərif bir örtüklə örtmək üçün çəkdiyim o güclü həsrəti düşünürəm, mən bir tərəfdə, o isə digər tərəfdə, ortada körpəmiz, ikimiz də onun zərif bədənini sevgi ilə sığallayırıq, payız günəşi də xəfifcə yataq örtüklərinin arasından gizlincə süzülüb şəffaf istisiylə barmaqlarımızın uclarına toxunur.

      Amma hər şey bu cür davam etmədi, artıq bir ailə deyilik və bir daha ailə olmayacağıq. Belə görünür ki, bu ayrılıqla qəflətən bir dördlü olduq. Mən və mənim Gilim, Amnon və onun Gilisi. Gili mənimlə ayrı, onunla ayrıdır, bu cütlük uşaq böyüdükcə bir-birilərindən daha da uzaqlaşacaqlar. Gilinin bir hissəsi mənə aid deyil və mənə elə gəlir ki, o ikiyə bölünüb, hansı tərəfi seçirsən, ana, üstü yoxsa altı, sağı yoxsa solu, çünki mən daha tam və bütün olmayacam, mən tam görünsəm də, bir hissəm sənin yalnız xəyal gücünün məhsulu olacaq.

      Talya dedi ki, bu, ömür boyu sağalmayacaq bir yaradır. Kömür qarası kimi gözləri ittihamedici baxışlarla mənə zillənmişdi, qucağında kostyumlar üst-üstə yığılmışdı : sən Gilini və özünü yaralayırsan, Amnonun yoxluğunda daha çox çətinlik çəkəcəksən, insan ərini boş yerə necə tərk edə bilər axı? Onu gözləyən kimsə yoxdursa qadın hara gedə bilər? Bir ailəni bu qədər asan necə parçalaya bilər axı? Asan deyil, Talya, dedim ona, asan olmadığını çox yaxşı bilirsən. Sənin ağzından çıxanı qulağın eşitmir, – Talya güşətə getmədən dedi, neylondan olan kostyumlar əlindən sürüşdü, mən də hipnoz olmuş kimi onlara baxdım. Hansı kostyum düşəcək, gəlinlik düşərsə, bu mənim evliliyimin mənasız olduğuna bir işarət olsun, gecənin karliçası düşərsə ayrılmağımızın mənası olduğuna işarət olsun. Talya ikisinin də düşməsinə əngəl oldu, insan ərini romantik yuxularına görə atmaz, deyərək qərarını açıqladı, kostyumlara baxan qadınlar maraq dolu baxışlarlarla bizə baxdı, onlar mənim həyatımla bağlı fikir bildirib, qərar verməyə hazır idilər. Talyanın qolundan tutub oradan uzaqlaşdırdım: – Niyə belə qışqırırsan? Bir az yavaş ol, görənlər səni tərk etdiyimi düşünər, – dedim.

      Evə gələndən sonra ona bunların yuxu olmadığını izah etməyə çalışdım, bu tamamilə başqa bir şeydir, bu hava kimi bir şeydi, mən havasız qaldım, sadəcə, onsuz olmaq istəyirəm, mübahisələrdən, davalardan, günahlandırmalardan uzaq, qəlb qırmaq və qəlbimin qırılmasını istəmirəm, artıq məyus olmaq və məyus etmək istəmirəm, bu uyğunsuzluqlardan, dayanmadan sumbata kağızı kimi sürtünüb bir-birimizi yaralamaqdan bezdim, yoruldum artıq, bütün bunlara niyə dözməliyəm, de görüm, niyə dözməliyəm?

      Əsəbi halda uşaq kimi dırnaqlarını gəmirdi: – Məni inandıra bilmədin, uşağınız olmasaydı, mən bunun çox da önəmli olmadığını deyə bilərdim, amma indi Gilinin altı yaşı varkən Amnonu, sadəcə, sənin əsəblərini korladığı üçün tərk etmək…

      Onun sözünü kəsdim, sadəcə, əsəblərimi korladığı doğru deyil, o məni boğur, mənə əzab verir və məni gücsüzləşdirir, əvvəllər ona heyran idim, indi isə ağzından çıxan hər söz mənə mənasız gəlir, bunlara səbəb, sadəcə, onu sevməməyim deyil, mən ona daha hörmət belə etmirəm. Onun tələblərindən və şikayətlərindən təngə gəlmişəm, o, həyatı ilə barışa bilmir və bunun günahını məndə görür. Gili doğulandan vəziyyət daha da pisləşdi, ikisinə də baxmağa gücüm və istəyim yoxdur. Bir halda ki seçim etməliyəm, o zaman mən Gilini seçirəm, onsuz da onu tək böyüdürəm. Amnonun və bizim həyatımızın dəyişməyəcəyini anlamaq illərimi aldı, mən daha belə bir həyat yaşamaq istəmirəm, bunu istəməmək mənim haqqımdır.

      Sən haqdan danışırsan, mən isə sənin vəzifələrindən, mən ailənin müqəddəs olduğu düşüncəsi ilə böyümüşəm, dar düşüncəli olduğumu düşünə bilərsən, amma bu mənim üçün əsas qaydalardan biridir və sənin bunu iş işdən keçəndən sonra başa düşməyindən qorxuram. Sən bir ailəni dağıdırsan, Ella və bunu niyə etdiyini belə bilmirsən, bunu etməklə çox şey itirəcəksən və heç nə qazanmayacaqsan. Bəsdir, Talya, sakit ol, dedim, elə günü sabah məhkəməyə qaçmaq fikrim yoxdur, hər şeyi ətraflı düşünürəm, ilk adam sənsən ki bu düşüncələrimi paylaşıram. Sonuncu adam olacağıma ümid edirəm, Talya dedi, görəcəksən, keçib gedəcək, bu bir növ virusdur, sanki ərlərimizdən ayrılsaq, hər şey yaxşı olacaqmış, bizə elə gəlir, amma bu əsla belə deyil, unut bunu, Ella.

      Gilinin heyvan müqəvvalarını yığıb onun yatağına aparıram, təəccüblüdür, bu külək haradan əsir axı, pəncərələr də bağlıdır, onlar getdikdən sonra qapını da bağlamışdım, amma indi açıqdır və bu zaman Amnon cəld içəri keçib qapını bağladı. Gilini görməyincə təlaşlandım. Amnon, nə olub? Gili haradadır?

      Məktəbdə, başqa harada ola bilər ki, – deyə gülümsəyərək cavab verdi, qapıya söykənərək mənə nəzər yetirməyə başladı. Amma mən buradayam və sənə qəhvə gətirmişəm, bunu deyərək qəhvəni mənə uzadır.

      – Amnon, mənə cavab ver, sənin burada nə işin var? Hər dəfə olduğu kimi yenə də boşuna mübahisə yaradırsan, səni başa düşə bilmirəm, Ella, bura tez-tez gəlməli olduğumu sən dedin və üstündən heç yarım saat keçməyib və sən nə dediyini artıq unutmusan, elə deyil?

      Yox,

Скачать книгу