Скачать книгу

varlığının xəbərçisidir. Məqsədlərin savaşına qarışmış şəxslərin sezdiyi təsəlli mənbəyi, əvvəlki imtiyazlardan miras alınmış, amma imtiyazsız sistem vədini ehtiva edən bir hisdir. İmtiyazın burjua təfəkkürüncə yox edilməsi, nəhayətində bu vədin də yox edilməsidir. Əgər vaxt pul deməkdirsə, vaxtdan, ən əsas da öz vaxtımızdan qənaət etmək əxlaqlı davranış kimi görünür və bu cür münasibətə başqalarına qarşı diqqətcillik kimi bəraət qazandırılır. Şəxs səmimi davranmış, heç nəyi gizləməmişdir. Bir-birləriylə təmaslarında insanlar arasına salınan hər növ örtük onları təkcə həmtaylar olaraq bütünləşdirməklə kifayətlənməyib, həm də bundan fərəhlənənləri mexanizmdə defekt kimi qiymətləndirir. Qarşılıqlı şapka çıxartmaq yerinə hədsiz laqeyd “salam” sözü ilə salamlaşmaq, məktub yazmaq əvəzinə xitabsız və imzasız ofisdaxili yazışmalar göndərmək insani təmaslarda özünü göstərən xəstəliyin təsadüfi göstəriciləridir. Özgələşmə insanlar arasındakı məsafənin yox edilməsi ilə başlayır. Çünki ancaq bir-birlərini alış-veriş, müzakirə və tətbiqlə, nəzarət və vəzifələrlə bezdirməkdən çəkinə bildikləri müddətcə insanlar arasında zahiri formaların həssas münasibətləri formalaşa bilər. Onu unutmaq lazım deyil ki, daxili münasibətlər də bu zahiri formalardan asılıdır. Yunqun davamçıları kimi bəzi köhnəlikçilər bunu sezmişdi. G.R. Heyerin “Era-nos” esselərindən birində bu cümləyə rast gəlirik: “Mədəniyyətin şəkilləndirici təsirinə çox məruz qalmamış cəmiyyətlərin fərqləndirici xüsusiyyətlərindən biri mövzuya birbaşa yaxınlaşmamaqları, hətta bir müddət bu mövzudan uzaq dayanmalarıdır. Bu insanlar arasında söhbət əsl mövzusuna özü ətrafında dairələr çəkərək özlüyündən çatır.” Günümüzdə düz xətt iki nöqtə arasında olduğu kimi, iki insan arasında da ən qısa yol sayılır. Eynilə, son dövrlər fabrikdə düzəldilmiş ev divarlarının bütöv olaraq emal edilməsi kimi, insanlar arasındakı divarın xərci də onları bir-birindən ayrı saxlamağın təzyiqi ilə sıfıra yaxınlaşmaqdadır. Fərqli olan heç nə başa düşülməməkdə, baş ofisiantın əli toxunmuş Vyana özəl yeməyi olmasa belə, uşaqyana bir inam, yaxud da yersiz bir münasibət kimi görülməkdədir. Utilitar sistem iş yeməyinin əvvəlində hal-xətir soruşmaq üçün deyilən bir neçə cümlə ilə özünün ziddini belə öz içinə çəkmişdir. İnsanların bir-biriylə danışma qabiliyyətini itirməkləri ilə işdən danışmağın qəbahət sayılması, əslində, eyni şeydir. Hər şey onsuz da iş olduğu üçün “iş” sözünü dilə gətirmək qadağandır – bunu asılmış bir adamın evində ip sözünün qadağan olunmasına da bənzədə bilərik. Mərasimin, dövrü keçmiş nəzakətin boşboğazlıq olması barəsində – çox vaxt əsaslı olaraq – şübhələnildiyi məqsədsiz söhbətin sözdə qalan demoktarik çıxdaşı ilə birgə, insan münasibətlərinin daha heç nəyi təsnifsiz qoymayan sözdə şəffaflaşması ilə birgə çılpaq vəhşət də yaşama ağalıq etməkdədir. Duruxmadan, uzun-uzadı fikirləşmədən və əlavə mövzulara keçmədən deyilən dolambacsız sözdə faşist idarəçiliyində dil-sizlərin susqunlara verdiyi əmrin forma və cingiltisini ən əvvəldən xatırladan nəsə var. İnsanlar arasında münasibətlərdə hər növ ideoloji dekorasiyanı inkar edən birbaşalığın özü də xeyli vaxtdır insanlara əşya kimi davranmağın ideologiyasına çevrilmişdir.

      21

      Geri qaytarılmır, dəyişdirilmir – Hədiyyə vermək ənənəsini unuduruq. Mübadilə prinsipinin pozulmasında mənasız və çətin inanılan bir şey var. Çox vaxt uşaqlar belə onlara hədiyyə verənə şübhə ilə baxır və elə düşünürlər ki, bu hədiyyə onlara fırça, yaxud sabun satmaq üçü qurulmuş tələdir. Bunun əvəzinə indi xeyriyyə dərnəklərimiz, rəsmi lütfkarlıqlarımız və cəmiyyətin görünən yaralarını gizlətmək üçün baş vurduğumuz planlı işlərimiz var. Paylanılır, ədalətli şəkildə bölüşdürülür, xülasə, onu alanı əşyaviləşdirir. Şəxsi hədiyyənin belə əvvəlcədən planlaşdırılmış, büdcəyə diqqətlə sadiq qalaraq, qarşıdakı insanı yaxşıca götür-qoy edərək və mümkün olan ən az cəhdlə reallaşdırılan sosial iş halına gəldiyi və bununla məntiqçi nəzakətsizliyə çevrildiyini deyə bilərik. Verməyin əsl sevinci alanın sevincini xəyal etməkdən qaynaqlanırdı. Seçmək, vaxt ayırmaq, zəhmətə qatlanmaq – bunlar hədiyyə alınanı subyekt olaraq görməkdir. Bunlar başdansovduluq və necəgəldiliyin tam əksidir. İndi isə bunlar heç kimi maraqlandırmır. Ən uzağı, özlərinin sevdikləri şeyləri hədiyyə edirlər, əlbəttə, sevdikləri şeylərin bir neçə dəfə daha keyfiyyətsiz formasını. Verməyin təhrif olunması, insanın qanını qaraldan o kəşfdən – “hədiyyəlik əşya” adlandırılan şeylərdən də görünürdü. Bu kəşf şəxsin nə verəcəyini bilmədiyini, dolayısıyla, heç nə vermək istəmədiyinin sübutu idi. Bu məhsullar onların alıcıları qədər əlaqəsizdir. Ən əvvəldən bəri bazarda narkotik bir təəssürat yaradırdılar. Verilən hədiyyəni dəyişdirmə haqqının isə tək mənası budur: “Bunu al! Bu, sənə məxsusdur. Onunla necə istəyirsən, davran. Əgər xoşuna gəlmədisə, apar qaytar, yerinə xoşuna gələcək nəsə götür. Bütün bunların mənim üçün zərrəcə önəmi yoxdur.” Bundan əlavə, normal hədiyyə verməyin səbəb olduğu utancaqlıqla müqayisə edildikdə, satılanlıq prinsipinin bu cür mütləqləşdirilməsi belə daha humanist bir seçimi təmsil edir. Yəni heç olmasa, alıcının özünə bir hədiyyə almasına şərait yaradır. Hərçənd ki, belə bir şey hədiyyənin təbiətinə yaddır.

      Məhsulları kasıbların belə çata biləcəyi yaxınlığa gətirən sənaye bumu ilə müqayisədə hədiyyə vermək barədə danışmaq lazımsız sentimentallıq hesab oluna bilər. Di gəl ki, bolluq şəraitində hədiyyə lazımsızlaşsa belə – bu ağ yalandır, həm şəxsi, həm də ictimai bir yalan, çünki xəyal gücümüzü işə salmaqla dəhşətli dərəcədə sevindirə bilməyəcəyimiz kimsə yoxdur – insanlarda verməməyin yaratdığı bir boşluq yaranacaqdır. Verməyən insanın ən əsas hisləri katarsisə məruz qalır; çünki bu hislər saf mənəviyyatın təcrid hücrəsində yox, çöldə, nəsnələrlə canlı bir təmas içində inkişaf edirlər. Verməyən insanların gördükləri hər işdən soyuqluq yayılır. Lazım olan şəfqət sözləri deyilməmiş, gözlənilən diqqətcil davranış göstərilməmişdir. Nəhayətində isə bu soyuqluq qaynaqlandığı şəxsləri də iyrəndirməyə başlayır. Bütün şəfqətli, xeyirxah münasibətlər, hətta bəlkə də, təbiətin bir hissəsi olan barışmaq özü belə bir hədiyyədir. Lazımından çox məntiqli fikirləşdiyi üçün bu qabiliyyətini itirən şəxs özünü də əşyalaşdırır və donur.

      22

      Qurunun oduna yaş da – Mədəni tənqidin ən qədim və ən əsas motivlərindən biri yalan mövzusudur. Mədəniyyət insana layiq bir cəmiyyət yaşandığı illuziyasını yaratmaqda, həmçinin bütün insan məhsullarının bünövrəsində yatan maddi şərtləndirmələri gizləməklə mövcudiyyətin bədxah iqtisadi təyinatının davam etdirilməsinə xidmət etməkdədir. Bu mədəniyyətin özünün də bir ideologiya olduğu düşüncəsidir və ilk baxışda həm burjua zorbalıq doktrinası tərəfindən, həm də onun rəqibi tərəfindən qəbul edildiyi fikrini yaradır. Yəni elə görsənir ki, bu fikri həm Nitşe, həm də Marks müdafiə edir. Ancaq əsl görünən odur ki, bu cür düşüncənin özü də ideologiyaya çevrilməyə meyillidir. Bunu şəxsi həyatda görə bilərik. Pul və onun zərurətləndirdiyi

Скачать книгу