Скачать книгу

imtahanı verərəm. Olaram institutun tələbəsi. Nə böyük səadət! Anam sevinəcək, Gülbuta sevinəcək, bütün kəndə hay düşəcək…» Turalın ürəyindən dəhşətli bir hiss keçdi. Bədəni üşüdü. Sevinci bir andaca yox oldu: «Birdən kəsildim?! Axı deyirlər ki, müəllimlər haqq-hesablarını axırıncı imtahanda «çürüdürlər». Əgər öz adamlarının müsabiqədən keçməmək qorxusu olsa, tökürlər dəftər-kitabı qabaqlarına, başlayırlar baş sındırmağa, hesab çəkməyə: axırıncı imtahandan neçə adam kəsilməli, neçəsi üç almalı, neçəsi beş almalıdır ki, əziyyətləri hədər getməsin, istədikləri adamlar tələbə bileti ala bilsinlər… Görəsən doğrudanmı belədir? Görəsən vicdanını pula satan, pulu həyatın mənası, yaşamağın, insanlığın əsas əlaməti hesab edən müəllimlər doğrudanmı var? Day onda nə oldu?» Sabirin vaxtı ilə pul barədə dediyi sözlər yadına düşdü: «Vicdanımmısan ey pul, ya canımmısan…»

      Yox, Tural buna qətiyyən inanmırdı. Öz ağlı, öz məntiqi ilə fikirləşirdi: lap ola bilər ki, hansı müəllimsə bu və ya digər uşağın ali məktəbə girməsinə can-dildən, sidq-ürəkdən çalışır, cəhd göstərir. Olsun, insandır də, qohumu var, dostu-aşnası var, umacağı var, qoy ona hansı qiyməti verir, versin. Bilən uşağı kəsməz, müəllimdir axı, onun adının qabağında bütün sözlərin müqəddəslərindən olan «müəllim» sözü var. Qorxar, əzab çəkər bu müəllim sözündən, vicdanına sığışdırmaz bu ədalətsizliyi. Bəs onun vicdanı ağrımaz sonra? Bəs o necə rahat yatar? Dəli olar, vallah, ölər ayaq üstə, yeriyə-yeriyə mühazirə oxuya-oxuya, haqdan, ədalətdən, insanlıqdan danışa-danışa ölər…

      Tural bu qəribə, müəmmalı hisslər içərisində dolabçanın üstündəki kitabları götürüb tələsik vərəqlədi. İmtahan biletlərini bir də gözdən keçirdi. Eyni açıldı. Fikri ayazıdı: «Necə yəni kəsildim? Bu kitablar, bu suallar. Axı mənə hansı sual düşəcək ki, cavab verə bilməyim? Uşaqların çoxu kəsilib. Qrupumuzda 30 adamdan cəmi-cümlətanı 5 nəfər qalıb. Yəni bir «üç» də ala bilməyəcəyəm?.. Eh… eh!».

      Tural başındakı qara fikirləri qovurmuş kimi əlini yellədi. Elə bu zaman efirdə Ülviyyənin mahnıları səsləndi. Mahnılar, quş qanadlı, romantik hisslərlə dolu mahnılar… İnsanın ayaqlarını yerdən üzən, onu yer qayğısından, yer dərd-sərindən uzaqlaşdıran mahnılar… İnsana bütün dünyanı, hətta özünü də unutduran mahnılar… Onu mənən təmizləyən, yaşamağa, yaratmağa çağıran mahnılar. Görəsən vicdanını pula satan müəllimlər eşitmirlər bu mahnıları, qulaq asmırlar bu mahnılara? Düşündürmür bu mahnılar onları? Pivəsatan pivə parçını ağzınacan doldurmursa, pivənin köpüyündən çıxan qəpik-quruşa gözlərini dikirsə, bəlkə də bu təbiidir və haradasa buna haqq qazandırmaq olar. Axı heç pivə parçını axıracan doldurmaq da mümkün deyil. (Tural bunu yolüstəki qəlyanaltıda, sosiska yeyəndə görmüşdü.) Amma müəllim…

      «Gedək üzü küləyə». Maneələrə qarşı gedək. Çətinliklərdən qorxmayaq. Gedək, nə qədər gücümüz var, gedək, nə qədər ayağımız gedir, gedək, nə qədər ürəyimizdə təpər var, arzu var, ümid var… Çox sağ ol, Ülviyyə, çox sağ ol, mənim eynəkli, cinsli bacım…

      Ülviyyənin mahnıları ürəyəyatan idi. Həzin, lirik, təsirli idi. Xüsusilə «Gözlərəm səni» mahnısı. Gülbuta yadına düşdü. Elə bil onum dilindən yazılmışdı, elə bil onun ürək sözlərini, qəlb çırpıntılarını danışırdı bu mahnı. Floranın titrək, ehtiraslı, bəzən səhər mehi kimi xəfif, bəzən də coşqun dağ çayı kimi təlatümlü səsi ilə danışırdı bu mahnı…

      Turalın bütün həyəcanlarına baxmayaraq son imtahan da uğurlu oldu.

      O, artıq tələbə idi.

      Tələbə! Nə qədər mənalı, nə qədər fərəhli idi bu ad!

      Turalın uçmağa qanadı yox idi, olsaydı uçardı. Düz anasının yanına uçardı, Gülbutanın yanına uçardı. Küçəyə necə çıxdığını bilmədi. İstəyirdi bağırsın, «Tələbəyəm!» desin, «İnstituta qəbul edilmişəm!» desin. Desin ki, yalandır bütün şayiələr: ey atalar, analar, inəyinizi, camışınızı, gəvənizi satıb övladınız üçün institut ehtiyatı görməkdənsə, çalışın oğlunuzun, qızınızın əsl biliyi olsun. İnanın mənə, biləni kəsmirlər, bilənə «dayı» lazım deyil!

      Bu anlar Tural qəribə hisslər keçirirdi. İstəyirdi, sevincini kiminləsə bölüşsün. Ürəyini kiməsə açsın! Ancaq kimə?! Bu irilikdə şəhərdə, milyon yarımdan çox əhalisi olan şəhərdə bir nəfər, tək bircə nəfər yox idi ki, onun sevincinə şərik çıxsın. Yox! Var idi! Bəs Ülviyyə, bəs onun anası, bəs professor Qaraxanlı?!

      Tural tanış pillələri uça-uça qalxdı, birnəfəsə qalxdı, qaça-qaça qalxdı. Qapının qabağında dayandı. Qısaqol köynəyinin düyməsini bağladı. Saçına sığal çəkdi. Barmağını zəngin ağ düyməsinin üstünə qoyub basdı. Qapı açıldı. Ülviyyə idi. Əlindəki gülü Ülviyyəyə verdi. Titrək səslə:

      – Sizi təbrik edirəm, – dedi, – mahnılarınız çox gözəl idi.

      Ülviyyə gülü alıb qoxuladı. Sonra sinəsinə sıxdı.

      – Çox sağ ol, Tural! Çox sağ ol! Diqqətcil oğlanmışsan! Sənin bu təbrikin mənim üçün xüsusilə qiymətlidir. Ana, – deyə o, sevinclə çağırdı, – bir gör bizə kim gəlib! – Sonra Turala tərəf döndü. – Keç, keç içəri, çıxartma ayaqqabılarını! Birdən nəsə xatırladı. – Hə, bir de görüm, imtahanların necə gedir?

      – Bu gün axırıncısını verdim. Artıq tələbəyəm. Bilirəm ki, müsabiqədən sözsüz keçəcəyəm.

      – O.. Nə yaxşı, nə yaxşı! Mən də səni təbrik edirəm! Deməli, bu gün hər ikimizin bayramıdır.

      İsmət xanım da Turalı sevinclə təbrik elədi. Heyif ki, professor evdə yox idi. Yəqin o da sevinərdi.

      Ülviyyə yataq otağına keçib paltarını dəyişdi.

      – Ana, – dedi, – bu gün Turalla mənim bayramımdır! Axşama yaxşı bir süfrə aç! Rəfiqələrim də gələcəklər. Gərək bu bayramları əməlli-başlı keçirək. Tural, axşam sən də bizdəsən ha! Mütləq gələrsən.

      Tural sıxıla-sıxıla:

      – Çox sağ olun, Ülviyyə bacı, – dedi. – Axı mən bu axşam yola düşürəm.

      – Hansı rayona?

      – Ağdama.

      – Qatar neçədə gedir?

      – Onda.

      – Eh, çatarsan. Səni lap özüm aparıb yola salaram. İndi isə getdik!

      Tural sual dolu baxışlarını Ülviyyəyə zillədi.

      – Hara?

      – Sonra bilərsən, getdik!

      Tural səmimiyyətlə, böyük ərklə deyilən bu sözlərə necə əməl etməyə bilərdi? Kirimişcə Ülviyyənin arxasınca pillələri endi. Ülviyyə maşını qarajdan çıxartdı.

      – Gəl əyləş! – Tural arxada oturmaq istədi. Ülviyyə qabaq qapını açıb onu yanına dəvət elədi: – Ora yox, bura!

      Tural sıxıla-sıxıla keçib Ülviyyənin yanında əyləşdi.

Скачать книгу