ТОП просматриваемых книг сайта:
Kərbəla dilbəri. Curci Zeydan
Читать онлайн.Название Kərbəla dilbəri
Год выпуска 0
isbn 978-9954-0000-0-7
Автор произведения Curci Zeydan
Издательство ЖекаПринт
Xalid monastırının əsas binasının şərq tərəfində eni və uzunu əlli addıma bərabər olan düzbucaqlı şəkilli tövləsi vardır. Tövlənin üç tərəfdən yerə sıx və bərabər şəkildə çalınmış payalardan ibarət hündür hasarı vardır. Tövlənin dördüncü hasarını isə monastırın öz binasının şərq divarının bir hissəsi təşkil edir. Payaların yuxarı tərəfindən yarıya parçalanmış ağac budaqları uzununa düzülmüş və budaq qabığından hazırlanmış kəndirsayağı çatılarla möhkəm bağlanmışdır. Tövlənin həmin qayda ilə payalardan düzəldilmiş sürütmə qapısının bir tərəfi yerə çalınmış payadan ibarət olan möhkəm dayağı vardır. Həmin sürütmə qapının zorba budaqdan ibarət olan üst qolu birbaşa binanın divarındakı oyuğa keçirilmişdir. Tövlənin üstünün yarısını örtən talvarın tavanı da ağac budaqlarından düzəldilmişdi. Talvarın örtülü hissəsi davar və qaramalın qışda buraya sığınması üçün nəzərdə tutulmuşdu.
Monastırı, tövləni və bağı birlikdə əhatə edən, həm də adam boyundan da hündür sıx bitmiş böyürtkən kollarından ibarət yaxşı hasarı vardır. Həmin hasarın da tövlənin qapısına bənzər, amma ondan çox möhkəm taxta qapısı vardır. Qapının yanında zəng asılmışdı. Buraya gələn hər bir kəs bu zəngi çalanda içəridəkilər səsi eşidib qapını açırlar.
Hicrətin 60-cı ilində Xalid monastırı belə bir görkəmə malik idi. Məhz həmin ildə Müaviyə ibn Əbu-Sufyan vəfat etmişdi. Vəzifədə onu oğlu Yəzid ibn Müaviyə əvəz etdi. O, Dəməşqdə islam xilafətinin xəlifəsi oldu. Bu monastırın rəisi əslən bizanslı olan qoca bir keşiş idi. O, ömrünün əlli ildən çoxunu burada keçirmişdi. Əvvəlcə uzun müddət adi rahib olmuşdu. Sonra onu rahiblikdən irəli çəkib monastırın rəisi təyin etmişdilər. O, Xalid ibn Əl-Vəlid burada gecələyəndə yeniyetmə rahib olmuşdu və Dəməşqin fəthini də öz gözləri ilə görmüşdü. Cavanlığında ərəb dilini bilmirdi, amma sonralar tədricən bu dili lap yaxşı öyrənmişdir. Rahiblər rəisin yaşına və gözəl əxlaqına görə ona çox hörmət edirdilər. Müaviyə özü də monastırın rəisinə hörmət edirdi və çox vaxt Qutədə ova çıxanda monastır rəisinin qonağı olur, hətta arabir onunla zarafat da edirdi. Yəzid xəlifə olandan sonra o da monastırın rəisinə hörmət edirdi.
3. Qutənin gözəlliyi
Hicrətin həmin 60-cı ilinin payız günlərinin birində monastır əhli çox tezdən oyanmışdı: monastırın bağından meyvələri daşımaqda rahiblərə kömək etmək üçün ətraf kəndlərdən kəndlilər gəlmişdilər. Onlar bağdan üzüm, heyva, alma, nar, armud, gavalı və şaftalı doldurulmuş səbətləri daşımağa kömək etməli idilər. Rahiblər payızda hər gün səhər tezdən kəndlilərin gəlişini intizarla gözləyirlər. Onların bəziləri aşağı düşüb kəndlilərin səbətləri monastırın həyətinə daşımalarına kömək etməyə başladılar. Həyət ətrafdakı hücrələrin qarşısındakı boş bir sahədən ibarətdir. Ortada isə həyətin çox hissəsinə kölgə salan böyük bir söyüd ağacı ucalırdı. Söyüdün yaxınlığında isə bir su quyusu görünürdü. Monastır əhli lazım gəldikdə bu quyunun suyundan istifadə edirdi. Kəndlilər səbətləri tək-tək, bəzən də qoşa-qoşa içəri daşıyırdılar. Monastırın rəisi isə hələ də yuxarıda öz otağında idi. Səhər ibadətindən sonra öz otağına qayıtmışdı, içəridə təkcə dua edirdi. O, adamların səs-küyünü eşidib otağından bayıra çıxdı və həyətə enən daş pilləkənin yuxarısında dayandı. Adi rahib paltarının üstündən əbasını çiyninə salmışdı.
O, rahiblərin yükləri içəri daşımasını görüb dedi:
– Niyə səbətlərin hamısını içəri daşıyırsınız? Özünüz yaxşı bilirsiniz ki, biz onların bir hissəsini xəlifənin iqamətgahına sovqat göndərməliyik. Xəlifə bir qayda olaraq onların bir hissəsini öz əmirlərinə və mühafizəçilərinə paylayır.
Bunları deyib, Qutə vadisinin əzəmətli mənzərəsinə tamaşa etmək üçün binanın damının kənarına tərəf getdi. Günəş uzaqdakı dağların arxasından boylanmağa başlamışdı. Artıq onun şüaları bağ-bağatdakı ağacların budaqlarında əks olunmağa başlamışdı. Quşlar budaqları tərk edərək səs-səsə verib, dəstə-dəstə uzaqdakı açıqlığa tərəf uçurdular. Onların bir hissəsi isə şərqə tərəf üz tutmuşdu. Sanki Günəşi öz civiltiləri ilə salamlamaq üçün bir-birini ötməyə çalışırdılar.
Monastırın rəisi bağlara tərəf baxmağa başladı. Bu bağların görünüşü adamın könlünü açırdı. Müxtəlif gül kollarının pöhrələrindən qalxan rayihə adamın qəm-qüssəsini silib aparır, onu məst edirdi. Cürbəcür gül kolları arxlarla, cığırlarla bağlar arasında çəpər təşkil edirdi. Gül kollarına müxtəlif şəkilli və ölçülü meyvə ağaclarının kölgələri düşürdü. Ağaclarda yaşıl yarpaqlardan çox müxtəlif rəngli meyvələr vardı: qıpqırmızı narlar, sapsarı heyvalar, dümağ mərsinlər, bənövşəyi gavalılar, alyanaqlı almalar adama gəl-gəl deyirdi.
Qutənin bir tərəfində müxtəlif növlü üzümlüklər vardı. Tənəklərin bəzilərindən ağ şama bənzər, bir hissəsindən alqırmızı, bəzilərində isə kömür kimi qara salxımlar sallanırdı. Müxtəlif rəngli otlar bağların torpağına gözəl bir xalı kimi sərilmişdi. Bağların arasındakı arxlarda axan suyun şırıltısı, quşların cəh-cəhi, yarpaqların xışıltısı bu mənzərəyə xüsusi gözəllik verirdi. Qutə vadisi ağaclarının arası ilə çayların axdığı bir cənnət bağına bənzəyirdi. Günəşin buraya saçdığı şüalar arxlardakı sularda əks olurdu. Şüaların gölün səthindən əks etməsi diqqəti daha çox cəlb edirdi.
Monastırın rəisi burada olduğu bütün müddət ərzində az qala hər səhər bu mövqedə dayanırdı, gözləri isə bu mənzərədən ləzzət almaqdan doymurdu. Nə yükləri daşıyan, meyvələri seçən rahiblərin və kəndlilərin səsi, nə də tövlədəki qoyunların mələşməsi, öküzlərin böyürtüsü, eşşəklərin anqırtısı onu bu gözəl mənzərədən ayıra bilmirdi.
Dayanıb xaliqin yaratdıqları barədə düşünməyə başladı. Sonra Qutənin gün çıxan tərəfinə baxdı. Uzaqdan gələn yollara baxdı, onları qurumuş çayların məcrasına oxşatdı. Həmin tərəfə baxarkən lap uzaqdan bir dəvə karvanının ağır-ağır gəldiyini gördü. Karvan ya İraqdan, ya da Hicazdan gəlirdi. Karvanda eşşəklər və dəvələr bir-birinin ardınca düzülüb asta-asta gəlirdilər. Monastırın rəisi karvanın kimin olmasını və ya onun haradan gəlməsini müəyyənləşdirmək istədi. Lakin karvanın hələ çox uzaqda olmasına görə bunu təyin edə bilmədi. Cavanlığında belə məsafədən çox şeyi asanlıqla müəyyənləşdirə bilirdi. İndi isə bacarmadı. Bir də gözlərinı sınaqdan çıxartdı və doğrudan da, qocaldığını anladı. Ürəyində ömrünün çox hissəsinin keçdiyinə təəssüfləndi. Yüklərin daşınmasında rahiblərə göstəriş