ТОП просматриваемых книг сайта:
Kəlilə və Dimnə. Bəydəba
Читать онлайн.Название Kəlilə və Dimnə
Год выпуска 0
isbn 978-9952-8210-4-8
Автор произведения Bəydəba
Издательство ЖекаПринт
– Biz, şahın pis fikrə düşdüyünü görcək şəri xeyrə çevirməyə, şahı ədalətli olmağa məcbur etməliyik. Əgər onu özbaşına buraxıb fikir verməsək, bu, heç vaxt bizim üçün güzəşt edilməz; fəlakətlər baş verər, biz həmişə qorxduğumuz bir vəziyyətə, yəni o axmaq adamların vəziyyətinə düşərik ki, onlar bizi özlərindən daha axmaq sayır və bizə alçaq nəzərlə baxırlar. Mən doğma vətəni tərk etmək fikrində deyiləm. Padşahın yaramaz hərəkətlərini davam etdirib, xalqa zülm etməsinə isə bizim ağıl və kamalımız göz yuma bilməz. Onunla mübarizə etmək üçün dildən başqa bizim heç bir silahımız yoxdur. Kömək toplamaq məqsədi ilə başqa yerə getsək – bu da fayda verməz. Narazılığımızı və onun çirkin əməllərini bəyənmədiyimizi duysa, bizi məhv edər.
Siz bilirsiniz ki, güzəranı gözəl, mənzərəsi qəşəng olan yerdə belə, itin şirlə, ilanın öküzlə qonşuluğu təhlükəlidir. Arzu edilməz müsibətlər və ağır fəlakətlərdən özünü qorumaq, iyrənc şeyləri aradan qaldırıb yox etmək, sevimli şeyləri yaratmaq haqqında düşünmək filosofun borcudur. Deyirlər, bir filosof öz şagirdlərinə belə yazmışdır: «Pis adamla qonşu olub dostluq edən dəniz səyyahı kimidir: batmaqdan yaxasını qurtarsa da, qorxu çəkməkdən qurtara bilməz. Əgər belə adam özü-özünü gətirib təhlükəli və dəhşətli bir yerə çıxarsa, onu idraksız heyvan hesab etmək lazımdır; çünki faydalı və zərərli şeyləri kor-təbii olaraq vəhşi heyvanlar da dərk edirlər. Axı, su içmək üçün heç heyvanlar da öz sürülərini təhlükəli yerlərə aparmırlar, təsadüfən gəlib belə bir yerə çıxdıqda, təbii olaraq oradan qaçır və öz canlarını xilas edirlər».
Mən sizi bu iş üçün yığmışam. Siz mənim ən yaxın adamlarım və sirdaşlarımsınız, siz mənim dayağım və istinadgahımsınız. Məlumdur ki, fikir və əqidədə tək qalan adam harada olur-olsun məhv olar, özünə köməkçi tapa bilməz.
Bu barədə belə bir rəvayət də vardır: «Bir Torağay bir filin yolu üstündə özünə yuva tikib yumurta çıxardı. Filin su içmək üçün gedəcəyi bir yol var idisə, o da bu cığır idi. Adəti üzrə fil bir dəfə su içməyə gedərkən yuvanı tapdalayıb yumurtaları əzdi. Torağay bu bədbəxtliyi gördükdə dərhal anladı ki, bunu edən fildir. Uçub filin başına qondu və dedi: -
Şahım! Sən nə üçün yumurtaları əzib, balalarımı məhv etdin?
Özünə nisbətən məni zəif, gücsüz və yazıq sandığın üçünmü belə edibsən? Fil dedi:
– Bəli məhz ona görə. Torağay bunu eşitdikdə uçub quşların yanına getdi və filin onun başına nələr gətirdiyini nəql etdi. Quşlar dedilər: «Biz ona nə edə bilərik? Biz gücsüz quşuq». Belə olduqda Torağay, sağsağan və qarğalara dedi ki, mən istəyirəm, siz mənimlə gedib filin gözünü çıxardasınız, ondan sonra özüm bilərəm, onun başına nə oyun açaram. Onlar razı oldular. Torağay ilə uçub getdilər, filin gözlərini o qədər dimdiklədilər ki, onlar ovulub yerə töküldü. Bundan sonra fil nə su içməyə bir yol tapdı, nə yemək əldə etməyə? Olduğu yerdə nə var idisə, onunla da dolanırdı.
Torağay bundan xəbər tutcaq çoxlu qurbağası olan bir gölməçənin qırağına gəlib əhvalatı danışdı, fildən qurbağalara şikayət etdi. Onlar dedilər: «Biz güclü filə nə edə bilərik?» Torağay dedi: – Mən istəyirəm, siz mənimlə filin yaxınlığında olan bir uçurumun kənarına gedib, orada quruldayasınız və hay-küy qoparasınız. Fil sizin səsinizi eşitcək orada suyun olduğuna inanıb uçuruma düşər. Qurbağalar buna razı oldular. Uçurumun kənarına toplaşıb, quruldamağa başladılar. Susuzluğa tab gətirməyən fil onların qurultusunu eşitcək o tərəfə yollandı və uçuruma yıxılaraq məhv oldu. Torağay isə uçub, onun başı üstə qanad çalaraq dedi: «Ey gücünə öyünüb mənə həqarətlə baxan zülmkar! Boyumun balacalığı ilə işlətdiyim böyük kələyi, bədəninin böyüklüyü ilə elədiyin kəmağıllığı necə gördün?!»
Sizlərdən kim nə düşünürsə, qoy onu söyləsin. Onlar dedilər:
– Ey ağıllı, ədalətli və müdrik filosof, bizim aramızda ən bilikli və ən ləyaqətli sənsən. Bizim mülahizəmizin və fikrimizin sənin əqidən və düşüncən yanında nə əhəmiyyəti ola bilər? Biz bilirik ki, suda timsah ilə bir yerdə üzmək təhlükəlidir. Lakin günah burada timsahda deyil, onun yaşadığı yerə girmiş adamdadır. Əgər sən ilanın dişindən zəhəri çıxarıb, onu öz üzərində sınaqdan keçirsən, bu işdə ilanın heç bir təqsiri olmaz. Kim şirin mağarasına girirsə, o, parçalanmağı da gözünün qabağına gətirməlidir. Fəlakətlər padşaha ibrət olmur, bədbəxtliklər onu sarsıtmır. Şahın keyfinin kök vaxtına rast gəlməsən, inanmırıq ki, həm sən, həm də biz onun qəzəbindən xilas ola bilək.
Beydəba dedi: – Həyatıma and içirəm ki, siz yaxşı dediniz, gözəl cavab verdiniz. Lakin mərifətli və ehtiyatlı adam həm özündən aşağı, həm də özündən yuxan vəzifəli adamlarla məsləhətləşməlidir. Bir ağıl xüsusi məsələləri həll etməkdə bəs olmadığı kimi, ümumi məsələləri həll etməkdə də kifayət etməz. Mənim Dəbşəlim şahla görüşmək qərarım düzgündür.
Mən sizin çıxışlarınızı dinlədim, sizin mənə səmimi dost olduğunuzu, eləcə də, həm mənim həyatım, həm də öz həyatınız üçün narahat olduğunuzu anladım. Lakin mən bir tədbir fikirləşib, bir qərar qəbul etmişəm ki, siz onun nəticəsini mən padşahla görüşüb söhbət etdikdən sonra biləcəksiniz. Şahın sarayından qayıtdığımı eşitsəniz, mütləq mənim yanıma toplaşın.
Beydəba dostlarının xudahafızləşməsinə icazə verdi. Onlar xeyir-dua etdikdən sonra xudahafizləşib ayrıldılar. Beydəba şah Dəbşəlimin yanına getmək üçün gün təyin etdi. Müəyyən edilmiş gün çatdıqda o, brəhmənlərə məxsus abid paltarı geyinib padşahın sarayına yollandı. Şahın eşik ağasını axtarıb tapdı, ona salam verib dedi ki, çox xeyirli bir iş üçün şahı görməlidir. Eşik ağası şahın yanına gəlib, icazə istədi. Həmin gün şahın boş günü idi, icazə verdi. Beydəba içəri girib, şahın qarşısında durdu, ona baş əyib təzim etdi, sonra qəddini düzəldərək susmuş halda dayandı və bir kəlmə də olsun danışmadı. Şah Dəbşəlim onun susmasını gördükdə fikrə gedib öz-özünə dedi: «Bu filosof yalnız iki məqsəd üçün mənim yanıma gələ bilər: ya öz vəziyyətini yaxşılaşdırmaq üçün bir şey almaq istəyir, ya da elə bir bədbəxtlik üz verib ki, o, bunun qarşısında acizdir. Yardım göstərəcək bir adam tapa bilmir. Ona görə mənə pənah gətirib ki, mən onun düşməninə ən ağır və ən işgəncəli cəza verim. Sonra o dedi: «Yox, filosoflar belə iş görməzlər. Şahlar hakimiyyətcə filosoflardan üstün olsalar da, filosoflar öz müdriklikləri ilə şahlardan daha çox üstündürlər, çünki filosofun şaha ehtiyacı yoxdur, şahlar isə dövlətli olmalarına baxmayaraq alimsiz keçinə bilmirlər. Mən ağıl ilə həyanı ən yaxın və ayrılmaz dost hesab edirəm, biri itdikdə o birini də tapmaq olmur. İnsanlar və heyvanlar arasında olan səmimi dostlar da belə olur. Biri öz yoldaşını itirdikdə bütün ömrü boyu onun üçün qüssələnir və kədərlənir. Kim alimlərdən həya etməsə, onlara hörmət göstərməsə, onların üstünlüyünü etiraf etməsə,