Скачать книгу

qızını vermək istəmir Vəliquluya və bir də Zeynəbə və Vəliquluya sifariş göndərdi ki, mərhum Kərbəlayı Heydərin ona, yəni Xudayar bəyə iki yüz manat höccətli borcu var, tezliknən düzəldib versinlər ki, dəxi şikayət-mikayət olmasın. Zeynəb Xudayar bəyə cavab göndərdi ki, əgər o qızını Vəliquluya vermək istəmir, heç o da onun qızını almır oğluna. Və bir də ki, əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana, divandan da pulunu alsın.

      Vəliqulunun bu əhvalatdan heç xəbəri yox idi; çünki o günü Vəliqulu çöldə idi, zəmiyə toxum səpirdi. Çöldən evə qayıdıb və malları tövləyə qatıb girdi evə və anasını dilxor görüb, təəccüblə səbəbini soruşdu.

      Zeynəb bucaqda diz üstə oturub, əlində corab toxuyurdu. Zahirən çox qəmgin görsənirdi. Zeynəbin sol səmtində Fizzə qızı yanını verib yerə, diqqət ilə baxırdı anasının üzünə. Kənarda quru yerdə Ziba qızı öz-özünə bir zad oynayırdı. Vəliqulu içəri girən kimi Zeynəb bir baxdı oğlunun üzünə, genə başını saldı aşağı və sağ əli ilə çarğatını gözlərinin üstə aparan kimi Vəliqulu başa düşdü ki, anası ağlayır. Vəliqulu gəlib oturdu bir səmtdən və qıçlarını uzadıb, yorğun adam kimi dayandı divara.

      – Ana, nə qayırırsan, ağlayırsan?

      Zeynəb başını qaldırdı oğluna səmt. Gözlərinin yaşı sübhün şehi kimi kipriklərini islatmışdı.

      – Xeyr, bala, ağlamıram. Niyə ağlıyıram?

      Görükən budur ki, Zeynəb ciddi-cəhd eləyirdi ağlamağını büruzə verməsin ki, oğlunun ürəyi sıxılsın. Amma səsindən əlüstü duymaq olardı ki, Zeynəb çox ağlayıbdı.

      Fizzə dikəlib oturdu və üzünü tutub qardaşına və doluxsunub dedi:

      – Dadaş, vallah, anam yalan deyir. Anam bayaqdandı elə ağlıyır. Elə biz hamımız ağlıyırıq. Bayaq…

      Qızın görükür ki, genə sözü var idi desin, amma anası qoymadı.

      – Yaxşı, yaxşı, bildilər ta. Yalan danışma. Yox, vallah, Vəliqulu, bir zad yoxdu. Elə tək qaldım, bir az ürəyim sıxıldı, ağlamağım tutdu; yoxsa bir şey yoxdu.

      – Ana, mən deyirəm sənin yasın qiyamətə kimi qurtarmıyacaq. Rəhmətliyin qızı, bu qədər də ağlamaq olar sən ağlıyırsan? Bir bax gör dadaşım neçə ildi ölübdü.

      – Dadaş, bir arvad gəldi, dedi əmin Gülsümü vermir sənə, onunçün ağladı.

      Zeynəb bərk acıqlandı Fizzənin üstünə:

      – Dur itil cəhənnəmə, fizzə! Dur, dur get!

      Fizzə ayaq üstə durub, genə oturdu yerə.

      Vəliqulu çox təəccüb ilə üzünü tutdu anasına:

      – Ana, vallah sənin sözün var, amma bilmirəm nə səbəbə demirsən. Bu nə sözdu ki, Fizzə deyir? Bura gələn arvad kim idi?

      – Bura gələn arvad Səkinə xala idi; Xudayar bəy göndərmişdi. Deyir ki, Xudayar bəy deyir, əvvəla, qızımı vermirəm Vəliquluya və bir də guya Kərbəlayı Heydərin mənə iki yüz manat borcu var, versinlər ki, şikayət-zad olmasın.

      On dəqiqə ana və oğul hər ikisi sakit oldular. Fizzə də irəliki yerində yanını yerə verib, təəccüb ilə baxırdı gah anasının və gah qardaşının üzünə. Ziba bucaqda bir zad oynadıb öz-özünə oxuyurdu. Vəliquluya Zibanın oxumağı çox naxoş gəldi; çünki elə onsuz da onun qaşqabağı acıqlı görsənirdi. Ancaq bəhanə axtarırdı hirsini büruzə versin. Vəliqulu Zibanın üstə bu tövr acıqlandı.

      – İtin qızı it, sən də vaxt tapdın oxumağa! Bizim kefimizə bax, bunun kefinə bax. Cəhənnəm ol qoy get eşiyə!

      Ziba qardaşının səsini eşitcək dik qalxdı ayaq üstə və anasına səmt baxıb, hər iki əlini üzünə aparıb, başladı ağlamağı. Bu ağlamaqlığı ilə güya Ziba anasından kömək istəyirdi. Qız yəqin bilirmiş ki, anası köməyə gələcək.

      – Bala, ağlama-ağlama, gəl yanıma, gəl. Bizim çırağımız o vədə keçdi ki, atanız öldü. Gəl, gəl, gəl otur yanımda…

      Vəliqulu bir söz danışmayıb, başını salmışdı aşağı və əlində bir çöp oynadırdı. Fizzə bacısı Ziba kimi əllərini gözlərinin üstə qoyub, həmçinin ağlamağa başladı. Vəliqulu üzünü anasına çöndərib sual elədi:

      – Ana, bə sən Səkinə xalaya nə cavab verdin?

      Anası bir cavab vermədi… Uşaqlar səslərini kəsib, yavıqlaşdılar analarının yanına. Ziba keçib otdu anasının qucağında. Fizzə də sağ tərəfdən anasını qucaqlayıb, təəccüblə baxırdı qardaşının üzünə. Zeynəb bir cavab vermədi; amma Vəliqulu dəxi bərk səs ilə dübarə soruşdu:

      – Axı mən səndən söz xəbər alıram. Qulaqların kardı, eşitmirsən?

      – Nə deyəcəkdim?! Dedim ki, Kərbəlayı Heydərin əgər ona borcu var, qoy kağızını qoysun divana.

      Zeynəb sakit oldu və Vəliqulu dübarə sual elədi:

      – Elə bircə bu?

      – Bə dəxi nə olacaq ki?

      – İndi sən bilmirsən mən səndən nə soruşuram, ana?

      – Bala, sən soruşdun, mən də cavab verdim. Ta dəxi məndən nə istəyirsən?

      – Bə Gülsümdən yana nə cavab verdin?

      – Mən nə cavab verəcəkdim?! Gülsümün mən vəkili deyiləm ki! Ata verməyəndən sonra dəxi mən nə deyəcəyəm? Dedim ki, əgər o qızını mənim oğluma vermək istəmir, mən də heç almıram. Daha nə deyəcəkdim?

      Vəliqulu zahirən artıq qeyzləndi və bu cür anasına dedi:

      – Yaxşı, bə sən bilirsən ki, Gülsümə vəkillik eliyə bilməzsən, pəs mənə necə vəkillik edirsən?

      Zeynəb təəccüb ilə cavab verdi:

      – Axı sən mənim oğlumsan. Gülsüm mənim ki, qızım deyil.

      – Yaxşı deyirsən, ana. Amma oğul qədri bilən anıya, gəlin qızdan irəlidir. Sən bu sözləri nahaq yerə deyirsən.

      Vəliqulu sözü belə gətirdi ki, Zeynəb cavab tapmadı desin. Dübarə Vəliqulu başladı:

      – İndi ki, belədir, mən gərək ayrılam. Mən görürəm ki, səninlə yola gedə bilmiyəcəyəm. Allah atana rəhmət eləsin. Məni elə ayır. Qoyun gedim özgə yanda olum.

      Zeynəb ağlaya-ağlaya üzünü tutdu Vəliquluya:

      – Bala, Vəliqulu, yadındadı ki, atan öləndə sən mənə təskinlik verirdin ki, ana, ağlama, mən bir dəqiqə qoymaram sənin ürəyin sıxılsın? Pəs niyə sözünün üstə durmursan?

      – Axı bir sən mənim ürəyimi sıxma ki, mən də sənin ürəyini sıxmayım.

      – Bala, qadan alım, mən niyə sənin ürəyini sıxıram? Xudayar bəy Gülsümü vermir, mən belə sənə Gülsümdən yaxşı qız alaram. Dəxi ürəyini niyə sıxırsan?

      – Vallah, ana, mən onu-bunu bilmirəm; gərək kişinin pulunu verəsən, elə bu saat aparıb verim. Kişinin sözü haqdır. Mənim yadımdadır atamın ondan borc eləməkliyi.

      – Bala,

Скачать книгу