Скачать книгу

dirədilər, sonra bir neçə addım geri çəkilib avtomatlarının çaxmağını çəkdilər. Deməli, ölüm bu cür olurmuş, bizim ölümümüz… Onu artıq bir neçə saniyədən sonra qarşılayacağıq. Sonra kəllələri dağılmış şəkildə, qan gölü içində səhərəcən uzanıb qalacağıq, ta ki anamla bacılarım hadisədən xəbər tutub bura qaçıb gələcəklər. Tanışlarımız bizi gec saatda buraxdıqları üçün özlərini yeyib bitirəcəklər. Beynimdən bax bu cür fikirlər gəlib-keçdi, amma mən yenə də sanki nə baş verdiyini dərk etmirdim. Kiminsə pıçıldadığını eşitdim:

      – Bu sondur!

      Yalnız bir an sonra anladım ki, bu mənim öz səsimdir. Kimsə hündürdən ağlayırdı. Mən başımı çevirib fənər işığında yaş asfaltda dizi üstə dayanmış atamı gördüm. O, hönkürə-hönkürə jandarmlara yalvarırdı ki, bizi öldürməsinlər. Necə belə alçala bilirdi ki?! Henrik atamın üzərinə əyilib qulağına nəsə pıçıldadı və onu ayağa qaldırmağa çalışdı. Həmişə öz sarkazmı ilə seçilən qardaşım sanki həmin an şəfqət təcəssümünə çevrildi. Onu heç vaxt belə görməmişdim. Yəqin, bu günəcən daxilində iki adam daşıyırmış və mən ikincisini, ondan tamamilə fərqlənəni əvvəllər tanımış olsaydım, biz hər dəqiqəbaşı dalaşmaz, bir-birimizlə əla dil tapardıq. Mən yenə üzümü divara çevirdim. Vəziyyət ümidsiz idi. Atam ağlayır, Henrik onu sakitləşdirməyə çalışırdı, almanlarsa avtomatlarını bizə tuşlamışdılar. Fənər işığı gözlərimizi qamaşdırdığından onları görə bilmirdik. Birdən hansısa an ölümün bizdən yan keçdiyini anladım. Bu, qeyri-iradi şəkildə baş verdi. Onlardan biri bağırdı:

      – Peşəniz?

      Henrik sanki xüsusi heç nə baş verməyibmiş kimi qeyri-adi soyuqqanlılıqla hamımızın əvəzinə cavab verdi:

      – Biz musiqiçiyik.

      Jandarmlardan biri yaxınlaşıb boynumdan tutdu və elə qəzəblə silkələdi ki, sanki bizi öldürmək fikrindən özü vaz keçməyib.

      – Bəxtiniz gətirib ki, mən də musiqiçiyəm! – sonra elə ilişdirdi ki, zərblə divara dəydim. – Cəhənnəm olun burdan!

      Biz irəli qaçıb mümkün qədər tez zülmətə qarışmağa tələsdik, yetər ki fənər işığından qurtula bilək. Axı jandarmlar fikirlərini dəyişə də bilərdilər. Uzaqlaşarkən arxada mübahisənin qızışdığını eşitdik. Digər iki jandarm xilaskarımızı layiq olmadığımız halda bizə acıdığına görə məzəmmət edirdi. Axı günahsız almanların həlak olduğu bu lənətə gəlmiş müharibə şəksiz bizim ucbatımızdan başlamışdı.

      Almanlar varlandıqları sürətlə də cəhənnəmə vasil olsaydılar, nə vardı ki! Alman quldur dəstələri hər ötən gün daha tez-tez yəhudilərin yaşadıqları mənzillərə soxulur, bütün qiymətli əşyalarını və mebeli mənimsəyir, onları yük maşınlarına dolduraraq aparırdılar. Qorxuya düşmüş insanlar dəyərli hər şeydən qurtulmağa çalışır, evdə yalnız diqqəti cəlb etməyəcək ən sadə şeyləri saxlayırdılar. Biz də bacardığımız qədər çox şeyi satdıq, amma bunu basqın qorxusu altında etmədik, sadəcə, vəziyyətimiz günü-gündən pisliyə doğru gedirdi. Ailədə heç birimizin alverçi bacarığı yox idi. Regina bəxtini sınadı, amma onda da heç nə alınmadı. Bacım bir hüquqşünas kimi çox ədalətli idi, ona görə də bazara çıxardığı əşyanı dəyərindən ikiqat artığa sata bilmirdi. Odur ki tezliklə ticarət fikrindən vaz keçdi və repetitorluğa başladı. Atam, anam və Qalina musiqi dərsləri, Henriksə ingilis dili dərsi keçirdi. O zaman bircə mən özümü işləməyə məcbur edə bilmirdim. Dərin bir depressiyaya düşmüşdüm, nadir hallarda bəstələdiyim konsertino üçün instrumentovka5 ilə məşğul olurdum.

      Noyabrın ikinci yarısında almanlar heç bir izah vermədən Marşalkovskaya küçəsinin şimal hissəsini tikanlı məftillə çəpərləməyə başladılar. Ayın sonunda isə əvvəl-əvvəl heç kəsin inanmaq istəmədiyi bir elan gözə dəydi. Nə qədər qara düşüncələrə qərq olsaq da, bu qədərini gözləmirdik: bütün yəhudilər dekabrın 1-dən başlayaraq üzərinə ağ-mavi rəngdə Davud ulduzu tikilmiş ağ sarğılar taxmalıydı. Son müddət dekabrın 5-i idi. Beləcə, qolumuzda nümayişkaranə damğa daşımaqla «kəsilməyə göndərilən mal-qara» kimi kütlədən seçilməliydik. Bu, yüz illər boyunca humanizmə doğru gedən bəşəriyyətin qət etdiyi yolun üzərindən qalın bir xətt çəkmək idi. Bu, qaranlıq orta əsrlərdə tətbiq edilən amansız, alçaldıcı üsullara qayıdış idi.

      İndi ziyalı yəhudi tanışlarımızın çoxu könüllü şəkildə həftələrlə ev dustağı vəziyyətinə qatlaşırdı. Heç kəs qolunda sarğı küçəyə çıxmağa cürət etmirdi. Evdən çıxmaq qaçılmaz olanda sezdirmədən ötüb-keçməyə çalışır, baxışlarımızı yerə zilləyir, həm ağrı çəkir, həm də xəcalət təri tökürdük.

      Uzun olduğu qədər ağır qış ayları gəldi. Sanki şaxta da qəsdimizə durur və almanlara varşavalıları təqib etməkdə yardımçı olurdu. Havanın temperaturu həftələrlə elə aşağı düşürdü ki, Polşanın ən qocaman sakinləri belə sonuncu dəfə nə zaman bu cür sərt qış keçirdiklərini xatırlaya bilmirdi. Kömür əldə etmək, demək olar ki, mümkün deyildi, onun qiyməti günü-gündən kəlləçarxa qalxırdı. Yadımdadır, elə günlər olurdu ki, buz kimi mənzildə tək əlacımız yataqdan qalxmamaq olurdu.

      Ən şaxtalı günlərdə Polşanın qərb vilayətlərindən Varşavaya yəhudilərlə dolu qatarlar gəlməyə başladı. İnsanların çoxu elə yoldaca tələf olmuşdu. Doğma yurdlarından didərgin düşmüş və uzun yol qət etməli olan biçarələri soyuq vaqonlarda ac-susuz gətirirdilər. Vaqonlar təyinat yerinə çatanda gətirilənlərin yarısından azı sağ qalırdı, onların da çoxu ağır şəkildə donmuş olurdu. Ölənlərin meyitləri yer darısqal olduğundan məcburən bir-birinə sıxılmış sağ qalanların arasında dimdik durur, vaqonların rəzələri açılan kimi isə yerə yumbalanırdılar.

      Sanki bundan daha betər heç nə baş verə bilməzdi. Amma bu yəhudilərə belə gəlirdi. Nasistlər tam fərqli düşünürdülər. Alman prinsiplərinə uyğun olaraq günü-gündən güclənən terror yeni sərəncamlara imza atdı. Birinci sərəncama görə, yəhudilər həbs düşərgələrinə işə getməli idilər. Biz orda «ari irqinin sağlam vücudunda parazit»liyin daşını atmaq üçün zəruri ictimai tərbiyə almalı idik. Düşərgəyə on iki yaşından tutmuş altmış yaşınadək sağlam kişilər və on dörd yaşından qırx beş yaşınadək qadınlar yollanmalı idilər. İkinci sərəncam qeydiyyat və göndərilmə ilə bağlı idi. Almanlar bununla özləri məşğul olmaq istəmirdilər və onu yəhudi icmasına tapşırmaq qərarına gəlmişdilər. Biz özümüz özümüzün cəlladı olmalı, öz sonumuzu özümüz müəyyənləşdirməli, belə demək mümkündürsə, almanların qanuniləşdirdiyi intiharı gerçəkləşdirməli idik. Göndərilmə yazın əvvəlinə planlaşdırılmışdı.

      Yəhudi icması ziyalıları qorumaq üçün əlindən gələni əsirgəməməyi qərara aldı. Min zlotı qarşılığında siyahıya salınmış adamın adı silinir və hər hansı bir yəhudi proletarı ilə əvəzlənirdi. Şübhəsiz ki, min zlotının hamısı bu bədbəxtlərin əlinə düşmürdü: həyatlarını araq və məzə ilə bəzəmələri üçün icma rəhbərlərinin həmçinin pula ehtiyacları vardı.

      Nəhayət,

Скачать книгу


<p>5</p>

İnstrumentovka – bir musiqi əsərini orkestrdə çalmaq üçün uyğunlaşdırma