Скачать книгу

nişanlayır, diktor konserti elan edən kimi radiostansiyanı daha güclü şəkildə atəşə tuturdular.

      Əhalinin sabotaj qarşısında qorxusu son həddə çatmışdı. Heç bir araşdırma aparılmadan hər kəs sabotajda günahlandırıla və güllələnə bilərdi.

      Köçdüyümüz evin beşinci mərtəbəsində musiqi müəlliməsi yaşayırdı. Müəllimənin nə soyad – Hoffer, nə də xasiyyət sarıdan bəxti gətirməmişdi: qadın heç nədən qorxmurdu. Onun cəsurluğu daha çox əcaib xarakter daşıyırdı. Heç bir hava basqını bu qadını sığınacağa düşməyə, ya da hər səhər royalda iki saat davam edən məşqlərdən əl çəkməyə məcbur edə bilməzdi. O, eyvanında qəfəsdə oturmuş quşlara özünəməxsus inadkarlıqla gündə üç dəfə dən verirdi. Mühasirəyə alınmış Varşavada bu cür həyat tərzi çox qəribə görünürdü. Hər gün dalandarın otağına siyasi müzakirəyə yığışan qulluqçu qadınlar bunu olduqca şübhəli hərəkət kimi qələmə verdilər. Onlar uzun sürən məşvərətdən sonra belə bir nəticəyə gəldilər ki, yad soyadlı bu müəllimə, şübhəsiz ki, almandır və o, royalda öz ifası ilə düşmən aviasiyasına hara bomba atmaq lazım gəldiyi barədə şifrlənmiş siqnallar ötürür. Biz məsələnin fərqinə varmağa macal tapmamış gözlərini qan tutmuş arvadlar qadının mənzilinə soxulub onu zorla aşağı sürüdülər və quşlarla – casus fəaliyyətinə dair maddi sübutlarla birgə zirzəmilərdən birinə itələdilər. Bununla da özləri də bilmədən müəllimənin həyatını xilas etmiş oldular: bir neçə saatdan sonra qadının mənzili alman mərmisinin növbəti qurbanına çevrildi.

      Sentyabrın 23-də mən sonuncu dəfə Polşa radiosunun mikrofonu qarşısında çıxış etdim. Radiostansiyaya necə çatdığımı heç özüm də bilmirəm. Yaxınlıqda bomba səsinin eşidilmədiyinə əmin olandan sonra yerimi dəyişə-dəyişə, elə hey evlərin alaqapısının altında gizlənə-gizlənə, üstəlik, qaça-qaça gedirdim. Radionun qapısı ağzında Varşava prezidenti Stajinski ilə toqquşdum. Səliqəsiz geyinmişdi, taraşlanmamış üzündən ölümcül yorğunluq yağırdı. Stajinski artıq bir neçə gün idi ki, yuxusuz idi. O, şəhər müdafiəçilərinin döyünən qəlbi və qəhrəmanı idi. Onun çiyinlərində Varşavanın taleyinə görə məsuliyyət yükü dururdu. Prezident eyni zamanda az qala hər yerdə idi: müdafiənin ön xəttini yoxlayır, səngərlər qurur, xəstəxanalara baş çəkir, azuqə ehtiyatının ədalətli şəkildə bölüşdürülməsinə nəzarət edir, hava hücumundan müdafiə və yanğınsöndürmə dəstələri hazırlayır, bütün bunlardan sonra varşavalılara gündəlik radiomüraciətlər etmək üçün də vaxt tapırdı. Hər kəs onun çıxışlarını səbirsizliklə gözləyir və müsbət enerji alırdı. Əgər prezident ruhdan düşmürdüsə, qorxaqlıq etməyə və təlaşlanmağa əsas yox idi. Üstəlik, hadisələrin gedişatı da o qədər acınacaqlı deyildi. Fransızlar «Ziqfrid xətti»nin qarşısını kəsmişdilər, ingilislər Hamburqu bombalayırdılar, yəqin ki, lap yaxınlarda Almaniyaya hücuma keçəcəkdilər. Hər halda, hamı bu cür düşünmək istəyirdi.

      Həmin gün Şopeni ifa etməli idim. Bu, Polşa radiosunda konsertin sonuncu canlı yayımı idi, amma biz hələ bundan xəbərsiz idik. Studiyanın lap yaxınlığına bombalar yağır, qonşu evlər yanırdı. Qulaqbatırıcı gurultu səsindən royalda öz ifamı, demək olar, eşitmirdim. Konsertdən sonra evə yollanmaq üçün düz iki saat artilleriya atəşinin yavaşımasını gözləməli oldum. Valideynlərim, bacılarım və qardaşım artıq başıma nəsə gəldiyini düşünürdülər. Odur ki məni sanki o dünyadan qayıdıbmışam kimi qarşıladılar. Bircə evdəki qulluqçu hesab edirdi ki, təlaşlanmağın heç bir mənası yoxdur. Qadın fikrini bu cür əsaslandırdı: «Əgər sənədləri üstündədirsə, onsuz da onu evə gətirəcəkdilər…»

      Həmin gün saat 4-də radio susdu. Raxmaninovun do-minor konsertinin lent yazısını verirdilər. Alman bombası elektrik stansiyasına tuş gələndə və şəhərdəki reproduktorlar susanda dinclik dolu ikinci hissə başa çatmaq üzrə idi. Axşam şiddətli artilleriya atəşinə baxmayaraq orkestrlə fortepiano üçün konsertino bəstələməyə çalışdım. Mən sonralar da, əslində, düz sentyabradək onun üzərində işləməyə cəhd etdim, hərçənd bu, günü-gündən daha çətin başa gəlirdi.

      Şər qarışandan sonra pəncərədən boylandım. Alov işığına qərq olmuş küçə bomboş idi, müntəzəm partlayış səsləri onu lərzəyə gətirirdi. Solda Marşalkovskaya, arxamda Krulevskaya və Qjibovskaya meydanı, qarşıda Sennaya küçəsi od tutub yanırdı. Al-qırmızı tüstü burumları evlərin üzərindən göyə doğru qalxırdı. İşlək yola və səkilərə alman vərəqələri səpələnmişdi, heç kəs onları götürmür, zəhərli olduğunu deyirdilər. Küçə fənərinin yanında iki meyit vardı: birinin qolları geniş açılmış, digəri isə sanki yatmaq üçün uzanmışdı. Evimizin darvazasının ağzında başı bədənindən ayrılmış və qolu qopmuş qadın meyiti sərilib qalmışdı. Yanında üzüaşağı çevrilmiş vedrə vardı. Yəqin, kolonkadan su daşıyırmış. Meyitdən axan tündrəngli qan şırnağı qanova, ordan da kanalizasiya barmaqlığına axıb gedirdi.

      Velka küçəsi tərəfdən Jelyaznaya ilə yavaş-yavaş təkatlı fayton gedirdi. Onun bura necə gəlib çıxdığı və atla faytonçunun sanki ətrafda heç nə baş verməyibmiş kimi özlərini niyə sakit aparması mənə qaranlıq qaldı. Faytonçu Sosnovaya küçəsinin kəsişməsində atın cilovunu çəkib hara burulacağını götür-qoy etdi. Azacıq düşünəndən sonra düz getmək qərarına gəldi və bu dəfə ata bir qamçı vurdu. Heyvan yavaş-yavaş irəliləməyə başladı. Onlar heç on metr getməyə macal tapmamış fit və gurultu səsləri eşidildi. Güclü partlayış gözlərimi qamaşdırdı, handan-hana qaranlığa öyrəşəndən sonra faytonun yox olduğunu gördüm. Geriyə evlərin divarlarının altına səpələnmiş qırıq-qırıq taxta parçaları, dişlə3 və üzlük4 qalıqları, faytonçu ilə atın tikələri qalmışdı. Halbuki o, Sosnovaya küçəsinə burula bilərdi…

      Sentyabrın 25-i və 26-da dəhşətli günlər başladı. Partlayış səsləri fasiləsiz uğultularla birləşmiş, alçaqdan uçan təyyarələrin elektrik burğusunun səsini xatırladan küyü də onlara qarışmışdı. Hər deşikdən özünə yol tapan toz və tüstü dumanı küçədən mümkün qədər uzaqda, zirzəmilərdə, ya da mənzillərdə gizlənən adamlara rahat nəfəs almağa imkan vermirdi.

      Həmin günlər necə sağ qaldığımı heç özüm də bilmirəm. Dostlarımızın yataq otağında birgə gizləndiyimiz adam düz yanımdaca bomba qəlpəsindən həlak oldu. Təxminən iki sutka on adamla birgə darısqal ayaqyolunda gizlənməli olduq. Bir neçə həftə sonra bura necə pərçimləndiyimizi heç cür anlaya bilmədik və bunu təkrarlamağa çalışdıq, amma, sən demə, normal vəziyyətdə ora səkkiz nəfərdən artıq sığa bilmirmiş.

      Sentyabrın 27-də, çərşənbə günü Varşava təslim oldu. Cəsarətimi toplayıb küçəyə çıxa bilməyim üçün mənə iki gün lazım gəldi. Evə ümidsiz vəziyyətdə qayıtdım: Varşava artıq mövcud deyildi.

      Novıy Svyat küçəsi evlərin xarabalıqlarının arasından keçən dar cığıra çevrilmişdi. Hər dörd yolayrıcında başıaşağı çevrilmiş tramvaylardan və yerindən qopmuş səki daşlarından ibarət barrikadaları ötüb-keçmək lazım idi. Bəzi evlərin xarabalıqları hələ də tüstülənirdi. Meyitlər küçələrdəcə çürüyürdü.

Скачать книгу


<p>3</p>

Dişlə – arabaya qoşulmuş qoşa atın arasında olub qabaq təkərlərin oxuna bənd edilən uzun ağac (red.)

<p>4</p>

Üzlük – faytonun üzərinə çəkilmiş örtük (red.)