Скачать книгу

arxanıza tualet kağızı qoyub qan kəsənədək belə gəzmək lazımdır. Qanaxma qadın aybaşısını xatırladır, zəif olur və iki-üç gün davam edir. Sonra kəsir. Bəlli olur ki, sizə elə də böyük ziyan vurmayıblar. Heç bir fiziki zədə dəyməyib. Amma zorlama – zorlama olaraq qalır, sizə qarşı qeyri-təbii bir hərəkət ediblər və indən belə bununla necə yaşayacağınıza qərar verməlisiniz.

      Endi bütün bunlardan təkbaşına keçmişdi. Həmin gün baş verənlərin əzabını da təkbaşına çəkmişdi. Onun vəziyyətinə düşən hər bir adam kimi o da belə qənaətə gəlmişdi: “bacılar”la ünsiyyətin iki yolu var – ya onlara təslim olursan, ya da mübarizəni davam etdirirsən.

      O, mübarizə aparmaq qərarına gəlmişdi. Hadisədən bir həftə sonra Boqs dəstəsindən olan iki yaramazla birlikdə ona yaxınlaşanda Endi fikirləşmədən Ruster Makbrayd adlı birinin burnunun üstündən yapışdırmışdı. İri alt çənəsi və ensiz alnı olan bu fermer ögey qızını ölənə qədər döydüyünə görə bura düşmüşdü. Onun Şauşenkdən çıxmamış öldüyünü cəmiyyət üçün xoşbəxtlik hesab etmək olar.

      “Bacılar”ın üçü də Endiyə hücum çəkmişdi. Ruster və daha biri (ola bilsin, bu, Pit Verness imiş, amma səhv də edə bilərəm) Endini diz çökdürmüşdülər. Boqs Daymond onun qabağında dayanmışdı. Boqsun əlində sədəf dəstəkli ülgüc var imiş. Dəstəyin hər iki tərəfində onun adı yazılıbmış. Boqs ülgücü əlində oynada-oynada demişdi:

      ‒ Bura bax, oğlan. İndi mən sənin ağzına bir şey verəcəyəm. Sonra mister Ruster də belə edəcək. Düşünürəm, sən bizi məmnun edəcəksən. Bir halda ki ehtiyatsızlıq edib Rusterin burnunu dağıtmısan, indi gərək necəsə bunun əvəzini ödəyəsən.

      ‒ Mənə verəcəyiniz hər şeyi həmişəlik itirəcəksiniz, ‒ Endi sakitcə cavab qaytarmışdı.

      Həmin gün camaşırxanada olan Erni sonralar danışırdı ki, Boqs qarşısında ağlını itirmiş bir adam görürmüş kimi gözlərini Endinin üzünə zilləmişdi. Sonra isə tələsmədən – sanki qanmaz uşağa nəsə anlatmağa çalışır – demişdi:

      ‒ Yox, sən məni başa düşmədin. Əgər dartınmağa cəhd etsən, bu ülgücün dadını görəcəksən. İndi anladın?

      ‒ Mən sizi anladım. Amma qorxuram ki, siz məni anlamamısınız. Dedim ki, mənim ağzıma nə soxsanız, dişləyəcəm. Ülgücə gəldikdə isə, nəzərə almaq lazımdır ki, kəskin ağrı qurbanın qeyri-ixtiyari olaraq həm daldan, həm qabaqdan şalvarını batırmasına və… çənəsinin möhkəm qapanmasına gətirib çıxarır.

      O, Boqsa baxıb özünəxas tərzdə, güclə sezilən istehza ilə gülmüşdü. Elə bil bu dəstə onu zorlamaq üçün yox, insan reflekslərini müzakirə etmək üçün yığışıbmış. Sanki iki pəzəvəng onu qollarından tutub anbarın çirkli döşəməsinə çökdürməyibmiş, Endi öz xoşuna, əynində yun dəst kostyum, boynunda qalstuk gəlib burada dizlərini yerə qoyubmuş.

      ‒ Yeri gəlmişkən, ‒ Endi sözünə davam edibmiş, ‒ eşitmişəm, bu refleks özünü elə güclü şəkildə büruzə verir ki, qurbanın çənəsini yalnız dəmir linglə aralamaq mümkün olur. Yoxlaya bilərsiniz, amma məsləhət görməzdim.

      Boqs 1948-ci ilin həmin fevral gecəsində Endinin ağzına heç nə vermədən ondan əl çəkibmiş. Ruster Makbrayd da belə edibmiş.

      Hərçənd üçlükdə Endini möhkəm əzişdirdiklərinə görə “bacılar”ı karserə salmışdılar. Endi ilə Ruster isə sonra tibb məntəqəsinə düşmüşdülər.

      Bildiyimə görə, daha heç kim və heç vaxt belə bir eksperiment keçirməyə cürət etməyib.

      Sonra bu uşaqlar istədiklərini Endidən almağa neçə dəfə cəhd göstəriblər? Bilmirəm. Amma onu bilirəm ki, Makbrayd həvəsdən tez düşdü: əzilmiş burnu bu cür əyləncələrə marağını öldürdü. Yayda Boqs Daymond da əl çəkdi.

      Boqsun başına qəribə bir əhvalat gəldi. İyulun əvvəlləri idi. Bir gün səhər yoxlama zamanı o gəlib çıxmadı. Boqsu öz kamerasında yarıhuşsuz, möhkəm döyülmüş vəziyyətdə tapdılar. Boqs nə baş verdiyini, kimlər tərəfindən döyüldüyünü, kənar adamların onun kamerasına necə girdiklərini demədi, amma mənim üçün hər şey aydın idi. Gözəl bilirdim ki, müəyyən məbləğ qarşılığında mühafizəçi zabit sizə hər cür xidmət göstərər. Bəlkə, bircə silah satmaz. Böyük pul tələb olunmurdu, elə indinin özündə də qiymətlər baha deyil. O vaxtlar həbsxananın hər küncünü nəzarətdə saxlayan elektron sistem, gizli kameralar yox idi. Həmin illərdə, o cümlədən 1948-ci ildə əlində bütün bölmə və yaşayış kameralarının açarları olan gözətçi kimi istəsən içəri buraxa bilərdi. Hətta iki-üç adamı da buraxardı. Hətta Boqsun kamerasının qapısını da onların üzünə açardı.

      Əlbəttə, bizdə qiymətlər həbsxananın hüdudlarından kənarda mövcud olan dünyanın standartlarına görə çox baha sayılmırdı. Amma bir şey də var ki, burada əlinizdə olan bir dollar azadlıqdakı iyirmi dollara bərabərdir. Mənim hesablamalarıma görə, Boqsun başına belə oyun açmaq çox da ucuz başa gəlməzdi. Bölmə və kameranın qapısını açmaq üçün əlli dollar, dəhlizdəki gözətçilərin də hərəsinə bir-iki dollar vermək lazım idi.

      Mən bu işdə Endi Düfresnin əli olduğunu iddia etmirəm, amma onun içəri beş yüz dollar gətirdiyini bilirəm. Özü də əvvəllər bankda işləyib. Belə adam pulu gerçək hakimiyyətə çevirməyin yollarını hamıdan yaxşı bilir. Boqs döyüləndən sonra – onun üç qabırğası qırılmış, gözü partladılmış, omba sümüyü yerindən oynamış, bir də, deyəsən, yumşaq yerində problemlər yaranmışdı – Endidən əl çəkdi. Demək lazımdır ki, o hamıdan əl çəkdi: çox hürən, amma dişləməyən, tükü tökülmüş sandıqtulalarına oxşamağa başladı və “zəif bacılar” sinfinə keçdi.

      VI fəsil

      Boqs Daymondun həyasız iddiaları beləcə sona çatdı. Əgər Endi ehtiyat tədbirləri görməsə idi, bu adam onu öldürə də bilərdi. Mənim fikrimcə, Daymondun başına gətirilən işdə Endinin əli var idi. “Bacılar”la bağlı əhvalat səngisə də, bununla bitmədi. Çaqqallar asan ovlaya biləcəkləri şikar axtarırdılar, Endi Düfresn isə özünü bu rola uyğun gəlməyən bir adam kimi göstərmişdi. Ətrafda qurbanlıq xeyli başqa adamlar var idi və “bacılar” uzun müddət Endidən birdəfəlik əl çəkmək istəməsələr də, ona olan maraqlarını azaltdılar.

      Xatırladığıma görə, Endi onlarla daim mübarizə aparıb. Bircə yol onlara döyüşsüz təslim olsanız, növbəti dəfə özlərini daha inamlı hiss edəcəklər. Mövqenizi əldən verməməlisiniz. Endi hərdən adam içində üzü göyərmiş halda peyda olurdu. “Daymond əhvalatı”ndan yarım il sonra “bacılar”la növbəti görüş nəticəsində onun iki barmağı sınmışdı. 1949-cu ildə isə parçaya bükülmüş dəmir boru ilə vurulduqdan sonra tibb məntəqəsində xeyli istirahət etməli olmuşdu. O, daim mübarizə aparmış və vaxtının xeyli hissəsini karserdə keçirmişdi. Ancaq Endi hətta cəmiyyət içində də özü ilə təkbətək qalmağa öyrəşmiş adam idi, ona görə, düşünmürəm ki, karser onun üçün ciddi narahatlıq yarada bilərdi.

      Конец ознакомительного

Скачать книгу