Скачать книгу

Endini yaxından tanımaq imkanımın olmasıdır. O andlıların isə belə imkanı yox idi.

      Bizim tanış olduğumuz müddət ərzində Endi Düfresn ildə cəmi dörd dəfə spirtli içki sifariş verirdi. O, ad gününə, sonra isə Milad bayramına bir-iki həftə qalmış gəzinti üçün nəzərdə tutulan həyətdə mənə yaxınlaşırdı. Hər dəfə bir şüşə “Cek Deniels” sifariş verirdi. Məhbusların əksəriyyəti kimi o da ürəyindən keçəni həbsxanada qul təki işləməyinin qarşılığında verilən qəpik-quruşa alırdı. 1965-ci ildən əməyimizin dəyəri iyirmi beş faiz artırılsa da, gülünc dərəcədə az idi. Mənim əməyim sifariş edilən malın dəyərinin on faizi qədər qiymətləndirilirdi. Bunu “Blək Cek” kimi yüksəkkeyfiyyətli viskinin qiymətinə əlavə etsəniz, həmin içkidən ildə dörd şüşə almaq üçün həbsxana camaşırxanasında neçə saat qul kimi işləmək lazım olduğunu təsəvvürünüzə gətirə bilərsiniz.

      Sentyabrın 20-də, öz ad günündə səhər Endi bir az viski içdi, axşam “yatmaq” siqnalından sonra isə içməyinə davam etdi. Səhərisi şüşəni içində qalanla birlikdə mənə verib dedi ki, öz uşaqlarımız arasında bölüm. Milad bayramında içdiyini də, Yeni il üçün sifariş etdiyini də, o biri – dördüncü şüşəni də yarıdolu mənə qaytarıb eyni təlimatı verdi. İldə dörd dəfə. Bu, əvvəllər dayanmadan vuran və içkili vəziyyətdə çox pis bir işə düşən həmin adam idi! Endinin başına gələn isə, həqiqətən, olduqca pis iş idi.

      Endi andlılara bildirib ki, sentyabrın 10-dan 11-nə keçən gecə çox sərxoş olub və baş verənləri qırıq-qırıq xatırlayır. O, hələ səhərdən, Linda ilə dalaşmamışdan qabaq içməyə başlayıb. Arvadı Kventinlə görüşə yollananda ona mane olmaq qərarına gəlib. Yolüstü bir-iki qədəh gillətmək üçün kluba girib. Barın sahibinə səhər qəzetləri barədə nəsə dediyini, ümumiyyətlə, onunla söhbət edib-etmədiyini xatırlamır. Mağazada isə salfet yox, pivə aldığını xatırlayır.

      – Axı salfet mənim nəyimə lazım idi? ‒ Endi sual verib.

      Qəzetlərdən birində bu vaxt andlılardan üç xanımın diksindiyi yazılmışdı.

      Sonralar, çox-çox sonralar Endi bu lənətə gəlmiş salfet kağızları barədə danışan satıcı haqda öz mülahizələrini mənimlə bölüşdü. Mənə də elə gəlir ki, hər şey məhz belə olmuşdu.

      – İttihamçının konsepsiyasına əsaslanaraq fərz edək ki, ‒ Endi həbsxana həyətində gəzişəndə deyirdi, ‒ onlar gecə mənə pivə satan oğlanı öz sualları ilə bezdiriblər. Onun məni gördüyü vaxtdan üç gün keçib. Bütün qəzetlərin birinci səhifələri mənim işimə həsr olunub, hamı ancaq bu barədə danışır. Beş-altı polis isə, üstəgəl müstəntiq, üstəgəl prokuror yazığın üstünə düşüblər. Red, yaddaş çox namərd bir şeydir. Onlar belə bir sualdan başlaya bilərdilər: “Bəlkə, müttəhim sizdən salfet alıb?” Sonra isə eyni sualı dönə-dönə təkrar edə bilərdilər. Əgər bir xeyli adam sənin nəyisə yadına salmağını istəyirsə, çox güman ki, əvvəl-axır “yadına” salacaqsan.

      Mən Endi ilə razılaşıb dedim ki, belə hal tamamilə mümkündür. Endi davam etdi:

      – Şüura güclü təsir edən bir şey də var. Məhz buna görə mən belə düşünürəm ki, satıcı dediklərinin həqiqət olduğuna özünü inandırıb. Söhbət şöhrətdən gedir, Red. Təsəvvürünə gətir ki, müxbirlər bu cavan oğlana suallar verirlər, bütün qəzetlərdə onun şəkilləri çıxır… və nəhayət, o, məhkəmədə çıxış edir. Düşünürəm ki, o, “yalan detektoru”ndan keçirilsəydi, əgər keçirilməyibsə, yaxud anasının canına and içməli olsaydı, əgər içməyibsə, yenə belə deyərdi. Təsdiq edərdi ki, mən həmin salfet kağızlarını almışam. Həqiqətən də… yaddaş yaman namərd şeydir. Bircə şeyi bilirəm: mənim vəkilim söylədiklərimin yarısını uydurduğumu düşünsə də, salfet məsələsini fikirləşmədən inkar edirdi. Həqiqətən də, bu məsələdə bir uyğunsuzluq yaratmışdılar. Mən lülqənbər kefli idim. O dərəcə sərxoş idim ki, atəş səsini boğmaq barədə düşünə bilməzdim. Əgər mən atəş açmışdımsa, artıq heç nə barədə düşünməzdim, – Endi belə deyirdi.

      O, maşını döngədə saxlayıb pivə içir, siqaret çəkir və gözləyirmiş. Kventinin mənzilinin pəncərələrindən süzülən işığa baxırmış. Pillələrlə bir qaraltının yuxarı qalxdığını, sonra aşağı düşdüyünü görüb. Və qaranlıq çöküb. Endi deyirdi ki, sonra baş verənləri yalnız təxmin edə bilər.

      ‒ Mister Düfresn, sonra siz mister Kventinin evinin pilləkəni ilə onu və arvadınızı öldürmək üçün qalxmadınızmı? ‒ müdafiəçi soruşub.

      ‒ Yox, belə şey olmayıb, ‒ Endi cavab verib. O haradasa gecəyarısına yaxın ayılmağa başladığını söyləyib. Dəhşətli başağrısı və bərk sərxoşluqdan sonra yaranan bütün əlamətləri hiss etməyə başlayıb. Evə gedib yatmağı və bütün işləri barədə səhər, ayıqbaşına fikirləşməyi qərara alıb.

      ‒ Evə gedən zaman yolda ağlıma gəldi ki, yaxşısı budur, özümə əzab verməyim və arvadımla boşanmağa razılaşım, ‒ Endi sözünü yekunlaşdırıb.

      Prokuror yerindən hoppandı:

      ‒ Deməli, belə. Arvadınızla boşanmaq üçün yaxşı yol seçmisiniz, elə deyilmi? Siz onunla lüləsinə salfet doladığınız otuz səkkiz çaplı tapançanın köməyi ilə ayrılmısınız, düzdür?

      ‒ Xeyr, ser, belə şey olmayıb, ‒ Endi sakitcə cavab verib.

      ‒ Sonra da onun sevgilisini güllələmisiniz.

      ‒ Xeyr, ser.

      ‒ Demək istəyirsiniz ki, birinci Kventin payını alıb?

      ‒ Mən demək istəyirəm ki, onlardan heç birinə əsla güllə atmamışam. Mən iki şüşə pivə içmişəm və polisin kötüklərini tapdığı bütün o siqaretləri çəkmişəm. Sonra evə gedib yıxılıb yatmışam.

      ‒ Siz andlı iclasçılara dediniz ki, avqustun 24-dən sentyabrın 10-a kimi özünüzü öldürmək istəmisiniz?

      ‒ Bəli, ser.

      ‒ Hətta bunun üçün tapança da almısınız.

      ‒ Bəli.

      ‒ Mister Düfresn, cizə desəm ki, məndə heç də özünü öldürmək istəyən adam təəssüratı yaratmırsınız, buna necə baxarsınız?

      ‒ Nə olar ki, ‒ Endi cavab verib. ‒ Sizsə məndə kifayət qədər ağıllı və uzaqgörən adam təəssüratı yaratmırsınız. Mən, həqiqətən, özümü öldürmək həddinə çatmışdım, sizin bu barədə nə düşündüyünüz isə öz işinizdir.

      Zalda yüngülcə səs-küy qalxıb. Andlı iclasçılar öz aralarında pıçıldaşıblar.

      ‒ Həmin o sentyabr axşamı tapançanızı özünüzlə götürmüşdünüz?

      ‒ Xeyr, axı mən demişdim…

      ‒ Hə, doğrudan da! ‒ prokuror kinayə ilə güldü. ‒ Siz onu çaya atmışdınız, elə deyilmi? Royal Riverə. Sentyabrın 9-da, səhər.

      ‒ Bəli, ser.

      ‒ Qətldən bir gün əvvəl.

      ‒ Bəli,

Скачать книгу