Скачать книгу

Ustaclı Həmzə xan, Ustaclı Şahqulu sultan və Şamlı Qorxmaz xan kimi Səfəvi sarayına sadiq əmirlər Xorasana göndərildi. Onlar hələ yolda ikən Herat valisi Əliqulu xan öz qoşunu ilə Məşhədə doğru yürüşə keçdi. Məşhəd valisi Pornaklı Murtuzaqulu xan həm türkmən olduğundan, həm də Əliqulu xanı qısqandığından ona müxalif mövqedə dayanırdı. Elə Əliqulu xan da özbəklərlə savaşda qazandığı uğurlar səbəbi ilə Məşhəd valisini sevmir və ona qısqanclıqla yanaşırdı. Buna görə aralarında çəkişmə başlamış, nəticədə indiki İranın şimal-qərbində əməlli-başlı qarışıqlıq yaranmışdı.

      Əliqulu xanın göndərdiyi dəstələr Xorasan üzərinə yeriyən Şamlı Vəli Xəlifənin bölüyünü məğlub edib özünü isə öldürdülər. Bunu görən digər əmirlər qorxuya düşdülər və geri çəkildilər. Beləliklə, Əliqulu xan yalnız qalan rəqibi Məşhəd valisi Murtuzaqulu xanı şəhərə qapanmağa məcbur etdi. Məşhədin mühasirəsi dörd ay sürdü. Lakin bir nəticə hasil olmadı. Hadisələrin bu cür gedişi təkəli və türkmən əmirləri ilə şamlı və ustaclı əmirləri arasında nifaqı daha da gücləndirdi. Üstəlik, vəliəhd Həmzə Mirzənin yaxın adamlarının şamlı bəyzadələrdən ibarət olması türkmənlərin onlara nifrətini artırırdı. Digər tərəfdən, Qızılbaş əmiri, Şahqulu sultanın oğlu Mürşidqulu xanın Xorasanda nüfuzunun, təsir dairəsinin getdikcə artması təkəlilərlə ustaclılar arasındakı rəqabəti daha da qızışdırırdı.

      Elə Murtuzaqulu xan da saraya göndərdiyi məktubların birində məhz Şamlı Əliqulu xanla Ustaclı Mürşidqulu xandan şikayətlənirdi. Ancaq həmin vaxt qərbdə Osmanlı ilə müharibə yenidən alovlandığı üçün mərkəzi hakimiyyətdə Xorasandakı vəziyyətlə ciddi maraqlanan yox idi. Üstəlik, Səfəvi hökmdarı Xudabəndənin zəif hakimiyyəti həmin vaxt bu bölgədə baş verənlərə müdaxilə eləmək iqtidarında deyildi.

      1581-ci ildə Əliqulu xan bu dəfə Nişapuru ələ keçirmək fikrinə düşdü. Lakin istəyinə nail ola bilmədi. Həmin günlərdə Mürşidqulu xanın inadını qırmaq və onu mərkəzi hakimiyyətə tabe etdirmək üçün başda əmisi oğlu Şahverdi xan olmaqla bir qrup Xorasana göndərildi. Ancaq bundan da bir şey çıxmadı. Vəziyyətin belə olduğunu görən Xudabəndə bölgəyə ayrıca qoşun yollayaraq şah tərəfdarlarına da Murtuzaqulu xanın ətrafında birləşməyi əmr elədi. Beləcə, ortaya kifayət qədər böyük bir ordu çıxsa da, Şah qoşunu sayca nə qədər çox olsa da, yenə nəticə əldə olunmadı. Hər iki tərəfdən sayılıb-seçilən əmirlər həlak oldu və ya əsir götürüldü. Bütün bu baş verənlər onunla yekunlaşdı ki, Əliqulu xanın tələbi ilə Murtuzaqulu xan Məşhəd valiliyindən azad edildi, yerinə ustaclı Salman xan təyin olundu. Nəticədə, həm Şamlı Əliqulu xan, həm də Ustaclı Mürşidqulu xan Xorasandakı mövqelərini qoruyub saxlamağı bacardılar. Bu uğurun iki başlıca səbəbi var idi: birincisi, Səfəvi ordusundakı şamlı və ustaclı bəyləri tayfa təəssübkeşliyindən çıxış etmiş, öz soydaşlarına qarşı yumşaq davranmışdılar. İkincisi, türkmən və təkəli tayfalarının layiqli başçıları olmadığından yetərincə mütəşəkkil deyildilər.

      Şah Məhəmməd Xudabəndə Xorasandan qayıtdıqdan bir az sonra Ustaclı Mürşidqulu xan hiylə işlədərək hakimiyyəti Salman xanın əlindən aldı. Üstəlik, bölgədəki aparıcı tayfaların bəylərini özünə tabe etdi.

      Təqvim 1584-cü ili göstərərkən Səfəvi dövlət idarəçili-yində təkə-türkmən boyları ilə ustaclı-şamlı tayfaları arasında çəkişmələr hələ də davam edirdi. Ustaclı və şamlılar mərkəzi hakimiyyətdə üstünlüyü tədricən ələ keçirməyə başlamışdılar. Xorasanda isə vəziyyət tamamilə dəyişmişdi. İndiki İranın, az qala, yarısına hökm edən iki müttəfiqin – Herat valisi Əliqulu xanla Məşhəd valisi Mürşidqulu xanın arası dəymişdi. İki tayfanın obaları, oymaqları bir-birinə düşmən kəsilmiş və müharibəyə başlamışdılar. Savaşın şiddətli çağında Mürşidqulu xan hiylə işlədərək Abbas Mirzəni oğurladıb yanına gətirtmişdi. Əliqulu xan Herata şahzadəsiz qayıtmalı olmuşdu…

      Məşhədə gələn Mürşidqulu xan Səfəvi şahzadəsi Abbas Mirzəni Xorasan hökmdarı elan edib adına pul kəsdirdi. Özünün isə hökmdar naibi olduğunu bəyan elədi. Bu zaman Əliqulu xan yalnız qisas barədə düşünürdü. Herat hakimi düşünüb-daşındıqdan sonra özbəklərlə ittifaq qurmaq qərarına gəldi. Odur ki onları Xorasana çağırdı. Əliqulu xanın başlıca məqsədi özbəklərlə birləşib paytaxt Qəzvinə hücum çəkmək və mərkəzi hakimiyyəti ələ keçirmək idi. Lakin o, günlərin bir günü indi köməyinə bel bağladığı özbəklər tərəfindən qətlə yetiriləcəyini təxmin edə bilməzdi…

***

      1586-cı ildə vəliəhd Həmzə Mirzə öldürüldü. Bundan sonra Şamlı İsmayılqulu xan ilə Ustaclı Əliqulu xan Məhəmməd şah Xudabəndənin oğullarından Əbutalıb Mirzəni səltənət naibi və vəliəhd şahzadə elan etdilər. Lakin bəzi qızılbaş tayfa başçıları buna qarşı çıxdılar. Onlar hökmdar olaraq Abbas Mirzəni tanıdıqlarını bəyan etdilər. İtaətsizlik göstərən həmin əmirləri cəzalandırmaq üçün Şah Məhəmməd Xudabəndə başda olmaqla İsmayılqulu, Əliqulu xanlar və Əbutalıb Mirzə 1586-cı ildə Qəzvindən yola çıxdılar. Lakin aralarında yaranan nifaq və anlaşmazlıq səbəbindən istəklərinə çata bilmədilər. Üstəlik, onlar hələ İsfahanda ikən iki sarsıdıcı xəbər gəldi: 1587-ci ilin iyununda Özbək hökmdarı II Abdullah xanın müharibə elan edərək Heratı mühasirəyə aldığı, həmin ilin avqustunda isə Mürşidqulu xanın Abbas Mirzə ilə birlikdə Qəzvinə hücuma keçdiyi məlum oldu.

      Abbas Mirzənin Səfəvi taxtına keçməsi

      1586-cı ilin sonlarında Abbas Mirzənin böyük qardaşı Həmzənin qızılbaş əmirlərinin sui-qəsdi nəticəsində öldürülməsindən sonra indiki İranın qərbində vəziyyət daha da xaotik hal almışdı. Qısa zamanda isə bu qarışıqlıq ölkənin hər yerinə sirayət etmişdi. Üstəlik, Şah Məhəmməd Xudabəndə artıq yaşlanıb əldən düşmüşdü. Dövlət işlərindən xeyli uzaqlaşmışdı, İsfahanda ömür sürməkdə idi.

      Bu cür vəziyyət, şübhəsiz ki, ilk növbədə Səfəvi dövlətinin rəqibləri – Osmanlı imperiyası ilə özbəklər üçün əlverişli idi. Hər iki dövlət yaranmış situasiyadan istifadə edərək öz ərazilərini get-gedə genişləndirirdi. İşi belə görən bir çox əmirlər həmin vaxt Məşhəddə olan Abbas Mirzəyə xəbər yollayıb dərhal paytaxt Qəzvinə gəlməsini istədilər. Əslində, Abbas Mirzə ilə Mürşidqulu xan da elə bu dəvəti gözləyirdi.

      1587-ci ildə Xorasana daxil olan özbəklər həmin ilin iyununda Herata hücum çəkdilər. Buna cavab olaraq isə avqustun sonlarında Abbas Mirzə özünün yeni lələsi Mürşidqulu xan və 300 qızılbaş əsgəri ilə birgə hərəkətə keçdi. İlk baxışda onun məqsədi özbəklərdən müdafiə olunmaq idi. Əslində isə, niyyəti paytaxt Qəzvinə doğru hərəkət edərək taxt-taca yiyələnmək idi. Mürşidqulu xan hakimiyyəti ələ keçirmək üçün bundan yaxşı fürsət olmayacağını yaxşı bilirdi. Bu işin öhdəsindən uğurla gələ bilmək üçün isə daha böyük qüvvəyə ehtiyac olduğunu gözəl anlayırdı. Odur ki dərhal digər əmirlərə məktublar yollayaraq ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün dəstək istədi. Mürşidqulu xan həmin məktublarda qocalıb əldən düşmüş, nüfuzunu tamamilə itirmiş

Скачать книгу