ТОП просматриваемых книг сайта:
Hekayələr. Фазиль Искандер
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242584
Автор произведения Фазиль Искандер
Серия Hekayə ustaları
Издательство Altun Kitab
«Ya» almanca «hə» deməkdir.
Bəli, o bizə qəhvə hazırladı. Sözün düzü, qəhvə heç qəhvə dadı vermirdi, elə bil palıd kəpəyindən hazırlanmışdı. Ancaq məgər gözümüzə qəhvə görünürdü? Açıq-aydın hiss olunurdu ki, gənc, qəşəng qızlar hər şeyə hazırdırlar. Elə qocanın özünün də, deyəsən, etirazı yox idi. Onlar bizimkilərdən qorxurdular, iki zabitin dostluğunu qazanmaq təhlükəsizliyi təmin etmək demək idi.
Bəli, bir xeyli oturduq, sonra mən dedim:
– Abend. Konserv. Şnaps. Brod. Şokolad.
– O! – ikisinin də gözləri parıldadı. – Danke, danke2. Onlar, əlbəttə, aclıq çəkirdilər. Qərəz, biz axşam bir də gəldik, özümüzlə spirt, konserv, kolbasa, çörək, şokolad götürmüşdük. Oturub şam etdik, bir az da vurduq. Məlum oldu ki, qoca Birinci Dünya müharibəsində bizdə əsirlikdə olub, odur ki bir az rusca danışa bilirdi. Ancaq danışmasaydı, ondan yaxşıydı. Elə hey nə isə başa salmaq istəyirdi, lakin dolaşdırırdı, ancaq bizim nəyimizə lazım idi onun söhbətləri. İki sözdən bir antifaşist olduğunu sübut etməyə çalışırdı. O vaxt onlar hamısı birdən-birə antifaşist olmuşdu. Maraqlıdır, biz dörd il kiminlə vuruşmuşduq?!
Ancaq gənc alman qızları – başqa məsələ, onlara bir işarə də bəs idi… Alyoşa ilə mən yaxşıca vurduq, qızlar da bir az içmişdilər. Biz patefon musiqisi altında rəqs eləməyə başladıq, hər bir valın üstündə yazılmışdı: «Nur für döyç» – yəni yalnız almanlar üçün. Mən də hər dəfə valı dəyişdirəndə qəsdən soruşurdum:
– Nur für döyç?
– Nayn, nayn3!
Hə, indi ki nayn, onda getdik rəqs etməyə. Nəhayət, qoca məst olub elə çərənləməyə başladı ki, heç qardaşı qızları da onu başa düşmədilər. O, qızların əmisi idi. Bizi isə lap təngə gətirmişdi. Odur ki mənim yunqfraum onu yatmağa aparanda hamımız sevindik.
Biz tək qaldıq. İçirdik, rəqs edirdik, bir sözlə, kef çəkirdik. Mən yüngülcə öz alman qızımı qucaqladım və yenə soruşdum:
– Nur für döyç?
– Şelma, şelma4, – deyə o güldü. – Rusiş şelma.
– Nayn, – dedim, – kavkaziş şelma.
– O, şönste5 Kaukaz.
Alyoşa ilə mən həmin gecə yuxarıdakı iki otaqda qaldıq. Bizim iki ay yarım davam edən məhəbbət romanımız belə başladı. Bu romana yalnız hərbi uçuşlar zamanı fasilə verilirdi. Bir-iki dəfə aerodromun igidləri bizə şərik çıxmaq istədilər, ancaq məsələnin nə yerdə olduğunu başa düşüb geri çəkildilər. Öz uşaqlarımız idi, qanacaqlı idilər.
Bəli, bir dəfə biz qızlarımızın yanına gəldik. Mənimkinin adı Katrin idi, mən ona Katya deyirdim, kiçiyinin adı isə Qreta idi…
Bu yerdə Sandro əmi Kamalın sözünü kəsdi:
– Sən lap ruslaşmısan, – dedi. – Niyə mənim yanımda öz qadınının adını çəkirsən?
– Necə ki? – Kamal soruşdu.
– Sənin heç başın işləmir, – Sandro əmi dedi. – Bilirsən ki, bu ad mənim arvadımın adıdır. İndi ki yanımda danışırsan, gərək o adı dəyişdirəydin.
– Di yaxşı, – Kamal bərkdən güldü. – Mən daha onun adını çəkməyəcəyəm.
– Axmaq, indi ki çəkdin, daha nə etmək olar, dalını danış.
– Hə, belə, – deyə Kamal gülümsər gözləri ilə Sandro əmiyə baxaraq sözünə davam etdi:
– Bir dəfə biz həmişəki kimi qızların yanında gecələdik. Saat üç olardı, mən yuxudan ayıldım. Evdən çıxdım papiros çəkim. Bir də eşitdim ki, evə motosiklet yaxınlaşdı və dayandı. Ayaq səslərindən hiss etdim ki, iki nəfər evə qalxdı.
Ay zəhrimar, deyə fikirləşirəm, yaman yerdə ilişdik. Tapançam yastığın altda, özüm evin arxasında, əynimdə də – tumandı, altköynəyi, ayaqlarımda çəkələk. Bundan axmaq vəziyyət heç ağıla gətirmək olmazdı. Bir tərəfdən də başım hərlənir, axşam, əlbəttə, o ki var spirtdən vurmuşduq. Öz-özümə fikirləşdim ki, gələ ha, bizə partizanlardan, sayıqlıqdan danışanda gülürdük, indi budur, özümüz gülünc vəziyyətdə qalmışıq. Yəni doğrudan bizim fraularımız satqın çıxıblar? Yox, heç cür inana bilmirdim. Mənim öz… nə ad deyirsən de…
– Yaxşı, de gəlsin öz adıynan. Daha gizlətməyin nə mənası var? – Sandro əmi icazə verdi.
– Hə, mənim öz Katyamdan xoşum gəlirdi, hiss edirdim ki, o da mənə vurğundur, bu birilər də ki bir-biri üçün lap dəli-divanə idilər. Deməli, bizi bu antifaşist satıb.
Dostumu elə-belə ata bilməzdim, lüt halda almanların caynağına da keçmək istəmirdim.
Cəhənnəmə, dedim, nə olar-olar! Küçəyə baxdım, heç kim yox idi. Yüyrüklü alman motosikleti yerindəcə dururdu. Qapıya yaxınlaşdım, qarışıq səslər eşitdim, ancaq heç nə başa düşmək olmurdu.
Bircə şeyi başa düşdüm ki, səslər dostum yatan otaqdan gəlir. Qərara aldım ki, nə qədər ki onlar Alekseylə məşğuldurlar, yuxarı qalxım və birtəhər öz otağıma addayım. Təki özümü tapançaya yetirim. Amma onu da başa düşürdüm ki, əgər bizi qızlar satıblarsa, onda işimiz bitib, çünki belə olan halda mənimki, yəqin ki, tapançanı onlara verib. Qərəz, başqa əlac yox idi, yavaşca qapını açıb pilləkənlə cəld yuxarı qalxdım.
Bir də eşidirəm ki, Alekseyin otağından rusca danışıq səsləri gəlir! O dəqiqə ürəyim yerinə gəldi. Pilləkəndəcə dayanıb ləzzətlə rus nitqinə qulaq asmağa başladım; ancaq söhbətin nədən getdiyini başa düşə bilmirdim. Təxminən yarım dəqiqədən sonra özümə gəldim və içəridə gedən söhbətin axarını tutmağa çalışdım. Səslərdən biri çox kəskin idi. Aha, dedim, patruldur. Bizi patrulla qorxutmaq havayı şeydir. İçəri girdim. Gördüm mənim Katyam gecə köynəyində rəngi ağarmış halda otağın ortasında durub yavaşca deyir:
– Rusiş komandiren, rusiş komandiren…
Onda mən qapını açıb dəhlizə çıxdım və bərkdən qışqırdım:
– Nə olub orda, Aleksey?!
– Demə siz burda tək deyilmişsiniz! – səs eşitdim, sonra qapı açıldı, dəhlizdə bir mayor və onun arxasınca bir əsgər göründü.
– Biabırçılıq! – deyə mayor artıq əynini geyinmiş Alekseyə tərəf döndü. – Niyə demədiniz ki, burada tək deyilsiniz.
Yazıq nə isə mızıldandı. Görünür, o özünün ələ keçdiyini görüb məni gizlətmək istəyib.
– Zəhmət çəkin, əyninizi geyinin! – mayor əmr etdi.
Mən o dəqiqə hiss etdim ki, mayor – qərargah tulasıdır. Biz cəbhəçilər ömründə bir dəfə də döyüş görməmiş adamı o saat tanıyırdıq, istəyirsən onu lap göbəyinə kimi orden-medallarla bəzə.
Ancaq
2
3
4
5