Скачать книгу

və Alfred Nobeldən savayı heç bir kimyaçı bu partlayıcı maddənin nəhəng imkanlarını təsəvvür eləmirdi.

Nitroqliserinin istehsalı çox çətin idi, bu təhlükəni aradan qaldırmaq, ya azaltmaq üsulları isə onda hələ məlum deyildi.

Alfred Parisdə

Öz işlərini yoluna qoymaq üçün zəruri maliyyə vəsaitini tapmaqdan ötrü Alfred 1861-ci ildə yenidən Parisə yollandı. Orada İkinci imperiya16 dövrünün ən böyük maliyyəçilərindən olan Pereyra qardaşları ilə görüşdü.

60-cı illərdə Avropa qaynayırdı. Avropa romanının qızıl dövrü idi. Hüqo, Dikkens, Flober, Turgenev, Dostoyevski, Tolstoy kimi ədiblər bir-birindən möhtəşəm əsərlər yazıb-yaradırdılar. Yeri gəlmişkən, Alfred həmin müəllifləri diqqətlə oxumuşdu. Bundan başqa, Avropada elm, təfəkkür sürətlə dəyişirdi. 1859-cu ildə Darvinin «Növlərin mənşəyi» əsəri böyük qalmaqala səbəb oldu. Beş il sonra Maksvell17 işığın elektromaqnit təbiəti haqqında öz ideyasını irəli sürdü. Bir il sonra Mendelin irsiyyət qanunları haqqında kitabı nəşr olundu. 1867-ci ildə isə antiseptik maddələr yarandı.

Eyni vaxtda yeni siyasi cərəyanlar meydana çıxırdı. 1864-cü ildə I İnternasional18 təşkil edildi. 1867-ci ildə K.Marksın «Kapital» əsəri nəşr olundu.

Həmin dövrdə İngiltərə və Fransa iqtisadi inkişaf yoluna qədəm qoymuşdular. Yeni19 və Köhnə dünya20 arasında kabel teleqraf xətti çəkilmişdi, Süveyş kanalı tikilirdi. 1855-ci ildə polad istehsalı üçün Bessemer konverteri quraşdırıldı. 1863-cü ildə Solvey soda hasil etmək üsulunu icad elədi və s.

Bütün bu elmi-texniki nailiyyətlər iri bankların yaranmasına təkan verdi. Onlar Avropada iqtisadi inkişafa yardımçı olmağa başladılar. Məhz belə bir vaxtda Alfred Nobel Pereyra qardaşlarının bankına müraciət etmişdi.

Emmanuel Nobel kimi Pereyra qardaşları da Rusiyada yaşadıqları müddətdə buxar maşınlarına maraq göstərmişdilər. Qardaşlardan biri İsaak Pereyra (1806– 1880) Fransada ilk dəmiryolunun çəkilməsinə və istismara verilməsinə böyük güc sərf eləmişdi.

Beləliklə, Nobellər Pereyra qardaşlarından aldıqları krediti nitroqliserin istehsalına yatırdılar…

Nobelin patentləşdirdiyi partlayıcı

Pereyra qardaşlarından alınan kredit Emmanuelə Stokholm yaxınlığındakı köhnə fermaya köçməsinə imkan verdi. Nobelin ailəsi bu fermanı bir fəhlə, həmçinin arvadı və beş uşağıyla birgə yaşayan kəndli ilə bölüşdürürdü.

1862-ci ildə Nobel nitroqliserinin daha sadə üsulla istehsalına cəhd göstərdi. O, Sobreronun üsulundan fərqli olaraq öz məhsuluna 10 faiz də barıt əlavə etmişdi.

Hərdən Emmanuel Nobel bu qarışığın sınağını keçirirdi. Bir dəfə onun kimyanı yaxşı bilməməsi bədbəxt hadisəyə səbəb oldu: kifayət qədər kənara çəkilmədiyindən partlayışdan zərər gördü. Onda belə bir sual yarandı: partlayışı necə istiqamətləndirməli və necə idarə etməli?

Atasından fərqli olaraq etdiyi səyahətlərin, müəllimi Nikolay Zininin, eləcə də Eriksonla görüşün sayəsində Alfred gözəl kimyaçı olmuşdu. Emmanuel İsveçdə öz təhlükəli sınaqlarını keçirdiyi günlərdə Rusiyada yaşayan oğlu da vaxtını boşa xərcləmirdi. Özünün bu ölkədəki eksperimentlərindən biri haqda o belə yazırdı: «Nitroqliserinlə ilk uğurlu təcrübəni 1862-ci ildə keçirdim. Bu, qardaşım Lüdviqə məxsus mexanika zavodunun ərazisindən axan kanalın yanında oldu. Sınaqda hər iki qardaşım iştirak edirdi. Kiçik sınaq borusuna bir az nitroqliserin qoyub ehtiyatla ağzını bağladım. Bu sınaq borusunu ondan iri olan, barıt doldurulmuş başqa sınaq borusunun içinə yerləşdirdim. Ona fitil bərkidilmişdi. Onun da ağzını bağladım, fitili yandırıb onları suya atdım. Suyu göyə qaldıran güclü partlayış nitroqliserinin barıtdan heç də azeffektli olmadığını göstərdi».

Sınaq uğurla başa çatmışdı. İndi «partlayıcı maddələrin hazırlanması və istifadəsi»ni patentləşdirmək qalırdı. Bu da növbəti ilin əvvəlində baş verdi. Alfred problemin həlli yolunu tapdığı üçün qürur duyurdu, ona görə də atasına tələsik məktub yazıb ixtirasını ətraflı şərh elədi.

Həmin vaxt Emmanuel Nobel də bu problemin üstündə baş sındırırdı. Məktub Emmanueli o qədər hirsləndirdi ki, hətta oğlunu ixtiranı oğurlamaqda təqsirləndirdi.

Alfred Nobel həyatı boyu haqlarının qorunması, ixtiralarının tanınması üçün mübarizə aparmışdı. Ancaq bu dəfə vəziyyət ikiqat mürəkkəb idi, çünki haqqını öz atası ilə mübarizədə qorumalı idi.

Yaranmış mübahisə Alfredi dərindən sarsıtdı. O öz ideyası ilə qürur duyurdu və istəmirdi ki, kimsə onun bacarığını şübhə altına alsın. Alfred atasına məktub yazıb özünü təmizə çıxarmağa çalışdı və bir az təkəbbürlə, hətta qəzəblə öz ixtirasının mahiyyətini bir də izah elədi. Məktub «Əziz ata» sözləri ilə başlayırdı.

Emmanuel vicdanlı adam idi, oğlunun ikinci məktubundan sonra onun haqlı olduğunu etiraf etdi. O belə addım atmaq üçün kifayət qədər cəsarətli idi. Beləcə, mübahisə sona çatdı və ata-oğul barışdı. Ancaq bu münaqişə Alfredin ürəyində silinməz iz buraxdı. Həmin hadisənin ağrısını uzun müddət unuda bilmədi. Ona elə gəlirdi ki, əvvəlki dünyası uçub, əvvəlki həyatdan əsər-əlamət qalmayıb. Əlbəttə, ata ilə oğul arasındakı münasibət tədricən qaydaya düşdü. Amma bunun üçün xeyli müddət lazım oldu.

Alfred 1863-cü il oktyabrın 14-də ixtirasını patentləşdirdi. Onda söhbət barıta nitroqliserin əlavə etməklə partlayışın vur-tut gücünü artırmaqdan gedirdi. Elə həmin il Alfred bir dəstə isveç zabitini yeni partlayıcı maddənin sınağına dəvət etdi. Bu dəfə Nobel nitroqliserinlə barıtın bərabər həcmdə doldurulduğu çuqun bombanı nümayiş etdirdi. Partlayış son dərəcə güclü oldu. Dəvət olunan zabitlər qorxmuşdular; onlar hətta düşündülər ki, bu maddənin qadağan olunması üçün hərbi komandanlığa müraciət etsinlər.

Alfred sonra Stokholm yaxınlığındakı daş karxanasında bir neçə qayanı partlatdı. Partlayışı izləyənlər bu dəfə də qorxuya düşdülər.

1865-ci il mayın 5-də Alfred nitroqliserinin yeni istehsal üsulunu və partlayış gücünün idarə olunmasını təklif etdi. Bu onun ilk əhəmiyyətli ixtirası idi. Bir çoxları hətta onu barıt kəşf olunduğu dövrdən bəri irəliyə doğru atılmış ən nəhəng addım hesab edirdi.

Stokholma qayıdış

Alfred Nobel atası ilə birlikdə işləmək üçün İsveçə qayıtdı. O düşünürdü ki, ixtirası atasının istehsalatı təşkil etdiyi İsveçdə daha lazımlı olar.

Stokholmdan getdiyi vaxtdan – Alfredin onda doqquz yaşı vardı – şəhər heç dəyişməmişdi. Əhali artmışdı, ancaq sanitar vəziyyət kənar müşahidəçiyə dəhşətli təsir bağışlayırdı.

Urbanizasiya21 şəhəri yaşayış üçün yararsız hala salmışdı. On üç adada yerləşən

Скачать книгу

16

İkinci imperiya – Fransada dövlət çevrilişi nəticəsində hakimiyyətə gələrək İkinci respublikanı ləğv etmiş imperator III Napoleonun hakimiyyəti dövrü (1852-ci il 2 dekabr – 1870-ci il 4 sentyabr)

17

Ceyms Maksvell (1831–1879) – ingilis fiziki, riyaziyyatçısı və mexaniki

18

I İnternasional – işçi sinfin 1864-cü ilin 28 sentyabrında təsis edilən ilk kütləvi beynəlxalq təşkilatı

19

Yeni dünya – Amerikanın avropalılar tərəfindən kəşfindən sonra (XV əsr) Yer səthinin Şimali və Cənubi Amerikanı əhatə edən hissəsinə verilmiş tarixi ad

20

Köhnə dünya – Yer səthinin Amerikanın kəşfindən qabaq (XV əsr) avropalılara məlum olan hissəsinə verilmiş tarixi ad

21

Urbanizasiya – cəmiyyətin həyatında şəhərlərin əhəmiyyətinin artması, ictimai-iqtisadi inkişafla əlaqədar əhalinin şəhərlərə axını prosesi