Скачать книгу

deyəndə Xəzər dənizindən Çin səddinə kimi uzanan və əsasən türklərin yaşadığı bölgə nəzərdə tutulur. Şərti olaraq Doğu Türküstana, Güney Türküstana və Batı Türküstana bölünən Türküstanın böyük hissəsini Rusiya işğal etmişdir. İşğalçı dövlətin 1867-ci ildə yaratdığı general qubernatorluğun adını Türküstan, Türküstanın quzeyində yaratdığı general-qubernatorluğu Stepnoy (Çöl) adlandırmışdır.

      1917-ci ildə bolşeviklər silah gücünə hakimiyyəti ələ aldıqdan sonra inzibati ərazi bölgülərində dəyişiklik yarandı. Qazax vətənpərvərləri Alaş hökumətini, Kokand Respublikasını; Batı Sibirdə oyratlar, xakaslar, şorlar Dağlıq Altay-Karakurum dövlətini qurdular. Lakin bu hökumətlərin ömrü çox da uzun olmadı. Daxili ziddiyyətlərdən və bolşeviklərin getdikcə güclənərək çar Rusiyasının ərazilərini yenidən işğal etdiklərindən yeni qurulmuş milli hökumətlər ləğv edildi.

      Bolşeviklər 1918-ci ildə Rusiya Federasiyasının tərkibində Türküstan Muxtar Sovet Sosialist Respublikası yaratdıqlarını elan etdilər. 1924-cü ildən isə Türküstan Muxtar Sovet Sosialist Respublikasının ərazisində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan respublikaları və Qaraqalpaq Muxtar Respublikası yaradıldı. Bununla da bölgədə hər an milli zəmində münaqişə yarana bilməsinin əsası qoyuldu. 1917-1918-ci illərədək toplantılarda özlərini qırğız adlandıran bugünkü qazaxların qırğızlarla aralarında soyuq küləklər əsir.

      Oş bölgəsində qırğızlarla taciklər arasında toqquşmalar baş verir. Qırğızıstanla Özbəkistan arasında ərazi iddiaları ilə toqquşmalar olur. Özbəkistanla Türkmənistanın arasındakı münasibətlər də o qədər ürəkaçan deyil.

      Kitaba daxil etdiyimiz məqalələrdə bu məsələlərə də toxunmuşuq və gərginliyin aradan qaldırılması haqqında düşüncələrimizi oxucularla bölüşməyə çalışmışıq.

      Kitabın hazırlanmasında köməyi dəyən, məqalələri oxuyub redaktə edən, fikir və mülahizələrini söyləyən dostlara təşəkkürümü bildirirəm.

      ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?

      Göyçə gölünün oxşarı Isık göl

      Isık gölə (bizdə bu gölün adı, rus dilindən alındığına görə, hələ də "İssık" kimi yazılır. Mən dilimizə daha uyarlı olduğu üçün qırğızların dediyi kimi yazmağı münasib sayıram) çatanda yaman kövrəldim. Gəncədən kəndimizə getdiyim günlər gözümün önünə gəldi. Mindiyimiz köhnə "PAZ" avtobusu elə ki Çubuqlu aşırımını keçirdi, qarşıdan Göyçə göl görünürdü. Gölə yaxınlaşıb günçıxanadoğru dönən avtobusun pəncərəsindən sağda gözyaşı kimi dupduru suyu olan göl, sol tərəfdə çılpaq dağlar görünürdü. Qışda bu dağlar ağ örpəyə bürünər, yazda yamyaşıl çəmənlə örtülərdi. Elə ki payız düşürdü, göldə bir dəyişiklik olmasa da, dağların qara-boz qayaları, quruyub seyrəlmiş otları, bir də təkəmseyrək ağacların saralmış yarpaqları qalardı.

      Isık göl sahilində: soldan Əli Şamil, İstanbuldan naşir Sabri Koz, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu

      Isık gölün sahili boyu gedən yol da mənzərəsi ilə Göyçə (Sevan) gölünün sahil yolunu xatırladırdı. Sadəcə burada yol kənarında gözə dəyən ağaclar onu göstərir ki, Göyçə gölü Isık gölə nisbətən dəniz səviyyəsindən daha yüksəkdə olduğundan ağaclar az idi. Hətta elə ağaclar var ki, onlar Göyçə gölün sahillərində bitmir. 1970-ci illərdən başlayaraq Göyçə gölünün kənarında yüksəkliyə və soyuğa dözümlü ağaclar, ən çox da çaytikanı əkmişdilər.

      Göyçə gölün sahilindəki yolun çala-çuxurlu olmasını, avtobusların köhnəliyini, adamları atıb-tutmasını vecinə alan olmurdu. Deyib-gülür, çalıb-oxuyurdular. Göyçəyə gedən avtobus ola, orada da bir aşıq və ya musiqiçi olmaya? Bu, mümkün olası iş deyildi! O dövrdə yaxşı bir maqnitafonum, bol lentim olsaydı, yol boyu söylənənləri qeydə alıb bir folklor antologiyası hazırlaya bilərdim. Çünki adamlar, gah aşıq şeirləri oxuyur, gah lətifə danışır, gah da atalar sözü – məsəl çəkirdilər. Bir sözlə, danışıqlarında folklorun əksər janrlarından istifadə edirdilər. Bəzən də özlərinin və ya qohumlarının, yaxınlarının, kəndlilərinin başlarına gələnləri elə bəzəyib-düzəyib danışırdılar ki, elə bilirdin, gülməli bir nağıl, ya da dastandır. Özlərinə, qohumlarına, əzizlərinə gülə-gülə, lağ edə-edə mənzili başa vururdular. Beləcə, bəzən yeni yaranan bir folklor nümunəsi elə avtobusdanca Göyçənin neçə kəndinə yayılırdı…

      Üç-dörd saat yol gedər, göl görünməz olandan sonra da 7–8 kilometrlik bir məsafəni keçib Böyük Məzrə kəndində avtobusdan enərdim. Avtobus isə yoluna davam edib rayon mərkəzinə – Basarkeçərə, son yolçularını endirməyə gedərdi. Böyük Məzrədən o yana, kəndimizə getmək ağır olsa da, şirin idi. Təsadüfi yol maşınları olmasa, kitab dolu ağır çamadanımı kəndə kimi gah əlimdə, gah çiynimdə daşımalı olurdum.

      İndi isə uzaq Isık gölün kənarı ilə getdiyimiz avtobus yumşaq və səliqəli, yollar rahat olsa da, mən, nədənsə, o uzaq illərdə qalmış günləri arzulayırdım. Özümə qapılıb yol yoldaşı olduğum insanları, onların dediklərini xatırlamağa çalışırdım. Avtobusdakılar isə mənim içimdən keçənlərdən xəbərsiz idilər və təbii ki, mənzil başına nə vaxt çatacaqlarını düşünürdülər.

      Bişkekdən Karakola gedən yol ilə Gəncədən Basarkeçərə gedən yolun fərqi ondadır ki, bu gün qarakollular doğulduqları kənd və qəsəbələrə istədikləri vaxt rahatca gedib-gəldikləri halda göyçəlilər otuz ildir ata-baba yurdlarına gedə bilmirlər.

      Bişkekdə Manasın heykəli qarşısında: soldan Əli Şamil, Türkiyədən prof.dr. Ercan Alkaya, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu

      …İrəvan xanlığının Göyçə və Dərəçiçək mahallarında yaşayanlar əsasən qarapapaqlar idi. Min atlı döyüşçü ilə xanlığın sərhədlərini qoruduqlarına görə vergidən azad edilmişdilər. Rusiya 1801-ci ildən 1827-ci ilədək müxtəlif fasilələrlə İrəvan xanlığına hücum edəndə Qarapapaq atlıları doyüşə atılmış, vətənlərini şərəflə qorumuşdular.

      1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış müqavilədən sonra Qarapapaqların bir qismi Qacarlar sülaləsinin idarə etdiyi İrana köçmüş, bir hissəsi isə köhnə yurdlarında qalmışlar. Rusiya özünə dayaq üçün Osmanlıda və İranda yaşayan ermənilərin 120 minini Qafqaza köçürmüşdür.

      Osmanlı dövlətinin Bayazid əyalətindən gətirilən 1485 erməni Göyçə mahalındakı Qarapapaqların yaşadığı kəndlərdə yerləşdirilmişlər. 1831-ci ildə vergi toplanmasını qaydaya salmaq üçün Rusiya hökumətinin tərtib etdiyi Kameral dəftərdə Göyçə mahalında 2 yerli erməni ailəsi olduğu göstərilir. Rusiya bölgəyə erməniləri köçürmək, onları vergidən azad etmək, müsəlmanların evlərini, kəndlərini, əkin-biçin sahələrini onlara verməklə kifayətlənmədi, İrəvan xanlığının adını və sərhədlərini dəyişərək Erməni quberniyası, şəhərin adını Erivan,

Скачать книгу