Скачать книгу

rpaq. Quşların intiharına ağlamayın.

      Bakı, “Köhlən” nəşriyyatı, 2019.

      © Zahid Sarıtorpaq / 2019

      © Köhlən Nəşriyyatı / 2019

      İSBN: 978-9952-8371-0-0

      facebook.com/kohlanpress

      instagram.com/kohlanpress

      twitter.com/kohlanpress

      [email protected]

      (+994 55) 359-99-23

      …bilirəm, bu gün nəinki quşların, hətta “doğru”yla “oğru”nu bir-birindən ayıran “d” hərfinin də intihar etdiyini eşitsəniz,yenə gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək…

      Birinci bölüm

      Quşların Pirqasımlı yaxınlığında özlərini maşınlara çırpıb intihar etdiyini neçə gündü hər yerdə danışırdılar. Kənddən bir az aralı keçən magistral yolda görünməmiş hadisə baş verirdi. Yolun hər iki qırağı boyunca uzanıb gedən taxıllığın arasından, deyilənə görə, qəfil üç-üç, beş-beş qalxan, qaranquş kimi iti uçuşlu, sərçə kimi bozumtul rəngli, bu yerlərə xas olmayan uzunsov, qəribə quşlar civildəşə-civildəşə özlərini sürətlə keçən maşınların qabaq şüşələrinə çırpır, o andaca ölüb asfaltın üstünə tökülürdülər…

      Xəstəliyin üzüb yatağa saldığı Minaxanım bu xəbəri onun üçün hər gün çörək alıb gətirən qonşu qadından eşitdi, qəribə hallar yaşadı. Özü də bilmədi ixtiyarsız olaraq niyə içindən acı bir sızıltı keçdi, nədən gözləri doldu.

      Yatağa düşəndən bəri, hər səhər gözlərini açar-açmaz yerinin içindəncə boylanıb divardan asılmış güzgüdə, elə bil, mumyalanmış bir meyitə baxırdı. Üstü pas rəngli pulcuq-pulcuq ləkələrlə örtülü köhnə güzgünün toranlığında sanki özgə bir dünyanın adamını görürdü. Özlüyündə: “gör nə günlərə qaldım, Allah, ta özümə də oxşamıram heç…” – düşünürdü. Amma bilmirdi ki, əksinə, əsl özünə oxşayan çağı elə indi yetişib. Anlamırdı ki, əslində, insan bu dünyada ancaq ölüm ayağında özünə oxşamağa başlayır… Ağlına batmırdı ki, sürdüyü ömür – qapısı cəftəsiz bir ev, ölümsə, Novruz bayramında papaqatdı oynayan bir uşaqdı eynən. Bilmirdi ki, həmin “uşaq” indi bu evin qapısı arxasında gizlənib “papağını” atıb içəri… Qarşıda onu nələr gözlədiyini hələ dərindən dərk eləmirdi. Bəs vəziyyəti anlamış olsaydı, neyləyəcəkdi? Bu damın altında o “papağa” qoymağa nəyi vardı? Gözünü yumunca, üstünə qarışqalar daraşası, sızım-sızım sızlayan bir yaralı canı vardı, vəssalam. Deyəsən, duyuq düşüncə, əlacsız qalıb axırda elə onu qoyacaqdı “papağın içinə”. Elə qapının arxasındakının da istədiyi bu idi… Deyəsən, artıq onun da səbri tükənmişdi, yavaş-yavaş qapını döyürdü ki, “nooldu?.. vaxt keçir axı, qurtar görək, ay ev yiyəsi… – daha doğrusu – ay can yiyəsi, day tələs görək, bir az tez elə, sovqatımı ver, çıxım gedim…”

* * *

      Aradan bir-iki gün də keçdi. Səhərlərin birində, dan yeri sökülər-sökülməz, Tufan qəfil dərəsinə soxulan dəli bir külək yabanı qızılgül kolları arasında yırtıcı quş kimi qanadlarını necə çırpdısa, saysız-hesabsız çəhrayı gül ləçəkləri, elə bil, perikmiş kəpənək sürüsünə döndü, uçuşaraq göyün üzünü bürüdü…

      Onun yaşadığı Qırıqqala məhəlləsi bu qədim şəhərin kənarındaydı. Oradan həmin dərəyə qədər yüz-yüz əlli addım ancaq olardı. Bir vaxtlar hər gün o yolu göz qırpımında quş kimi səkə-səkə gedib-gələn Minaxanım indi yatağının içindəncə pəncərəyə sarı boylanıb göy üzünə dikələn gül sovruğunu gördü, sanki hər şeyi başa düşdü, gözlərini yumdu: “hə… deməli, axırımdı day, axırımdı… – pıçıldadı, – di gəl apar sovqatını, zalım fələy, gəl apar, belin qırılsın elə!..” – deyib əllərini yanına döşədi… Ancaq canı hələ tam üzülməmişdi, hələ qalxıb divardan tuta-tuta üç-beş addım yeriyə bilərdi, yəqin elə buna görə də “qapının dalındakı” ürək eləyib içəri girmirdi…

      Amma çox keçmədi, halı təmiz çöndü, Bakıya – Qaraqıza birtəhər zəng elədi ki, ”bacı, durma gəl, ölürəm day… İrzaya da de, üzünü orda isladıb, burda qırxdırsın, yubanmasın…” Sonra da məsələyə heç bir dəxli olmadan, Pirqasımlı yolunda quşların intihar etməsindən qəribə bir yanğıyla danışdı, özünü saxlaya bilməyib hönkürdü…

      Qaraqız onun tavrından almadı, düşündü: “yox, bu xına o xınaya oxşamır, məsələ ciddidi deyəsən, birdən yubanaram, iş işdən keçər”. Nə qədər əlləşsə də, Rzaya xəbər eləyə bilmədi, telefonuna zəng çatmadı. Evində dayəlik etdiyi Şövqiyyə xanıma vəziyyəti başa salıb, icazə aldı. O dəqiqə də yır-yığışını eləyib, təcili Bakı avtovağzalına gəldi, maşına oturub “umudum sənədi, ay Allah, o bircə bacımı əlimdən alma, noolar…” deyib, içini yeyə-yeyə düzəldi yola. Ürəyinin bir parçası saydığı, dayəsi olduğu Gilənarla yol uzunu bir neçə dəfə zəngləşib-danışdı, tövsiyələrini verib, özündən muğayat olmasını dönə-dönə tapşırdı. Rzanın nömrəsini nə qədər yığsa da, bir şey alınmadı. Bir də mənzil başına çathaçatda təsadüfən onunla əlaqə saxlaya bildi və hər şeyi anlatdı. Rza da: “Gedib görsən vəziyyət doğrudan da pisdi, xəbər eləyərsən gələrəm. İşlərimizi başlı-başına buraxıb ikimiz də birdən getsək yaxşı olmaz” – söylədi. Qaraqız incisə də, özlüyündə onunla razılaşdı, çünki Rza düz deyirdi, işləri başlı-başına buraxmağın bədəli ağır olardı. Bunları fikirləşdikcə, alnını çarəsizcəsinə avtobusun pəncərəsinə söykəyib yaş dolu gözlərini yolun kənarı boyunca bir-bir ötüb arxada qalan dəngil-düngül ağaclara, kollara dikdi.

* * *

      Bacısı gələndən iki gün sonra Minaxanımın halı bir az da pisləşdi. Vəsiyyətini eləyib qurtarana qədər Qaraqız elə bildi onun əli bir parça buzdu, indicə ovcunda əriyəcək…

      Hərçənd, bacısını ölüm yartağında görəndən Qaraqızın öz canını da bir soyuqluq bürümüşdü, sümükləri sızıldayır, əl-ayağı üşüyür, barmaqları soyuqdan tökülürdü, elə bilirdi onu şaxta kəsib. Ancaq heç vaxt deməzdin ki, o, üşüyə bilər, üzünə baxanda yanaqları pörtmüş olurdu, deyirdin, qaynar bir hamamdan indicə yüyürüb eşiyə, indicə çimib çıxıb. Səliqəylə darayıb başının arxasında bürmələdiyi, bir dənə də ağ teli olmayan saçlarına, elə bilirdin gənəgərçək yağı çəkib, adamın gözünə yamyaş dəyirdi. Keçmişdə, burda yaşadığı gənclik illərində üzünə baxmaq olmurdu: ərə getməmiş qızlara məxsusqalın, cod qaşları, ömründə heç kimə sevgi etirafı eləməmiş göyümtül, ətli dodaqlarının üstünü, batıq çənəsini bürümüş seyrək, yöndəmsiz tükləri, belə demək mümkünsə, ölmüş bir qadın gözəlliyinin xarabalığında bitmiş bədbəxtlik adlı kol-kosa bənzəyərdi. Amma indi yaşı keçmiş olsa da, tamam dəyişmişdi, xeyli cavan görünürdü.

      Qaraqız vaxtilə rayondakı pedaqoji litseyi əla qiymətlərlə bitirib, xarici dillərə qəbul olmuşdu, amma imkansızlıqdan Bakıya gedib təhsil ala bilməmişdi, ibtidai sinif müəlliməsi işləmişdi. Onda anası sağ idi, bacısının isə sağlam vaxtlarıydı. Onlar pirin üstə xidmətkarlıq edirdilər. Qaraqız isə gecə-gündüz kitab oxumaqdan, mütaliədən, ingiliscəylə yanaşı digər xarici dilləri öyrənməkdən əl çəkə bilmirdi… Ancaq nə qədər savadı artıb, dünyagörüşü dəyişsə də yenə üz-gözündən, yeriş-duruşundan çox sadəlövh görünürdü. İndi şəhərdə yaşasa belə, ilk baxışdan adama elə gəlirdi ki, o, bu dünyanın adamı deyil. Bakıda Hidayət adlı bir məhkəmə sədrinin evində on dörd ilə yaxındı həm qulluqçu işləyir, həm də onun Gilənar adlı qızına dayəlik edirdi. O mühit hər halda Qaraqızın təkcə vücuduna yox, elə ruhuna da əl gəzdirmişdi.

      Onun bu dünyada kimi vardı ki? Adıyla, varlığıyla nəfəs aldığı Gilənarı bir qırağa qoyaq, – kimi vardı axı? Bircə can üstə olan, özündən on yaş böyük bacısı Minaxanım idi, bir də onu aparıb müdirinin evində işə düzəldən, yeganə qohumu – anasının əmisi nəvəsi Rzaydı, vəssalam, başqa heç kimi yoxuydu. Əslində, heç cür barışa bilmədiyi, uzaq uşaqlıq illərinə gömüb gəldiyini düşünsə də, içində hələ də diri-diri gəzdirib sirrini heç kimə vermədiyi, onunla hansısa

Скачать книгу