ТОП просматриваемых книг сайта:
Seçilmiş əsərləri. Чингиз Айтматов
Читать онлайн.Название Seçilmiş əsərləri
Год выпуска 0
isbn 978-9952-8260-5-0
Автор произведения Чингиз Айтматов
Издательство JekaPrint
Naymanların dədə-baba qəbiristanlığı sayılan Ana-Beyit qəbiristanlığına Boranlıdan azı otuz kilometr yol vardı, özü də, gərək, dəmir yoluna köndələn səmt tutub kəsə yolla gedəsən, Sarı-Özək düzündə, gərək, fəhmini itirməyəsən, özünə arxayın olub, kəsə yolla getməyə ürək eləməsən, onda gərək dəmiryolun böyründəki adi yolla gedəsən. Bu yol xeyli uzundur. Çünki Qıysaqçay dərəsindəki döngədən Ana-Beyitə çatmaq üçün gərək nə boyda dövrə vurasan… Başqa yol yoxdur, sözün qısası, otuz verst o başa, otuz da bu başa. İndiki boranlılardan, Yedigeydən başqa, o yola bələd olanı yox idi. Doğrudur, qədim Beyit qəbiristanlığı haqqında çox söz-söhbət eşitmişdilər, amma vəziyyət elə gətirmişdi ki, hələ gedib Ana-Beyiti öz gözü ilə görən olmamışdı. Əslində buna ehtiyac da yox idi. Uzun illər ərzində səkkiz evdən ibarət olan qəsəbəcikdə bu, yeganə hadisə idi ki, adam ölmüşdü, onu dəfn etmək lazım idi. Neçə illər qabaq bir qızcığaz sinəgir olub ölmüşdü. Valideynləri onu dəfn eləmək üçün öz vətənlərinə Ural vilayətinə aparmışdılar. Bir neçə il əvvəl Qazanqapın arvadı Bikə qarı xəstəxanada vəfat eləyəndə onu Boranlıya gətirməyi məsləhət bilməyib, elə Kumbeldə dəfn elədilər. Kumbel axı Sarı-Özəkdə, demək olar ki, ən iri stansiya idi. Bir də ki qızı Ayzadə və kürəkəni (içkiyə qurşanmış olsa da, özgə deyildi) orada olurdular, heç olmasa, qəbrinə göz yetirib baxardılar. O vaxt Qazanqap sağ idi, işini də öz bildiyi kimi tuturdu.
İndi fikirləşir, götür-qoy edir, amma bir qərara gələ bilmirdilər. Amma Yedigey yenə də öz dediyinin üstündə durdu:
– İgidə yaraşmayan söhbətləri buraxın, canım, – deyə cavanların üstünə bozardı, – belə kişini öz dədə-baba yerimizdə, Ana-Beyitdə dəfn edəcəyik. Mərhum özü belə vəsiyyət eləyib. Yaxşısı budur, gəlin sözdən işə keçək. Xeyli yolumuz var. Hazırlığa başlayaq. Səhər tezdən yola çıxırıq…
Hamı başa düşdü ki, Yedigeyin qərar qəbul eləməyə haqqı var, dediyinə də heç kim etiraz eləmədi. Doğrudur, Sabitcan işə bir pəl vurmaq istədi, o, həmin gün minik qatarları burada dayanmadıqları üçün yük qatarı ilə özünü yetirmişdi. Gələnə kimi atasının sağlığını, ya öldüyünü qəti bilməsə də, özünü çatdırmışdı. Görünür, elə bunu dəqiq bilməyə-bilməyə gəlməsi Yedigeyi mütəəssir eləmişdi, hətta bir növ sevindirmişdi də… Hətta qucaqlaşıb bu böyük dərdin müsibətinə birlikdə ağladıqları anlar-dəqiqələr də olmuşdu. Yedigey sonralar buna görə özünə təəccüb elədi.
O, özü ilə bacara bilməyib, Sabitcanı bağrına basıb ağlaya-hıçqıra deyirdi: “Nə yaxşı ki gəldin, gözümün işığı, nə yaxşı ki gəldin!” Elə bil, onun gəlməyi ilə mərhum dirilib ayağa duracaqdı. Yedigey özü də başa düşə bilmirdi ki, niyə belə hönkürüb ağlamışdı, ondan heç vaxt belə şey görünməmişdi. Kimsəsiz qalmış daxmanın həyətində Sabitcanla qucaqlaşıb xeyli ağlamışdılar. Nədənsə, yaman kövrəlmişdi, axı atasının sevimli oğlu olan Sabitcan uşaqlıqdan onun gözləri qabağında böyümüşdü, onu Kumbelə, dəmiryolçuların balaları üçün açılmış internat məktəbinə aparırdılar. İmkan tapan kimi gah yük qatarı, gah da dəvəylə gedib ona baş çəkirdilər görsünlər Sabitcanı yataqxanada incidən yoxdur ki, ya özü cızığından çıxmır ki, necə oxuyur, müəllimlər onun haqqında nə deyirlər? Bəs tətil günlərində onu neçə dəfə kürkə bürüb-büküb Sarı-Özəyin şaxtasında, boranında, qar basmış çöllərlə Kumbelə aparmışdılar ki, dərslərinə gecikməsin.
Eh, yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü günə! Bunlar hamısı indi adama yuxu kimi gəlir. Budur, indi o vaxtkı dəmbərəgöz, üzügülən uşağın yerinə gözlüklü, əzik şlyapalı, köhnə qalstuklu yekə bir kişi gəlib dayanıb. Özü də vilayət şəhərində işləyir, dərdi-azarı da böyük vəzifə, rütbə sahibi kimi görünməkdir. Amma həyat deyilən şey ki var, çox məkrli bir şeydir, böyük vəzifəyə çatmaq elə də asan başa gəlmir. Bir dəfə elə özü şikayətlənib deyirdi ki, qohum-əqrəbadan, yaxşıca tanış-bilişdən arxan, köməyin olmasa, deməli, zəhmətin havayıdır. Mən kiməm ki? Boranlı deyilən bir razyezddə işləyən Qazanqap deyilən birisinin oğlu. Eh, bədbəxt, indi heç bəyənmədiyin o ata da yoxdur. Ölüb getmiş məşhur atadansa, ən fərsiz diri ata min qat yaxşıdır, indi heç bu da yoxdur.
Bir az sonra göz yaşları qurudu. Görüləcək işlərdən danışdılar. Bax, elə buradaca məlum oldu ki, əziz-xələf əllamə oğul, atasını dəfn eləməyə yox, gəlib ki, tələm-tələsik bir çala qazıb kişini quylayan kimi, tezcə də canını qurtarıb qayıtsın. Başladı ki, axı nəyə lazım o uzaqlıqda Ana-Beyitə getmək, gör nə qədər boş yer var, Sarı-Özək elə qapının kənarından dünyanın qurtaracağına qədər bomboş, kimsəsiz düzənliklər deyilmi? Məgər bu yaxınlıqda münasib bir təpəcikdə, lap elə yanındaca qəbir qazmaq olmazmı? Ömrünü bu yerlərdə qoymuş qoca dəmiryolçu qatarların hərəkətlərini, səs-küyünü eşidib həm də bizdən razı qalar.
Aralığa salıb köhnə bir məsəl də çəkdi: “Ölü hazır, qəbir qazın!” Artıq-əskik danışmaq, uzatmaq nəyə lazım, ölənin nə eyninə ki, onu harada basdırırlar, necə basdırırlar. İşi nə qədər tez görsən, ölünün də xeyrinədir, dirinin də.
Bu sözləri deməklə o həm də özünə bir növ haqq qazandırmağa çalışdı ki, guya, təcili görüləsi mühüm işləri var, onu şəhərdə iş yerində gözləyəcəklər, vaxtı yoxdur.
Məlum işdir, rəis rəisdir, onun nə vecinədir ki, qəbiristanlıq uzaqdadır, ya yaxında. Rəis öz sözünü deyir, filan gün, filan saatda işə gəlməlisən, vəssalam! Niyə? Ona görə ki, şəhər şəhərdir, rəis də rəis!..
Yedigey ürəyində özünü: “Qoca axmaq”, deyə danladı, lap Qazanqapın oğlu olsa da, bu tipi bağrına basıb hönkürtü ilə ağladığına xəcalət çəkdi… Skamya əvəzi divarın dibinə düzülmüş şpalların üstündə beş adam oturmuşdu. Yedigey ayağa qalxdı, adamların yanında ona ağır, acı söz deməkdən özünü zorla saxlayaraq, mərhumun xatirinə susub ancaq bunu dedi:
– Yerə qalsa, yer çoxdur, nə qədər istəsən, yer tapılar. Amma, nədənsə, adamlar öz qohum-əqrəbasını hara gəldi basdırmır. Yəqin, bunun da bir mənası var… Yoxsa kimin torpağa heyfi gələrdi? Susdu. Boranlılar da susur, ona qulaq asırdılar. Yaxşı, siz burada bir qərara gəlin, mən də gedim görüm orada işlər nə yerdədir.
Sir-sifəti qaralmış Yedigey ikrahla uzaqlaşdı ki, bir xata-zad işlətməsin. Qaşları düyünlənmişdi. Çox sərt və qızğın adam idi, elə adını da bir cəhətdən xasiyyətinə görə Boranlı qoymuşdular. İndi Sabitcanla tək olsaydılar, o utanmazın üzünə olmazın sözünü deyərdi. Elə kəsib tökərdi ki, ölənəcən yadından çıxmasın! Amma arvad söz-söhbətinə baş qoşmaq istəmədi. Odur ey, arvadlar pıçıldaşırlar ki, oğula bir bax, elə bil, atasının yasına qonaq gəlib, əli ətəyindən uzun, bomboş. Qalanı başına dəysin, heç olmasa, bircə büküm çay gətirəydi. Gəlini də elə, şəhərli olanda nə olar, hörmət eləyib gələ bilərdi, el qaydasıyla bir az ağlayıb-oxşasaydı, ölməzdi ki… Vallah, camaatda abır-namus deyilən şey qalmayıb, Qazanqapın sağlığında iki sağlam dəvəsi, on beşə kimi qoyun-quzusu olanda yaxşı idi. Onda arvadı da gəlirdi. Gəldi, kişinin olan-qalanını