ТОП просматриваемых книг сайта:
Seçilmiş əsərləri. Чингиз Айтматов
Читать онлайн.Название Seçilmiş əsərləri
Год выпуска 0
isbn 978-9952-8260-5-0
Автор произведения Чингиз Айтматов
Издательство JekaPrint
– O dünyadan niyə?
– Nə bilim!
– Hə… ə… deməli, qoca, Qazanqapı deyirəm…
– Nə deyirsən?
– Deməli, deyirəm, – Şahmərdan baş vermiş hadisəyə münasib söz axtararaq azacıq fasilə verdi, – belə çıxır ki, qoca, necə deyərlər, öz şərəfli həyatını başa vurdu.
Yedigey ürəyində “heyvana bir bax ey, vəfat eləmiş bir adam haqqında da adam kimi söz deyə bilmir” fikirləşsə də, bir kəlmə ilə cavab verdi:
– Hə!
Bir anlığa Şahmərdanın səsi kəsildi. Birdən mikrofon daha bərkdən xırıltı, inilti saldı, nəfəs xışıltısı da ona qarışdı. Sonra Şahmərdan yenə xırıldadı:
– Mənə bax, Yedige, əzizim, indi ölüb deyə, mənə başağrısı vermə… Mənim adamım yoxdur. Vacibdir yanında oturasan, oturanda xortlayıb durmayacaq, deyirəm…
– Mən də deyirəm ki, səndə qanacaq-zad yoxdur, – deyə Yedigey hiddətindən bilmədi ki, nə eləsin, necə yəni başağrısı vermə, sən cəmi burada ikinci ildir işləyirsən, biz onunla bir yerdə otuz il can çürütmüşük. Səndə ağıl varsa, fikirləş. Aramızda insan ölüb. Onu otaqda tək qoymaq olmaz, yaramaz!
– E!.. Ölü nə bilir ki, təkdir, yoxsa yanında adam var?
– Biz ki bilirik.
– Di yaxşı, səs-küy salma, qoca, hirslənmə!..
– Səni başa salıram.
– Nə istəyirsən axı, mənim artıq adamım yoxdur. Onsuz da indi, gecənin bu vaxtı neyləyəcəksən orada?
– Dua edəcəm, yasin oxuyacam, el adətiynən ölünü kəfənə tutacağam…
– Yasin oxuyacaqsan? Sən, Boranlı Yedigey ha?!
– Bəli, mən. Bilirəm, əlimdən gəlir.
– Pay səni, altmış ildir Sovet hökuməti qurulub…
– Sən bu sözləri burax, Şahmərdan, Sovet hökumətinin bura nə dəxli var, ölən üçün qədimdən bu yana yasin oxunur, namaz qılınır, axı insan vəfat eləyib, heyvan ölməyib ki!
– Yaxşı, yaxşı, qaraqışqırıq salma, get öz bildiyini elə. İndi Caydaq Ədilbəyə xəbər göndərərəm, razı olsa, gəlib səni əvəz eləyər. İndi ayıq ol, yüz on yeddinci gəlir, ikinci ehtiyat yolu hazırla…
Elə bu sözlə də Şahmərdan danışığı kəsdi, cihazın açarı şaqqıldayıb susdu. Yedigey tələsik yolçevirən makasa yaxınlaşaraq fikirləşdi ki, görəsən, Ədilbəy razılıq verib onu əvəz eləməyə gələcəkmi? Uzaqdan bir neçə evin pəncərəsindən parlayan işıqları görəndə xeyli təskinlik tapdı. “Yox, adamlarda hələ insaf-vicdan var, düşündü. Deməli, Ukubala boranlıları narahat edib ayağa qaldırır”.
Bu müddət ərzində yüz on yeddinci ikinci ehtiyat yola qəbul olundu, qarşı tərəfdən də vaqonları neft çənlərindən ibarət olan yeni yük qatarı gəldi, aralanıb hərəsi bir səmtə – biri qərbə, o biri də şərqə getdi.
Gecə saat iki idi, göydəki ulduzların şövqü artır, hər biri öz-özlüyündə aydın seçilirdi. Ayın özü də Sarı-Özək göylərində, elə bil ki, haradansa aldığı, get-gedə çoxalan əlavə bir qüvvə ilə işığını artırdı. Ucsuz-bucaqsız Sarı-Özək çöllərinin ulduzlu göyləri altında isə uzaqlarda dəvələr arasında Boranlının ikidonqarlı nəhəng Qaranərinin və yaxınlıqdakı dikdirlərin qaraltısı görünürdü. Qalan yerlər dəmir yolunun hər iki tərəfində qaranlığa qərq olmuşdu. Külək də yatmamışdı, yerdəki zirzibili xışıldadırdı.
Yedigey gah köşkə girir, gah çıxır, gözləyirdi ki, Caydaq Ədilbəy dəmir yolunda görünəcək, ya yox? Elə bu vaxt Yedigey bir az aralıda bir heyvan gördü. Bu, tülkü idi, gözləri qırpım çalan yaşıl bir işıqla parlayırdı. O, teleqraf dirəyinin böyründə ölgün bir vəziyyətdə dayanmışdı. Görkəmindən nə yaxınlaşmaq, nə qaçıb uzaqlaşmaq istəyinə oxşayırdı.
– Burada neynirsən? – deyə Yedigey zarafatyana deyindi, barmağıyla onu hədələdi. Tülkünün eyninə də gəlmədi.
– Bıy, qudurmuşa bax ey! – ayağını yerə vurdu.
Tülkü azacıq kənara sıçrayıb təzədən şöngüdü, gözünü zilləyib kədərlə baxdı. Yedigey, düzü, tam ayırd eləyə bilmədi, tülkü ona baxırdı, yoxsa onun yanında olan nəyəsə başqa bir şeyə? Tülkü bura niyə gəlmişdi? Onu nə çəkib gətirə bilərdi bura?! Elektrik işığına gəlib, ya aclıq çəkib gətirib? Tülkünün davranışı Yedigeyə qəribə göründü.
Bəlkə, bir daş götürüb vurum, indi ki, ov özü gəlib girimə keçib. Yedigey yerdən iri bir daş götürüb tuşladı, qolaylayıb atmaq istədi, amma əl saxladı, daşı ayağı altına saldı. Hətta onu tər basdı. Tülkünü vurmaq istəyəndə bir əhvalat yadına düşdü, kimin danışdığını yadına sala bilmədi, ya təmir üçün gələn tiplərin birindən, ya da oturub-durub Allahdan danışan o fotoqrafdan eşitmişdi… Yox, yox, Allahın lənətinə gəlsin, Sabitcan danışmışdı, deyəsən, ölür əllaməlik üçün, təki qulaq asan olsun, təki camaatı təəccübləndirsin. Ölülərin ruhunun başqasına köçdüyünü Qazanqapın oğlu Sabitcan danışmışdı. İşə bax ey, gör adamın ağlına nələr gəlir! Səfehliyə bax!
Bu gəvəzəni oxudub öz başlarına bəla eləmişdilər. Əvvəlcə adama elə gəlir ki, pis oğlan deyil hər şeyi bilir, hər şeydən xəbəri var… Amma nə fayda! Oxumağına oxuyub internatda da, institutda da, di gəl ki adam deyil, adamlığı yoxdur! Elə hey özünü öyür, içir, məclislərdə sağlıq deyir, amma işə gələndə heç nə! Müxtəsəri, boş gopçunun biridir, diplomunu gözə soxsa da, Qazanqapa oxşarı yoxdur. Yox, fərsiz çıxdı, atasına çəkməyib… Allahın işidir, çarə nədir, olanı budur.
Bir dəfə, necə oldusa, dedi ki, Hindistanda belə bir təriqət sahibləri var ki, ölənlərin ruhunun başqa bir canlıya, lap qarışqaya keçdiyinə inanırlar. Onlar iddia edirlər ki, insan hələ dünyaya gəlməmişdən əvvəl, mütləq, nə vaxtsa bir quş, ya adicə bir ev heyvanı, ya vəhşi heyvan, fərqi yoxdur, ya da adicə böcək olub. Buna görə də onlar hansı canlı olursa olsun, fərqi yoxdur, onu öldürməyi günah sayırlar. Yolüstü lap ilana da rast gəlsələr, ancaq baş əyib, təzim edib yol verirlər.
Bu dünyada nə əcaib iş desən, olar! İndi kim bilsin ki, bunların hansı düzdür, hansı yalan. Bu gen dünyanın sirlərinin hamısını insan necə bilə bilər? Daş götürüb tülkünü vurmaq istəyəndə ağlına gələn əcaib fikir də elə bu idi. Kim bilir, bəlkə, Qazanqapın ruhu bu tülküyə keçib? Ölümündən sonra daxması boş, kimsəsiz qaldığı üçün canı darıxıb, baş götürüb gəlib ən yaxın dostunun yanına?.. “Olmaya, ağlım çaşır?” Öz-özünü danladı, amma yenə də tülküyə ehtiyatla yaxınlaşa-yaxınlaşa elə danışırdı ki, guya, tülkü onun dediklərini başa düşür:
– Çıx get, buralar sənin yerin deyil, eşidirsən, get, yeri çöllüyə, amma itlər olan yerə getmə, get, Allah amanında, çıx get çöllüyə…
Tülkü dönüb uzaqlaşdı, bir-iki dəfə geri baxandan sonra