Скачать книгу

heç kimə heç nə hiss etdirmədən başlanğıcda öhdələrinə götürdükləri vəzifələri kənara qoyub daha təvazökar işlərə yönəldilər. Əvvəl hədəfləri sosialist iqtidarı və kommunizmi bütün metro stansiyalarında təbliğ etməkdi, lakin indi “Qızıl Ordu” rəhbərliyi ən azından özləri üçün ən müqəddəs olan şeyi nəzarət altına almaq istəyirdi: “Ploşad Revolyutsii” stansiyasını.

      Səbəblərindən biri “İnqilab Meydanı” mənası verən stansiyanın adıydı, amma bundan başqa stansiyanın qüllələrində hələ də qırmızı ulduzların parıldadığı (əgər baxmaq üçün yuxarıya dırmanmağa cəsarət edən olsa) “Qızıl Meydan” olması və Kremlə digər stansiyalardan daha yaxında yerləşməsiydi. Xüsusilə, orda, Kremlin düz yanında, Qızıl Meydanın ortasında Mavzoley9 dayanırdı. Mavzoleydə hələ də Leninin cəsədinin olub-olmadığını heç kim bilmirdi, amma artıq bunun heç bir əhəmiyyəti yoxdu. Uzun illərdir, davam edən Sovet hakimiyyəti vaxtında Movzoley vəzifə dəyişikliyi etmiş, çox xüsusi məzarlıqdan iqtidarın hakimiyyətinin əbədiliyinin müqəddəs simvoluna çevrilmişdi. Əvvəki dövrün böyük liderləri, Mavzoleyin eyvanından təntənəli rəsmi keçid mərasimini qarşılamışdı. Bu iqamətgahın indiki iqtidarda olanları da öz təsiri altına alması çox təbii qarşılanmalıydı. Deyilənlərə görə, “Ploşad Revolyutsii” stansiyasından Mavzoleyin gizli otaqlarına, oradan da Leninin məzar otağına gedən keçidlər vardı.

      “Qızıl Ordu” əvvəlki adı “Teatralnaya” olan “Ploşad Sverdlovskaya” stansiyasını nəzarətdə saxlayırdı. Stansiya hər cəhətdən gücləndirilmiş, hər şeylə təchiz edilmiş, “Ploşad Revolyutsii” stansiyasına olunacaq hansısa hərbi müdaxilə zamanı sığınacaq yeri kimi seçilmişdi. İnqilabın öndə gedənləri, rəhbərləri eynilə Səlib yürüşlərində olduğu kimi, dini təbliğat apararaq insanları dayanmadan bu stansiyaya hücuma, Mavzoleyi azad etməyə çağırırdılar. Məhz bunun üçün müdafiə olunanlar stansiyanın “Qızıl Ordu” üçün nə dərəcədə əhəmiyyətli olduğunu çox yaxşı bildiklərindən son adamları qalana qədər müqavimət göstərmişdilər. Ploşad Revolutsi alınmaz qalaya çevrilmişdi. Müharibənin ən qanlı, qəddar döyüşləri həmin stansiya ətrafında yaşanmış, ən çox əsgər itkisi də burada olmuşdu.

      Bu meydan müharibələri məşhur Aleksandr Matrosov10 kimi özünü güllə önünə atan, yaxud düşmən qüvvələrini məhv etmək üçün düşünmədən ölümə atılan qəhrəmanlar yaratmışdı. Hətta qadağan olunmasına baxmayaraq insanlara qarşı od püskürən silahlardan istifadə edilmiş, yenə də uğurlu nəticə əldə olunmamışdı.

      Qızıl Ordu bir günlük stansiyanı ələ keçirsələr də, orda qalmağı bacarmır, sabahısı koalisiya qüvvələrinin hücümları nəticəsində böyük itki verərək geri çəkilirdi.

      “Biblioteka imeni Lenina” üçün də eyni şəkildə döyüşlər gedirdi. Koalisiya qüvvələri “Qızıl Ordu”nu geri çəkilməyə vadar edərkən, kommunist rejimi “Biblioteka imeni Lenina” stansiyasını işğal etmişdi. Stansiya koalisiya üçün son dərəcə əhəmiyyətliydi, çünki uğurlu döyüş əməliyyatı nəticəsində “Qızıl xətt” iki hissəyə bölünəcəkdi. Xüsusilə, oradan digər üç xətdə uzanan üst keçidlər vardı, “Qızıl xətt” bu üç xətlə sadəcə orda birləşirdi. Nəticə etibarilə, bu stansiya bir növ limfa düyünüydü: “Qızıl vəba” bir dəfə ora düşdüsə, ordan da digər orqanlara yayılacaqdı. Bunun qarşısını almaq üçün koalisiya qüvvələri nəyin bahasına olursa olsun, stansiyanı ələ keçirməliydi.

      “Qızıl Ordu” rəhbərliyi “Ploşad Revolutsi” idarəçiliyi altına almaq üçün necə nəticəsiz mübarizə aparırdısa, koalisiyanın da “Biblioteka imeni Lenina” stansiyasını işğal səyləri eyni şəkildə effekt vermirdi.

      İnsanlar artıq təngə gəlmişdilər. Hərbi xidmətdən yayınma halları başlamışdı, tərəflər silahları buraxdıqları zaman bir-birlərini qardaş kimi qucaqlayırdılar. Belə vəziyyət Birinci Dünya müharibəsindəki kimi “Qızıl Ordu”nun xeyrinə olmamışdı. Koalisiyanın vəziyyəti də yaxşı deyildi. Həyatlarından davamlı narahatlıq duymaqlarının verdiyi sıxıntıyla bütün ailələr stansiyaların mərkəzindən kənar bölgələrə çəkilirdilər. “Hanza İttifaqı” haldan düşmüş, xeyli güc itirmişdi. Müharibə ən başlıcası ticarətə mənfi təsir göstərirdi. Alverçilər “Hanza”dan əllərini çəkmişdilər. Bir vaxtlar ən əhəmiyyətli ticarət yolları sükuta qərq olmuş, tərk edilmişdi.

      Əsgərlər tərəfindən get-gedə daha da az dəstəkləndiklərini hiss edən siyasətçilər silahlar özlərinə qarşı çevrilmədən müharibəni qurtarmaq, bu çətin vəziyyətdən çıxış yolu tapmaq haqqında düşünməyə başladılar. Beləliklə, bu kimi hallarda adət edildiyi kimi böyük məxfilik içində, neytral stansiyada görüş təyin edildi: Sovet nümayəndəsi Moskvinlə “Hanza” İttifaqının rəhbəri Loqinov, koalisiya nümayəndəsi “Arbat” Konfederasiyası11 Baş Komandanı Kolpakovdu.

      Tərəflər arasında sülh bağlandı. Həmçinin, stansiyalarla bağlı müəyyən dəyişikliklər edildi. “Qızıl Ordu” yarısı uçulub dağıdılmış “Ploşad Revolutsii” tamamilə öz idarəçiliyinə götürdü, qarşılığında “Biblioteka imeni Lenina”12 stansiyası “Arbat” Konfederasiyasına verdi. Bu razılaşma hər iki tərəf üçün asan qəbul edilən addım olmamışdı. Konfederasiya üzvlərindən birini, eyni zamanda, şimal-şərqdə əlində nə qədər mülk varsa hamısını itirmişdi.

      “Qızıl Xətt” də artıq hər şeyin sahibi deyildi, bölgənin tam mərkəzində öz əmrində olmayan stansiya vardı və xətti iki hissəyə bölmüşdü.

      Tərəflər daha əvvəllər sahib olduqları torpaqlardan qarşılıqlı sərbəst keçidə təminat verdikləri halda, nəticə etibarilə bu addım yenə də “Qızıl Ordu”nunun xeyrinə deyildi. Lakin koalisiyanın təklifilə razılaşmaq, bu vəziyyətdə ən düzgün qərardı.

      Həqiqətən “Qızıl Xətt”ə mane olmadı. Bu vəziyyətdən daha qazanclı çıxan “Hanza” oldu, çünki bölgəsini bağlamaqla iqtisadi inkişafa gedən yoldakı son maneə də aradan qaldırılmış oldu. Nəticədə “status-kvo”nu qəbul edib köhnə düşmənlərinin bölgədəki təxribatçı və digər antidövlətçilik hərəkətlərindən birdəfəlik qurtuldu. Bütün bunlara baxmyaraq tərəflərin hər ikisi bu sülh barışığından razı qaldı. Bundan sonra silah, top səsləri yerini siyasətçilərə vermişdi, hər iki tərəfin siyasətçiləri bu sülh nəticəsində əldə edilmiş uğurları öz adına yazmaqla xalqının gözünə girməyə çalışacaqdı. Bundan sonra təbliğatçılara böyük iş düşürdü: müharibənin yaratdığı psixoloji sarsıntını aradan qaldırmaq lazımdı.

      Sülh müqaviləsinin imzalandığı bu son dərəcə əhəmiyyətli gündən illər keçdi, tərəflər bu razılığa sadiq qaldılar: “Hanza” İttifaqı “Qızıl xətt”i özünə uyğun iqtisadi partnyor qəbul etdi. Onlar da təxribatçı və hücum planlarının üzərindən xətt çəkdilər, rütbəsi “Moskva V.İ.Lenin Metrosu Kommunist Partiyası Baş İdarə rəisi” olan Moskvin kommunist rejiminin bir xətt üzərində qurulmasının nəzəri olaraq mümkünlüyünü13 sübut etmiş, tarixi qərar verərək hərbi əməliyyatları durdurmuş, köhnə düşmənlik unudulmuşdu.

      Artyom

Скачать книгу