Скачать книгу

rong>

      Mustafa Kamal Atatürk

      Həyatı və Əsəri

      Ön söz

      Orta əsrlərdə sxolastik düşüncənin təzyiqi altında qalan Avropa içinə düşdüyü o qaranlıq dövrü zamanın hakim mədəniyyətinə sahib olan İslam aləmi ilə münasibətlər nəticəsində keçə bilib. Avropa Səlib yürüşlərilə yaranan bu münasibət sayəsində İslam mədəniyyətinin təsiri altına düşüb, bəşəriyyətə insan haqları və incəsənətlə bağlı əhəmiyyətli əsərlər bəxş edib, bundan daha da vacibi, düşüncə və vicdan azadlığı istiqamətində ciddi məsafə qət edə bilib. Qısa zaman ərzində keçilən bu yol elmi insanlığın əsas düsturu halına gətirib, biliklə əldə edilən informasiyaların tətbiqi nəticəsində ortaya mükəmməl texnologiya çıxıb.

      Mustafa Kamal Atatürk bütün bu sosial və siyasi dəyişikliklərin baş verdiyi dövrdə və məkanda doğulub, modernləşə bilməyən millətlərin öz azadlıqlarını da əldə edə bilməyəcəklərini görməyi bacarıb. Onun formalaşdırdığı mühit insan haqlarının və müstəqilliyin hüquqiləşdiyi, mənimsənməyə başlandığı zamana təsadüf edir.

      Hadisələri davamlı şəkildə təhlil edərək süzgəcdən keçirən Atatürk Qərbin əzici üstünlüyü qarışısında beynində yaranan sosial və siyasi reaksiyanı millətinin gələcəyi naminə modernləşmə dövrünün başlanğıcına çevirib, süqut edən Osmanlı dövlətinin əvəzinə Yeni Türk Dövlətini yaratmağı bacarıb. Bu böyük dəyişikliyi yaradan türk inqilabı isə yaxın tariximizdəki böyük qırılma nöqtəsinin nəticəsi və uğurudur.

      Türk millətinin Tənzimatdan1 etibarən, görməyi arzuladığı yeni insan tipini Atatürkün timsalında tapması onun reallaşdırdığı türk aydınlanması ilə də sıx bağlıdır. Bu böyük dəyişikliyi anlaya bilmək üçün əvvəlcə onun qısa, ancaq qeyri-adi hadisələrlə zəngin həyat hekayətini öyrənmək lazımdır.

      Mustafa Kamal Atatürk bütün bu cəhətlərilə bərabər, öz fövqəladə şəxsiyyətilə də iyirminci əsrə təsir etmiş böyük hərbçi və dövlət xadimidir. Onun xarakterinin qeyri-adi xüsusiyyətləri türk millətini içində həbs olunduğu qaranlıqdan və bəlkə də yox olmaq təhlükəsindən qurtarıb, istiqlala qovuşduraraq çağdaş dünyanın mədəni ölkələri sırasına daxil edib.

      Məlum olduğu kimi, Atatürkün ən böyük əsəri özülündə yüksək türk mədəniyyəti və türk qəhrəmanlığı duran Türkiyə Cümhuriyyətidir. Cümhuriyyətin zamanın beynəlxalq dəyərlərinə uyğunluğu, türk millətini arzu edilən mədəniyyət səviyyəsinə çatdırması Atatürkün dühası, türk millətinin müqayisə edilməz anlayış və fədakarlığı nəticəsində mümkün olub. Mustafa Kamal Atatürk ömrü bu yüksək idealın reallaşdırılması uğrunda qurban verilmiş həyatdır. Onun həyat hekayəti Türkiyə Cümhuriyyətinin qurulması və inkişafı ilə demək olar ki, bütünləşib. Buna görə də Mustafa Kamalın həyatı, düşüncələri və şəxsiyyəti ilə bağlı aparılan tədqiqatlar cümhuriyyət tariximizin daha yaxşı dərk olunmasını təmin edəcək. Onun soykökü, ailəsi, təhsili, karyerası, uşaqlığından etibarən yaşadıqları, yaxın ətrafı, şəxsiyyətinin formalaşmasına təsir edən hadisə və insanlar araşdırılıb tədqiq edildikcə Atatürkü anlamaq, tanımaq daha asan olacaq.

      Əlbəttə, Atatürkü yaxşı anlamaq çağdaş Türkiyənin təməlini atarkən hansı dinamika ilə hərəkət etdiyini, cümhuriyyətin hansı əsaslar üzərində inşa edildiyini də ortaya çıxarmaq üçün böyük əhəmiyyət kəsb edir. Cümhuriyyət tariximizin hansı mərhələsində olursa-olsun, Atatürkün həyatı cümhuriyyətin quruluşunu, bu gününü və sabahını anlamaq istəyən hər kəsin bilməsi zəruri olan mərhələdir.

      Tədqiqatımızda Atatürkün həyatı, düşüncələri və şəxsiyyəti doqquz bölmədə araşdırılıb. Əsərin ilk dörd bölməsi Atatürkün doğulduğu dövrdən Samsuna gəlişinə qədər olan zamanı əhatə edir. Dördüncü bölmədən səkkizinci bölməyə qədər Samsuna gəlişindən vəfatına kimi olan dövr araşdırılıb, milli mübarizə, eləcə də Türkiyə Cümhuriyyətinin quruluşu, inqilablar və o dövrdə aparılan xarici siyasət işığında “Türk aydınlanması” kimi tanınan dövr təhlil edilib. Səkkizinci bölmədə isə Atatürkün xəstəliyindən başlayıb vəfatına doğru gedən zaman araşdırılıb, vəsiyyəti və vəfatının ölkədə, həmçinin xaricdə doğurduğu əks-səda tədqiq edilib. Əsərin son hissəsi olan doqquzuncu bölmədə Atatürkün hərbçi şəxsiyyəti, dövlət xadiimi kimi keyfiyyəti və ailə həyatı araşdırılıb. Bundan başqa, kitabın sonunda izahlı “Atatürk xronologiyası”na da yer verilib.

      Atatürk təkcə türk tarixində deyil, dünya tarixində də əhəmiyyətli simadır. Həyatı türk tarixindəki şanlı səhifələrdən olan bu şəxsiyyət zaman keçdikcə keçmişin səhifələri arasında yox olmayıb, öz qanunları və prinsiplərilə cümhuriyyət tariximizin hər mərhələsində dəyər qazana bilib. Buna görə də bu əsər Atatürkdən bəhs edən nə ilk, nə də son kitab olacaq.

      Kitabın ilk nəşri Doktor Əli Gülər ilə birlikdə 2000-ci ildə E.Semih Yalçın – Əli Gülər, “Atatürk” (1881, Selanik – 1918, İstanbul), I cild, “Atatürk” (1919, Samsun – 1938, Dolmabaxça), II cild, “Atatürk” (“Təsiri, qanunları, şəxsiyyəti”), III cild, (“Berikan Yayınları”, Ankara, 2000) adı ilə üç cilddə dərc edilmişdir. Hazırlanan bu əsər əvvəlcə aparılan tədqiqatın ikinci nəşri kimi qəbul edilməsinə baxmayaraq, əvvəlki əsərdə yer alan və Əli Gülərə aid olan hissələr ayrılaraq onun özü tərəfindən Əli Gülər, “Atatürkün soyu Qızıloğuzlar və Konyalar”, (Ankara, 2005) adı ilə ayrıca dərc edilmişdir. Mən isə əvvəlki əsərin digər hissələrini genişləndirərək və təkmilləşdirərək yenidən nəşr olunmaq üçün hazırladım. Bir sözlə, əlinizdəki bu əsər həmin fəaliyyətin nəticəsidir.

      Varlığımızı, hürriyyətimizi, müstəqilliyimizi və xoşbəxtliyimizi borclu olduğumuz bu böyük insan haqqında danışmağın çətin olduğunu bilirsiniz. Bu tədqiqatın mükəmməl iş olduğu iddiasında da deyilik. Ümid edirik, çatışmazlıqlar bundan sonra aparılacaq yeni tədqiqatlarla aradan qaldırılacaq. Millətimizin, xüsusilə də gənclərimizin Atatürkü anlamasında, az da olsa, rolumuz olarsa, özümüzü xoşbəxt hiss edərik.

      Əsərin hazırlanmasında zəhmət çəkmiş Əminə Ərdoğana, Şarika Gedikliyə, İsmayıl Özərə, əsərin təshihini verən Mustafa Yücəl və Aynur Əkincikliyə təşəkkür edirəm.

      Prof. dok. Edip Semih Yalçın / Keçiörən, Avqust, 2011.

      I BÖLÜM

      MUSTAFA KAMALIN SOYKÖKÜ VƏ AİLƏSİ

      Mustafa Kamal Atatürk 1881-ci ildə (rumi, 1296) Selanikdə Qoca Qasım məhəlləsində, İslahhana küçəsində, bu gün muzey olan üçmərtəbəli bir evdə dünyaya gəlmişdir. Atası o zamanlar taxta-şalban ticarəti ilə məşğul olan Əli Rza Əfəndi, anası isə Zübeydə xanım idi. Ata tərəfindən babası ibtidai sinif müəllimi Qızıl Hafiz Əhməd Əfəndi, ana tərəfindən babası isə Sofuzadə (Sofizadə) Feyzullah Əfəndidir.

      I. Rumelinin fəthi və bölgənin türkləşdirilməsi

      Mustafa Kamalın həm ata, həm də ana tərəfindən nəsli Rumeli-nin fəthindən sonra bu bölgələrin türkləşdirilməsi üçün Anadoludan köçürülərək buralarda məskən salan “yörük” (yürük) və ya “türk-mənlər”dən gəlir. Rumelinin türklər tərəfindən fəthi və türkləşdirilməsində, eynilə Anadoluda olduğu kimi, dövlətin əsas-landığı əsas ünsür aşağıda göstəriləcək müxtəlif səbəblərlə yörük, yürük, türkmən və b. fərqli adlarla xatırlanan “qonarköçər” türk ünsürləri olmuşdur.

      Tayyib Gökbilgin deyir: “Yürüklər, Oruc Bəyin də açıq-aydın şəkildə bildirdiyi kimi, oğuzlardandır. Əşirət, tayfa, camaat deyə göstərilən, məsələn, türkmən əşirəti, yürük tayfası və ya xüsusi isim ilə Oğulbəyli camaatı adı ilə rast gəlinən türk köçəri xalq qrupları etnik baxımdan fərqli şeylər olmayıb tək mənşədən çıxan və sonra müxtəlif qruplara ayrılaraq və ya müxtəlif qrupların birləşməsiylə yeni bir birlik yaradan eyni türk xalq parçalarıdır”2.

      A.Rumelinə

Скачать книгу