Скачать книгу

Lakin kətan üçün dəyər sürtuk forması almadan sürtuk kətanın nəzərində dəyər təmsil edə bilməz. Məsələn, A fərd üçün özlüyündə əlahəzrətlik B fərdin cismani şəklini almadan A fərd B fərdi əlahəzrət hesab edə bilməz, – buna görədir ki, hər dəfə ölkənin hökmdarı dəyişildikdə, əlahəzrətin simasının cizgiləri, onun saçı və bir çox başqa cəhətləri də dəyişilir.

      Deməli, sürtukun kətan üçün ekvivalent olduğu dəyər nisbətində sürtuk forması dəyər forması rolu oynayır. Buna görə də kətan əmtəənin dəyəri sürtuk əmtəənin cismində, bir əmtəənin dəyəri başqasının istehlak dəyərində ifadə olunur. İstehlak dəyəri olmaq etibarı ilə kətan sürtukdan hisslə fərqlənən bir şeydir; dəyər olmaq etibarı ilə isə kətan «sürtukabənzərdir», tamamilə sürtuk kimi görünür. Beləliklə, kətan öz natural formasından fərqli olan bir dəyər forması alır. Bir xristianın həlim təbiəti onun özünü məsum quzuya oxşatmasında təzahür etdiyi kimi, kətanın da dəyər varlığı onun sürtuka bənzəməsində təzahür edir.

      Biz görürük ki, əvvəllər əmtəə dəyəri təhlilinin bizə söylədiklərinin hamısını kətan başqa bir əmtəə ilə, sürtukla əlaqəyə girdikdən sonra özü söyləyir. Ancaq o öz fikirlərini bildiyi yeganə dildə, əmtəə dilində ifadə edir. Kətan, demək istədikdə ki, insan əməyi kimi öz abstrakt xassəsi vasitəsi ilə əmək kətanın öz dəyərini təşkil edir, o deyir ki, sürtuk mən kətana bərabər olduğuna görə və, deməli, özü də dəyər olduğuna görə o da məni təşkil edən eyni əməkdən ibarətdir. Kətan demək istədikdə ki, onun dəyərinin [Wertgegenständlichkeit] yüksək predmetliyi onun kobud cismindən fərqlidir, o deyir ki, dəyər sürtuk şəklindədir, buna görə də, dəyər [Wertding] olmaq etibarı ilə mən kətan, iki damcı su kimi sürtuka oxşayıram. Sözarası qeyd edək ki, yəhudi dilindən başqa, əmtəə dilində də az-çox müəyyənləşmiş başqa ləhcələr az deyildir. Məsələn, almanca «Wertsein» [«dəyər, dəyər varlığı»] sözü valere, valer, valoir [nə dəyərində olmaq] kimi roman feli qədər aydın surətdə belə bir faktı bildirmir ki, B əmtəənin A əmtəəyə bərabərləşdirilməsi A əmtəənin öz dəyərinin ifadəsidir. Paris vaut bien une messe!22

      Beləliklə, B əmtəənin natural forması dəyər nisbəti vasitəsi ilə A əmtəənin dəyər forması olur, yaxud B əmtəənin cismi A əmtəənin dəyəri üçün güzgü olur23. A əmtəə 3 əmtəəyə bir dəyər cisminə, maddiləşmiş insan əməyinə olan bir münasibət bəsləyərək, B-nin istehlak dəyərini öz dəyərinin ifadəsi üçün material edir. Beləliklə, B əmtəənin istehlak dəyərində A əmtəənin ifadə olunan dəyəri nisbi dəyər formasına malikdir.

b) Nisbi dəyər formasının miqdar müəyyənliyi

      Dəyəri ifadə edilməli olan hər bir əmtəə müəyyən miqdar istehlak şeyindən, məsələn, 15 şeffel buğdadan, 100 funt qəhvədən və i. a. ibarətdir. Bu müəyyən miqdar əmtəədə müəyyən miqdar insan əməyi vardır. Deməli, dəyər forması nəinki ümumiyyətlə dəyəri, habelə miqdarca müəyyən olan dəyəri, yaxud dəyər kəmiyyətini ifadə etməlidir. Buna görə A əmtəənin B əmtəəyə, kətanın sürtuka dəyər nisbətində sürtuk növlü əmtəə nəinki ümumiyyətlə dəyər cismi olan kətanla keyfiyyətcə eyniləşdirilir, habelə müəyyən miqdar kətana, məsələn 20 arşın kətana müəyyən miqdar dəyər cismi, yaxud müəyyən miqdar ekvivalent, məsələn 1 sürtuk bərabər tutulur.

      «20 arşın kətan = 1 sürtuka, yaxud 20 arşın kətan 1 surtuka dəyər» tənliyində nəzərdə tutulur ki, 20 arşın kətanda nə qədər dəyər substansiyası varsa, bir sürtukda da tam o qədər dəyər substansiyası vardır, bu hər iki miqdar əmtəə bərabər miqdar əmək, yaxud bərabər miqdar iş vaxtı dəyərindədir. Lakin dərzilikdə və ya toxuculuqda əməyin məhsuldar qüvvəsi hər dəfə dəyişildikdə, 20 arşın kətanın və ya 1 sürtukun istehsalı üçün lazım olan iş vaxtı da dəyişilir. İndi biz dəyər kəmiyyətinin nisbi ifadəsinə belə bir dəyişilmənin təsirini daha ətraflı tədqiq edək.

      I. Tutaq ki, kətanın dəyəri dəyişilir24, sürtukun dəyəri isə sabit qalır. Məsələn, kətan əkilən torpağın münbitliyinin aşağı düşməsi nəticəsində kətan istehsalı üçün lazım olan iş vaxtı ikiqat artırsa, kətanın dəyəri də ikiqat artır. 20 arşın kətan = 1 sürtuka tənliyi əvəzində biz 20 arşın kətan = 2 sürtuka tənliyini alırıq, çünki indi 1 sürtukda 20 arşın kətanda olan iş vaxtının ancaq yarısı vardır. Əksinə, kətanın istehsalı üçün lazım olan iş vaxtı, məsələn, toxucu dəzgahlarının təkmilləşməsi nəticəsində yarıbayarı azalırsa, kətanın dəyəri də yarıbayarı aşağı düşər. Buna uyğun olaraq indi biz belə bir tənlik alırıq: 20 arşın kətan = 2 sürtuka. B əmtəənin dəyəri sabit qaldıqda, A əmtəənin nisbi dəyəri, yəni onun B əmtəədə ifadə olunan dəyəri A əmtəənin dəyəri ilə düz mütənasib olaraq qalxır və aşağı düşür.

      II. Tutaq ki, kətanın dəyəri sabit qalır, sürtukun dəyəri isə dəyişilir. Bu halda sürtukun istehsalı üçün lazım olan iş vaxtı, məsələn, az yun qırxılması nəticəsində ikiqat artırsa, 20 arşın kətan = 1 sürtuka tənliyi əvəzində biz 20 arşın kətan = 2 sürtuka tənliyini alırıq. Əksinə, sürtukun dəyəri yarıbayarı aşağı düşürsə, 20 arşın kətan = 2 sürtuka. A əmtəənin dəyəri sabit qaldıqda, onun B əmtəədə ifadə olunan nisbi dəyəri B əmtəənin dəyərinin dəyişilməsinə tərs nisbətdə aşağı düşür və ya qalxır.

      I və II misallardakı ayrı-ayrı halları müqayisə etdikdə, biz görürük ki, nisbi dəyərin kəmiyyətindəki eyni bir dəyişiklik bir-birinə tamamilə əks olan səbəblərdən irəli gələ bilər. Məsələn, 20 arşın kətan = 1 sürtuka tənliyi əvəzində 20 arşın kətan = 2 sürtuka tənliyi alına bilər, bu da ya ona görə ola bilər ki, kətanın dəyəri ikiqat artsın, ya da ona görə ola bilər ki, sürtukun dəyəri yarıbayarı aşağı düşsün; digər tərəfdən, həmin əvvəlki tənlik əvəzində 20 arşın kətan = 1/2 sürtuka tənliyi alınır, bu da ya ona görə ola bilər ki, kətanın dəyəri yarıbayarı aşağı düşsün, ya da ona görə ola bilər ki, sürtukun dəyəri ikiqat qalxsın.

      III. Tutaq ki, kətanın və sürtukun istehsalı üçün lazım olan əməyin miqdarı eyni zamanda, eyni istiqamətdə və eyni proporsiyada dəyişilir. Bu halda həmin əmtəələrin dəyəri hər necə dəyişilsə də, yenə əvvəlki kimi, 20 arşın kətan = 1 sürtuka. Bu əmtəələrin dəyərinin dəyişilməsini biz ancaq dəyəri sabit qalan üçüncü əmtəə ilə müqayisə etdikdə aşkara çıxara bilərik. Bütün əmtəələrin dəyərləri eyni zamanda, eyni proporsiyada qalxsaydı və ya aşağı düşsəydi, onların nisbi dəyərləri dəyişilməz qalardı. Bu halda əmtəələrin dəyərinin həqiqətən dəyişilməsi özünü ancaq bunda göstərərdi ki, eyni iş vaxtı ərzində ümumiyyətlə əvvəlkindən çox və ya az miqdar əmtəə istehsal edilərdi.

      IV. Tutaq ki, kətan və sürtukun istehsalı üçün lazım olan iş vaxtı və, deməli, bunların dəyəri də eyni zamanda, eyni istiqamətdə, lakin müxtəlif dərəcədə dəyişilir, yaxud əks istiqamətdə dəyişilir və i. a. Əmtəənin nisbi dəyərinə mümkün olan bütün bu cür dəyişikliklərin təsiri I, II və III halların sadəcə tətbiqi ilə müəyyən olunur.

      Gördüyümüz

Скачать книгу


<p>22</p>

„Paris vaut bien une messe" („Paris xeyir-duaya layiqdir") – IV Henrix protestant məzhəbindən katolik məzhəbinə keçərsə, parislilərin onu kral tanıyacaqları vədi ilə əlaqədar olaraq, onun 1593-cu ildə söylədiyi sözlərdir.

<p>23</p>

Bəzi cəhətlərdən insan əmtəəni xatırladır. İnsan əlində güzgü ilə və „Mən mənəm“ deyən fixteçi filosof kimi doğulmadığına görə, o, əvvəlcə güzgüyə baxırmış kimi başqa adama baxır. Pyotr adlı bir adam Pavel adlı bir adama yalnız özünə bənzər bir insan kimi yanaşmaqla özünə də bir insan kimi yanaşmağa başlayır. Bununla birlikdə də özlüyündə Pavel, onun bütün Pavel cismi onun üçün „insan“ nəslinin təzahür forması olur.

<p>24</p>

Yuxarıda bəzi yerlərdə olduğu kimi, burada da „dəyər“ ifadəsi miqdarca müəyyən dəyəri, yəni dəyər kəmiyyətini bildirmək üçün işlədilir.