Скачать книгу

xeyli az uzaqlaşır; sənaye və ticarət böhranlarının, daha az hallarda isə pulun öz dəyərindəki dəyişilmələrin törətdiyi güclü sarsıntı dövrləri istisna təşkil edir.

      Tədavül vasitələri miqdarının tədavüldəki əmtəələrin qiymətlərinin məbləği ilə və pul tədavülünün orta sürəti ilə müəyyən edildiyini göstərən qanun70 bu şəkildə də ifadə edilə bilər: əmtəələrin dəyər məbləği məlum olduqda və onların metamorfozlarının orta sürəti məlum olduqda, tədavüldə olan pulun və ya pul materialının miqdarı bu materialın öz dəyərindən asılıdır. Belə bir illüziya vardır ki, guya məsələ məhz əksinədir, guya əmtəə qiymətlərini tədavül vasitələri kütləsi müəyyən edir, tədavül vasitələri kütləsini isə həmin ölkədə olan pul materialı kütləsi müəyyən edir71; bu illüziyanın kökü onun ilk nümayəndələrində belə mənasız bir hipotezdədir ki, əmtəələr tədavül prosesinə qiymətsiz, pul isə dəyərsiz daxil olur və sonra bu prosesdə əmtəə həlməşiyinin müəyyən hissəsi metal qalağının müvafiq hissəsinə mübadilə olunur72.

c) SİKKƏ. DƏYƏR NİŞANI

      Pulun tədavül vasitəsi funksiyasından onun sikkə forması meydana gəlir. Qiymətdə və ya əmtəələrin pul adında fikrən təsəvvür edilən müəyyən çəkili qızıl hissəsi tədavül prosesində bu əmtəələrin qarşısına eyni adlı bir qızıl parçası və ya sikkə şəklində çıxmalıdır. Qiymət miqyasının müəyyən edilməsi kimi, sikkə kəsilməsi də dövlətin əlinə keçir. Qızıl və gümüşün sikkə olaraq geydiyi və dünya bazarına gələrkən yenidən çıxardığı müxtəlif milli libaslarda, daxili və ya milli əmtəə tədavülü dairəsi ilə ümumi dünya bazarı dairəsi arasındakı bölgü meydana çıxır.

      Deməli, qızıl sikkəsi ilə qızıl külçəsi bir-birindən ancaq görkəminə görə fərqlənir və qızılı daim bir formadan digərinə çevirmək olar73. Sikkəxanadan çıxan qızılın tutduğu yol onu ən axırda aparıb əritmə putasına çıxarır. Ona görə ki, tədavüldə qızıl sikkələr sürtülüb yeyilir, həm də biri çox, biri az yeyilir. Qızıl sikkənin adı ilə onun qızıl substansiyasının miqdarı, onun nominal məzmunu ilə real məzmunu yavaş-yavaş bir-birinə uyğun gəlməməyə başlayır. Eyni adlı qızıl sikkələr müxtəlif dəyər kəsb edir, çünki indi onların çəkisi müxtəlif olur. Tədavül vasitəsi olan qızıl qiymət miqyası olan qızıldan uzaqlaşır və qiymətlərin reallaşdırdığı əmtəələrin gerçək ekvivalenti olmaqdan çıxır. Bu qarışıqlığın tarixi orta əsrlər və XVIII əsrədək yeni dövr ərzində sikkə işi tarixinin başlıca məzmununu təşkil edir. Tədavül prosesinin təbii meyli sikkənin qızıl varlığını zahiri qızıla çevirməyə, yəni sikkəni öz rəsmi metal məzmununun ancaq simvoluna çevirməyə olan bu təbii meyl hətta ən müasir qanunvericilikdə də qəbul edilmişdir: bu qanunvericilik müəyyən edir ki, metal nə dərəcədə itkiyə uğradıqda qızıl sikkə tədavül üçün yararsız olur, yəni sikkəlikdən çıxır.

      Pul tədavülünün özü sikkənin real məzmununu nominal məzmunundan uzaqlaşdırırsa, onun metal varlığını onun funksional varlığından uzaqlaşdırırsa, bunda sikkə funksiyasında metal pulu başqa materialdan olan nişanlarla və ya sadəcə simvollarla əvəz etmək imkanı gizli halda vardır. Qızıl sikkəni gümüş və mis nişanların əvəz etməsi rolu tarixən, bir tərəfdən, qızıl və ya gümüşdən vəzncə tamamilə cüzi sikkələr kəsməyin texniki çətinlikləri ilə izah edilir və digər tərəfdən bununla izah edilir ki, aşağı metallar yüksək metallardan–gümüş qızıldan, mis də gümüşdən–əvvəl dəyər ölçüsü olmuş və deməli, daha nəcib metal onları taxtdan saldığı zaman onlar artıq tədavüldə pul vəzifəsi daşıyırmışlar. Onlar qızılı əmtəə tədavülünün elə sahələrində əvəz edirlər ki, burada sikkə çox böyük sürətlə dövr edir və, deməli, çox böyük sürətlə sürtülüb yeyilir, yəni elə sahələrində əvəz edirlər ki, burada alqı və satqı əməliyyatları çox kiçik miqyasda daim təkrar olunur. Qızılın bu cığırdaşlarının qızılın öz yerini tutmasına mane olmaq üçün bunların qızıl əvəzində hökmən qəbul edilməsindən ötrü qanunla ən aşağı tədiyyə hədləri müəyyən edilir. Müxtəlif növ sikkələrin tədavül etdiyi xüsusi dairələr, əlbəttə, bir-biri ilə çulğaşır. Qızılla yanaşı xırda sikkə qızıl sikkələrdən ən kiçiyinin hissələrini ödəmək üçün meydana çıxır; qızıl daim pərakəndə tədavülə daxil olur və xırda sikkəyə dəyişilmək yolu ilə eyni dərəcədə daimi surətdə oradan kənara atılır74.

      Gümüş və mis nişanların metal məzmununu qanun öz istədiyi kimi təyin edir. Tədavüldə onlar qızıl sikkədən daha tez sürtülüb yeyilir. Buna görə də onların sikkə funksiyası felən öz çəkilərindən, yəni heç bir dəyərdən asılı olmur. Qızılın sikkə varlığı onun dəyər substansiyasından tamamilə ayrılır. Bunun sayəsində də nisbətən heç bir dəyəri olmayan şeylər–kağız parçaları qızıl əvəzində sikkə vəzifəsi daşımaq imkanı alır. Metal pul nişanlarında onların xalis simvolik xarakteri hələ müəyyən dərəcəyə qədər gizli qalır. Kağız pulda bu xarakter tamamilə aydın surətdə meydana çıxır. Gördüyümüz kimi, ce n'est que le premier pas qui coute [ancaq birinci addım çətindir].

      Biz burada ancaq icbari məzənnəli dövlət kağız pullarını nəzərdə tuturuq. Bunlar bilavasitə metal tədavülündən meydana gəlir. Əksinə, kredit pulları elə şərtlər tələb edir ki, biz sadə əmtəə tədavülü çərçivəsində qaldıqca, bunlar bizə hələ əsla məlum deyildir. Ancaq ötəri qeyd edək ki, əsil mənada kağız pul, pulun tədavül vasitəçi funksiyasından irəli gəldiyi kimi, kredit pullarının da təbii kökünü pulun tədiyyə vasitəsi olmaq funksiyası təşkil edir75.

      Üzərində öz pul adları, məsələn, 1 f. st., 5 funt sterlinq və i. a. yazılmış olan kağız pullar tədavül prosesinə dövlət tərəfindən kənardan daxil edilir. Onlar doğrudan da öz eyni adlı qızıl məbləğləri əvəzində tədavül etdiyinə görə, öz hərəkətində ancaq pul tədavülünün özünün qanunlarını əks etdirir. Kağız pulun spesifik tədavül qanunu onun ancaq qızıla nisbətindən, ancaq qızılın nümayəndəsi olmasından irəli gəlir. Bu qanun isə sadəcə ondan ibarətdir ki, buraxılan kağız pulun miqdarı, onun simvolik olaraq təmsil etdiyi qızılın (və ya gümüşün) həqiqətən tədavül edə biləcəyi miqdardan artıq olmamalıdır. Doğrudur, tədavül dairəsinin qəbul edə biləcəyi qızılın miqdarı daim dəyişilərək məlum orta səviyyədən gah yuxarı qalxır, gah da aşağı düşür. Lakin müəyyən ölkənin tədavül vasitələri kütləsi empirik surətdə təyin edilə biləcək müəyyən minimumdan heç zaman aşağı düşmür. Bu minimum kütlənin öz tərkib hissələrini daim dəyişdirməsi, yəni hər dəfə başqa qızıl hissələrindən tərtib olunması, əlbəttə, bu kütlənin həcminə və onun daim tədavül dairəsində olmasına əsla təsir etmir. Buna görə də həmin kütlə kağız simvollarla əvəz edilə bilər. Lakin bu gün biz bütün tədavül kanallarını tamamilə dolacağı dərəcədə kağız pulla doldursaq, sabah əmtəə tədavülündə hər hansı dəyişikliklər üzündən bu kanallar həddən artıq dolmuş ola bilər. Burada hər bir

Скачать книгу


<p>70</p>

"Millətin ticarəti üçün müəyyən miqdarda və ya proporsiyada pul tələb olunur: buna nisbətən pulun çox və ya az miqdarı ticarətə zərər vura bilərdi. Gümüş sikkəni xırdalamaq üçün və ya ən xırda gümüş sikkələr vasitəsi ilə icra edilə bilməyən tədiyyələri yerinə yetirmək üçün xırda pərakəndə alverdə müəyyən miqdar fartinq lazım olduğu kimi… Alver üçün lazım olan fartinqlərin sayı əhalinin sayı ilə, əhalinin mübadilə sövdələrinin nə qədər tez-tez baş verməsi və başlıca olaraq, ən xırda gümüş sikkənin dəyəri ilə müəyyən edildiyi kimi, alver üçün lazım olan pulun (qızıl və gümüş pulun miqdarı da mübadilə əməliyyatlarının nə qədər tez-tez baş verməsindən və tədiyyələrin həcmindən asılıdır”. (William Petty. "A Treatise of Taxes and Contributions". London, 1667, p. 17), A. Yunq öz " Political Arithmetic" əsərində (London, 1774) Yumun nəzəriyyəsini C. Stüarta və başqalarına qarşı müdafiə edir, bu əsərdə həmin nəzəriyyəyə xüsusi bir fəsil həsr edilmişdir: "Qiymətlər pulun miqdarından asılıdır", səh. 112 və sonrakılar. Mən „Siyasi iqtisadın tənqidinə dair“ əsərimdə, səh. 149 [bax: K. Marks, F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 149], belə bir qeyd etmişəm: O, (A. Smit) pulu tamamilə yanlış surətdə sadə əmtəə hesab edərək, tədavüldə olan sikkənin miqdarı məsələsini dinməzcə aradan qaldırır". Bu sözlər A. Smitin əsərinin ancaq o yerlərinə aiddir ki, orada pulu ex officio [xüsusi olaraq] nəzərdən keçirir. O bəzi ayrı-ayrı hallarda, məsələn keçmiş siyasi iqtisad sistemlərini tənqid edərkən, düzgün fikir söyləyir: "Hər bir ölkədə cingiltili sikkənin miqdarı orada tədavüldə olan əmtəələrin dəyəri ilə müəyyən edilir… Müəyyən ölkədə il ərzində alınıb-satılan əmtəələrin dəyəri bunların tədavülü və müvafiq istehlakçılar arasında bölünməsi üçün müəyyən miqdar pul tələb edir və bundan artıq miqdarda pulun tətbiqinə imkan verə bilməz. Tədavül kanalları labüd surətdə bunların dolması üçün kifayət edəcək qədər bir məbləği qəbul edir və heç vaxt bundan artıq miqdar pul götürə bilmir". ("Wealth of Nations", b IV, ch. 1). A. Smit öz əsərini də əmək bölgüsü haqqında ex officio mədhiyyə ilə başlayır, dövlət gəlirinin mənbələrindən bəhs edən və əmək bölgüsü məsələsini ancaq ötəri nəzərdən keçirdiyi son kitabında isə əmək bölgüsü haqqında öz müəllimi A. Ferküsonun tənqidini təkrar edir.

<p>71</p>

"Xalq arasında tədavüldə olan qızıl və gümüşün miqdarı artdıqca, hər millətin əmtəələrinin qiymətləri, əlbəttə, artmalıdır; deməli bu millətin malik olduğu qızıl və gümüşün miqdarı azalırsa, qiymətlər də pulun miqdarının belə azalmasına proporsional surətdə düşməlidir". (Jacob Vanderlini. "Money answers all Things", London, 1734, p. 5) Vanderlintin əsəri ilə Yumun "Essays" əsərini daha yaxından müqayisə etdikdə, heç bir şübhəm qalmadı ki, Yum Vanderlintin ümumiyyətlə çox əhəmiyyətli olan bu əsərinə bələd imiş və ondan istifadə etmişdir. Qiymətləri guya tədavül vasitələri kütləsinin müəyyən etməsi baxışına Barbonda və daha əvvəlki müəlliflərdə də təsadüf olunur. Vanderlint deyir: „Qeyri-məhdud ticarətdən heç bir əngəl doğa bilməz, onun ancaq böyük üstünlükləri ola bilər, zira ticarət azadlığının təsiri altında bir millətin nağd pulu azalarsa, –bunun da qarşısını qadağan vasitəsi ilə almaq istəyirlər, – onda pul hansı millətlərin əlinə axıb gedirsə, həmin millətlər içərisində bütün qiymətlər labüd surətdə artmalıdır, çünki pul kütləsi artır. Manufaktura istehsalımızda hazırlanan şeylərin və hər cür başqa əmtəələrin qiyməti tezliklə o dərəcədə düşər ki, ticarət balansı bizim üçün faydalı olar və beləliklə də pul geri qayıdar”. (sitat gətirilən əsər, səh. 43, 44).

<p>72</p>

Özlüyündə aydındır ki, hər bir ayrıca əmtəə növünün qiyməti tədavül edən bütün əmtəələrin qiymətləri məbləğinin bir ünsürünü təşkil edir. Lakin heç başa düşmək olmur ki, bir-biri ilə ortaq ölçüsü olmayan istehlak dəyərlərinin ümumi kütləsi həmin ölkədə olan qızıl və gümüş kütləsinə necə mübadilə oluna bilər. Əgər biz xəyal aləmində qanad çalıb əmtəə aləmini yeganə bir məcmu əmtəə, hər bir ayrıca əmtəəni isə onun müvafiq hissəsi kimi təsəvvür etsək, onda biz maraqlı tənlik alarıq; məcmu əmtəə = x sentner qızıla, A əmtəə məcmu əmtəənin müəyyən hissəsinə = x sentner qızılın belə bir hissəsinə. Monteskyö hərfiyyən belə də deyir: "Əgər biz dünyada olan bütün qızıl və gümüş kütləsinə dünyada olan bütün əmtəələrin məcmusunu qarşı qoysaq, bizim üçün aydın olar ki, bu məhsullardan və ya əmtəələrdən hər birinə bütün qızıl və gümüş kütləsinin müəyyən hissəsi uyğun gəlir… Fərz edək ki, dünyada məhsulların və ya əmtəənin təkcə bir növü vardır və ya satılan bircə növ vardır və bu da pul kimi bölünür. Bu əmtəənin müəyyən hissəsi bütün pul kütləsinin müəyyən hissəsinə uyğun olar: bütün əmtəənin yarısı bütün pulun yarısına uyğun olar və i. a… şeylərin qiymətlərinin müəyyən edilməsi həmişə öz əsası etibarı ilə şeylərin məcmusu ilə nişanların məcmusu arasındakı nisbətdən asılıdır". Bu nəzəriyyəni Rikardo ilə onun şagirdlərindən Cems Mill, Lord Overston və başqalarının daha da inkişaf etdirməsi barəsində bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 140–146 və səh. 150 və sonrakılar [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 140–146, 149 və sonrakılar]. C-b Con Stüart Mill özünəməxsus eklektik məntiqlə eyni zamanda həm öz atası Cems Millin baxışlarını, həm də tamamilə əks baxışları əsas tutur. Məsələn, onun "Prinsiples of political Economy" əsərinin mətni ilə özünü müasir A. Smit kimi qələmə verdiyi müqəddiməsini (1-ci nəşrə müqəddiməni) müqayisə etdikdə, bilmirsən nəyə daha çox təəccüb edəsən: bu adamın sadəlövhlüyünəmi, yoxsa onun sözünə inanıb onu A. Smit hesab edən camaatın sadəlövhlüyünə; halbuki onunla A. Smit arasında da təqribən general Uilyams Kars Karslı ilə hersoq Vellinqton arasındakı qədər bir nisbət vardır. C-b Con Stüart Millin siyasi iqtisad sahəsində nə genişliyi, nə də məzmunluluğu ilə fərqlənməyən bütün öz tədqiqatı onun 1844-cü ildə çapdan çıxan "Some Unsettled Questions of Political Economy" adlı kitabçasına yerləşmişdir. Lokk açıqca deyir: "qızıl və gümüşdə dəyər olmaması bununla əlaqədardır ki, onların dəyəri onların miqdarı ilə müəyyən olunur. "İnsanlar bu razılığa gəlmişlər ki, qızıl və gümüşə xəyali bir dəyər versinlər… bu metalların daxili dəyəri miqdardan başqa bir şey deyildir”.

<p>73</p>

Özlüyündə aydındır ki, sikkə gömrüyü və s. kimi təfərrüatı nəzərdən keçirmək mənim vəzifəmə əsla daxil deyildir. "Müftə" sikkə kəsən İngiltərə hökumətinin "alicənab səxavətinə" valeh olan xəyalpərəst sikofant Adam Müllerə gəldikdə, ona ser Dadli Norsun bu sözlərini qarşı qoymaq kifayətdir: "Başqa əmtəələr kimi, gümüş və qızıl da gah axıb gəlir, gah da axıb gedir. İspaniyadan müəyyən miqdar gümüş alındıqdan sonra… bu gümüş Tauerə göndərilib orada sikkə kəsilir. Bundan az sonra ixrac üçün qızıl və ya gümüş külçəsinə yeni tələb yarana bilər. Bütün metal külçəsi sikkə kəsilməyə işləndiyinə görə metal külçəsi qalmasa, onda nə etməli? Aydındır ki, yenidən sikkəni əritmək lazım gələcəkdir; bu zərərli olmayacaqdır. Axı sikkə kəsilməsi metal sahiblərinə müftə başa gəlir. Ancaq millət zərər çəkir və öz pulunu havaya sovurmalı olur. Əgər tacir (Nors özü II Karl zamanının ən böyük tacirlərindən biri idi) „sikkə kəsilməsi üçün gömrük verməli olsaydı, ciddi əsas olmadan öz gümüşünü Tauerə göndərməzdi və bu halda kəsilən sikkə gümüş külçəsindən şübhəsiz yüksək dəyərə malik olardı". (North, sitat gətirilən əsər, səh. 18).

<p>74</p>

Gümüş həmişə ancaq xırda tədiyyələr üçün lazım gəldiyi qədər olarsa, heç vaxt qaha iri tədiyyələr üçün kifayət edəcək miqdarda yığıla bilməz… Qızılın iri tədiyyələrdə işlədilməsi onun hökmən xırda alverdə də işlədilməsinə gətirib çıxarır: qızıl sikkəsi olanlar xırda şeylər aldıqda, qızıl sikkə verir və aldığı əmtəə ilə birlikdə qızıl sikkənin artığını gümüş pulla alır; beləliklə, əks təqdirdə xırda alverçidə yığılıb qala biləcək artıq gümüş onun əlindən çıxır və ümumi tədavüldə yayılır. Lakin xırda şeylər aldıqda pulunu qızıl xərcləmədən ödəmək üçün həmişə kifayət qədər gümüş olsaydı, xırla alverçi satdığı xırda şeylərin əvəzində ancaq gümüş alardı və gümüş labüd surətdə onun əlində toplanardı".

<p>75</p>

Maliyyə mandarini Van Mao-in cəsarət edib göylər allahının kölgəsinə üstüörtülü şəkildə Çin dövlət əskinaslarını xırda banknotlara çevirmək məqsədi güdən bir layihə təqdim etmişdi. Buna görə əskinas komitəsinin 1854-cü il aprel hesabatında onun yaxşıca abrını almışdılar. Bu münasibətlə ona müvafiq qədər qarğı çubuğu vurulub vurulmadığı xəbər verilmir. Hesabatın axırında deyilir: „Komitə onun layihəsini diqqətlə ölçüb-biçdikdən sonra bu qərara gəldi ki, həmin layihədə hər şey tacirlərin xeyrinədir və taxt-tac üçün xeyirli heç bir şey yoxdur". Tədavül üzündən qızıl sikkələrin daim metalı itirməsi haqqında ingilis bankının direktorlarından biri lordlar palatasının komissiyası qarşısında verdiyi öz şahid ifadəsində ("bank qanunları" məsələsi barəsində) belə demişdir: "Hər il soverenlərin (siyasi suverenlər deyil, funt sterlinqin adı olan "sovereign" nəzərdə tutulur), yeni qrupu həddindən artıq yüngülləşir. Bunlardan il ərzində tam çəkili olaraq tədavül edənlər bu müddətdə sürtülmə nəticəsində öz çəkisindən o qədər itirir ki, gələn il tərəzinin gözünə atıldıqda əskik gəlir". (House of Lords' Committee, 1848, № 429).