Скачать книгу

Әvvәlki oğlanlar kimi o da İdanın diqqәtini cәlb elәmişdi; o da gözәgәlimli, tәşәxxüslü vә özünә pәrәstiş edәn oğlandı – İda kimi utancaq vә kövrәk qızlar belә oğlanlara meyl edirdilәr…

      Edvard qәtiyyәn tәrәddüd etmirdi. Bu mәsәlә ilә әlaqәdar olaraq özünü әziyyәtә salıb tanışlığa heç sәbәb dә düşünmәdi. Nә fәrqi varmış ki? Edvard bәzi rәnglәrә baxmağa gәlib. Deyәsәn, onlar evlәrini rәnglәyәcәklәr… Belәliklә, qızı söhbәtә tutar, əgər «qoca» özü qayıdıb gәlsә, rənglәr barәdә söhbәtini Edvard kişinin özüylә davam etdirәr.

      Bütün mәhәllәni valeh edәn boz kostyumunda, açıq rəngli şlyapa vә ayaqqabılarında, bu dәm-dәsgahı tamamlayan qalstukunda Edvard şәhvәt gәtirәn ilıq bir may axşamı şәstlә dükana girdi.

      – Oh, salam! Belә qəşəng havada dörd divar arasında işlәmәk lap cәhәnnәm әzabıdır, düz demirәm? – Bu sözlәr mәlahәtli tәbәssümlә әvәz olundu. – Mәn bir-iki rəngә baxmaq istәyirәm, mәni baaax… o rənglәr maraqlandırır. Bizim qoca evi tәzәdәn rənglәtmәk fikrinә düşüb.

      Hәyәcandan pul kimi qızaran İda çevrilib rənglәrin siyahısına baxdı – әslindә isә o, pörtmüş sifәtini gizlәtmәk üçün üzünü çevirdi. Bu, utanmaqdan daha çox qorxudan doğurdu. Sәn bir buna bax! Birdәn atam vә ya analığım gəldi? Eh, məgər o da başqaları kimi müştəri deyil?.. Ancaq qız yәqin etmişdi ki, oğlanı dartıb bura gәtirәn heç dә rәng mәsәlәsi deyil. İda yolun kәnarında durub dostlarına göz qoyan üç sıra oğlan gördü. Edvard isә çox nәzakәtlә piştaxtaya söykәnib davam etdi:

      – Mәn sizi bilirsiniz neçә dәfә görmüşәm? Mәktәbә gedib-gələndә, dükana gələndә, evә gedəndә. Az qala bir ildir buralardayam, ancaq sizi bir dәfә dә qızlarla bәrabәr gəzәn görməmişәm. Çox pis! Yoxsa… biz görüşә bilәrdik. Mәn qızların çoxunu tanıyıram.

      Edvard ona әziyyәt verәn qalstukunu bir az boşaltmağa çalışdı; bunun üçün әlinin biri hәrәkәtә gәldi, barmağındakı üzüyün qaşı şölә saçdı.

      – Eşitmişәm, atanız sizi hәtta Uorren Haiyә belә buraxmır. Görünür, çox zabitәli adamdır, hә?

      O, gözlәrini qarşısındakı ala gözlü, yumru çәnәli, zənәxdanlı, dolu dodaqlı, qumral saçlı qıza zillәdi; İda әsim-әsim әsir, bәrk hәyәcan keçirirdi:

      – Hә, çox zabitәlidir.

      – Axı harda görünüb ki, çiçәk kimi bir qızı ev dustağı elәyәsәn? Düz demirәm?

      Әlinә aldığı rənglәr siyahısını әdayla piştaxtanın üstünә atıb davam etdi:

      – Ayda-ildә bir dәfә şәnlәnmәlisiz, ya yox? Bilsәydim razı olarsınız, özüm sizin atanızla tanış olardım. Mәnim atamın çayın aşağısında iri kömür mәdәni var. Әminәm ki, bizim qoca sizin atanızı tanıyır. Mәnim maşınım da var, düzdür… o, atamınkıdır, ancaq istәdiyim vaxt… Necә bilirsiz, atanız icazә verәrmi bir şәnbә vә ya bazar günü maşına oturub bir az fırlanaq? Kiçik Şark çayına, ya da ki, Pek plyajına özümüzü vuraq? Buranın bütün cavanları oğlanlı-qızlı oralara axışırlar.

      Hauptvencer ürәk fәth etmәyin bütün üsullarını işә salmış, qızla kәlmә kәsmәyә başlamışdı. Küçәdә dayanıb içәri göz qoyan oğlanlar, yәqin ki, mәrci uduzduqlarını hiss edәrәk uzaqlaşdılar. Narahat İda isә dәhşәtli, hәm dә şipşirin düşüncәlәrә daldı. Düşündü ki, nәhayәt Edvard kimi qəşəng oğlanın xoşuna gәlmişdi. İlahi… Atası xoşlamasa da, bu cür iradәli oğlan hәr şeyә qalib gәlә bilmәzdimi? Ancaq… ancaq İdanın saçı kәsilmәmişdi, donu gödәk deyildi, dodağı boya görməmişdi. Doğrudanmı, onun tәkcә tәbii gözәlliyi Edvardı mәftun elәmişdi? Oğlanın nә gözәl tünd qәhvәyi, bir az sәrt baxışlı, ancaq hәsrәt dolu gözlәri, incә әllәri vardı… Necә dә zövqlә geyinmişdi. Özünün ağ haşiyәli, tünd rəngli paltarını, dәbdәn düşmüş ayaqqabı vә corablarını düşünәndә isә İda utandı. Bununla belә, qız ucadan başqa cür danışdı:

      – Yox, indi… mәn siz deyәn kimi hәrәkәt edә bilmәrәm, bilirsiz… Bilirsiz, atam sizi tanımır. O, tanımadığı, ya da rәsmәn tanış edilmәdiyim adamla mәni heç yana buraxmaz. Bilirsiz… mәsәlә belәdir…

      – Yaxşı, onda mәn özümü tәqdim edә bilmәrәm? Әminәm ki, bizim qoca sizin atanızı tanıyır. Ona deyәrәm ki, sizinlә tanış olmaq istәyirәm. Mәn atanızdan qorxmuram, özü dә burada pis nә var ki, elә deyil?

      – Hә, o cür yaxşı olar… ancaq atam yaman tәrsdir, bәlkә heç belәdә dә bir şey çıxmaya.

      – Aha! Siz mәnimlә gəzmәk istәyirsiz, elәdir? Heç olmazsa, kinoya gedәk? O, daha bunun da әleyhinә çıxa bilmәz ki, düzdür?

      Edvard gözlәrini qızın gözlәrinә dikdi, baxışlar elә bil çaxmaq çaldılar.

      Qızın gözlәrindә cavab qığılcımları göründü. Tәlatümlәr içindә çırpınan İdanın ürәk döyüntülәri artdı, qız elә bil mәst oldu, özünü idarә edә bilmәdi. Süst halda oğlana baxdı. Edvardın oyatdığı mәhәbbәt hissi! Mәhәbbәtin gözәlliyi! İdanın oğlana lal-dinmәz meyli! Qızın dili topuq çaldı:

      – Yox… bәlkә yox, hә? Mәn bilmirәm, bilmirәm. Görürsüz ki, heç elә qəşəngliyim dә yoxdur.

      Qız Edvarda elә baxdı ki, sanki bu dilsiz baxışlarla oğlana qәlәbә qazandığını söylәdi.

      «Asanca hәll edildi! – Edvard düşündü, – hәr şey asan olacaq».

      O, Zobeli görüb, qızın icazәsini alacaq, ya da gizlicә qızla görüşәcәkdi. Axı, atanın ixtiyarı yoxdur ki, qızını hәyatın lәzzәtlәrindәn mәhrum elәsin. Bu dar düşüncәli alman valideynlәrә hәr şeyi göstәrmәk lazımdır, onları qәflәt yuxusundan oyatmaq, silkәlәmәk, hәyata qaytarmaq lazımdır.

      İki gün sonra onun qızına gәlәcәk әr olmaq üçün Zobelin xeyir-dua verә bilib-bilmәyәcәyini öyrәnmәkdәn ötrü çәkinmәdәn dükana girdi. Əgər işlәr istәdiyi kimi getmәsә, o, bütün münasibәtlәri poza bilәr, öz әlindә deyilmi? Neçәsini elә o özü atmamışdı?

      Bәli, Zobel onun atasını tanıyırdı. Özü dә, Hauptvencerin dilli-dilavәr, özündәn bәdgüman izahına hәvәslә qulaq asa-asa oğlanın bahalı kostyumuna, tәzә qәhvәyi ayaqqabılarına baxır, hәr şeyi fikrindә götür-qoy edib, Edvardın layiqli namizәd olduğu qәnaәtinә gəlirdi.

      – Deyirsәn ki, artıq qızla danışmısan?

      – Bәli, ser, soruşdum ki, onunla tanış ola bilәrәmmi?

      – Ah, ah! Bu haçan olub?

      – İkicә gün qabaq. Axşam, elә burada, dükanda.

      – Ah, ah!

      Hәr şeyi ölçüb-biçәn Zobelin gözlәrinin kәnarında vә burnunun yanında bir anlığa qәribә qırışlar yarandı, kişi fikrә getdi.

      – Yaxşı, yax-şııı… Bu elә mәsәlәdir ki, mәn qızımla tәklikdә danışmalıyam. Özüm hәr şeyi götür-qoy etmәliyәm, hm… Mәn öz qızıma qarşı, onunla addım atacağı şәxsә qarşı çox tәlәbkaram,

Скачать книгу