ТОП просматриваемых книг сайта:
Hophopnamə. Mirzə Ələkbər Sabir
Читать онлайн.Название Hophopnamə
Год выпуска 0
isbn 978-9952-8245-6-8
Автор произведения Mirzə Ələkbər Sabir
Издательство JekaPrint
Budur aləmi-nisvan!
Budur hali-müsəlman!
Gərəkdir edə məhdud
Öz övladını insan!
Sən, əmma, hələ qanma!
İnanmırsan, inanma!
Fərəhlən əməlindən,
Utanmırsan, utanma!..
[NOLUR ŞİRİNMƏZAQ ETSƏ MƏNİ HƏLVAYİ-HÜRRİYYƏT]
Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,
Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!
De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;
Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,
Urullar təllə, dağdan da aşır balayi-hurriyyət.
Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,
Dedim, yaran, nolur versəz mənə bir payi-hürriyyət!
Sözüm xoş gəlməyib təhvildarə, söylədi: “Güm şo!
Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?
Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,
Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?”1
Kəmali-yə’s ilə məhrum olub, bir yanda əyləşdim;
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.
Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,
Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət
Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;
Oxurkən xətti mə’lum oldu kəştibanı qərq olmuş,
Qalıb dəryadə heyran kəştiyi-də’vayi-hürriyyət.
Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət!
Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..
NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ
Ey nəfs, fərz bildiyim üçün niyayişin,
Daim edəm gərək gecə-gündüz sitayişin;
Dinim və məzhəbim, əməlimdir nümayişin,
Şimdi nədir bu yolda mənə, söylə, xahişin?
İfayi-əmri-vacibül-iz’anın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Gər olmasam bir işdə rəis, – eylərəm fəsad,
Mehrü vəfanı tərk edərəm, başlaram inad,
Sə’yimlə əlfiraqə dönər vəz’i-ittihad,
Bir parə şəxslər mənə etməzsə inqiyad,
Mən özbəyəm, itaəti-fərmanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir şəxsin olsa əqli əgər min mənim qədər –
Heç olmaram riza ola təhsin mənim qədər!
Görsəm ki, xəlq edir onu tə’yin mənim qədər,
Bir hiylə eylərəm, edəməz cin mənim qədər…
Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Təhti-rəyasətimdə rəvan olmayınca kar,
Ya olmayınca qəbzeyi-hökmümdə iqtidar,
Bir əmri-xeyri istər edə kim ki, intişar –
Cür’ətlə eylərəm onu filfövr tarimar;
Şəxsi qərəzlə cümləni heyranın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir iş ki, xeyrim olmasa, əncamə vermərəm,
Min çılpaq olsa da, birinə camə vermərəm,
Öz şə’nü cahımı bütün islamə vermərəm,
Dərdi-vətənlə mən səni talanə vermərəm,
Əhli-diyarı zülm ilə giryanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Çünki müəzzəz olmağa çoxdur təfəkkürüm,
Əmsalın ehtiramına artır təhəssürüm,
“Mən”, “mən!” deməklə cümlə bilir var təkəbbürüm,
Olsa nolur neçə büləhayə təşəkkürüm,
Onlarla vəsli-rişteyi-peymanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir gün gəlir, olar da bilərlər xəyanətim,
Məndən tənəffür ilə qaçarlar cəmaətim,
Onda yəqin qopar başıma öz qiyamətim,
Artar qəmim, gedər fərəhim, izzü şövkətim,
Əhdi pozub əgərçi mən üsyanın eylərəm,
Ey dad, haray! Nə növ’ ilə samanın eylərəm?!
[EY ƏZİZİM, XƏLƏFİM…]
Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömri-gİranmayəmi, yalqız demirəm dinimi, imanımı, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonumqonşu deyil, el də bilir ki, sənə vəqf eyləyib, şamü səhər, hər nə qədər, rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən
1
Rədd ol, bu qısa əl ilə xurma ağacından hürriyyət xurması dərə bilməzsən. Bilmirsənmi ki, bu gözəl bu gün İrana məxsusdur? Sən özün hürriyyətin gözəl dilbərinə naməhrəmsən.