ТОП просматриваемых книг сайта:
Dahi. Теодор Драйзер
Читать онлайн.Название Dahi
Год выпуска 0
isbn 978-9952-8245-8-1
Автор произведения Теодор Драйзер
Издательство JekaPrint
Qız Yuccindəki bu dəyişikliyi gördü. O necə gözəl olmuşdur, – deyə qız fikirləşirdi. – Onun necə də ağ dərisi, aydın gözləri vardır. Bu adamda qüvvə hiss olunur.
Qız özünü elə göstərirdi ki, guya çılpaq qadın eskizini nəzərdən keçirir.
Yucin gülümsəyərək:
– Salam, – dedi. O özünü tənha hiss edirdi, bu qızdan başqa heç kəsi tanımırdı, bunun üçün də onunla danışmağa cəsarət etdi.
Qız başını çevirdi və onun salamına mehriban təbəssümlə cavab verdi.
Yucin:
– Mən uzun zamandır ki, sizi görmürdüm, – dedi, – yenə də bizdə işləyirsiniz?
– Ancaq bu həftəliyə, – deyə qız cavab verdi. – Mən xüsusi studiyalarda çəkilirəm. İmkan olanda mən orada işləməyi üstün tuturam.
Yucin onun həmişə necə şən olduğunu xatırlayaraq təəccüb etdi:
– Mənə isə belə gəlirdi ki, bizdə işləmək sizin xoşunuza gəlir.
– Xoş gəldiyini deyə bilmərəm, – deyə qız güldü və qara gözləri ilə hiyləgərcəsinə ona baxdı.
– Xeyr, doğru deyirəm, – deyə Yucin cavab verdi və sonra gizli bir ümidlə soruşdu: – Siz on altısında olacaq axşam ziyafətimizdə iştirak edəcəksinizmi?
Qız:
– Ola bilər, – dedi. – Mən hələ qərara gəlməmişəm. Hər şey asılıdır…
– Nədən?
– Mənim əhvali-ruhiyyəmin necə olmasından və məni kimin dəvət etməsindən.
Yucin:
– Mən güman edirəm ki, dəvət kifayət qədər olacaqdır, – dedi və məqsədə yaxınlaşmağa cəsarətlə səy edərək davam etdi: – Mən də gedərdim, ancaq mənimlə gedəsi adamım yoxdur.
Qız onun niyyətini anladı. O gülərək:
– Bunu nə cür anlamaq olar?
Bu qədər açıq yardım təklifindən istifadə edərək Yucin:
– Siz mənimlə gedərsinizmi? – deyə soruşmağa cəsarət etdi.
– Şübhəsiz! – deyə qız cavab verdi. Yucin getdikcə onun daha çox xoşuna gəlirdi.
– Nə gözəl oldu! Siz harada yaşayırsınız? Sizin ünvanınız mənə lazım olar.
O karandaş üçün əlini cibinə atdı və qız əlli yeddinci küçənin qərb tərəfinin qurtaracağındakı evinin nömrəsini dedi.
Yucin inkassator işləməsi sayəsində bu rayona yaxşı bələd idi. Şəhərin cənub kənarında olan bu küçə başdan başa miskin taxta evlərdən ibarət idi. Bu yer balaca dükanların sıx cərgəsini, daş döşənməmiş səkiləri, insan yaşamayan şəhərkənarı bataqlıqları xatırladırdı. Bu qızın, zibillər arasında və kömür tozu içərisində boy atmış bu gülün naturaçı olması nədənsə Yucini azacıq da olsun təəccübləndirmədi.
– Mən mütləq sizin arxanızca gələcəyəm, – deyə o, gülər üzlə davam etdi. – Siz unutmazsınız, eləmi, xanım … ?
– Sadəcə Rubi, – deyə qız onun sözünü kəsdi. – Rubi Kenni.
Yucin:
– Sizin gözəl adınız var, – dedi. – Çox məlahətli səslənir. Sizin evinizin harada olduğuna baxmaq üçün bir bazar günü gəlməyə icazə verərsiniz?
Onun adının Yucinə xoş gəlməsindən sevinən qız:
– Lütfən, – deyə cavab verdi. – Bazar günləri vaxtın çoxunu evdə oluram. Əgər həvəsiniz olsa, elə bu bazar günü səhər gəlin.
Yucin:
– Mütləq gələcəyəm, – dedi.
– O, böyük ruh yüksəkliyi ilə qızla birlikdə küçəyə çıxdı.
ONUNCU FƏSİL
Rubi Kenni, irlandiyalı qoca işçinin və onun arvadının qızlığı idi. Onlar, həmişə bir-biriylə dalaşan valideyni tərəfindən tamamilə atılmış dörd yaşlı körpənin halına yanıb, bu qızı evlərinə gətirmişdilər. O, dünyanı hansı qüvvələrin idarə etdiyindən yaxşı baş çıxarmasa da, ağıllı, yaxşı qız idi. Bu sadə qəlbli məxluq maraqlı macəralar şövqündə idi. Lakin bu macəraların insanı hara apardığını qabaqcadan görməyi bacarmırdı. Əmək fəaliyyətinə universal mağazada kassirlikdən başlamış bu qız on beş yaşında bakirəlikdən məhrum olmuşdu. Xoşbəxtliyi üzündən o zövqlü, ağıllı və ehtiyatlı kişiləri cəlb edə bilən incə gözəlliyə malik idi. Onların xoşbəxtliyindən isə onun özü də şəxsi uydurmalarında mühakiməsiz deyildi. Ancaq qüvvətli bağlılıq onda arzu, bir-iki təsadüfdə isə hətta həqiqi məhəbbət doğurmuşdu. O ancaq məhəbbətə güzəştə gedirdi, bunun nəticəsində isə pərəstişkarları kimi öz şıltaqlığının və ehtirasının qurbanı olurdu.
Rubinin atalığı və analığı onun tərbiyəsinə az-çox ağıllı rəhbərlik etməyi bacarmamışdılar. Onlar qızı sevirdilər və bu qız öz inkişafı ilə onlardan yüksək olduğu üçün onun görüşlərini, mühakimələrini və dəliliklərini haqlı hesab edərək, hər şeydə ona tabe olurdular. Rubi onların cəsarətsiz mülahizələrinin cavabında qonşuların nə düşündüyünün ona maraqlı olmadığını təkrar edərək ancaq gülürdü.
Yucinin Rubigilə gəlməsi və onlar arasında dostluq yaranması onun bu şəkildə olan başqa tanışlıqlarından mahiyyət etibarilə heç nə ilə fərqlənmirdi. O, qadında hər şeydən əvvəl gözəllik axtarırdı, lakin bununla bərabər elə bir hadisə olmamışdı ki, onu xüsusən cəlb edən ağıl və ürək keyfiyyətlərini aşkara çıxarmağa müvəffəq olmasın. O, qadında gözəllikdən başqa həssaslıq və gözəlliyə meyl axtarırdı. Kinli tənqiddən və soyuqdan qaçaraq, o heç bir zaman hiss incəliyində, qavrama cəldliyində, fikir yüksəkliyində özündən üstün olan bir adamı yoldaş seçməzdi.
O vaxtlar ona sadə şeylər, sadə mənzil, adi, təvazökar mühit, sadə həyat atmosferi xoş gəlir, daha qəşəng, daha zərif mühit isə onu qorxudurdu. Yanlarından ötüb keçməli olduğu dəbdəbəli malikanələr, gözəl mağazalar, yüksək ictimai mövqe tutan adamlar ona təkəbbürlü və soyuq görünürdü. O təvazökar, heç nə ilə şöhrətlənməyən, lakin xeyirxah və mehriban adamları üstün tuturdu. Əgər belə bir mühitdən çıxmış belə bir gözəl qadın tapsaydı, o xoşbəxt olardı və bundan artıq heç bir şey arzu etməzdi. Bunun üçün də Rubi onu cəlb etdi.
Bazar günü yağış yağdı və bu yağıntı şəhərin Rubi yaşayan hissəsinə durğunluq gətirdi. Evlər arasındakı boş yerlərdə saralmış, cansız otlar içərisində çoxlu gölməçələr işıldayırdı. Üzərində saysız-hesabsız paravozlar və vaqonlar duran qara şlak səpələnmiş əyri-üyrü, intəhasız dəmir yollarından keçib gedən Yucin, rütubətlə dolu boz havaya tüstü və buxar püskürən bu nəhəng, qara paravozların, yağışdan islanmış və bunun üçün də xüsusi gözəllik kəsb etmiş ikirəngli vaqonların rəssam üçün necə yaxşı material olduğunu düşünürdü.