ТОП просматриваемых книг сайта:
Dahi. Теодор Драйзер
Читать онлайн.Название Dahi
Год выпуска 0
isbn 978-9952-8245-8-1
Автор произведения Теодор Драйзер
Издательство JekaPrint
– O bir il belə yaşamaz, – dedi. – Berces ancaq onun üçün dözür ki, qocanı küçəyə atmaq ayıbdır. Lakin onun əcəli çatmışdır.
Yucin:
– O saat məlum olur ki, çox pis haldadır, – dedi.
Onlar söhbətlərini bu əhvalda davam etdirdilər.
Yucin evə saat on ikidə qayıtdı. Mirtl xəbər verdi ki, axşam onunla və mister Benqs ilə mütləq qonaq getməlidir. Orada oyunlar və ziyafət olacaqdır. Bu şəhərdə gənclərin rəqs etməməsi və musiqi ilə demək olar ki, məşğul olmaması üzərində o əvvəllər heç bir zaman düşünməmişdi. Burada çox az adamın evində royal var idi.
Şamdan sonra mister Benqs gəldi və hər üçü ucqar şəhərcik üçün səciyyəvi olan ziyafətə getdilər. Bu ziyafət Yucinin bir zaman Stella ilə getdiyi ziyafətlərdən azacıq fərqlənirdi. Bu fərq ancaq ondan ibarət idi ki, iştirak edənlərin hamısı bir qədər yaşlı idilər. Gənclərin həyatında iki il böyük rol oynayır.
İyirmiyə qədər oğlan və qız çətinliklə üç geniş otaqda və eyvanda yerləşmişdilər. Eyvana çıxan qapı və pəncərələr açıq idi. Pəncərələrin arxasında saralmış ot və nadir payız çiçəkləri görünürdü. Cırcıramalar cırıldayır, gecikmiş atəş böcəkləri havada qaçışırdılar. Sakit, isti bir axşam idi.
Təbii əhvali-ruhiyyə yaratmaq üçün ilk təşəbbüslər olduqca çətin başa gəlirdi. Kimi isə kiminləsə tanış edirdilər. Yerli ədabazlar bir-biriylə zarafatlaşır, məzəli sözlər deyirdilər. Xeyli təzə adam var idi, xüsusən qızlar arasında: bəziləri buraya başqa yerlərdən gəlmiş, bəziləri isə Yucinin burada olmadığı dövrdə böyümüş və yetkinləşmişdilər.
O gənclərdən birinin:
– Mem, mənə ərə gedin, mən sizə balıq qovuğundan sırğa alaram, – dediyini eşitdi.
Yucin gülümsədi, qız da ona baxdı və güldü.
– O elə xəyal edir ki, bu məzəlilikdir.
Belə hallarda onu bürüyən utancaqlığı rəf etmək üçün Yucin həmişə böyük səy göstərməli olurdu. O, ətrafdakıların nəzərində özünü alçaltmaqdan qorxurdu – bunda onun şöhrətpərəstliyi, artmış xudpəsəndliyi büruzə çıxırdı. İndi o, söhbətlərə qətiyyətsizliklə qulaq asır, bir-iki məzəli qeydlə söhbətlərin ümumi axınına qoşulmağa can atırdı. O yenicə canlanmağa başlamışdı ki, otağa Mirtlin nişanlısı Benqsin müşayiəti ilə, ona tanış olmayan bir qız daxil oldu. Qız onun hansı bir sözünəsə şən qəhqəhə ilə güldü və bu şən, lətif gülüş dərhal Yucinin diqqətini cəlb etdi. Qızın əynində büzməsinin kənarları narıncı lentlə bəzənilmiş paltar var idi. Donuq, qızıla çalan açıq rəngli saçları uzun qalın hörüklərlə onun başına sarınmışdı. Onun düz burnu, nazik al dodaqları vardı. Almacıqları azacıq qabarıq idi. Bu qızda, onu ətrafakılardan fərqləndirən bir şey – çətin sezilən və qeyri-adilikdən doğan bir füsünkarlıq vardı. Yucin özü də bilmədən bu qıza bir meyl hiss etdi. Benqs bu qızı Yucinin yanına gətirdi. Benqs səliqəli, həmişə gülümsəyən, gənc palıd kimi möhkəm olan sadə və namuslu bir gənc idi.
– İcazə verin, sizi təqdim edim, Yucin, bu miss Bludur. O, Viskonsindəndir və tez-tez Çikaqoda olur. Mən ona deyirəm ki, siz mütləq tanış olmalısınız. Siz orada görüşə bilərsiniz.
– Nə yaxşı oldu! – deyə Yucin sevindi. – Mən sizinlə tanış olmağıma çox şadam. Siz Viskonsində harada yaşayırsınız?
– Blekvudda, – deyə qız gülərək cavab verdi və onun yaşıla çalan mavi gözlərində qığılcımlar oynadı.
Benqs:
– Onun saçları sarıdır, gözləri mavidir, özü isə, – Blekvuddandır – dedi. – Necədir?
Qız qəhqəhə ilə güldü, düz ağ dişləri parıldadı.
– Siz göy adı və ağ paltarı nəzərdən qaçırdınız. Miss Blu həmişə ağ paltar geyməlidir.
– Düz deyilmi, bu rəng mənim adıma yaraşır? – deyə qız səsləndi. – Mən evdə elə çox vaxt ağ geyinirəm. Axı mən adi bir əyalət qızıyam və öz paltarlarımı demək olar ki, həmişə özüm tikirəm.
– Bunu da özünüz tikmisiniz? – deyə Yucin soruşdu.
– Əlbəttə, özüm.
Benqs bir addım geri çəkildi, sanki o, paltarı tənqidi sürətdə nəzərdən keçirmək istəyirdi.
– Hm, bu paltar doğrudan da gözəldir, – deyə o elan etdi.
Qız Yucinə müraciət edərək təbəssümlə dedi:
– Mister Benqs olduqca yaltaqdır. O daim mənə kompliment deyir.
Yucin:
– O haqlıdır, – dedi. – Mən onun paltar haqqındakı fikri ilə şərikəm və elə hesab edirəm ki, bu sizin saçlarınıza çox yaxşı yaraşır.
– Görürsünüzmü, o da əsir oldu, – deyə Benqs güldü, – Bu ümumi bədbəxtlikdir. İndi isə mən sizi tərk edəcəyəm. Mən getməliyəm, çünki, Yucin, sizin bacınızı bir rəqibimin ixtiyarına buraxmışam.
Yucin qıza tərəf döndü və həmişəki kimi təmkinlə gülümsədi.
– Mən elə bu saat nə edəcəyim haqda düşünürdüm. Mən burada iki il olmamışam və buranın adamlarını tamamilə yadırğamışam.
– Mənim vəziyyətim daha pisdir. Mənim Aleksandriyada olduğum cəmi iki həftədir və demək olar ki, heç kəsi tanımıram. Missis Kinq məni cəmiyyətə çıxarır və buranın adamları ilə tanış edir. Lakin bütün bunlar mənim üçün elə yenilikdir ki, mən heç bir vəchlə bu həyata alışa bilmirəm. Məncə Aleksandriya gözəl şəhərdir.
– Yaxşı şəhərcikdir. Siz yəqin gölü görmüsünüz?
– Əlbəttə. Biz balıq tutmuşuq, qayıqda gəzmişik, çadırlarda yatmışıq. Mən vaxtımı gözəl keçirmişəm, amma sabah artıq yola düşməliyəm.
– Doğrudanmı? – deyə Yucin soruşdu. – Mən də sabah gedirəm. Dörd on beş qatarı ilə.
– Məndə elə o qatarla gedirəm! –deyə qız qəhqəhə çəkdi. – Bəlkə bir yerdə getdik?
– Mütləq. Nə yaxşı olar. Mən düşünürdüm ki, tək getmək lazım gələcəkdir. Bura cəmi bir neçə günlüyə gəlmişdim. Mən Çikaqoda işləyirəm.
Onlar özləri haqqında bir-birinə danışmağa başladılar. Bu qız Çikaqonun səksən kilometrlik məsafəsində yerləşən Blekvud şəhərində doğulmuş və bütün həyatını orada keçirmişdir. Onun bir neçə bacısı və qardaşı var idi. Yerli fermer olan atası, deyəsən, siyasətlə maraqlanırdı, lakin başqa şeylərə də yad deyildi. Yucin öz yeni tanışının ötəri qeydlərindən anladı ki, onlar varlı olmasalar da cəmiyyət içərisində hörmətləri var. Yeznələrindən biri bankda işləyir, digəri dəyirman sahibidir. Qızın özü isə müəllimədir, bir neçə ildir ki, Blekvudda dərs deyir.
O, Yucindən beş yaş böyük idi, – o zaman Yucin bunu bilmirdi – və yaşlar arasındakı bu fərqin verə biləcəyi nəzakətə və böyük üstünlüklərə