ТОП просматриваемых книг сайта:
Cenni Herhardt. Теодор Драйзер
Читать онлайн.Название Cenni Herhardt
Год выпуска 0
isbn 978-9952-8245-4-4
Автор произведения Теодор Драйзер
Издательство JekaPrint
Bu axşam missis Herhardt oteldən qayıdarkən onun ilk sualı bu oldu:
– Sən kömür üçün getmişdinmi?
– Getmişdim, – deyə Corc cavab verdi.
– Sabaha çatarmı?
– Məncə, çatar.
– Gedək baxım.
Lampanı götürüb kömür yığılmış saraya getdilər.
– Oh, ilahi! – deyə missis Herhardt qışqırdı. – Bu ki lap azdır! Bu saat get yenə gətir. Corc dodaqlarını büzərək sözləri uzada-uzada dedi:
– İşə düşdük də! Mən getmişəm, qoy indi də Bass getsin.
Bass işdən yeddiyə düz on beş dəqiqə işləmiş gəlmişdi, indi şəhərə getmək üçün yuyunub geyinirdi. Missis Herhardt:
– Yox, – dedi, – Bass bütün günü işləyibdir. Sən özün getməlisən.
– Mən getmək istəmirəm, – deyə Corc donquldandı.
– Lap yaxşı, – deyə missis Herhardt dilləndi. – Sabah yandırmağa bir şey olmasa, nə qayıracağıq?
Onlar evə qayıtdılar, lakin Corcun heysiyyətinə çox bərk toxunulmuşdu, o hələ məsələni bitmiş hesab etmirdi. O hələ kandardan böyük qardaşına qışqırdı:
– Bass, sən də get!
– Hara belə?
– Kömür gətirməyə.
– Elə bu qalmışdı, – deyə Bass cavab verdi. – Sən məni nə hesab edirsən? Corc başını inadla silkələyərək:
– Onda mən də getməyəcəyəm, – dedi. Qardaşı sərt bir ifadə ilə soruşdu:
– Sən niyə bu gün kömür yığmayıbsan? Bütün günü bekar idin. Corc:
– Yığmışam, – dedi. – Kömür çox az idi. Olmayan yerdə mən necə toplayım?
– Yəqin pis yığmısan, yaxşı çalışmaq lazım idi.
Dükandan qayıdan Cenni evə girən kimi Corcun hirsli və narazı üzünü gördü.
– Nə olub? – deyə o soruşdu.
– Bass mənimlə kömür yığmağa getmək istəmir.
– Sən gündüz gətirməmisənmi?
– Gətirmişəm, ana deyir ki, azdır. Cenni dedi:
– Mən səninlə gedirəm. Bass, sən bizimlə gedərsənmi?
– Yox, – deyə şıq geyinməyi sevən gənc etinasız cavab verdi. O, qalstukunu bağlayırdı. Ona mane olduqları üçün hirslənmişdi.
Corc dedi:
– Orada heç kömür də yoxdur. Ancaq platformadan tullamaq olar. Mən gedəndə kömürlü platforma da yox idi.
– Yəqin varmış, – deyə Bass bağırdı.
– Yox idi, – deyə Corc təkrar etdi. Cenni:
– Daha mübahisə etmə, – dedi. – Zənbili götür, gedək, yoxsa gec olar.
Böyük bacılarını çox sevən o biri uşaqlar da onunla getməyə hazırlaşdılar. Veronika səbəti, Marta və Uilyam vedrələri, Corc isə böyük paltar qoyulan zənbili götürdü. Bu zənbili o, Cenni ilə bərabər doldurmalı və ikisi gətirməli idilər. Bu zaman iş düzəltmək üçün bacısının göstərdiyi səydən mütəəssir olmuş və hələ ona qarşı qardaşlıq hissini mühafizə etmiş Bass:
– Qulaq as, Cenni, – deyə təklif etdi. – Sən balacalarla səkkizinci küçəyə get, platformanın yanında gözlə. Mən ora gedirəm. Ancaq mən ora çatanda heç biriniz özünüzü elə göstərməyin ki, məni tanıyırsınız. Elə-belə deyin: "Mister, rica edirik, bir az kömür tullayın". – Mən platformaya qalxaram, nə qədər lazımsa tullaram. Başa düşdünüzmü?
Çox razı qalmış Cenni:
– Yaxşı, – dedi.
Onlar evdən qarlı axşam dumanına çıxdılar və dəmiryoluna doğru yönəldilər. Orada, küçəni yük stansiyasının geniş köməkçi yollarının kəsdiyi yerdə bir az bundan qabaq gəlmiş kömür qatarı dayanmışdı. Uşaqlar vaqonlardan birinin kölgəsində gizləndilər. Onlar böyük qardaşlarını gözləyərkən bir neçə ən yeni yataq vaqonu olan gözəl və uzun Vaşinqton sürət qatarı gəldi. Böyük aynalı pəncərələr parlayır, onların arxasında rahat, yumşaq kreslolara quylanmış sərnişinlər görünürdülər. Qatar gurultu ilə onların yanlından keçərkən uşaqlar ixtiyarsız geri çəkildilər. Corc:
– Gör necə uzundur! – dedi.
– Belə bir qatarda konduktor olaydım! – deyə Uilyam köksünü ötürdü.
Təkcə Cenni susurdu, lakin uzaq səyahətlər haqqında, dəbdəbələr haqqında fikir onu hamıdan çox həyəcanlandırırdı. Varlı adamlar necə gözəl yaşayırlar!
Uzaqdan Sebastyan göründü, onun enerjili, cəsuranə yerişi var idi və onda olan hər bir şey öz qiymətini bilən adamı xatırladırdı. O çox inadcıl və qətiyyətli idi. Uşaqlar onun dediklərinə olduğu kimi əməl etməsəydilər, o onların yanından düz keçib gedəcək, onlara kömək etməyi heç ağlına da gətirməyəcəkdi.
Lakin Marta işə lazımi ciddiliklə yanaşdı və tapşırıldığı kimi pıçıldadı: "Mister, rica edirik bizə bir az kömür tullayasınız".
Sebastyan birdən-birə dayandı, yad adamlara baxırmış kimi onları süzüb: "Yaxşı, olar", – dedi və platformaya qalxıb qəribə zirəkliklə o qədər kömür tulladı ki, səbətlərin hamısını doldurdular, hələ artıq da qaldı. Sonra o sanki belə ləyaqətsiz adamların yanında çox dayanmaq istəmirmiş kimi tələsik dəmiryolundan keçdi və gözdən itdi.
Evə qayıdarkən bir centlmen də gördülər. Bu dəfə gördükləri başında silindr, əynində gözəl plaş olan əsil centlmen idi. Cenni dərhal onu tanıdı. O, Vaşinqtondan yeni qayıtmış və bu bayramdan ürəkaçıcı bir şey gözləməyən senator Brender idi. O, uşaqların diqqətini cəlb edən ekspreslə gəlmişdi, yüngül, balaca sakvoyajını götürüb bir qədər gəzmək arzusu ilə otelə yollanırdı. Birdən ona elə gəldi ki, Cennini görür.
– Cenni, sizsiniz? – deyə yaxşı baxmaq üçün addımlarını yavaşıtdı.
Onu daha əvvəl tanımış Cenni: "Ah, bu mister Brenderdir!" – deyə qışqırdı, səbətin dəstəsini buraxıb, balacalara tapşırdı ki, kömürü tez evə aparsınlar, özü isə əks tərəfə qaçdı.
Senator Brender onun arxasınca getdi və üç-dörd dəfə "Cenni! Cenni!" deyə çağırdı. Lakin nahaq yerə. Qıza çatmaq ümidini itirərək birdən-birə başa düşdü ki, qızı qaçmağa məcbur etmişdir, buna görə də onu utandırmamağı qət etdi və dönüb uşaqların ardınca getdi. Hər dəfə qızla görüşdüyü zaman olduğu kimi özü ilə qızın vəziyyəti arasındakı dərin uçurumu yenidən duydu. Budur, o, senatordur, bu uşaqlar isə relslər