ТОП просматриваемых книг сайта:
Cenni Herhardt. Теодор Драйзер
Читать онлайн.Название Cenni Herhardt
Год выпуска 0
isbn 978-9952-8245-4-4
Автор произведения Теодор Драйзер
Издательство JekaPrint
Brender mehribanlıqla cavab verdi:
– Başa düşürəm. Nə üçün siz belə fikirləşirsiniz ki, mən bunu başa düşmürəm, Cenni? Məndən utanmaq lazım deyil.
O həmişə Cenni onun yanında olduğu vaxtlar danışdığı kimi sakit və dostcasına danışırdı, bu, Cenninin özünə gəlməsinə kömək etdi.
– Mən bir də sizə gəlsəm, sıxılmayın. Mən sizi yoluxacağam. Sizin atanızı görmək istərdim.
Cenni dedi:
– Eləmi? O, evdə yoxdur.
Onlar söhbət etdikləri zaman Herhardt öz mişar və taxta dəzgahı ilə balaca qapının ağzında göründü. Brender onu gördü və bir az qızına oxşadığı üçün dərhal tanıyıb dedi:
– Səhv etmirəmsə, bu da sizin atanız.
– Doğrudanmı? – deyə Cenni pəncərədən baxaraq səsləndi. Fikrə dalmış Herhardt gözünü belə qaldırmadan pəncərənin yanından ötüb getdi. O, taxta dəzgahı divarın dibinə qoydu, mişarı mıxdan asdı və evə girdi.
– Ana! – deyə o, almanca çağırdı, arvadını görməyib qapıya yaxınlaşdı və yemək otağına nəzər saldı.
Brender yerindən qalxdı və əlini ona uzatdı. Donqar, damarları görünən arıq alman ona yanaşdı, yad adama müəmmalı bir tərzdə baxaraq uzadılan əli sıxdı.
– Bu mənim atamdır, mister Brender, – deyə Cenni onları tanış etdi, senatora mehribanlıq hissi onun utancaqlığına qalib gəlmişdi. – Ata, bu mister Brenderdir, oteldə yaşayan.
Herhardt gözünü birisindən ayırıb o birisinə dikərək soruşdu:
– Familiyası nədir?
– Brender, – deyə senator cavab verdi.
Herhardt aydın hiss edilən alman tələffüzü ilə danışırdı:
– Aha, bəli! Xəstəlikdən sonra mən pis eşidirəm. Arvadım sizin barənizdə danışırdı.
– Mən gəlib sizinlə tanış olmağı qət etdim. Görürəm, ailəniz böyükdür.
– Bəli. – Ailənin atası birdən xatırladı ki, əynindəki nimdaş iş kostyumudur, o tez çıxıb getmək istədi. – Altı uşaqdır, hələ heç birinin ağzı çörəyə çatmamışdır. Böyük qızım budur.
Arvadı otağa gəldi. Herhardt bu təsadüfdən istifadə etməyə tələsdi:
– Bağışlayın, mən gedim. Mişarı sındırdım, işi yarıda qoymalı oldum. Brender nəzakətlə:
– Buyurun, – dedi və Cenninin həmişə üzərindən ötüb keçmək istədiyi məsələni anladı. O yəqin ki, Cenninin heç nəyi gizlətməməyə cəsarəti çatmasını üstün tutardı.
Missis Herhardt stulda gərgin halda oturub özünü düzəltdiyi zaman senator:
– Məsələ belədir, missis Herhardt, – dedi, – mən istərdim ki, siz bundan sonra məni yad adam hesab etməyəsiniz. Bir də mən istərdim ki, siz öz işləriniz haqqında mənimlə müfəssəl söhbət edəsiniz. Cenni bəzən mənə hər şeyi demir.
Cenni bir söz demədən gülümsədi. Missis Herhardt narahat surətdə əllərini əzişdirirdi.
– Yaxşı, – deyə o, utana-utana, minnətdarlıq hissi ilə cavab verdi. Onlar bir az söhbət etdilər. Sonra senator qalxdı və:
– Ərinizə deyin ki, bazar ertəsi otelə, mənim yanıma gəlsin, – dedi. – Mən ona kömək etməyə çalışaram.
Missis Herhardt utana-utana mızıldandı:
– Sağ olun.
– İndi isə mənim getmək vaxtımdır, – deyə Brender əlavə etdi. – Demək, yadınızdan çıxmasın: ərinizə deyin ki, mənim yanıma gəlsin.
– Əlbəttə, gələr!
Brender sol əlinə əlcək geydi və sağ əlini Cenniyə uzatdı:
– Sizin ən qiymətli xəzinəniz budur, missis Herhardt, – dedi. – Mən onu sizin əlinizdən almaq niyyətindəyəm.
– Bilmirəm, mən onsuz necə keçinə bilərəm, – deyə ana cavab verdi.
Senator missis Herhardtın əlini sıxıb qapıya tərəf yollandı və:
– Hələlik, salamat qalın, – dedi.
O baş əydi və çıxdı. Onun bu evə gəldiyini görmüş yarım düjün qonşu isə pəncərə-qapıları və pəncərələr arxasından onu maraqlı nəzərlərlə yola saldılar. "Bu kim ola bilər?" – bu sual hamını maraqlandırdı. Sadəqəlb ana qonağın arxasınca qapını bağlayan kimi qızına dedi:
– Bax, gör o mənə nə verdi. Bu on dollarlıq kağız pul idi.
Brender vidalaşarkən hiss olunmayacaq dərəcədə ehmallıca bu pulu missis Herhardtın ovcuna qoymuşdu.
V FƏSİL
Elə bir vəziyyət əmələ gəlmişdi ki, Cenni özünü bir çox məsələlərdə senatora borclu hiss edirdi və tamamilə təbii olaraq, senatorun ona və onun ailəsinə etdiklərini yüksək qiymətləndirirdi. Senator onun atasına yerli fabrikantın adına məktub vermiş, o isə Herhardtı işə qəbul etmişdi. Bu, əlbəttə, elə bir böyük vəzifə deyildi – ailənin atası gecə gözətçisi olmuşdu. Ancaq necə olsa, Herhardt yenidən işləməyə başlamışdı. Onun minnətdarlığının həddi-hüdudu yox idi. Bu senator necə xeyirxah adamdır, necə həssasdır – belə bir adam bütün dünyada tapılmaz!
Missis Herhardt da unudulmamışdı. Bir dəfə Brender ona paltar, sonra da şal göndərmişdi. Bütün bu iltifatı Brender qismən yardım etmək arzusu ilə, qismən də özünə xoş olsun deyə göstərirdi, lakin missis Herhardt vəcdə gələrək bunları yalnız senatorun xeyirxahlığı ilə izah edirdi.
Cenni isə… Brender bütün vasitələrlə onun etimadını qazanmağa çalışırdı. Nəhayət, Cenninin ona münasibəti o qədər mürəkkəbləşdi ki, bundan baş çıxarmaq son dərəcə çətin bir iş oldu. Bu gənc və təcrübəsiz qız o qədər sadəlövh və qayğısız idi ki, adamların nə deyə biləcəyini heç olmasa bir an belə düşünə bilməzdi. Brenderin onun təbii utancaqlığına qalib gəldiyi və incə nəvazişlə onun yanağından öpdüyü o unudulmaz və xoşbəxt gündən bəri onlar üçün yeni dövr başlanmışdı. Cenni senatorun şəxsində öz dostunu görürdü. Brender nə qədər sadə və sərbəst olurdusa, adət etdiyi təmkinliyindən nə qədər məmnuniyyətlə azad olurdusa, Cenni onu bir o qədər yaxşı başa düşürdü. Onlar ürəkdən gülür və laqqırtı vururdular, Brender gənclik və səadətin işıqlı dünyasına qayıtmasından hədsiz zövq alırdı. Buna baxmayaraq, hərdən yaxa qurtara bilmədiyi fikirlər onu narahat edirdi: o fikirləşirdi ki, lazım olduğu kimi hərəkət etmir. Bu gün olmasa da, sabah adamlar duyuq düşəcəklər ki, paltaryuyanın qızına münasibətində o, ümumi qaydanın qoymuş olduğu hüdudları keçir. Yəqin ki, baş qulluqçunun nəzərindən qaçmamışdır ki, Cenni paltar üçün gəldikdə və yaxud onları gətirdikdə, demək olar ki, həmişə onun otağında on beş-iyirmi dəqiqə, hətta bir saat belə yubanır. Brender anlayırdı ki, bu, otelin, başqa qulluqçularının da qulağına çata bilər, bu xəbər bütün şəhərə yayılar və heç də yaxşı nəticə verməz – lakin belə düşüncələr onu başqa cür davranmağa məcbur