ТОП просматриваемых книг сайта:
Seçilmiş əsərləri. Исмаил
Читать онлайн.Название Seçilmiş əsərləri
Год выпуска 0
isbn 978-9952-8450-9-7
Автор произведения Исмаил
Издательство JekaPrint
Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun "Nəsihətnamə" məsnəvisi və "Dəhnamə" poeması epik şerin qiymətli nümunələridir. "Nəsihətnamə" adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. "Nəsihətnamə" sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir.
"Dəhnamə" Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa "Dəhnamə"lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır.
Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.
Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər.
Azərbaycan ədəbiyyatşünaslığında bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku-ku.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü…
Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, "Eşq odu yenə bu canə düşdü" deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır.
Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.
Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztiablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir.
"Dəhnamə" mövzusunda Xətaidən əvvəl başqa Azərbaycan şairləri – Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin "Dəhnamə"si ana dilində yaranan ilk epik əsərlərdəndir.
Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə "Dəhnamə" kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.
Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə, müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma janrların daha əlverişli olduğunu duymuş, onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir. Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə yürüməyə çağırır:
Dərindir bizim dəryamız, boylanmaz,
Min bir kəlam desəm, biri anlanmaz.
Kişi iqrarsız yollara bağlanmaz,
Yolları qoynunda yürüyüb gedər.
Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda-burda qeybətlə, dedi-qodu ilə məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.
Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.
Nizaminin, Füzulinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Vaqifin və başqa Azərbaycan sənətkarlarının söz haqqındakı şerləri, fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin "Bir söz" rədifli gəraylısı Füzulinin "Söz" rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:
Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.
Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.
Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:
Xətai, işin düşər,
Gəlib-gedişin