ТОП просматриваемых книг сайта:
Seçilmiş əsərləri. Исмаил
Читать онлайн.Название Seçilmiş əsərləri
Год выпуска 0
isbn 978-9952-8450-9-7
Автор произведения Исмаил
Издательство JekaPrint
Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.
İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və İmadəddin Nəsimi kimi "ənəlhəq" (“mənəm allah”) şüarına, ideyasına tərəfdar çıxıb özünü “vəhdət gülzarının bülbülü” adlandırır:
Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.
Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü "mütləq həqiqət" ("həqqi-mütləq") deyə vəsf edir:
Xətai divanı
Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həq söylərəm mən.
Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:
Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, olma gümrah…
Ta səni gördü Xətai valehi şeydayidir,
Hansı gözdür həq üzün görcək ki, bidar olmadı?
Şairin sufi olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.
Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Azərbaycan ədəbiyyatının dühası Nizami Gəncəvi ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.
Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.
Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin "Sirlər xəzinəsi" əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi – insan adını uca tutmağa çağırır:
Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.
Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir.
Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:
Neylərəm ol cənnəti, içində dildar olmasa?!
Qoy onu viranə qalsın – bağçada bar olmasa.
Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir.
Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.
Üzün gördüm sənin, ey yari-məhru,
Könüllər afəti, ya üzmüdür bu?
Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaşı be hər su.
Həbəşdir kim, müsafir Rumə düşmüş
Üzün səfhindəki ol xali-hindu.
Gözündən ahu tək dağlara düşdüm,
Nə sehr etdi mənə ol iki cadu?
Xətai dər üzün xurşidə nisbət,
Sözü rövşən dedim üzünə qarşu.
İnsan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır.
Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. Çünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əksiklik görməmişdir ki, şikayətlənsin.
Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:
Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör cahan nə rövşən oldu.
Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gül pirahən oldu.
Açıldı yazlar, bitdi çiçiklər,
Gül ilə şol bənövşə susən oldu.
İrişdi vədəsi badi-baharın,
Behər su gül hezaran-xərmən oldu.
Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. "Qızıl gül, bağü bustanım, nə dersən?" misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan