ТОП просматриваемых книг сайта:
Seçilmiş əsərləri . Федор Достоевский
Читать онлайн.Название Seçilmiş əsərləri
Год выпуска 0
isbn 978-9952-8448-2-5
Автор произведения Федор Достоевский
Издательство JekaPrint
Mən bu yerdə birdən susdum. Əsəbi bir qızğınlıqla başladığım söhbəti yarımçıq kəsdim. Yadımdadır, mən şiddətli bir qəhqəhə ilə gülmək istəyirdim, hiss edirdim ki, ürəyimdə mənə düşmən olan bir iblis duyğusu oyanmağa başlayır, boğazım qəhərlənir, çənəm əsir, gözlərimi dolduran yaş getdikcə artır… Mən, ağıllı gözlərini üzümə dikərək, söhbətimi diqqətlə dinləyən Nastenkanın indicə uşaq kimi şən bir qəhqəhə ilə güləcəyini gözləyir və öz söhbətimdə həddən ziyadə uzağa getdiyim, çoxdan qəlbimdə qaynayıb-daşan duyğuları «kitabdan oxuyurmuş kimi» bütün təfərrüatı ilə Nastenkaya danışdığım üçün peşmançılıq əzabı çəkirdim; çünki mən özüm öz taleyimi artıq mühakimə etmiş və hökmümü çoxdan vermişdim; budur, indi özümü saxlaya bilməyib, bu hökmü Nastenkaya oxudum və oxuyarkən onun məni başa düşəcəyini ağlıma belə gətirmədim, lakin söhbətimi kəsən kimi Nastenkanın susduğunu görüb heyrətləndim. O, kiçik bir fasilədən sonra yavaşca əlimi sıxdı və nə isə, cəsarətsiz bir mərhəmətlə soruşdu:
– Siz doğrudanmı bütün həyatınızı beləcə keçirmisiniz?
– Bütün həyatımı, Nastenka, – deyə cavab verdim, – bütün həyatımı. Kim bilir, bəlkə ömrümün axırına kimi belə yaşayacağam?
O, həyəcanla sözümü kəsdi:
– Yox, bu ola bilməz, belə şey olmayacaq; onda demək, mən də bütün ömrümü nənəmin yanında tənha keçirəcəyəm? Axı, belə yaşamaq heç yaxşı deyil, siz ki, bunu məndən gözəl bilirsiniz!
– Bilirəm, Nastenka, bilirəm! – deyə mən, qeyri-iradi, ucadan səsləndim. – Mən indi həmişəkindən çox bilirəm, indi bilirəm ki, ömrümün ən yaxşı illərini həqiqətən itirmişəm! İndi mən bunu bilirəm, düşünürəm və düşündükcə ürəyim daha bərk ağrıyır; çünki siz, bütün bunları mənə söyləmək və sübuta yetirməkdən ötrü allah tərəfindən yanıma göndərilən xeyirxah bir mələksiniz! İndi, sizin yanınızda əyləşdiyim və sizinlə söhbət elədiyim bu sevincli dəqiqələrdə gələcəyi xatırlamaq mənə çox dəhşətli görünür, ona görə ki, gələcək yenə də tənhalıqdan, kəsalətli, lüzumsuz həyatdan ibarətdir; bir də, siz mənimlə yanaşı oturduğunuz və məni xoşbəxt etdiyiniz belə bir zamanda başqa bir şey haqqında düşünməyin mənası varmı? Mənim sizə nə qədər minnətdar olduğumu bilsəydiniz; minnətdaram ona görə ki, əziz Nastenka, məni rədd etmədiniz, həyatımda heç olmasa iki gecə insan kimi yaşadım…
– Ah, yox, yox! – Nastenka çığırdı və gözləri yaşla doldu. – Yox, bir daha belə olmayacaq; biz ayrılmayacağıq! İnsan ömrü üçün, axı, iki gecə nədir ki?
– Nastenka! Nastenka! Siz məni öz taleyimlə yenidən barışdırdınız! Bilirsinizmi, mən, əvvəllər olduğu kimi, öz haqqımda bir daha pis fikirlərə düşməyəcəyəm. Həyatımda etdiyim cinayət və günahlar üçün bir daha vicdan əzabı çəkməyəcəyəm. Ona görə ki, bu cür yaşamağın özü cinayət və günahdır. Bir də, Nastenka, elə düşünməyin ki, guya mən həyatımı sizə danışanda bir çox əhvalatı həddən artıq şişirdirəm, allah eşqinə belə düşünməyin. Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki… belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir vaxt özümə həqiqi həyat qura bilməyəcəyəm, buna mənim qabiliyyətim yoxdur, mənə elə gəlir ki, Yer üzündə həqiqət adına nə varsa, hər şeyin ölçüsünü itirmişəm, həqiqi varlığı duymaq, dərk eləmək iqtidarından məhrum olmuşam; nəhayət, mən öz-özümə nifrət eləyirəm; çünki yuxusuz keçirdiyim şirin, xəyali gecələrdən sonra mən artıq ayılmağa başlayıram, bunun necə bir dəhşət olduğunu düşünürsünüzmü? Ayılıb görürsən ki, dörd tərəfini bürüyən insan kütləsi həyat burulğanı içərisində mütəmadiyən fırlanır, uğuldayır, hara isə baş alıb gedir; insanların necə gözüaçıq, işgüzar yaşadıqlarını görürsən və eşidirsən, onlar sifarişlə yaşamırlar, onların həyatı bir yuxu, bir kölgə kimi keçib getməyəcək, bu həyat həmişə gəncdir, tez-tez dəyişir, yeniləşir, hər ötən saat özündən sonrakı saata oxşamır… Puç bir xəyalın məhsulu olan həyat isə son dərəcə qaba və yekrəngdir; o, dumanlı kölgələrin, qarışıq fikirlərin əksidir; günəşin üzünü qəflətən örtən qara bulud qədər cansıxıcıdır, bu buluda baxarkən, öz sevimli günəşini görməyən əsl Peterburq sakininin ürəyi kədərdən sıxılır, – belə kədərli insandan nə xəyal gözləmək olar?! Sən onun, bu tükənməz xəyalın ağır bir gərginlik içərisində, nəhayət, yorulduğunu, tükəndiyini hiss edirsən, çünki sən artıq əvvəlki adam deyilsən, yetişib möhkəmlənmisən, köhnə fikir və arzularından uzaqlaşmısan; onlar toz kimi havaya sovrulmuş, parçalanıb dağılmışdır; əgər başqa bir həyat yoxdursa, sən onu bu parçalardan, bu qırıntılardan qurmağa məcbursan. Lakin, bununla bərabər, insanın qəlbi nə isə daha yeni bir həsrətlə döyünür və xəyalpərəst öz köhnə arzularını soyumuş kül kimi əbəs yerə eşələyir, heç olmasa kiçik bir qığılcım tapıb, nəfəsilə onu yenidən alovlandırmaq, beləliklə, soyumuş qəlbini yenidən isindirmək və keçmişdə ona əziz olan, onun ruhunu oxşayan, qanını coşduran, gözlərinə sevinc yaşları gətirən, yalanla da olsa, ürəyinə təskinlik verən hər şeyi yenidən xəyalında canlandırmaq üçün əbəs yerə bu külün içərisində qurdalanır. Nastenka, nəhayət, mənim öz fikirlərimdə hansı nəticəyə gəlib çıxdığımı bilirsinizmi? Bilirsinizmi ki, mən indi öz xəyallarımın, arzularımın ildönümünü qeyd eləmək məcburiyyəti qarşısındayam, əslində həyatda olmayan bütün bu xəyal və arzular əvvəllər də mənim üçün çox qiymətli idi, – mən bu ildönümünü qeyd edərkən bir daha o mənasız və puç arzular aləminə qayıtmalı olacağam, hər bir köhnəlmiş arzu yenidən oyana bilər, lakin bu, mənim çürük və səfeh arzularıma aid deyildir, axı, onları yenidən canlandırmaq üçün əlimdə heç bir vasitə yoxdur. Mən, bir zamanlar özümü xoşbəxt hiss elədiyim yerləri indi də xatırlamağı və ara-sıra seyrə çıxmağı çox sevir, – indiki həyatımı bir daha geri dönməyəcək keçmiş həyatıma uyğun bir şəkildə qurmağı fikirləşirəm. Bəzən də heç bir səbəb və məqsəd güdmədən, kədərli və qüssəli bir halətlə, bir kölgə kimi Peterburq küçələrini və döngələrini gəzməyə çıxıram, bu zaman nələr, nələr haqqında düşünmürəm! Məsələn, bir il bundan əvvəl həmin bu yerdə, bu saatda, həmin bu səkinin üstündə tək-tənha, qəmli-qəmli gəzişdiyimi xatırlayıram. Yadıma düşür ki, onda da məni hər tərəfdən qüssəli xəyallar bürümüşdü, lakin bu xəyallar nə qədər ağır və qüssəli olsa da, hiss eləyirəm ki, o zaman həyat elə bil indikinə nisbətən yüngül və rahat idi, indi varlığımı incidən bu qara düşüncələr, gecə-gündüz mənə rahatlıq verməyən bu ağır və sonsuz əzab – bu vicdan əzabı o zaman yox idi. Bunları düşünərkən öz-özünə deyirsən: «İllər necə də surətlə gəlib-keçir!» Yenə də özündən soruşursan: «Axı, nə elədin ki, bu uzun illər belə» tez ötüb keçdi? Ömrünün ən